Biz imzaları yox, əsərləri dərc edirik...

Zəhmətimiz yerdə qalmadı – Səbuhi Əhmədovun müsahibəsi
1188
12 Yanvar 2018, 13:14
 artkaspi.az Ağdam Dövlət Dram Teatrının rejissoru Səbuhi Əhmədovun müsahibəsini təqdim edir: 
 


 Artıq iyirmi altı ildir düşmən tapdağı altında olan torpaqlarımızdan uzaq düşsək də, mədəniyyətimizə, tariximizə sahib çıxmaq bir vətəndaş kimi borcumuzdu. Mədəniyyətimizin bir parçası da, canlı sənət olan teatrımızdır. İşğal altında olan torpaqlarımızdan qaçqın düşmüş bir sıra teatrlarımız nə qədər ağır, acınacaqlı olsa da, özlərində güc-qüvvə toplayaraq bu sənətin adın yaşaması üçün əllərindən gələni əsirgəmirlər. Bəzilərinin öz binaları olmasa da, müvəqqəti sığınacaq kimi məskunlaşdığı binalarda fəaliyyətlərini davam etdirirlər. Bu gün Ağdam Dövlət Dram Teatrı Ağdamın Quzanlı qəsəbəsində məskunlaşmasına, doğma şəhərindən uzaq düşməsinə baxmayaraq əzmlə ayaq üstə dayanmağı özünə borc bilir. 

 Yaxın günlərdə teatrda Elçin Hüseynbəylinin eyni adlı pyesi əsasında hazırlanan "İmperator” tamaşasının premyerası oldu. Biz də fürsətdən istifadə edib tamaşanın quruluşçu rejissoru, gənc olmasına baxmayaraq yaratmaq eşqi ilə alışıb-yanan Səbuhi Əhmədovla söhbət etdik. Söhbətimizə başlamazdan öncə müsahibim haqda qısa da olsa məlumat vermək istərdim. Əhmədov Səbuhi (yaxud Səbuhi Əsədsoy) 26 sentyabr 1981-ci ildə Laçın rayonunun Ərdəşəvi kəndində ziyalı ailəsində anadan olub, 1998-ci ildə Ərdəşəvi kənd tam orta məktəbini bitirib. 1999- 2001-ci illərdə hərbi xidmətdə olub. 2002-ci ildə Azərbaycan Mədəniyyət və İncəsənət Universitetinin "Dram-kino aktyorluğu" fakültəsinə daxil olan Səbuhi 2006-cı ildə təhsilini başa vurub. Elə həmin il öz yaradıcılığını Rusiya Federasiyasının Dağıstan Respublikasında fəaliyyət göstərən Dərbənd Azərbaycan Dövlət Dram Teatrında davam etdirməyə başlayıb. Hələ universitetin 4-cü kursunda oxuyarkən yenicə yaranan Azərbaycan Dərbənd Dövlət Dram Teatrından Mədəniyyət və İncəsənət universitetinə göndərilən məktuba əsasən, teatrın ixtisaslı kadr çağrışına 30 məzundan yalnız Səbuhi Əhmədov səs verib. Dərbənd Teatrında ilk rolu T.Vəliyevanın "Bankir adaxlı" musiqili komediyasında Zaur, ardınca M.Şamxalovun "Qayınana" musiqili komediyasında İlqar obrazları olub. Azərbaycan Respublikasının Xalq artisti hamının "Moşu" kimi tanıdığı Valeh Kərimov bu teatra rejissor kimi gələrək Ə.Haqverdiyevin "Dağılan tifaq" faciəsinə quruluş verərkən Səbuhi Əhmədova bu tamaşada baş rolu - Nəcəf bəy obrazını həvalə edib. 28 yaşında olan Səbuhi Əhmədov 55-60 yaşında olan bu bəy obrazını çox böyük uğurla oynayıb. R.Rəhimlinin "Sevgi nağılı" dramasında yeni baş rolu-Gündüzü, C.Cabbarlının "Aydın" faciəsində Aydını, O.Kamalın "Yad qızı" faciəsində Məzhər bəyi, Anarın "Təhminə və Zaur" dramasında Zauru, A.Saqarellinin "Xanuma" komediyasında Knyaz Vano Pantiaşvili rollarını canlandırıb. Səbuhi Əhmədov hazırda Ağdam Dövlət Dram Teatrının rejissorudur.
 


 – Səbuhi bəy, necə oldu ki, aktyorluqdan rejissorluğa gəldiniz?
 – Əslində, heç vaxt rejissorluq iddiam olmayıb və bunu heç arzulamamışam da. Özümü tanıyandan aktyorluq sənətinin vurğunu olmuşam və arzum da çatmışam. Bəxtim onda gətirib ki, aktyorluqda təhsil alanda ustadlarım rejissorlar olub. Bu çox önəmli bir şeydir, aktyorun bacarıqlı yetişməsində müəlliminin rejissor olması önəmlidir. Belə olanda tələbə həm aktyor, həm də rejissor kimi yetişir. Onu da qeyd edim ki, hər aktyor da rejissor ola bilməz. Amma aktyor savadlı, bacarıqlı aktyordusa nə vaxtsa rejissor kimi istedadını üzə çıxarmağa nail olacaq. Yəqin mənim də içimdə, dərinlikdə bu varmış ki, özünü büruzə verdi. Ağdam Dövlət Dram Teatrında üç ilə yaxındır işləyirəm. Mənə göstərilən etimada görə rejissor vəzifəsini icra etməyə başlamışam. Bu işdə əsas teatrın direktoru Məhəmməd Hüseynov və teatrımızın keçmiş baş rejissoru Sərvər Əliyevin böyük təşəbbüsü oldu. Sərvər Əliyev mənə bir tamaşa hazırlamağı təklif etdi.  İlk sınağım olaraq Rəhman Əlizadənin ikihissəli kilimarası məzhəkəsi olan "Keçəlin toyu” uşaq tamaşasını hazırladım. Tamaşa böyük uğur qazandı, hətta, qastrollara belə getdik, bununla da bu etimadı doğrultdum. 

 – Bu günlərdə "İmperator” tamaşasının premyerası baş tutdu. Necə qarşılandı?
  Elçin Hüseynbəylinin bu əsəri üzərində çox gərgin və uzun məşqlərimiz oldu. Tamaşada üç iştirakçı vardı - əməkdar artist Aida Qasımova, Nizami Ələkbərov və mən özüm. Tamaşanın ərsəyə gəlməsində texniki və yaradıcı heyətin çox köməyi oldu. Ağır bir tamaşa idi, mizanlar, hadisələr ancaq bu üç nəfərə yüklənmişdi, onlar üzərində qurulmuşdu. Lakin buna baxmayaraq zəhmətimiz yerdə qalmadı və çox gözəl bir tamaşa alındı. Premyera anşlaqla keçdi, qarşımızdakı günlərdə də repertuarımızda var və tez-tez oynayacağıq. 
 


  Səbuhi bəy, bu əsərə müraciət etməkdə məqsədiniz nə idi, tamaşaçılara nəyi demək istədiniz?
  Əslində bu əsəri Sərvər Əliyev gətirmişdi, rolları bölmüşdü və tamaşa dördüncü rüb üçün nəzərdə tutulmuşdu. Lakin gözlənilmədən Sərvər müəllimin bizim teatrdan İrəvan Dövlət Dram Teatrına baş rejissor getdi və direktorumuz Məhəmməd Hüseynov tamaşanı mənə etimad göstərdi və mən də böyük məmnuniyyətlə təklifi qəbul etdim. Bu pyes müasir ədəbiyyat məhsuludur, yəni sırf müasir olan həyatımızla bağlıdır. Mənə elə gəlir ki "İmperator” pyesi Azərbaycan dramaturgiyasının standartından kənarda olan bir pyesdir. Çünki burada hadisələr tam fərqli bir üslubda cərəyan edir. Bu, sanki film üçün yazılmış əsərdi. Onu teatrda işləyib, hazırlamaq çox çətindir. Tamaşaçılara çox şeyi göstərmək olar. Müasir həyatımızın çatışmayan tərəflərini, müəyyən eybəcərliklərini. Günümüzün reallığı ilə səsləşən bir əsərdir. Tamaşaya baxan hər bir seyrçi sanki bütün hadisələrin içində olur, bir növ bu, hadisələr içindəymiş kimi gəlir ona. 
 
  Teatrda hansı çətinliklərlə qarşılaşırsınız?
  Bilirsiniz ki, bu gün Azərbaycanda bir neçə teatr var ki, onlar məcburi köçkün statusundadırlar. Bunlardan biri də Ağdam Dövlət Dram Teatrıdır. Zamanında Ağdam Teatrı böyük aktyorları  ilə Azərbaycan teatrında tarix yazan bir teatr olub. Bu gün isə teatrın öz binası düşmənlərimiz tərəfindən dağıdılıb. Hazırda Quzanlıda fəaliyyət göstəririk. Şükürlər olsun hər bir şəraitimiz var, tamaşalar qururuq, məşqlər edirik, aktyorlarımız həvəslə çalışırlar, bərabərik və teatrın gələcək uğurları naminə səy göstəririk. Bunu deməyi özümə borc bilirəm ki, teatrımız ön cəbhə xəttindədir, hətta, "döyüşən teatr” da demək olar. Ancaq məcburi köçkün statusu, düşmənlə təmas xətti bizim teatra olan əzmimizi, sevgimizi üstələyə bilməz. Bacardığımızı edirik, qürurverici haldır teatrımızda elə tamaşalar hazırlanır ki, son on ildə deyərdim əyalət teatrlarımızda belə tamaşa hazırlanmayıb. 

  Başqa teatrlardan təklif gələrsə, istər aktyor, istərsə də rejissor kimi gedərsinizmi?
  Belə bir təklif gəlsə əvvəla düşünməm lazımdır. Həmçinin bu gün Ağdam Teatrının qaynayıb-coşan vaxtında buranı tərk etməyim çətin olar. O zaman mənə elə gələr ki, nəyisə tamamlamamış gedirəm.

  Bir tamaşanı hazırlayarkən əsas nəyə fikir verirsiniz?
  Tamaşa hazırlayarkən diqqət yetirməli çox şey var, bunlardan əsası aktyor seçimidir. Əgər tamaşadakı obrazlara uyğun olaraq aktyorları düzgün seçirsənsə bu tamaşanın birbaşa uğurudur. Amma əvvəlcə aktyorun potensialına bələd olmaq lazımdır, gərək rol ona yük olmasın. Aktyor təkcə aktyorluğu bilməməlidir, savadlı, hər sənətdən hali olmalı, xarakterləri bilməlidir. Lakin sintetik sənət olan teatrda tək aktyordan söhbət gedə bilməz, ümumilikdə hər şey tam və cəm olmalıdır.
 


  – Sizin üçün rejissorluq yoxsa aktyorluq daha çətindir?
  – Mənimçün bütün sahələr çətindir. Asan əldə edilən hər bir şey, asan da əldən gedər. Aktyorluq çətindir söz yox, lakin fikrimcə rejissorluq daha çətindir. Aktyor tək bir şeyi-özünü daha çox düşünürsə, rejissor bir tamaşanın bütövlükdə taleyini düşünür.

  Qarşıda hansı yeniliklər gözlənilir?
  Ağdam Dövlət Dram Teatrı qarşıdakı aylarda teatrsevərlərin qarşısına möhtəşəm bir dramla, Cəfər Cabbarlının "Aydın” faciəsi ilə gələcək. Hal-hazırda rol bölgüsü başa çatıb, oxunuşlar gedir. Tamaşanı baş rejissorumuz əməkdar artist Novruz Cəfərov hazırlayır. Mən də bu tamaşada Aydını oynayacam. Vaxtilə Dərbənd Dram Teatrında bu tamaşa qurulmuşdu və Aydın obrazını canlandırmışdım. Sağ olsunlar Məhəmməd Hüseynov və Novruz Cəfərov istəyimə qarşı gəlmədilər. Ağdamlı tamaşaçıların qarşısına Aydın kimi çıxmaq mənim arzumdu.

  Maraqlı söhbətimizə görə təşəkkür edir, gələcək işlərinizdə uğurlar arzulayırıq.
  – Çox sağ olun.

 Söhbətləşdi: teatrşünas Nigar Pirimova