Biz imzaları yox, əsərləri dərc edirik...

Tanrı, sən bizi onun gözlərinə bağışla... – Mətləb Ağanın şeirləri
630
13 Sentyabr 2018, 09:33
 Artkaspi.az Mətləb Ağanın şeirlərini təqdim edir: 
 

 


 
 Bu il də belə keçdi,
bir yaş da düşdük geri...
...yığmağa yer də yoxdur
dadsız xatirələri...
 
...indi durub özünə
deməyə nə sözün var?!
...hava da boz-bulanıq,
bizdən də duru kim var?!
 
...hər qarışda dirənir
dekabrın şaxtası...
...orda-bir soyuq evdə
yanır dörd sətir yazı:
 
"...maraqsızdı, bilirəm,
bu bitir, o başlayır...
...köhnə ssenaridə,
təzə kino başlayır...”
 
 
 

 
 
***
 
Hansı ölkəydi, hansı?
bəs neçənci əsrdi?
...orda-o köhnə yolla
bir uşaq tələsirdi...
 
fikrindən nə keçirdi,
nə tutmuşdu əlində ?
nə vardı çiynindəki
o nimdaş  zənbilində?
 
Tanrı hardaydı onda,
ya xeyirxah mələklər?
bilirdilərmi bir gün
Ona nə deyəcəklər?!...
 
...sonra güldü qəfildən,
bütün ağrısı keçdi:
...ovcundasa,
soyumuş
qəlbini gizləmişdi....
 
***
...sonra payız  da keçdi,
fevral-filan da  sonra...
gözdən düşdü fəsillər,
elə bir anda sonra ...
 
...və bir stansiyaydı,
qatar-filan da vardı...
üstəlik, qarşılayan,
yola salan da vardı...
 
...perrondaydın, vaqonda?
daha  fərqi də yoxdu...
şəkil doluydu hər yer,
bir o, sərgidə yoxdu...
 
...qəribəydi olanlar,
amma bir az  bayağı...
...baxıb gülümsəyirdin
Mona Liza sayağı...
 
***
... və bu sentyabr da
köçünü yığışdırır...
yenə bir külək düşüb
küçəni yığışdırır...
 
...parçalanıb  ortadan
albomunda bir şəkil...
daha gecdi soruşmaq,
"nədi ürəyindəki?..”
 
...bundan sonra, dirisən,
ölüsən, eyni şeydi...
ya Janna  Dark ol indi,
ya Süsən, eyni şeydi...
 
durub fikirləşirsən:
 "bir oyundu... kim kimi...”
– pəncərədən boylanıb,
bölünmüş  şəkil kimi...
 
 
 

*** 

…Nə xəbər var şəhərdə?
kim piyada, kim atlı...
...fevralın boz soyuğu
hələ ki, salamatdı...
 
...hərdən sular kəsilir
ya da işıqlar sönür...
...bu  pişikdən savayı
kim xatırlayar səni?!
 
...yox, heç pis-filan deyil,
bu nisgilli təkliyim...
...cırıb atdım fotonu,
sərçələr dimdikləyir...
 
...sonra qaranlıq çökür,
dayanmadan yağır qar...
...və eyni o əhvalat:
"... qoca Arxip... Lyonka..
 
***
...dəyişən heç nə yoxdu,
döngədə on qarış yer;
qaraqabaq fotoqraf,
köhnə foto atelye...
 
...mənəmmi o fotoda;
hərdən məətəl qalıram...
...adı nədi bu ömrün,
komediya, ya dram?..
 
...indi o şəkillərin
üzünə baxmaq olmur...
...vaxt da elə gödəlib,
durub darıxmaq olmur...
 
”... nədi orda qaralan,
bayaqdan təkdi orda...
yol üstündə qalmasın;
götür o şəkli ordan...”
 
***
..İslandı bütün şəhər,
böyükdən  kiçiyəcən...
...bir ağacın dibində
büzüşmüş küçüyəcən...
 
...köhnə  tramvayların
susduğu parka kimi...
...ağ  kağız qayıqların
üzdüyü arxa kimi...
 
...ən hündür binayacan,
lap uzaq küçəyəcən...
...deyindi qonşu qarı
sabahdan gecəyəcən...
 
...sonra keçdi buludlar,
sonra  kiridi qarı...
...bir uşaq hönkür-hönkür
ağladı qayıqları... 

 
 
 

 
***
Ya yazın son ayıydı,
ya iyulun əvvəli...
...ya axrıydı  hər şeyin,
ya da yolun əvvəli...
 
gecələr yuxusunu
qarışdırırdı sıx-sıx;
Görürdü-bir şəkildi,
boz-bulanıq, yarımçıq...
 
dəyişirdi sifəti,
güzgülərə baxanda.
nəsə gülümsəyirdi,
özgələrə baxanda...
 
...o axşam ayrı cürdü;
kefi lap yuxarıydı...
...qapısıyla üzbəüz
bir ağac da varıydı...
 
...səhər durub özünü
bir budağından asdı;
Nəhayət ki,
o gecə
Şəkli tamamlamışdı!

 
***
 
...Axşamüstü olardı...
 ...bir sümük-bir dəriydi...
...çoxdan ölmüşdü yəqin,
gözləri dipdiriydi!
 
...əllərinin istisi
adama "gəl” deyirdi...
...nəydi onu öldürən?
kimdi?
...əcəl deyildi!..
 
...artıq nə fərqi vardı
onunçün!
yazdı, qışdı?!
...vəssalam-evdən çıxıb,
geri qayıtmamışdı...
 
...çiçəklərin qoxusu
eynən Onun iyiydi...
O, nəyi bilirdisə,
Tanrının bildiyiydi...
 
...sonra evə dönəndə,
yazdılar baş daşına;
"...Tanrı,
Sən
bizi
Onun
gözlərinə
bağışla...”
 
 ***
Kim çəkib bu rəsmini,
harda, nə zaman çəkib?..
kirriyinin ucunda
bir damcı yaş can çəkir...
 
...səni hardan başlayıb
harayacan çəkiblər...
səni qızdan, qadından
qarıyacan çəkiblər...
 
...tək bir kəlmə söz donub
bu rəsminin dilində...
dönüb adam olardı
imkan olsa əlində...
 
...mən də çox gec gəlmişəm,
sən də çox gecikmisən...
...indi bildim, bu rəsmi
bir vaxt özün çəkmisən...
 
***
Çox üzr istəyirəm
səndən, məni bağışla...
elə bu saniyədən,
andan, məni bağışla...
 
yenə də bir arzu tut,
içində Mətləb olsun...
deyəcəyin beş sözün
üçündə Mətləb olsun...
 
mənim yerim cəhənnəm,
cənnət sənindi yəqin     
min əzabla ölməsəm,
minnət sənindi yəqin.
 
döy əlimi dizimə,
al, gözlərimlə ağla;
əlbəttə, bir gün səni
gəzəcəyəm çıraqla...
 
...mənimçün fərqi yoxdur,
bu həyatdı, demirsən?!
...bağışla, istəyirsən...
...bağışla, istəmirsən...
 
***
Bu gün məni unutdun,
adım düşdü dilindən...
belə də olmalıydı,
elə günün birində...
 
ən uzaq ulduzların
necə gəlir işığı;
elə qalar yadında,
mən fağır kənd uşağı...
 
nə vardı aramızda,
uçurum kimi qaldı...
yazdıqların vərəqdə,
bir qurum kimi qaldı...
 
...günəş yenə doğacaq...
gecə yenə olacaq...
...mənim kefim pis deyil,
olan sənə olacaq...