Biz imzaları yox, əsərləri dərc edirik...

Şüurlu əxlaqın təməli Bertran Rasselin müsahibəsi
1435
14 İyul 2017, 09:44

artkaspi.az Bertran Rasselin  BBC-nin müxbiri Vudrou Vyata müsahibəsini təqdim edir:

 

Britaniyalı filosof, tarixçi-yazar, sosial tənqidçi, siyasətçi Bertran Artur Uilyam Rassel 1872-ci ildə Monmausshayerdə dövrün tanınmış zadəgan ailələrindən birinin övladı olaraq dünyaya göz açıb. Yaşadığı məhəbbət macəraları, sosial yüklü məqalələri, siyasi çıxışları və fəlsəfi fikirləri ilə uzun illər cəmiyyətin ən çox müzakirə olunan simalarından biri kimi yaddaşlarda iz qoyan Rassel "İfadə etmək haqqında” ("On denoting”), "Riyaziyyatın qaydaları” ("The principles of mathematics”), "Rassel paradoksu” ("Russell’s paradox”), "Qərb fəlsəfəsi haqqında hekayət” ("A history of Western philosophy”), "Müharibə illərində ədalət”in ("Justice in war-time”) müəllifi kimi tanınır. 1950-ci ildə ədəbiyyat üzrə Nobel mükafatına layiq görülmüş ədib 1970-ci ildə Birləşmiş Krallıqda dünyasını dəyişib.

 

 


 

– Cənab Rassel, "tabu əxlaqı” ifadəsi altında nəyi nəzərdə tutursunuz?

– Bu anlayış vasitəsilə çatdırmaq istədiyim, məğzini açmağa çalışdığım əxlaq daha çox "olmazlar”la bağlı saysız-hesabsız, bitib-tükənməz qaydalar müəyyənləşdirmiş, lakin bu qadağa və qaydaların səbəblərini və məntiqi hökmlərini göstərə bilməyən əxlaqdır. Bu qadağaların çoxunun səbəblərini ömür boyu bilməzsiniz, bəzilərininkini bilsəniz də nəticə dəyişməz. Çünki bu qaydalar bütün zamanlar üçün mütləq hesab edilir və onların "etmə” dediyi şeyləri etməmək məcburiyyətinə boyun əyirsiniz.

 

– Məsələn, nə kimi şeylər?

– Mədəniyyətin mövcud olduğu səviyyə nədirsə, ona uyğun şeylər. Əsl tabu əxlaqı primitiv düşünən beynin məhsuludur, ona olduqca uyğundur. İbtidai düşüncələrlə yaşayan toplumlarda başqa əxlaq normaları yarana bilmir. Məsələn, hətta elə cəmiyyətlər var ki, vəzifəcə yüksək insanın yerində oturmaq olmaz, onun yemək yediyi qabdan istifadə etmək olmaz. Bunun analogiyası olan minlər, milyonlarla "əxlaqi” hesab edilən tabular var dünya xalqlarının irsində. İndi yadıma gəlmir harada oxuduğum... Dahomey krallarına uzun müddət bir yerə baxmaq qadağan imiş, hara uzun müddət baxsa, orada bədbəxtlik yaşanırmış, yazıq kral durmadan ora-bura baxmalı olurmuş.

 

– Əgər belə şeylər ancaq ibtidai təfəkkürlü, primitiv insan cəmiyyətlərində mövcud olan tabulardırsa, bizdəkilərin adı nədir? Yoxsa bizdə belə qadağalar yoxdur?

– Bizim əxlaq toplumuzda da bunun kimi onlarla tabu var. Ən mükəmməl toplumlarda belə, var bu tip şeylər. Elə qəribə tabular var, qəti şəkildə ağır günah kimi insanlar onu hər yolla uzaqda tutmağa çalışır. Məsələn, "Qonşunun öküzünə göz dikməzlər”. Mən heç kimin öküzünə göz dikməmişəm, amma bu bizdəki tabu əxlaqının tələbi ilə olmayıb.

 

– Gündəlik həyatınızda qarşılaşdığınız başqa hansı qadağalar, qaydalar var? Tabu əxlaqı ilə bağlı verə biləcəyiniz daha aydın nümunələr varmı?

– Əlbəttə, var. Tabu əxlaqı bir çox tərəfi ilə əslində çox dibdə olduğunu düşündüyümüz ibtidai tərəfimizlə mükəmməl şəkildə uzlaşır. Məsələn, oğurlamaq, öldürmək olmaz deyirik, yəni bizə belə təlqin edilir. Bunlar əslində əxlaqi qaydalardır, amma insan beyni bunu əxlaq norması kimi çox çətin qəbul edir. Odur ki, onu tabu şəklində ortaya qoymalı, belə ötürməli oluruq. Çünki insan beyni primitiv şəkildə qadağanı şüurlu şəkildə dərk olunmalı olandan daha tez mənimsəyir.

 

– Hindlilərin inək əti yeməməsini də tabu əxlaqı kimi qəbul etmək olarmı?

– Bəli. Hind əxlaqının, dəyərlərinin tipik özəlliyidir inək əti yeməmək. Müsəlmanlar və yəhudilərə də donuz əti yemək qadağası qoyulub. Amma niyə yeməməlidir? Buna cavab verən yoxdur, səbəblərlə bağlı ancaq şərhlər və fərziyyələr var. Bu, sadəcə tabudur.

 

– Bəs bu qədər tabunun hamısımı zərərli və işəyaramazdır?

– Bəzilərinin yararlı tərəfləri də var, bəziləri isə ümumiyyətlə, mənasızdır. Yerinə baxır. Demək istədiyim odur ki, əgər əxlaqınız ağlınızdan qidalanırsa, tabuları şüurlu şəkildə nəzərdən keçirib, hansıların yararlı olduğunu təyin edə bilərsiniz. Məsələn, mən bir dəfə dərindən düşündüm və qərar verdim ki, inək əti yeməməyin heç bir məntiqi səbəbi yoxdur, ola bilməz. Bu inanc, tabu, dəyər – hər nədirsə, əhəmiyyətsizdir.

 

– İnsan dinə inanmırsa, hərçənd siz onsuz da dinə inanmırsınız, tabu əxlaqının da ağıla və məntiqə sığmayan bir çox qayda-qanunlarını da mənasız hesab edir, əhəmiyyət vermir. Bəs özünüzün inandığınız bir əxlaq sistemi varmı?

– Var. Amma əxlaqı siyasətdən ayırmaq çox çətindir. Məncə, əxlaq və ədalət xüsusi və ümumi mənafeləri uzlaşdırma cəhdlərindən yaranır. Məsələn, kimsə nəticəsi özü üçün yaxşı, qonşuları üçün pis olacaq bir iş tutur. Ziyanın kimdən keçdiyini biləndə zərərçəkənlər başqalarının da ziyan görməsini əngəlləmək üçün həmrəy olurlar. Ədalət və cəza mexanizmi işə düşür. Əxlaqsız olanı, yanlış olanı da bu tip həyati təcrübələr öyrədir adama.

 

– Bəs hamının tabe olmalı olduğu vahid əxlaq normaları varkən, hərənin özü üçün müəyyənləşdirdiyi əxlaq qaydalarına uyğun davranmağa çalışması təhlükəli olmazmı?

– Bəli, təhlükəli ola bilər. Amma bir də bu tərəfdən baxın, mənim haqqında danışdığım əxlaq normalarını insanlar şüurlu şəkildə düşünüb, formalaşdırırlar, bu halda alınan yekun nəticələr o qədər də bir-birindən fərqli, yəni o qədər də məxsusi ola bilməz. Əxlaq zövq və ya baxış məsələsi deyil, şüur məsələsidir.

 

– Sizcə, günah nədir, bu məfhum nədən doğulub, günah deyə bir şey varmı?

– Xeyr. Günah birmənalı şəkildə təsviri və çərçivələri olmayan absurd bir məfhumdur. Arzuolunmaz davranışları nəzərdə tutursunuzsa, bəli, belə arzuolunmaz işlər var, bu da xeyirdən çox, ziyan gətirən işlərdir. Amma bu işlərə günah adı verərək, bu yolla işə yararlılığını artırmaq cəhdi olduqca əhəmiyyətsiz addımdır. Məsələn, cinayət törətmək arzuolunmaz işdir. Kimsə cinayət törədibsə, ona cəza verilməlidir. Amma buna günah donu verəndə bunu icra edənə guya nəsə mənəvi əzab da yükləndiyini düşünür, sanki daha çox əzab çəkəcəyinə görə rahatlanırıq. Halbuki bu söz tamamilə dini məqsədlərə xidmət edir.

 

– Yəni günah anlayışı çox vaxt işgəncələrin əsas motivi olur, bundan işgəncələrə haqq qazandırmaq üçün yararlanırlar, bunu demək istəyirsiniz?

– Bəli, məncə, əksərən belə olur. Demək istəyirəm ki, cəhənnəm belə qatı, kinli, bədniyyətli insanların uydurduğu yerdir. İnsani duyğuları olan, normal düşünən heç kim onsuz da işlədiyi günahlara görə cəmiyyətdə, həbsxanada layiqli cəzasını almış insanın sonsuza qədər mənəvi və fiziki işgəncələrə məhkum olunmasını istəməz. Özünü tanıyan, qəlbi və şüuru təmiz olan heç kim belə bir əzablı məkanı xəyal edə bilməzdi. Günah qaranlıq, bədbəxt və kinli insanların ixtira etdiyi qalxandır, bu, əsla bir əxlaq norması ola bilməz. Günah anlayışı sizi özünüz də bilmədən vicdansızlığa, mərhəmətsizliyə, başqalarına işgəncə etməyə sürükləyə bilər. Bu isə olduqca təhlükəlidir. Bunun bir də nəyisə əyri görmək tərəfi var, amma qeyri-əxlaqi, arzuolunmaz davranışları cəzalarla yanaşı düşünün. İctimai sabitliyi pozan hər bir hərəkətə uyğun cəza var. Siz də baş verən hər şeyə ictimai fikir və sabitlik tərəfindən baxın. Məsələ həll olunub, layiqli cəza verilib və bu, sabitliyin bərqərar olması ilə bitibsə, altında əyri olan nələrsə axtarmağa cəhd etməyin.

 

– Bəs elə yaranışından yerində olmayan, əyri gedən şeylər də varmı, sizcə?

– Əslində bu sözdən çox istifadə etmirəm. Buna da xeyirdən çox zərər gətirən şeylər deyək. Əgər gördünüz ki, nəsə sizə və ətrafınıza zərər vurur, onu etməmək daha yaxşıdır. Siz istəsəniz, "naturadan əyri” ifadəsini istifadə edə bilərsiniz, amma mən belə bir mübaliğənin əhəmiyyətli olduğunu düşünmürəm.

 

– Tabu əxlaqında cinsi münasibətlər geniş yer tutur. Elə yazılarınızda da bu mövzuya geniş yer ayırmısınız. Cinsi arzu və münasibətlərini ağılla tənzimləmək istəyən insanlara verə biləcəyiniz məsləhət var?

– Əvvəlcə, bir məsələyə aydınlıq gətirim ki, mənim yazdıqlarımda cinsi mövzular bəlkə də yüzdə bir faizdir. Amma oxucuların böyük əksəriyyəti elə dərin və çıxılmaz cinsi aclıq içindədirlər ki, bu mövzunu oxuyanda yazdıqlarımın yüzdə doxsan doqquzunun nə haqqında olduğunu unudurlar. Bir məsələ də var ki insanların bu mövzulara olan marağı ilə onların bu məsələlərdə ağıllı davranmaq cəhdləri arasındakı uyğunluq cəmi bir faizdir. Başqa məsələlərlə bağlı necə düşünür, məntiqi mühakimələr yürüdürəmsə, bu mövzuda da belə danışmalıyam, məndən gözlənilən budur. Elə bu münasibətlərdə də əgər duyğularınız və arzularınız, bunların sizi apardığı son başqalarını incitmir, heç kimin həyatını alt-üst etmirsə, əsla sorğulana və ittiham edilə bilməz. Cinsi münasibətin nə forması olursa-olsun, hansısa bir tabu onu pisləyir və qəbul etmir deyə, onu şüursuzca pisləyib, rədd etmək olmaz. Kiməsə ziyan verib-vermədiyinizə diqqət etməlisiniz, həyatın bütün sahələrində şüurlu əxlaqın təməli buna söykənir.

 


Tərcümə edən: Elcan Salmanqızı