Biz imzaları yox, əsərləri dərc edirik...

Tanrım, sən də günahkarsan Xəyalə Sevilin şeirləri
2607
03 İyul 2017, 14:41

artkaspi.az Xəyalə Sevilin şeirlərini təqdim edir:

 


 

Yanağımın qarğışı

 

Bilirəm, dəyməz sənə,

Bunca kədər, göz yaşı.

Yatağımın yaş üzü,

Yanağımın qarğışı.

Gözümdə suya qoydum,

Təzə, süsən dərdimi.

Sus!

Danışma!

Danışdırma,

Səndən küsən dərdimi.

Min üzdən, gözdən keçərsən,

Yadında bir qadın qalar.

Çıxıb ömründən gedərəm,

Mən adda övladın qalar.

 

 

Evimi də dəyişdim

 

Evimi də dəyişdim.

İndi başqa pəncərədən baxıram

Günəşin qırmızı-qırmızı gülümsəməsinə.

Hər şey eyni...

Hər şey bir yana, tanrı,

Mən indi necə baxım,

Hər gün sənə açdığım

Əllərimin üzünə?!

Bu gün də belə keçəcək,

Yenə səhər açılacaq.

Təbəssümlər yerləşəcək

Kirayə yanaqlarıma,

Üzüm, müvəqqəti sığınacaq yeri.

Qara çərçivədi ömür dediyin,

Səssizcə dolduraq

Dörd bucaq yeri...

O vaxt anam danışmışdı,

Sonra filmlərdə gördüm

O mən deyən sevgini.

Həvəs etdim,

Ümid etdim,

Xəyal etdim,

Heyif!!!

 

 

Cərimə

 

Bu günümdən xəbəri yox

Ötüb keçən günlərimin.

Yoxsa belə gülməzdilər

Şəkillərimdən baxıb...

Bilirsənmi, usta?

Ha düzəltdim, ha bağladım üstünü,

Gözümün daman yeri var,

Gözüm axıb.

Bir isti əl kimi

Darıxıram ondan örtü.

Başımı qoymağa bir çiyin kimi.

Yox!

Belə güvənsiz sevmək çətindi,

Sevəydim əvvəllər sevdiyim kimi.

Dəlisöv küləklər əsib üstümdən,

Soyuğu əlimə, şeirimə düşüb.

Pozulub bu ömrün yol hərəkəti,

Mənim ürəyimə cərimə düşüb.

 

 

Hardan tutsam yıxılıram

 

Məsələn, mən deyirəm,

Mən səni unutmadım.

Baxmadım,

Görmədim,

Amma, hiss etdim.

O gün yazdığım şeirdə də

Səndən bəhs etdim...

Bir yarım qalmışlıq var içimdə,

Bir tükənmişlik.

Bir də bir qatar var xəyalımda

Tək gedişlik...

Hardan tutsam yıxılıram,

Yox oluram...

Əcəb sözünü tutdun,

Unutdun!

 

 

Müştəri

 

Səhər də eyni açılır,

Axşam da eyni düşür.

Payız vurmuş ağacların

Budağından əyni düşür.

 

Bu saralmış həsrətimdən

Xəzəl kimi düşdün sən də.

Sən, mənim yaxşı adamım,

Nə oldu, dəyişdin sən də?!

 

Ömrüm bu eşqin içindən

Bir sümük, bir dəri çıxdı.

Yarımçıq ümid qalmışdı,

Ona da müştəri çıxdı.

 

Naxışlı əsa

 

Ayağı çoxdan sağalmışdı

Naxışlı əsasını əlinə alanda.

Sildi üstünün tozunu,

O üzünü, bu üzünü.

Əzizlədi naxışını,

Üstündəki qaşların

Parıldayan işığını.

Yatanda ayaq ucuna qoydu,

Səhərlər oyananda

Qaldırdı baş ucuna.

Bərk-bərk sıxdı ovcuna.

Gecəsi, gündüzü oldu əsa,

Birlikdə çıxdılar yaza.

Və bir gün

Avtomobil qəzası...

Kəsilmiş sol ayağının

Yerində uzanan naxışlı əsası.

Başını qaldırıb baxdı Allaha,

Əsanı sevməyə

Məcburuydu daha

 

Sən mənim xəyal yoldaşım

 

Əvvəl saçlarımı kəsdirdim,

Sonra qollarımı tulladım

Yanımdakı boşluğa.

Mən alışdım təkliyə,

Sən alışdın sərxoşluğa.

 

İçimə atdım səsimi,

İçimdə qulaq batır.

İndi gücüm nə ölməyə,

Nə də yaşamağa çatır.

 

Sən mənim xəyal yoldaşım,

Ayrılığın adını qoy.

Həyatına sevmədiyin qadını qoy.

Ağla,

Gözlərin boşalsın.

Sonuncu axşamdan yazıram sənə,

Bütün gecələrin xeyrə qalsın.

 

 

Soldan birinci küçə

 

Sol əlimi uzatdığım

İnsanlar yanıltdı məni.

Dərin yuxuya getmişdim,

Sağ əlim oyatdı məni.

Günəbaxan pəncərələr

Açılıb otağımda.

Mavi göy üzü oyanıb

Uyuyan yatağımda.

 

Günəş,

Bir az yaxına gəl.

Öpüm üzündən gizlicə.

Ürəyimin ünvanını itirmə:

"Soldan birinci küçə”.

 

 

Ulduzlar

 

Boylanır pəncərədən,

Donu ulduzlu qızlar.

Birdən biri soruşur:

"Bəs neçənci mərtəbədə

Yaşayırlar ulduzlar?”

 

Gözündə ay işığı,

Sevil sevincək deyir:

"Əllərini uzatma,

Özü düşəcək” deyir.

 

Atama demişəm ki,

Uzun pilləkən alsın.

Qalxsın göy mərtəbəyə,

Göydəki ulduzları

Həyətimizə salsın.

 

 

Tanrım, sən də günahkarsan

 

Tanrım, sən də günahkarsan,

Orda, o susduğun yerdə.

Başqasının taleyini

Alnıma yazdığın yerdə.

 

Tanrım, sən də günahkarsan,

Qaçıb gizlənmisən göyə.

Əllərimi danlayıram,

Dizlərimə döyə-döyə.

 

Çatıbdımı ahım sənə?

Geyin, özünə qismət.

Yerdə yerlə sürünürəm,

Göyün özünə qismət.

 

 

Qaranlığım günə çıxdı

 

Bir də gördün mən də yoxam,

Yox olmağa nə var ki.

Gözlərinin yaddaşından

Yıxılmağa nə var ki.

 

Səndən gizlənə bilmədim,

Qaranlığım günə çıxdı.

Mənim ürəyimin xəritəsində

Bütün yollar sənə çıxdı.

 

Bir piyada həsrət ilə

Yolların səbrini üzən,

Yox! Belə tələsmə mənə,

Sən onsuz da gecikmisən.