Biz imzaları yox, əsərləri dərc edirik...

Tacikistan jurnalında İmadəddin Nəsiminin həyat və yaradıcılığı
288
17 Oktyabr 2019, 13:49
  Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin "Böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinin qeyd edilməsi haqqında” 2018-ci il 15 noyabr tarixli Sərəncamına əsasən və 2019-cu ilin ölkəmizdə "Nəsimi ili” elan olunması ilə əlaqədar bu il Azərbaycanda və xarici ölkələrdə dahi şair və mütəfəkkir İmadəddin Nəsimiyə həsr olunmuş bir sıra tədbirlər keçirilir.
 
 

  Ölkəmizin Tacikistandakı səfirliyinin dəstəyi ilə ölkədə çox populyar olan "ADAB" jurnalında böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin həyat və yaradıcılığı ilə bağlı məqalələr dərc olunub.
  Nəşrdə Nürbəxşi Cahangirin "İmadəddin Nəsimi. Doğma yurddan didərgin düşmüş simurq quşu", AMEA-nın vitse-prezidenti, Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun direktoru, akademik İsa Həbibbəylinin "Cahana sığmayan şair", İsfəndiyarın "Atəşpərəstlik", Azərbaycanın Xalq şairi Rəsul Rzanın İmadəddin Nəsiminin 600 illiyi münasibətilə şairə həsr etdiyi və "Sovet Tacikistanı" qəzetinin 15 iyun 1970-ci il buraxılışında dərc olunmuş "Nəsiminin bir beytinin hekayəsi", filologiya üzrə fəlsəfə doktoru, dosent Səadət Şıxıyevanın "Nəsiminin edamının siyasi faktorları", Tacikistanda məşhur nəsimişünas Qurban Vosenin "Nəsimi və Divanı", "ADAB" jurnalının redaktoru Şodi Şokirzodanın "Tacikistanda İmadəddin Nəsimi əsərlərinin tədqiqi və nəşri" adlı məqalələri də dərc olunub.
  Həmçinin İmadəddin Nəsiminin yaradıcılığına aid bəzi əsərlərdən parçalar jurnalda öz əksini tapıb.
  Ölkəmizin mədəniyyətinin təbliğ olunması istiqamətində Azərbaycanın Tacikistandakı səfirliyi tərəfindən ölkəmizin görkəmli şəxsiyyətlərinin həyat və yaradıcılığı haqqında tacik dilində silsilə məqalələrin hazırlanması və çap edilməsi işi davam edir.