Biz imzaları yox, əsərləri dərc edirik...

Tabu – Rəşid Bərgüşadlının hekayəsi
1122
21 May 2020, 09:39
 Artkaspi.az saytı Rəşid Bərgüşadlının "Tabu” hekayəsini təqdim edir:
 
 Hamının yanında davaya çağırmışdı, getməsəydim, sonra məktəbdə adıma söz çıxardı, illah da, Səlbinin gözünün içinə dik baxammazdım. Amma o alçaq özüylə iki nəfər də gətirmişdi. Çatan kimi ağzımı açmağa da qoymadılar, saldılar məni ayaqlarının altına. İki gözüm bəs eləmirdi dalbadal təpikləri izləməyə. Hay-hayım gedib vay-vayım qalanda dedim ki, kişiliyiniz çatırsa tək-tək gəlin. Onlar da dübarə tək-tək gəlib palaz kimi çırpdılar məni. Çulumu güclə götürüb cumdum evə. Böyük qardaşım halımı görüb əlindəki baltanı oduna sapladı, – Ədə, səni kim bu kökə salıb?! – gözləri hədəqəsindən çıxmışdı yazığın. – Dağbəyi! – bir az da ağlamsındım. İkimizin də Səlbiyə aşiq olduğunu kimsə qulağına çatdırmışdı. Məni verdi qabağa, söyə-söyə dalımca ağzıköpüklü yüyürdü qoca çinarın yanına. Getməmişdilər, şaqqanaq çəkib gülürdülər. Bizi görcək təzədən üstümüzə yeridilər.
 
 
 
Nurlanın söyüşü ağzından çıxar-çıxmaz ikimizi də ot xorumu kimi bürmələyib yan-yana qoydular, təzədən "nə yemisən-turşulu şilə!”. O gün yerli-dibli nəhs gəlmişdi... Evə çatanadək Nurlan məni yolboyu o ki var sillə-şapalaq elədi, – Niyə üç nəfər olduqlarını demədin mənə?!.. – durduğu yerdə onu zibilə saldığım üçün cıqqırımı çıxara bilmirdim.  Elə bil üstümüzdən tank keçmişdi. Ah-ufla yolağadan qol-boyun həyətə girəndə dədəm gördü halımızı, – Bo!.. İt cumub ə sizə, bu nə haldı?! – tərs kimi də çomağı əlindəydi. Nurlan məni keçi qiymətinə satdı dədəmə... Əlqərəz, iki şığal da dədəm yun kimi çırpdı məni, – İtin küçüyü, çobanın oğluna nə yaraşır "zavmaq” qızına vurulmaq?! Başına yetim-yesir qızı qəhətdi?! Sənin eşqə düşən vaxtındımı?! Kitab oxu, kitab! Oxu, adam ol, qurtar canını çobanlıqdan!..  
 
 * * *
 
 Oxudum və dədəmin dediyi adamlardan oldum. Çıxdım kənddən. İşi tərs gətirən indi şəhərə mənim yanıma cumur.  Bir gün Dağbəyi də minnətə gəldi. Kənddə acından köpük qusurmuş. Şəhərdə uçuq-salxaq daxmada kirayənişin qalırmışlar. İş istəyirdi məndən. Səlbidən dörd uşağı vardı, hələ arsız-arsız üzümə irişdi ki, beşinciyə də hamiləymiş arvadı. O danışdıqca məni necə təpiklədikləri kino lenti kimi gözümün qabağında canlanırdı. Bəlkə də, Dağbəyi ovaxtkı davamızı unutmuşdu, amma mən bir zərrəsini də unuda bilmirdim o qaramat günün. Onu bağban işinə götürdüm. Hər səhər qabağımda ikiqat əyilməyi ürəyimə yağ kimi yayılırdı. Tez-tez pəncərədən boylanırdım ki, işdən sivişib kölgələnməsin, qoy günəş onun keçəlini daha çox döysün. Anası şəhərə gələndən sonra Səlbini də idarəyə xadimə götürdüm. Səlbi hər dəfə "Allah atana rəhmət eləsin, sən olmasaydın uşaqlarım acından ölərdi” deyəndə ona qarşı kinim bir az səngiyirdi. Amma bir gün Dağbəyi kənddəki həmin ayrılmaz dostlarını da ərklə otağıma gətirəndə bildim ki, yox, unutmayıblar məni döydüklərini. Dostlarını otaqdan qovdum, amma həmin gündən başladım Səlbinin işində qüsurlar tapmağa.
 

 
 Dağbəyinin yanındaca arvadını quru yuyub yaş sərirdim. Bircə dəfə kişiliyi çatmadı ki, sözümü çöndərsin, cavabımı versin. Əksinə, döşəməsiləni götürüb dəhlizi özü silirdi. Gül kollarını axşam işdən çıxanda tapdalayırdım, sabah isə yapışırdım Dağbəyinin xirtdəyindən. Alçaldıqca alçaldırdım, rəzil günə salırdım onu. Bir ara üç gün işə gəlmədi. Soruşdum, Səlbi dedi ki, qəssab işləyir. Ərinmədim, qəssabxananın sahibini tapdırdım və işdən qovdurdum onu. Dalınca da sifariş göndərdim ki, gəlib qancığını da götürüb rədd olsun yanımdan. Suyu süzülə-süzülə gəldi, amma gözünün mütüyünü tökə-tökə yalvar-yaxar elədi ki, işdən qovsam birdəfəlik batacaqlar və kəndə dönməyə məcburdular. Heç onları gözümdən iraq qoyarammı, kəndə geri dönmələrinə dözərəmmi! Dağbəyi adlı o alçağa həyatı zəhər eləmək boynumun borcudur.  Məndən çəkəcəkləri hələ qabaqdadır...