Biz imzaları yox, əsərləri dərc edirik...

Tənbəlliyi yaxşı bacarıram – Yıldız Tilbənin müsahibəsi
1457
18 Sentyabr 2018, 10:47
  Artkaspi.az Yıldız Tilbə ilə müsahibəni təqdim edir:
 
 
 

 
  – Xoş gördük sizi, Yıldız xanım.
  – Xoş gəlmisiniz.

  – Xalq mahnılarına müraciət etmək, türkü oxumaq fikri sizdə necə yarandı?
  – Hər zaman səhnədə öz mahnılarımı oxuyurdum. Bezdim. Türküləri çox sevirəm. Bundan sonra da ancaq türkü oxumağa qərar verdim. Amma səhnədə olanda dinləyicilərim mənim mahnılarımı da dinləmək istədiklərini bildirirlər. Mən də onların istəklərini nəzərə alıb arada özümün bəstələdiyim mahnıları da ifa edirəm.
 
  – Türk dinləyicisi sizi "Dəliqanlı” mahnısı ilə tanıdı və sevdi. Sezen Aksunun sizi kəşf etdiyi həqiqətdirmi?
  – İlk dəfə İzmirdə vokalist kimi səhnəyə çıxmışam. Sonra kasetim çıxdı. Təbii ki, Sezen Aksunun mənə çox köməyi oldu, onun zəhmətini unuda bilmərəm. Yaxından qayğısını görmüşəm, evində qalmışam, çörəyini yemişəm bunları inkar edə bilmərəm.

  – Yıldız xanım, sizi yaxından tanımaq istərdik. Özünüz haqqında daha ətraflı danışa bilərsinizmi?
  – 1966-cı ildə İzmirdə anadan olmuşam, altı bacı-qardaşın ən kiçiyiyəm. Anam Tuncelili, atam İzmirlidir. On yeddi yaşında ailə qurmuşam, iyirmi üç yaşında ayrılmışam. İyirmi altı yaşında səhnəyə çıxmışam, beş ildir ki, İstanbulda yaşayıram.
 
 
 
 

  – Türk Pop-star yarışmasının jürisində fəaliyyət göstərirsiz. Gənc nəsil arasında yeni Yıldız Tilbələr, Sezen Aksular yetişirmi?
  – Əlbəttə ki, çox istedadlı gənclərimiz var.

  – Oxuduğunuz mahnılar demək olar ki, həyatınızı əks etdirir, sanki öz həyat hekayənizi oxuyursunuz.
  – Doğrudur, bütün mahnılarım həyatımı əks etdirir, özümü oxuyuram.

  – Sezen adında bir qızınız var. Qızınızın adını Sezen Aksu-nun adından təsirlənərəkmi Sezen qoydunuz?
  – 19 yaşında bir qızım var. Bəli, qızımın adı Sezen Aksunun adı ilə bağlıdır. İşləmədiyim boş vaxtımı qızımla keçirirəm.
 
 
 

  – Uzun illərdir ki, sanki həyatınızda bir boşluq var: kimsə yoxdur, nəsə çatışmır...
  – Yalnızlığa alışdım artıq. Həyatımda ailəm, qızım, sevənlərim var, bu mənə yetir.

  – Nihat Doğana verdiyiniz "Sevə-sevə” mahnısını özünüz oxudunuz, son anda isə kasetinizdən çıxardıb Nihat Doğana verdiz. Qərarınızı dəyişdirməyin səbəbi nə oldu?
  – O mahnını özüm oxumaq istədiyim zamanlarda Nihatın kaseti çıxacaqdı. Məndən mahnı istədi, mən də o mahnını öz kasetimdən çıxardıb ona verdim.

  – Azərbaycana gəlməyi düşünürsünüzmü?
  – Əlbəttə, çox istəyirəm Azərbaycana gəlim. Mən azərbaycanlıları çox istəyirəm, ürəkdən sevirəm.

  – Qazandığınız şöhrətin həyatınızda hansısa arzuolunmaz təsiri olubmu?
  – Bir hədisdə deyilir ki: Şöhrət atəşdən köynəkdir, geyinmək çətin, daşımaq isə daha çətindir. Şöhrətin əvəzi mənim həyatımdır, bütün həyatım göz önündədir.
 
 

 
  – Tele-serial çəkilişinə dəvət alırsınız?
  – Dəvət alsam da qəbul etmirəm. Səhər tezdən qalxmaq, gecə gec saatda yatmaq ağır işdir, mənə uyğun deyil. Film təklifi alsam və ancaq real bir həyat hekayəsi olsa, qəbul edərəm. 

  – Hər bir insan nəyisə bacarır, nəyisə yox. Sizin musiqidən başqa əlinizdən nə gəlir?
  – Tənbəlliyi yaxşı bacarıram. (gülür) Bir az yemək bişirə, az-maz da tikişdən başım çıxır.
 
 


  –  Çin çıxan yuxunuz olubmu?
  – Yuxulara inanıram, amma çin olan yuxum olmayıb.

  – Çətinlikdən qorxursunuz?
  – Allah güc versə, heç nədən qorxmuram.

  – Tənhalığı sevirsinizmi?
  – Bəzən sevirəm, bəzən yox. Bəzən tənha qalmaq, bəzən də insanlar arasında olmaq istəyirəm.

  – Bu günə kimi sizə verilən ən gözəl hədiyyə?
  – Allah vermiş, məni mənə vermiş. Bu, ən gözəl hədiyyədir mənim üçün.
 
 
 

  – Təbiətdə ən çox xoşunuza gələn mənzərə?
  – Ağacları, yaşıllığı, dənizləri, dağları, dərələri, heyvanları çox sevirəm.

  – Azərbaycandakı sevənlərinizə arzularınız, sözünüz?
  – Azərbaycandakı sənətsevərlərə salam olsun. Hər şeyin könüllərincə olmasını diləyirəm. 
 
 

 
   Söhbətləşdi: İntizar İsmayıl