Biz imzaları yox, əsərləri dərc edirik...

Sonuncu quyunu qazırıq dosta – Çingiz Əlioğlunun şeiri
629
06 Dekabr 2018, 10:47
 Artkaspi.az Çingiz Əlioğlunun "Məhbubə xalamın xatirəsinə" adlı şeirini təqdim edir:
 
 
 
 
 

Əbədiyyət
beş addım torpaqdı, –
qara, nəmişlik...
Taledən, ümiddən,
qismətdən kəsib,
biz ora nə qədər 
qurban vermişik...
...Sonuncu quyunu qazırıq dosta...
Alıb öz payını
göz yumur torpaq.
Sən orda əbədi 
sönmüş bir oda,
burdasa cücərmiş yaşıl ota bax...
... Dəfn edib, 
dəfn edib, dostu, doğmanı,
dəfn edə bilmirik, kədəri, qəmi.
 
 
 
 

Qəbiristan yanından 
ötən lal çayın
sakitcə görkəmi,
bir də ki, göyün
təmiz dərinliyi
bizə qahmar çıxır,
olur təsəlli...