Biz imzaları yox, əsərləri dərc edirik...

Sonun zamanı
2523
11 Mart 2019, 09:15
  Artkaspi.az saytı Fəxrəddin Salim "Sonun zamanı" adlı yazısını təqdim edir:
 
 
  Musiqi haqqında deyirlər ki, heç zaman bitmir, sadəcə, dayanır və yaxud da qırılır. Hərəkətin zamana nisbətdə ölçüsü, miqdarı və müddəti şərtindən də (nisbətdə) göründüyü kimi, nisbidir. Bəs mahiyyət? O da nisbidir? Bəlkə nisbilikdən başqa heç nə yoxdur? Bəlkə heç mahiyyət də yoxdur? Və yaxud da zamanla şərtlənən bir şeyin mahiyyəti necə mütləq ola bilər? Musiqi, yaxud da digər başqa hərəkət növləri o zaman bitə bilər ki, zaman özü bitsin? Bəs belə bir şey mümkündürmü? Əgər hərəkət zamanla ölçülürsə və məkan daxilində baş verirsə, deməli, məkan da bitmir  dolayısı ilə sonsuzdur. Çünki bu məntiqə inansaq, məkan özü də zamanın daxilindədir. Cüzvün ölümü küllün ölümü deyil. Ölməyən, yəni bitməyən küllün cüzvü də bitməz. "Ölüm" burada şərti ifadədir, daha doğrusu, nisbidir.
 
 
 
Çünki ölümün özü də zamana nisbətdə şərtlənən mərhələli hərəkət və yaxud da hərəkətli mərhələdir. Atomların qılınc kimi kəskin dəqiqliklə sıçrayan qeyri-dəqiq sıçrayışları bütün həyatın mənbəyini yaradır. Ya biz dəqiqlik axtarmamalıyıq, ya da bizim dəqiqlik anlayışımız çox sadə və gülüncdür. Hər iki halda idrakın sürəti varlığa yetişə bilmir. Məhz insan idrakı Tanrını dəqiqləşdirmək istədiyi üçün cəhalətə saplandı. Varlıqda, durmadan böyüyən Tanrı, idrakda, durmadan kiçildi. İnsanlara Tanrı deyil, onun hakimiyyəti lazımdır. Əgər insanlar ölümsüz birini bulsaydılar, heç bir dinə, kitaba, qanuna ehtiyac olmayacaqdı. Çünki, şüuru Tanrıda əritmək yerinə, Tanrını şüurda əritdilər. Yaranış bizdən öncə olduğu üçün bizdən güclüdür. Yəni bizim varlığımız bizim idrakımızdan əzəldir. Bütün yaranışların atomik hərəkətdən yaranması prosesi həmin qeyri-dəqiq hərəkətin dəqiq konturlarını bilmədən idrak ediləcək bir şey deyil. Biz bizim içimizdə bizdən çox daha böyüyük. Ancaq zənn edirik ki, nə doğuluşdan öncə vardıq, nə ölümdən sonra olacağıq. Bunların hər ikisi o böyük hərəkətin bitməzliyindəki rəngli nöqtələrdir. Doğuluş, ölüm, qəza, qədər-filan ona görə bizim əlimizdə deyil ki, biz özümüz öz əlimizdə deyilik. Bizə daxil olmayan hər şeyə sahibik, özümüzdən başqa. İdrakımız da başlanğıc və sonu düşünməkdən özgə heç nəyə qadir deyil. Halbuki, varlıq içərisində iki yanlış olan anlayış var, onlar da başlanğıc və sondur. Heç nə başlamır və heç nə bitmir. Hər şeyi başladan da bitirən də bizim məhdud şüurumuzdur. Halbuki, şüur heç də məhdud bir şey deyil. Onu biz məhdudlaşdırırıq. Bəs o "biz" kimdir, nədir? Bəlkə də həmin o üç hərfin altında onlarca, yüzlərcə komponent, dəyişkən və bir-birindən azad tamlıqlar vardır. Düşüncə nədir? O, necə gerçəkləşir? Onun atributları nələrdir? Biz sadəcə oturub düşünürükmü? Yoxsa düşüncə həm də bir hərəkətdir? Hərəkət düşüncədən yaranır, yoxsa düşüncə hərəkətdən? Düşüncə fəlsəfədir, yoxsa dəqiqləşdirilmək istənilən hərəkət mexanizmi? 

  Həqiqətən, başlanğıcın nə olduğunu anlamaq və ümumiyyətlə, belə bir şeyin olub-olmadığı haqqında düşünmək əbəsdir. Nə başladı, kim başlatdı? Mexanizmi hərəkətə gətirənin özünü kim və ya nə hərəkətə gətirdi? Mənasız və cəfəng suallardır. Çünki, axtarışı doğru yerdə aparmırıq və axtarılan o şey yoxdur. Əlbəttə, o var. Ancaq onu axtarmaq onun yoxluğuna dəlalət edir. Varlıq əgər şüurda mövcuddursa, onu sadəcə görmək lazımdır, axtarmaq yox. O, gözlərdən uzaq deyil, gözlər ondan uzaqdır! O gizlənməyib, biz gözlərimizi yummuşuq!

  Nöqtələrin hərəkəti xətlər əmələ gətirir, yoxsa yox? Əgər bu xətlər cızılırsa, onda hansı fiqurlar əmələ gəlir? Məsələ burasındadır ki, atomların hərəkəti təkrarlanmır və deməli, heç bir xətt üst-üstə düşmür. Nöqtələrin necə və nə üçün məlum yerlərdən qeyri-məlum şəkildə keçməsi həqiqətən müəmmadır. Ritmsiz bir ritm ortaya çıxır. Ritm nədir? Ritm bir hərəkətin iki və daha çox təkrarından anlaşılan və təyin edilən bir nəsnədir. Burada əşyanın hərəkətinin hansı məkandan hansı zaman zərfində keçidi və bu keçidin bərabər zaman və məkan ölçülərindəki davamlı təkrarı ritmik fiqurasiya yaradır. Məsələn, hər gün eyni tərəfdən eyni vaxtda doğan, batan günəşin və ayın video görüntülərini yüz dəfələrlə sürətləndirib, onun ritmini tutmaq olar. Hətta bu video görüntüyə musiqi əlavə edib, günəşin və ayın rəqsini seyr etmək olar, hətta və hətta onlarla birlikdə rəqs etmək olar! Dəyişən ritm deyil, sadəcə sürətdir. Bəs, eyni simmetrik trayektoriyanı atomlar haqqında da söyləmək mümkündürmü? Əlbəttə yox. Məsələ burasındadır ki, bilinən ölçülər bilinməyən ölçülərdən yaranır. Qütblər və göy cisimlərinin məntiqi ritmikası sadəcə yer kürəsi üçündür. Əslində günəşin və ayın ritmik hərəkətini yaradan yerin hərəkətidir. Yer kürəsi onun üzərində yaşayan insanın şüuruna bənzəyir. Gecəni, gündüzü, cəhətləri, fəsilləri yaradan yerdir, günəş deyil. Eyni qalaktikada olan başqa planetlərdəki gecənin, gündüzün ölçüsü, mahiyyəti tamamilə başqa cürdür. Halbuki, onların da işığı günəşdəndir. Deməli, bəlli olan şey nəticədir, səbəb deyil. Nəticə isə heç bir zaman mütləq deyil. Hər planetin öz vaxt ölçüsü olduğu kimi, hər insan şüurunun da öz nəticəsi vardır. Milyonlarla mütləq ola bilərmi? Əlbəttə yox. Bəs onda dinlərin dediyi vahid mütləq necə, vardırmı? Məsələ burasındadır ki, dinlər bunu izah etmir, sadəcə hökm edir. Fərqli nəticələrin mütləq səbəbi... necə də absurd səslənir! Bu, eynilə bir Tanrının bir-birinin ziddi olan yüzlərlə təliminə bənzəyir. Halbuki, onlar Tanrının təlimi yox, Tanrı haqqındakı təlimlərdir. 

  Ancaq dəqiqləşdirməyə çalışmayan və yaxud dəqiqləşdirməni başqa yöndə aparan düşüncə sahibləri də olmuşdur. Məsələn, böyük Stravinskinin bəzi əsərlərində dəqiq ölçülər göstərilsə də, onların ritmini dəqiqləşdirmək mümkün deyil. Niyə? Çünki o dahi bəstəkar məhdud şüura və çərçivəli təlimlərə güvənmirdi. Gözəlliyi bir çertyoj olaraq, bizdən öncə elə cızıblar ki, o  xətlərdən kənara çıxdığımız zaman hər şey çirkinləşir. Halbuki, bütün hərəkətin əmələ gəlməsini birbaşa təmin edən kuantum sıçrayışları heç də bəlli və anlaşılan ritmik dəyərlərə və ölçü müəyyənliklərinə sahib deyil. Özü də işin ən maraqlı və gülməli tərəfi ondadır ki, istisnasız olaraq bütün dahilər onlar üçün çəkilən çertyojları darmadağın edənlərdir. Hələ tarixdə heç bir düha sahibi özündən əvvəlki trayektoriya ilə hərəkət etməyib. Bax elə atomların hərəkəti də buna bənzəyir. İki hərəkət bir-birini təkrar etsə, həyat dayanar. Tez-tez belə bir ifadəyə rast gəlirik: filan adam özünü aşıb. Əslində o adam özünü deyil, onun üçün müəyyən ediləni, daha doğrusu, özünün olmayanı aşıb. Tam tərsinə, o başqalarını aşaraq, özünə yetişib. Ancaq bir müddət sonra onun özü də başqalaşır. Həyata, dolayısı ilə dahiliyə davam etməyin isə bircə yolu var; yenə də yoldan çıxaraq, yeni yollar açmaq. 

  İnsan şüuru silah kimi bir şeydir. Bu silahdan yayınmaq üçün həqiqət qeyri-müəyyənlik yolunu seçmişdir. Həqiqət nə şüurdur, nə hədəf. O, nə insandır, nə də onun idrak etmək istədiyi tanrı! Həqiqət nə əvvəldir, nə son. O, nə bəllidir, nə də məchul. Onu axtaran onu daha da çox itirmiş olur. Elə buna görə də, onu tapmaq mümkün deyil - zira, axtarılması mümkün olmayan bir şeyi necə tapmaq olar? 

  Bizə verilən şüur bizə verilən nəfəs qədər, dözə biləcəyimiz isti və soyuq qədər məhdud və fanidir. Ancaq fani olan əbədi olanın qabığıdır. Əsl cövhər həmin bu qabıqdan qurtulduğumuz zaman ortaya çıxır. Əbədiyyət bədənlə deyil, şüurla mütənasibdir. Məhdud şüura malik olan bir bədən əbədi yaşasa belə, fanidir. Əbədiyyət şüuruna sahib olan bir bədən isə zahirdə fani olsa da, batində və əslində əbədidir. Gerçəkdən də bəzi bədənlər var ki, onların ölümü sadəcə bir yalandır. O yalan ki, məhdud şüurları təmin edir, onların varlığına mütənasibdir. Halbuki, bu həyatda dəqiqliklə görünən, bilinən heç bir şey mövcud deyil. İfadəyə diqqət edin; "görünən", "bilinən". Yəni bütün baş verənlər əslində ayrı şeydir, bizim onları dərk etmə keyfiyyətimiz isə tamamilə ayrı şeydir. Səslərin, rənglərin sayı, uzunluğu, çalarları əslində bizim sayımız, bizim uzunluğumuz, bizim çalarlarımızdır. Özü də bu məhdudiyyət bizə hazır verilməyib. Əgər şüursuzluq bir tale olsaydı, onda onun əksini bizdən onu verən təbiət və tanrı tələb edə bilməzdi. Tanrı varsa da, yoxsa da, insan idrakına nisbətdə birdir. Tanrısız da təbiət bizdən məhdud şüurla məhdudlaşmamağı tələb edir. Özü də Tanrı bunu insafla, mərhəmətlə edərdi. Təbiət isə çox amansızdır!
 
 


  Həyata baxış hər zaman fərdidir. Bundan qaçmaq mümkün deyil. İctimai şüurla düşünənlər sadəcə yalan danışırlar. Fərdilikdən qurtulmağa çalışmaq əbəsdir. Ancaq məsələ fərdin kimliyindədir. Əlbəttə ki, bütün dahilər və onların həqiqətən də ölməz əsərləri nəhəng bir eqodur! Ancaq bu eqonun daşıyıcısı kimdir? Bax, elə müşkül olan da budur. İnsan niyə fərdilikdən qaçsın ki? Hara qaçacaq, kimdən qaçacaq? Özündən qaçmaq yox, özünü ucalığa və dərinliyə doğru durmadan dəyişdirmək lazımdır. Faydalı, boşa getməyən yeganə mücadilə budur. O ucalıqlarda, o dərinliklərdə heç nə yoxdur, əgər biz orda yoxuqsa. Daha doğrusu, həmin o ucalıqlarda, həmin o dərinliklərdə bizdən başqa heç nə yoxdur. Nəsimi deyirdi: "Mən mülki-cəhan, cəhan mənəm, mən!" Yəni bu misranı ona görə xatırlatdım ki, bir az öncə dediklərim mənin icadım, mənim başlanğıcım deyil. Ümumiyyətlə, heç kim heç nəyi başlamayıb. O "heç kim"lərə bütün uydurulmuş "tanrılar" da daxildir. Uydurulmamış "tanrı" isə yoxdur. İnsanlar ya bir "tanrı" uydururlar, ya da öz şüurlarına uyğun bir "tanrı" tapmadıqda, ümumiyyətlə, inkarçılığa gedirlər. 

  Atonal musiqi formaları ortaya çıxandan sonra tonallıq, yəni necə davam edəcəyi, nə ilə "bitəcəyi" bəlli olmayan əsərə əvvəlcədən yön vermək cəhdi yavaş-yavaş aktuallığını itirməyə başladı. Halbuki, qanunlar da, onlardan kənara çıxmaq da paralel gedən və əsla bir-birinə mane olmayan hərəkətlərdir. Ümumiyyətlə, nə üçün bütün yeniliklər ilk növbədə inkarı yada salır? Niyə yenilik inkarla mümkün olmalıdır? İnsan şüurundakı bu hazırlıq gücü haradandır? Həqiqət isə belədir ki, bir düha, bir nəzəriyyə özündən əvvəlkini inkar etmir, inkişaf etdirir. İnkişaf isə zamanın məlum, eyni zamanda məchul bir  keyfiyyəti olduğu üçün heç bir zaman bitmir və heç bir zirvəni son olaraq fəth etmir. Çünki sonuncu zirvə deyilən şey ümumiyyətlə, mövcud deyil. Mənəvi hakimiyyət bir taxtdan, bir tacdan ibarət deyil ki, hər fateh onu əldə etmək üçün başqasının taxt-tacına sahib çıxsın. Mənəvi hakimiyyət nəhayətsiz fəzada hər gün doğulan ulduzlar kimidir. Heç bir ulduz başqa birisinin yerinə keçmir. Mənəviyyat aləmində həyatın səbəbi ölüm deyil. Bu elə fəza deyil ki, burada ölənlər doğulanlara yer açsın. Mənəviyyatın silahı öldürmək üçün deyil, yaşatmaq üçündür. Bilinməz kimi görünən, ancaq nə qədər bilinməz olsa da, məhz görünən hərəkət mexanizmi düşündürmək, düşündürmək və düşündürmək üçündür. Düşüncə hissiyyat kimidir. Hiss orqanları ətrafa reaksiya verdiyi kimi, düşüncə də varlığa, mövcudiyyətə reaksiya verməlidir. Əks təqdirdə bu, ən ağır, ən ölümcül xəstəlik olardı. Təbii ki, düşüncə insanı xaosa götürür. Bu belə də olmalıdır. Xaos əslində kainatın seyridir. Eyni zamanda müəyyən edilmiş yerdən qopmaq, uydurulmuş məntiqə, saxta ölçülərə üsyan etməkdir. Xaos çalxalanmaqdır. Dolayısı ilə, hərəkətdir. Öz məntiqini, öz duruluğunu, öz həqiqi şüurunu tapmaq üçün vücud, ağıl, mənəviyyat suyu mütləq bulanmalıdır. Xaosdan qaçmaq uydurulmuş kosmosda rahatlıq tapan tənbəl ruhların müvəqqəti təsəllisidir. Əbədiyyət isə təsəlli deyil, həqiqi rahatlıq, həqiqi hüzurdur. Bəlkə də hərəkətin mütləq konturları hər zaman sirr olaraq, qalacaqdır. Lakin həqiqəti təmsil edən belə bir bilinməzlik faniliyi təmsil edən bilinən müəyyənlikdən çox gözəl və əlbəttə ki, sonsuzdur. Lakin sonsuzluq özü məchulların içərisindəki ən qeyri-məntiqi bir anlayışdır. Çünki son olmadığı kimi, sonsuzluq da yoxdur. Sadəcə zamanın keyfiyyət və ünsürləri mövcuddur ki, onlar hərəkətin mahiyyət və məzmununu bilinən vəziyyətə gətirir. 

  Beləliklə, gəlinən sadə və mümkün nəticə budur ki, zamanın sonu yoxdur. Sonun zamanı vardır.