Artkaspi.az saytı Səlim
Babullaoğlunun yeni şeirlərini təqdim edir:

Əvvəlinci
ayın şeirləri fraqmentlər
Azər
Turana
I
Sükuta
sövq edən səbəblər barədə düşünürəm:
sözün
çoxluğu, mənanın yoxluğudur; əlbəttə ki, içimdə.
Bu
dildən və dilsizlikdən peşmanam:
eyni
əlifbayla qeydə alıram sükutumu da, nitqimi də.
II
Sözlərlə
deyil, sənin barəndə sükutla danışmaq daha az qorxudur.
Budur,
yenə eşqin susqun dəryasından bir bulud qalxır, məna buludu,
fanilik
vadisində söz ağacını sulayır.
O
ağacın kölgəsində oturmuşam,
bilirsən
ki, yorğunam, susamışam:
şükür
və vəsf meyvəsini dadmadan gedə bilmərəm.
Bilirəm,
"hər kim ki, sənin haqqında danışır, sussa yaxşıdır".
Mən
danışmaq istəyirəm. Necə?!
III
"Taleyin
başqa necə olardı" sualına
cavabın
yoxdursa - bu, taledir;
varsa -
tapmaca.
IV
Əvvəllər
qapını üzümə sevgilim açardı,
ətəyindən,
böyür-başından bir cüt göz parlardı.
İndi iki
cüt sevincək göz açır qapını üzümə:
bir az
yuxarıdan baxırlar;
az sonra
arxalarından sevgilim boylanır -
arın-arxayın,
təbəssümlə.
O gün evə
gec qayıtmışdım.
Qapı üzümə
açıldı, duruxdum:
mən bu gün
onları düşünməmişdim;
lap pisi
buydu ki,
uşaqların
üzünü unutmuşdum, utandım.
Sonra sual
etdim öz-özümə:
"oğul,
ya qız fikirləşsəydin özünə,
onların
sifəti necə olardı?".
Oğlumun və
qızımın çöhrəsindən başqa,
xəyalıma
heç nə gəlmədi,
Bunun üçün
çox sağ ol!
Şükr olsun
Sənə!
V
Yalnız bir
nəfərə "ata" dedim.
Yalnız bir
nəfəri "ana" deyə çağırdım.
Bir bacım,
bir qardaşım oldu,
və bir
oğlum, bir qızım.
İki babam,
iki nənəm vardı hamı kimi;
nənəmin
birini heç görmədim,
Onların hər
birinin öz ömrü, öz sifəti vardı;
barmaq
izləriylə də təkdilər.
Hər yerdə
təklik və təkrarsızlıq kimi imzan var Sənin.
Bunun üçün
çox sağ ol!
Şükr olsun
Sənə!
VI
Sənin
sözlərini çox çək-çevir edirlər, sanki öz sözləridir.
Amma
"gül"ə "kül" deməmək üçün vərdişlərimizdən başqa
unutduqsa da bizə
mane olan daha bir şey var:
bunun üçün çox
sağ ol!
Şükr olsun Sənə!
VII
Havanı dəyişmək
üçün
pəncərəni açıram.
Azan səsi içəri
dolur.
9-11 dekabr
2019-cu il

"Şərq"
qəzetinin qış sorğusuna cavab
Sorğu telefonla
cavablandırılıb
Fərid Hüseynə
Yaxşıyam, siz də
yaxşı olun.
Baxmağı məşğulluq
saymasaq, boşam.
Lap dəqiq desəm,
pəncərədən küçəyə baxıram.
Göy üzü bir az
aşağı düşüb, sanki qışda belə olur.
Külək, yəqin, min
il əvvəlki səsiylə oxuyur.
Ay da kim bilir
neçənci dəfə
buludda
gizlənəcək bir azdan, az qalıb.
Yəni bizə elə
gələcək.
Soyuqdur,
doğrudur, amma dekabrda tərsi daha pis olardı düşünürəm.
Əlbəttə, sizi anlayıram,
bir dəfə də danışmışdıq bu haqda, xatırlayıram.
Bilirəm ki,
"uşaqlığınız yadınızdadır?" deyə sual edəndə yaşadıqlarımı,
o vaxtkı hansısa
dəqiq, bəlli səhnələri nəzərdə tutursuz.
Amma bilmənizi
istərdim: uşaqlıq ömrümüzün, bədənimizin
balaca müqəvvası
deyil ki, salıb itirək onu;
məncə, uşaqlıq
yadımızda yox, yanımızda, içimizdədir.
Və nəzərə alsaq
ki, günahlar adamı vaxt ötdükcə kiçildir ki, böyütmür,
onda uşaqlığımız,
əminəm, bizdən daha çox diridir.
Odur ki, bizim bu
dünyada
ölülərin dirilər
haqqında danışmağı çətin olardı, belə düşünürəm.
Yox, bu, ironiya
deyil. Özünəironiya da deyil.
Hərçənd, ikinci
bəlli həddə məqbuldu:
biz necəsə
qəhrəmanlıq etməliyik, ya yox?
Və mən bütün
bunlardan sonra "Əlifba" kitabına əl basıb
sözlərin həmişəki
qədər maraqlı olduğunu,
bizim isə onları
yenə də düzgün istifadə etmədiyimizi bir daha təsdiqləyirəm.
Deyirsiz, şairlik
edirəm?! Razıyam ! Məgər siz, başqa birisinə zəng etmişdiz?
Mürəkkəblik
məsələsiylə isə qətiyyən razı deyiləm.
Bilməlisiz və
bəlkə də bilirsiz ki, hər mürəkkəb cümlənin arxasında
uşaqlığın,
saflığın ağzıyanmışlığı durur, gizlənir.
Mən axı bu
iztirablı dünyanı, mənim onu dəyişmək cəhdimi,
onun isə məni nə
cürə dəyişdiyini
sadə kəlmələrlə
necə anladım; yalanmı danışım?!
Yalnız uşaqların
hər şeyi eyni bir sözlə,
hətta qığıltıyla
çağırmaq, adlandırmaq ixtiyarı var.
Bilirsiz
içimizdəki o quzunu
içimizdəki bu
qurd üçün bəslədiyimizi biləndə gec olur.
Dilimiz topuq
vurur, sözlər qarışır, ağırlaşır.
Siz heç suyun
qumla necə qarışdığını görmüsüz küləkdə, eynən o cürə.
Onda səhər idi,
sübh tezdən.
Günəş yenicə
doğmağa başlamışdı.
Atam dostları ilə
dənizə gəlmişdilər, Sarıqaya səmtinə, mərc qoşmuşdular.
Qardaşımı və məni
də götürmüşdülər özləri ilə.
Dayım, qonşu
Mayıl əmi, bibioğlu Akif və atam.
Dalğalar üç adam
boyu idi, alatoranlıqda daha vahiməli görünürdülər.
Qardaşımla məni
çör-çöp kimi o yan-bu yana atırdılar.
Birdən su
kürəyimdən basdı və
sanki kimsə məni
ayağımdan tutub aşağı çəkdi.
Gözlərimi
bağlamamışdım: su və qumun bu qədər iç-içə olduğunu
mən bir də heç
vaxt belə görmədim.
Nənəmin şirinçay
stəkanını necə qarışdırdığı yadıma düşmüşdü -
hər səhər bir
gözümü yumaraq yaxından baxardım stəkana, diqqətlə.
Düzü,
qorxmamışdım, yəni buna vaxtım çatmamışdı - indi belə düşünürəm,
bir xeyli
qumlu-yosunlu su udmuşdum, amma.
Atamın dəmir əli
qarnımın altına keçdi və məni sahilə çıxardı.
Soyuqdan tir-tir
əsir, gah gözlərimi qıyıb dənizə möhürünü basmaqla
azman dalğaları
sahilə buraxan günəşə tamaşa edir,
gah dünyanın ən
güclü adamı bildiyim atamın
sahildən xeyli
uzaqdakı qaraltısına minnətdarlıq və qibtə hissi ilə baxırdım;
sonra da özümdən
bir yaş böyük olan qardaşıma zillənib,
soyuqdan dilim
dolaşa-dolaşa, həyəcanla suyun altında gördüklərimi
danışmağa
çalışırdım; mən onda "burulğan" və "qasırğa" sözlərini
bilmirdim.
O axşamı
xəstələndim. Hərarətim qalxdı.
Anamın
nəvazişlərini xatırlayıram.
Tərdən islanmış
köynəyimi çıxarmasını,
gözlərimi açanda
başım üstdə günəştək doğan təbəssümünü,
ovucunun
istisini.
Bir də tünd sirkə
iyini.
Hərarət düşəndən
sonra yüngüllük gəlir.
O yüngüllük üçün
çox darıxmışam.
Görürsüz, nə
qədər şey danışdım.
Amma, eyni
zamanda yaxşı anayıram ki, bu danışdıqlarım o deyil.
Mən nəyisə deyə
bilmədim, nəyisə başqa cür dedim.
Görünür, hardasa
külək yatmalı, qum suyun dibinə çökməli,
hər şey necəsə
aydınlanmalıdır.
Əlbəttə, istəsəz
yaza bilərsiz ki, o, xatırlaya bilmədi.
Yəni
danışdıqlarımdan bu qənaətə də gəlmək olarsa, etiraz etmirəm.
Səhnələr və
yaşantılarla məsələ qəlizdir, bir tərəfdən onlar xatırlanınca,
yəni biz buna
cəhd etdiksə, heç də həmişə doğru-dürüst görünmürlər.
Çox vaxt isə heç
görünmürlər, bizim saxtakar redaktəmizdən qorxur,
yuvası ağzında
tülkü görən hürkmüş ərəbdovşanı kimi dalın-dalın gedir,
yaddaşın sirli
dəhlizlərində yox olurlar.
Əlbəttə, mən
nələrisə xatırlayıram.
Amma istəyirəm
biləsiz, digər tərəfdən uşaqlığın səhnələri
həm də ona görə
çətinliklə faş edir ki, özünü,
onlar bizim
mövcudluğumuzun ən qiymətli hissəsidir,
onları verəndən
sonra nə qalacaq?!
Onlar bizi, sanki
qoruyurlar.
Bəli, anlayıram,
siz nə yazacağınızı düşünürsüz.
Doğrusu, sizə
necə kömək edəcəyimi bilmirəm...
Yazın ki,
o, belə dedi:
"Sanki
axşamüstüdür və mən də buğ tutmuş şüşə arxasından
hansısa lal
görüntülərə baxıram; arada səssiz ildırımlar çaxır,
nələrisə,
kimlərisə ani olaraq aydınladır;
bəzən heç
nə sezmirsən, qaraltılar da itir;
yalnız
qırıq-qırıq səslər, eşidirsən -
gülüş, bir
amiranə söz, tappıltı, əks-səda, ağlaşma, hıçqırıq..."
Yazın ki,
onun çox xoşbəxt uşaqlığı olub.
Eşidirsiz
məni, elə yox, belə yazın.
Yazın ki, o
çox xoşbəxtdi: çünki uşaq olub.
edebiyyatqazeti.az