Biz imzaları yox, əsərləri dərc edirik...

100 dahi rejissor silsiləsindən: Lev Abramoviç Dodin – Nigar Pirimova yazır
1756
13 Mart 2018, 09:30
  Artkaspi.az teatrşünas Nigar Pirimovanın "100 dahi rejissor silsiləsindən:Lev Abramoviç Dodin" adlı yazsını təqdim edir:

 Rus teatr rejissoru. Tamaşaları: "Ev” (1980), "Qardaşlar və bacılar” (1985), "Sübh səmasında ulduzlar” (1987) və s. 
 Lev Abramoviç Dodin 1944-cü il mayın 14-də Stalinskidə (Novokruznesk yaxınlığında) anadan olmuşdur. Atası geoloji ekspedisiyada işləyirdi. Anası isə uşaq həkimi idi. Müharibədən sonra ailə Leninqrada köçür. Dodinin teatra həvəsi hələ məktəb illərindən başlayır. Gələcək kinorejissor Sergey Solovyovla birlikdə səhnəciklərdə çıxış edirlər. Sonra uşaqlar "Uşaqgəncfilm” studiyasını yaradır və filmlər çəkməyə başlayırlar. 1956-cı ildə Gənclərin Yaradıcılıq Teatrına (GYT) yazılırlar (Pioner sarayının qarşısında olan bu Teatrda Meyerxoldun tələbəsi olmuş Matvey Qriqoroviç Dubrovin dərs deyirdi). 
 

 
 Məktəbi bitirdikdən sonra Dodin Leninqrad Dövlət Teatr, Musiqi və Kinematoqrafiya İnstitutuna daxil oldu. Burada o, Boris Vulfoviç Zondan rejissorluq dərsləri alır. İnstitutu bitirdikdən sonra Dodin televiziyada işləyir, ardınca Zalman Yakovleviç Koroqodskinin rəhbərlik etdiyi Gənc Tamaşaçılar Teatrında işə başlayır. Bu Teatrda ilk sərbəst rejissor işi "Edamdan sonra xahiş edirəm..” olur. Teatrda çox yaxşı atmosfer vardı. Dodinə burda işləmək xoş idi. Az sonra dərs də deməyə başlayır. İlk tələbələrindən olan Tatyana Şestakova rejisorun gələcək həyat yoldaşı olacaqdı. 
 Belə ki, bir dəfə Ostrovskinin "Öz adamlarımızdı düzəlişərik” komediyasından sonra Koroqodski ilə münasibətləri korlanan Dodin, hər zaman müstəqillik istədiyindən teatrı tərk edir. Bundan sonra on il müddətində o, "azadlıqda üzür”. Özünün də dediyi kimi "Yaşamaq çox çətin idi. Bəzən maaş yetmirdi. Əvəzində nəyi, necə edəcəyimi istədiyim kimi edirdim. Hər tamaşamı sonuncu kimi hazırlayırdım, axı bilmək olmazdı sonra nə baş verəcək və bütün ideyaları əgər ideyan varsa məhz bu tamaşa üçün etməli idim”.
 Məşhur teatr pedaqoqu A.Katsman Dodini aktyor kursunda birlikdə işləməyə dəvət edir. 1979-cu ildə tələbələrlə bərabər Fyodr Abramovun romanı əsasında "Qardaşlar və bacılar” səhnələşdirilir. Müəllim-rejissorla bərabər aktyorluğa başlayan gənclər tamaşada şimali Rusiya kəndli həyatını maksimal şəkildə oxşada bilmələri üçün bütün yayı Abramovun doğma vətəni Pinegedə keçirirlər. Moxovoy küçəsində yerləşən Tədris Teatrında baş tutan tələbələrin tamaşası böyük uğurla keçir. 
 Bu qeyri-adi tədris işi "Ev” (1980) və "Qardaşlar və bacılar” 1985 tamaşaları ard-arda iki gecə Malı Dram Teatrında göstərilmişdi)  tamaşalarının əsası oldu. Fyodr Abramovun teatr trilogiyası SSRİ Dövlət mükafatına layiq görüldü. 
 "Ev” tamaşasının premyerası təkcə teatr hadisəsi deyildi: həm seyrçilər, həm tənqidçilər tamaşanı təkcə onların şəxsi həyatı deyil, cəmiyyətin həyatı üçün vacib bir nəsnə kimi qəbul etdilər. Burada hər şey təbii idi: insanlar, talelər, hadisələr.
 1981-ci ildə Dodin Böyük Dramatik Teatrda Dostoyevskinin "Krotkiy” əsərini səhnələşdirdi (ikinci redaksiya – MXAT, 1985)
 

 
 MXAT-da Dodin müxtəlif nəslin nümayəndələrinin (İ.Smoktunovski, A.Georgiyevskaya, V.Kaşpur, Q.Burkov, Y.Vasilyeva) çıxış etdiyi, Saltıkov Şedrinin "Cənab Qolovyov” əsərinin çətin tamaşasını hazırlayır. Final səhnədə "ölülər” halallıq və rahatlıq tapmaq üçün qəhrəmanın ətrafında fırlanırlar. 
 Yeni aktyor kursu ilə Dodin Rasputinin "Yaşa və xatırla” əsərini hazırlayırlar (tamaşa Böyük Vətən Müharibəsi zamanı doğma kənddə dezertirlərin gizlədilməsi tarixindən danışırdı). Müştərək işdə əsas heyət Dodinin 1983-cü ildə Kiçik Dramatik Teatrda yaratdığı truppanın üzvlərindən ibarət idi.
 Əsl sensasiya isə sosial melodrama olan "Sübh səmasında ulduzlar” (1987) tamaşası oldu. "Qalinin yaratdığı bu tarixi biz çox sərbəst hazırlamışdıq deyə rejissor xatırlayır. Və Qalin, müdrik müəllif, heç nəyə mane olmadı. Biz elə o vaxtı da tamaşanı hakimiyyətə qarşı etmədik. Biz tamaşanı insanların daxilində nə varsa o haqda etdik. Burada insanlardan, xüsusi ilə də bizim həyatımızı əhatələyən hadisələrdən danışılır”. 
 Doqquz saatlıq tamaşa olan "İblislər”  ölkə üçün çətin dönəmdə, 1992-ci ilin qışında MDT-də tamaşaya qoyuldu. Bu Dodin sənətinin ən yüksəliş mərhələlərindən biri idi. Dodin tamaşalarının çoxunu gizlin dini hisslərlə yaradılıb. "Ən qorxulusu Allahsız olmaqdı, heç nə haqqında düşünmürsən; din – qəlbin mövcudluğunun əsasıdır. Teatr isə qəlbə səyahət, qəlbinin insani, yad biri kimi axtarışıdı”, Lev Abramoviç belə deyir.
 "Adsız pyes” tamaşası Dodinin Çexov dramaturgiyasında üçüncü təcrübə idi. Buna qədər "Albalı bağı” və indiyədək premyerası baş tutmayan, ikiillik iş təcrübəsi olan "Üç bacı” tamaşaları vardı. 
Tamaşadakı su, yağış, qum bütün bunlar təbiətin gözəl, gerçəklik dünyasını göstərən zaman, buna təzad olaraq süni, mənasız insan taleləri təsvir olunur.
 

 
 "Heç kəs Dodin qədər tamaşanın bir obrazı üçün  bütün rənglərdən yuxarı və aşağı, komik və faciəvi, lirik romantik və kobud naturalist  kimi istifadə edə bilmirdi-sənətşünas Ninel İsmayılova yazırdı. (...) "Çevenqur” Dodinin fəlsəfi aforizmlərlə dolu teatr tamaşası idi. Burada Platonun və Dodinin motivləri toplanmışdır. Tamaşada qəddarlıq və güc, korluq, su, alov, yer, daşlar, insanlar və onları əhatələyən ehtiras, həyat və ölüm təsvir olunmuşdu”.
 Dodin Stanislavski davamçılarındandır. Müsahibələrin birində o demişdi: "Stanislavskinin fikirlərini sevməmək olar, lakin onlar Eynşteynsayağı qanundur, obyektiv hərəkət edir. Və əgər artist düz oynayırsa, demək o, Stanislavskini oynayır, hətta, onu sevmirsə belə, bütün paradoks da məhz bundadır... Onun əsas açılışı odur ki, teatr ideal axtarışıdır”. 
 Dodin uzun müddət Qərbdə tamaşa hazırlamaqdan imtina edir. Nəhayət ki, 1995-ci ildə razılıq verir və məşhur rejissor Klaudino ilə birlikdə eksperiment kimi Zalsburq musiqi Pasxa festivalında Rixard Ştrausun "Elektra” operasını tamaşaya qoyurlar. Tamaşa böyük uğur qazanır.
 Beləliklə, ilk tamaşa digərlərinə yol açır: "Katerina İzmayılova” Florensiyada, "Mazepa” La Skalada (drijor M.Rostropoviç), "İblis” Şatle Teatrında və s.
 Rejissor davamlı olaraq yenə də rus klassikasına müraciət edir. Çexovun "Qağayı”sını Dodin Moskvada keçirilən Üçüncü dünya teatr olimpiadasında nümayiş etdirir. Tənqidçilərin də qeyd etdiyi kimi rejissor özünün ən pessimist tamaşalarından birini hazırlamışdı. Burada lap əvvəldən hər şey məhv olub, arzular tükənib, puça çıxıb, sehrli gölün suları hər şeyi-arzuları, ümidlər udub. 
 Lev Abramoviç – Sankt-Peterburq teatr incəsənət akademiyasının professoru, rejissor kafedrası ilə davamlı olaraq Böyük Britaniyanın teatr məktəblərində, Fransada, Yaponiyada, ABŞ-da ustad-dərsləri keçirir. 
 Rejissor Dodin dayanmadan özündə və aktyorlarda həqiqətə sevgini cəmləşdirərək bir şeyə xidmət edir – yalan yaşamamağa!