Biz imzaları yox, əsərləri dərc edirik...

Süpürgəçilər kitabxana açıb
522
11 Yanvar 2019, 14:55
 Ankarada küçə təmizliyi və zibil daşınması ilə məşğul olan işçilər zibil qabları və küçələrdən topladıqları 4020 ədəd müxtəlif adlı kitabla kitabxana açıb. 17 kateqoriya üzrə fəaliyyət göstərən kitabxananın qurucuları sıradan çıxmış kitabları da bərpa edib, istifadəyə verirlər.
 
 
 
 
 
 
 

 "İHA" agentliyinin xəbərində bildirilir ki, bir müddət əvvəl zibilliklərdən topladıqları alətlərlə konsert verən və sosial mediada "Grup teneke" adı ilə məşhurlaşan süpürgəçilər bu dəfə də analoqu olmayan kitabxana ilə gündəmə gəlib. Kitabları bərpa edib, kateqoriyalaşdırdıqdan sonra Çankaya bələdiyyəsinə müraciət edən işçilər üçün "Norm Atlaş" tikinti şirkətinin sahəsində yer ayrılıb. Kitabxana sosial mediada böyük maraqla qarşılanıb. Bu nüansı nəzərə alan ərazi bələdiyyəsi kitabxana üçün ayrılan məkana istilik və işıq sistemi çəkdirib, rəflər yığdırıb, təmir etdirərək, istifadəyə yararlı vəziyyətə gətirib. Artıq sosial xidmət sahəsi işçilərinin nümunəvi sosial məsuliyyət layihəsi ilə məktəbliləri də tanış etmək üçün bir çox təhsil ocağı sıraya düzülüb. Taqım rəhbəri Emir Ali Urtekin: "Bizim qrup Çankaya Bələdiyyəsinə aid ərazilərin təmizliyi ilə məşğul olur. Bu hərəkat bir dəfə zibil qutusunda toplu şəkildə 100-ə yaxın kitaba rast gələndə başladı. Axı bu ölkədə kitab almağa pulu olmayan minlərlə uşaq var. Bu kitabları uşaqlarla paylaşmağın yolları haqqında düşündük. Ancaq bələdiyyədən dəstək ala bilərdik. Odur ki, zibil toplayarkən, kitab və dərgiləri ayırmağa, sıradan çıxanları bərpa etməyə başladıq. Artıq xəzinəmizi yığmağa yer tapmadıqda bələdiyyəyə müraciət etdik. Artıq 17 kateqoriya üzrə 4 mindən çox kitabımız var. Kitabxana ilə tanış olub, kitab hədiyyə edənlər də çoxdur. Bu məsələdə sosial medianın gücünü inkar edə bilmərəm. İanələrin çoxu sosial şəbəkələr vasitəsilə bizi izləyənlərdən gəlir. Bəzən zəng vurub ünvan verirlər, gedib özümüz götürürük. Aramızda bir nəfər fiziki qüsurlu həmkarımızı buraya nəzarətçi təyin etdik. Bələdiyyə də sağ olsun, onun üçün əlavə əmək haqqı da yazıb".
 Məlumat üçün bildirək ki, kitabxana 7 aya hazır olub. Bu müddət ərzində işçilər iş saatlarından əlavə, ödənişsiz işləyiblər. 5 aydır kitabxanaya nəzarət edən Eray Yılmaz isə bu müddət ərzində həm kitabların bərpası, kateqoriyalaşdırılması, yerləşdirilməsi ilə məşğul olub, həm də qırxa yaxın kitab oxuyub.  
 
 Hazırladı: Elcan Salmanqızı