Biz imzaları yox, əsərləri dərc edirik...

“Tanrıya 14 məktub” tamaşasının premyerası
66
15 Mart 2019, 11:39
 Gənc Tamaşaçılar Teatrında fransız dramaturqu Erik Emmanuel Şmidtin "Oskar və çəhrayı dama” əsəri əsasında hazırlanan "Tanrıya 14 məktub” tamaşasının ictimai baxışı olub. Tamaşanın premyerası isə 24 martda baş tutacaq.
 
 

 Oskar adlı 10 yaşlı uşağın xərçəng xəstəliyinə tutulması ağrısı və ölümlə üz-üzə duran balacanın söhbətlərindən ibarət olan əsər insan hisslərinin dərinliklərinə endirir. Tamaşaya teatrın rejissoru, Əməkdar artist Nicat Kazımov quruluş verib. Tamaşanın quruluşçu rəssamı Mustafa Mustafayev, xoreoqrafı Əməkdar artist Nailə Məmmədzadədir. Tryukların quruluşu İsa Əsədova, musiqi  tərtibatı Şamxal Novruzluya aiddir. Rolları Anar Səfiyev, Zemfira Əbdülsəmədova, Mirsənan Kazımlı, Qəmər Məmmədova, Ramil Məmmədov, Bəhram Həsənov, Zümrüd Quliyeva, Aygün Fətullayeva, Vahid Orucoğlu, Təhminə Məmmədova, Anar Seyfullayev, Nurlan Süleymanlı, Zülfiyyə Alhüseynova, Müşfiq Əliyev, Araz Pirimov canlandırırlar. 
 Qeyd edək ki, bu əsərə dünyanın müxtəlif teatr səhnələrində quruluş verilib və son illər bu tamaşalar böyük maraqla qarşılanıb. Lakin bu dəfə tamaşanın yaradıcı heyəti daha orijinal yanaşma ortaya qoyublar. Mono kimi, bir aktyorun ifası üçün yazılan əsər 14 iştirakçı ilə qurulub. Tamaşanın rejissoru, həmçinin tərcümə və səhnələşdirmənin müəllifi Nicat Kazımov tamaşanın ümumi ideyasını belə şərh edib: "Bu gün xərçəng xəstəliyi ilə mübarizə, bu xəstəliyə tutulanlara mənəvi dayaq olmaq bütün sahələrin adamlarını düşündürür. Zənnimcə, Erik Emmanuel kimi böyük sənətkarın bu mövzuya müraciəti təsadüfi deyil. Bu əsər hər şeydən əvvəl təsəlli verməsi ilə təsirlidir. Yəni ölüm bütün yaşlarda, hətta ən sağlam adamın da müqəddəratıdırsa... Amma balaca, saf bir uşağın xəstəliklə, ağrılarla mübarizə aparması və ondan yaşca qat-qat böyük qadının onun son günlərini rəngarəng etməyə çalışması məni sözün əsl mənasında təsirləndirmişdi. Lakin hesab etdim ki, bu ağır mövzu tamaşaçılara daha yüngül, daha dinamik, həm də sakit formada təqdim olunmalıdı. Əslində, Oskarın həyatında bütöv bir insan ömrünü görə bilirik. Deməli, bu hər birimizin özümüz, ömrümüz haqqında düşünməyimiz üçün fürsətdir...”