Müsahibim
Özbəkistan Milli Universitetinin klassik ədəbiyyat kafedrasının müdiri,
professor, Özbəkistan Yazıçılar Birliyinin ədəbi tənqid şöbəsinin sədri Həmidulla Baltabayevdir. O, həm də bugünlərdə işıq üzü görən Cəlil
Məmmədquluzadənin "Poçt qutusu" adlı hekayələr kitabının redaktoru və
sonsöz müəllifidir.

– Həmidulla müəllim, başlayaq elə "Poçt
qutusu”ndan...
–
Bu kitab həm özbək xalqı, həm Azərbaycan xalqı üçün son dərəcə əhəmiyyətli bir
kitabdır. Kitabda dahi Azərbaycan yazıçısı, dramaturqu Cəlil Məmmədquluzadənin
hekayə və qissələri toplanıb. Qeyd edim ki, hekayələri dilimizə məşhur
tərcüməçi Usmon Qoçqor çevirib. Ön söz müəllifi akademik İsa Həbibbəyli,
rəyçisi Qulu Kəngərlidir. Kitab Daşkənd şəhəri, "Mumtoz soz"
nəşriyyatında işıq üzü görüb. Hesab edirəm ki, Cəlil Məmədqulzadənin "Poçt
qutusu” kitabı özbək dilinə tərcümə olunaraq çap olunması özbək xalqı üçün
böyük bir töhfədir. Çünki biz böyük bir türk ağacının yarpaqları, meyvələriyik.
Bu ağacın kökü birdir, o bir kökdən qidalanır. Müasir insanlar öz kökünü,
tarixini bilmək istəyir. Bu tarix istər azərbaycanlı olsun, istər özbək olsun,
istər türk, qazax – hansı türk olur olsun hamısı üçün bir tarixdir... Gələcəyə
yaxınlaşmaq üçün mütləq keçmişi bilmək, keçmişə bağlı olmaq lazımdır. Bu
baxımdan "Poçt qutusu” olduqca əhəmiyyətlidir. Həm də iki xalqın bir-birinə
daha da yaxınlaşmağında müstəsna rolu olacaq.
Mən
"Molla Nəsrəddin” jurnalı haqqında da danışmaq istəyirəm. O jurnal bütün türk
elində ilk satirik jurnal olaraq tarixə düşüb. Bizdə də ona oxşar "Muştum”
("Yumruq”) adlı satirik jurnalı vardı, o bu gün də nəşr olunur. Və biz onu "Molla Nəsrəddin”in qardaşı hesab edirik.
Sizin "Molla Nəsrəddin” jurnalınız sayəsində Cəlil Məmmədquluzadə Özbəkistanda
yaxşı tanınır və çox sevilir. Ona görə də bu kitabın da çox seviləcəyinə
əminəm.
–
Həmidulla müəllim, sonra Azərbaycan və
Özbəkistan ədəbiyyatı barədə nə deyərdiniz
–
Azərbaycan ədəbiyyatı da, özbək ədəbiyyatı da çox qədim ədəbiyyatlardır.
Abdulla Avlani, Heyrati, Munis Xarəzmi, Abdulla Kaxxar, Batu, Bəyani və
başqaları klassik özbək ədəbiyyatının parlaq nümayəndələridir. Mən Əlişir Nəvainin
adını ayırca əkmək istəyirəm. O, təkcə
bizim deyil, ümumtürk ədəbiyyatına məxsusdur. Sizin klassik ədəbiyyatdan Nizami
Gəncəvi, İmadəddin Nəsimi, Məhəmməd Füzulini qeyd etmək istərdim. Amma bizdə
Füzulini daha çox sevirlər. Və hətta onu öz şairimiz kimi qəbul edirlər. Bizim
təntənəli tədbirlərimizdə, hətta toylarımızda belə onun qəzəllərini həm muğam
kimi, həm də elə şeir kimi oxuyurlar.
Müasir
özbək ədəbiyyatı isə XX əsrdən başlayır.
Bu dövrə "cədid ədibləri” deyirik. Mənası yeni ədiblərdir. Onlardan
Əbdurrauf Fitrət, Abdulla Avloni, Abdulla Qədiri, Abdulhəmid Çolpanı misal çəkə bilərəm. Bunlar yeni özbək ədəbiyyatının baniləridirlər.
Qafur Qulamiylə Azərbaycanın görkəmli şairləri Səməd Vurğun, Süleyman Rüstəmin
çox gözəl yaradıcılıq əlaqələri olub. Eyni zamanda əslən azərbaycanlı ədiblərin
Özbəkistanda, özbək ədiblərinin Azərbaycanda yaşaması, fəaliyyət göstərməsini
də qeyd edə bilərəm. Bu cür əlaqələr hazırda da davam edir. Müasir dövr
Azərbaycan yazıçılarından Anar, Elçin, Ramiz Rövşən, Bəxtiyar Vahabzadənin
əsərləri özbək dilinə tərcümə olunub və Özbəkistanda çox məşhurdurlar. Ölkə boyu bütün kitabxanalarda bu kitablar
var və oxucular arasında çox maraqla qarşılanır. Bu cür kitablar Azərbaycan
ədəbiyyatının ölkəmizdə tanınmasında böyük rol oynayır.
O
ki qaldı gənclərə yeni dövr şair və yazıçıların əsərləri hələ ki indi-indi
dilimizə çevrilir, kitablar çap olunur və
onları da tanımağa başlayırıq. Bu da çox sevindirici haldır.
– Özbəkistan Yazıçılar Birliyinin ədəbi tənqid
şöbəsinin sədrisiniz. Bəlkə, bir az ədəbi tənqiddən danışaq. Özbəkistanda ədəbi
tənqidin indiki vəziyyəti necədir?
–
Tənqid ədəbiyyatın barometridir, keyfiyyət göstəricisidir. Düzgün tənqid çox
gözəl bir şeydir. Ədəbi tənqid üçün ilk növbədə əsərin təbiətini bilmək, başa
düşmək lazımdır. Onu dərk etmədən heç bir əsəri tənqid etmək olmaz. Yazıçı isə
əsəriylə özünü, xalqını təmsil edir.
– İndi bütün dünyada belə bir tendensiya var ki,
poeziya prozaya uduzur. Sizcə də, belədir?
–
Özbəkistanda poeziya prozadan həmişə bir mərtəbə yüksəkdə olub. Bu, həmişə belə
olub, indi də belədir. Hətta Nəvaini bir misrasında deyilir ki, qəzəlin
mərtəbəsi olduqca yüksəkdir. Bizdə
poeziya çox sevilir, oxunur. Düzdür, prozanın imkanları poeziyadan daha çoxdur.
Yəni fikri, ideyanı tam ifadə etməkdən ötrü prozada üfüqlər daha genişdir.
Poeziya könül aynası, qəlb aynası, proza isə həyat aynasıdır. Həyatda baş verən
bütün hadisələri prozada daha rahat, daha geniş əks etdirmək mümkündür. İstər
məişət mövzusu olsun, istər sevgi mövzusu olsun, istər də daha qlobal məsələlər
olsun. Yəni insanlar prozada daha çox öz yaşantılarını görə bilirlər. Elə ona
görə də prozaya daha çox üstünlük verir, nəsr əsərləri oxumağa çalışırlar. Bunu
elə kitabxanalardan da görmək mümkündür... Poeziyada isə imkanlar bir qədər
məhdud olsa da, könüldən gəlir. Deyirlər
ki, poeziya bir anın hayqırtısıdır. Bir anın duyğusu, hissidir. Prozada isə
bayaq qeyd etdiyim kimi, imkan daha genişdir.
– İndi bestsellerlər daha çox dəbdədir. Onlara
münasibətiniz necədir?
–
Bütün dünyada bestsellər yazırlar. Onlar bizim oxuduğumuz, sevdiyimiz
ədəbiyyatdan çox fərqlidirlər. Mən deyərdim ki, bestsellərlər bazar dəbinin
məhsuludur. Bazarda əlbəttə ki, şou olmalıdır. Şouyla, bir zərbəylə, bir
hərəkətlə kitabın bütün tirajını bir andaca satmaq mümkündür. Bu dövrü
xarakterdə olan bir şeydir. Bestsellər daimi ola bilməz, yəni uzunmüddətli
sevilə bilməz. Bu gün bestellər olan kitab, ən çox satılan, ən çox sevilən kitab
iki ildən sonra heç kimə nə maraqlı olar, nə alınar, nə də yada düşər. Mənim
nəzərimdə klassika hər zaman bestsellər olaraq qalacaq. Çünki onlar hər zaman
sevilir, həm zaman dəbdədir və hər zaman da gərəklidir.

– Bu günün ədəbiyyatında nə çatışmır?
–
Hazırkı ədəbiyyatda yeni vasitələr çatmır. Yeni ifadə vasitələri çatmır. Yeni
sözlər, yeni terminlər həyatımıza gəldiyi kimi,
ədəbiyyatda da uyğun şəkildə öz yerinə oturmalıdır. Bundan başqa, mən
demək istəyirəm ki, ədəbiyyatda elektronlaşma gecikir. Bu çox vacib bir
məsələdir. İndi internet dövrüdür. Bunu danmaq olmaz. Necə ki mətbuat
elektronlaşdı, qəzetləri, jurnalları müəyyən qədər saytlar əvəz etdi, elə o cür
formada da, elə o cür sürətlə də ədəbiyyat elektronlaşmalıydı. İndiki nəsl
insanlar kağız formatında olan kitabları sevmir. Ümumiyyətlə, ona bütün
informasiya internet vasitəsilə gəlir. Yəni gənclər bu cür qəbul edir bunu. Ona
görə də kitablar da mətbuat kimi mütləq şəkildə elektronlaşmalıdır. Eybi yox,
qoy gənclər həmin əsərləri belə oxusun. Telefonlarına, planşetlərinə yükləyib
oxusunlar. Amma təki mütaliə etsinlər.
– Özbəkistanda mütaliə səviyyəsi necədir indi?
–
Sovet ittifaqı dağılandan sonra bizdə də xeyli aşağı mütaliə səviyyəsi
düşmüşdü. Daha o dövrlərdəki kimi yüz minlərlə tirajla kitab çap olunmurdu,
oxunmurdu. Kitab, ədəbiyyat çox ağır bir dönəmini yaşayırdı. Bizim ölkədə indi
ədəbiyyata, kitaba, mütaliəyə qayıdış dövrünü yaşanır. İnanıram ki, tezliklə
mütaliə səviyyəsi də yenidən yüksələcək. Çünki biz bu istiqamətdə müəyyən işlər
aparır, buna can yandırırıq.
– Yazıçı olmaq, ümumiyyətlə, əsər yazmaqdan ötrü
ilk növbədə nə lazımdır?
–
Nəvainin misrası var: "Mən özümü tapmasam, xalq məni necə taparY”. Hər bir
müəllif ilk növbədə özünü tapmalı, özünü dərk etməli, anlamlıdır. Ondan sonra
yazmalıdır. Belə olduğu halda oxucular da onu anlayar. Bu yerdə Anarın "Anlamaq
dərdi” adlı essesini yadıma düşdü. Bu
əsərdə çox dərin mətləblərə toxunulur. Mən tələbələrə də o əsəri oxumağı
tövsiyə edirəm.
– AMEA-dakı konfransda "İlin alim” adına layiq
görüldünüz.
–
Mən heç vaxt heç nə gözləmirəm. Bu mənim üçün böyük bir sürpriz oldu. AMEA məni
buna layiq görüb. Mənə verdikləri bu yüksək dəyərə görə hər kəsə, xüsusilə də,
akademik İsa Həbibbəyliyə təşəkkürümü bildirirəm. Və sonda demək istəyirəm ki,
ədəbiyyat hər bir xalqın güzgüsü, aynası olaraq hər zaman ədəbiyyat yaşayacaq.
Söhbətləşdi: Xanım Aydın