Biz imzaları yox, əsərləri dərc edirik...

Üslubun mövqeyi – Fərid Hüseyn yazır
2193
09 Fevral 2019, 18:42
 Artkaspi.az Fərid Hüseynin akademik Rafael Hüseynovun "Söz heykəli” kitabı haqqında yazısını təqdim edir:

 
 Qəhrəmanlar
 
 Son illərin dəyərli nəşrlərindən biri də akademik Rafael Hüseynovun "Söz heykəli” kitabıdır. Bu kitab istər mövzu rəngarəngliyi, istər tərtibatı, istərsə də məzmun dərinliyi ilə zövq aşılayır, öyrədir, düşündürür. R.Hüseynovun bir sıra elmlərə vaqifliyi, əcnəbi dilləri gözəl bilməsi, habelə ədəbiyyatımız, musiqi tariximiz, ümumən mədəniyyətimizə dərindən bələdliyi onun elmi əsərləri, publisistik məqalələri, eləcə də haqqında danışdığımız kitabında aydın nəzərə çarpır. O nədən və yaxud kimdən yazırsa yazsın, hiss olunur ki, bilgi baxımından mövzunun yiyəsidir, sahibidir. Akademikin müəllif mövqeyi bəzən qabarıq görünsə də, oxucuda "mən, mən” assosiasiyası” yaratmır. Çünki müəllifin tərəf kimi çıxış etməyə haqqı, elmi gücü, bədii səriştəsi var.
R.Hüseynov bir söz adamı kimi qələmə aldığı mövzulara hakimliyi ilə həmişə diqqətimi çəkib. Akademikin müəllifi olduğu mətnlərin iki qəhrəmanı var – haqqında yazdığı şəxs və özü. Onlar isə bir-birini tamamlayan qəhrəmanlardır. Haqqında yazdığı şəxslərin kölgəsində əzilmək, yaxud barəsində danışdığı məsələlərin bir kənarına qısılmaq onun müəllif əxlaqına yaddır. 
 
 

 Söz yaradıcılığı
 
 R.Hüseynov həm də uğurlu şəkildə söz yaradıcılığı ilə məşğuldur. Akademikin həm əsərləri, həm də radioverilişlərində özünün yaratdığı (işlətdiyi) çoxsaylı sözlər və ifadələrə (ürəküşüdən, qaradinməzləşmək, çəpyozan...) rast gəlmək mümkündür. Dediyim məsələ haqqında danışdığım kitaba da aiddir. O sözlərin bəziləri ayrı-ayrı kəlmələrin birləşməsindən yaranır, bəziləri isə söz kökünə öyrəşmədiyimiz şəkilçilərin əlavəsiylə. Və söz yaradıcılığı onun müəllif ifasında olduqca uğurla baş tutur, nəticədə dilimiz zənginləşir. 
 
 Tərcümə 
 
 "Söz heykəli”ni oxuduqca dilimizin qatlarını, zənginliyini, sözlərin başqa ünvanlarda işlənməsini görür, alışmadığımız sinonimlərə rast gəlir, unudulmaqda olan çoxsaylı sözlər və ifadələri yenidən xatırlayırıq. Müəllif rəvan məqalələri ilə dilin gözəlliklərini onun daşıyıcılarına hiss etdirir, sözün hansı çalarlar, məna zənginliyi, fikir əlvanlığına malik olmasını əyani şəkildə göstərir. O, ədəbiyyatşünaslıq, sənətşünaslıq məqalələrində də, sözün yaxşı mənasında, dil dərsləri keçir, dilin xırdalıqlarını öyrədir. Elmi, akademik dilimizin bir qədər anlaşılmaz, mürəkkəb olması, fəlsəfi əsərlərin Azərbaycancaya çevrilməsini çətinləşdirir. Bəzən əlavə izahlar, şərhlər mürəkkəb fikirlərin anlaşılmasını bir az da zora salır. Amma R.Hüseynov bu kitabdakı məqalələrində yer alan filosoflarının, orta əsr ədəbiyyatşünaslarının, şairlərinin əsərlərindən etdiyi tərcümələrin dili çox rəvan, aydın, anlaşıqlıdır. Bu baxımdan akademikin məqalələrində əcnəbi dillərdəki əsərlərin dilimizə necə çevrilməsinin əyani "izahları” var. R.Hüseynovun tərcümələri də dilimizin imkanlarını sərgiləyir, mərtəbələrini göstərir. Akademikin ədəbi klassiklərdən – Baba Tahir Üryandan, Məhsəti Gəncəvidən və sair ədiblərdən etdiyi çevirmələr tərcümə tariximizdə orijinallıqla bədiiliyin uğurlu vəhdətinin nümunələridir.
 
 Formalar
 
 Rafael Hüseynovu müəllif, elm adamı kimi maraqlı, dəyərli edən əsas cəhətlərdən bəziləri bunlardır: hər yazını yeni bir forma, təhkiyə modeli ilə təqdim etmək; fikrini orijinal çatdırma üsulu; özünün hər mətninə yeni tamamlama metodu tapması; məqalələrinə fərqli adlar seçməsi; yazıların başlıqlarının məqalənin müxtəlif yerində təbii şəkildə açılması; faktlara fərqli müəllif münasibəti; haqqında yazılan şəxslərin bioqrafiyaları ilə yaradıcılığını görünməz tellərlə əlaqələndirmək; oxşar faktların bir müstəvidə təhlili; maraqlı ümumiləşdirmələr...
R.Hüseynov hər yazısına yeni bir forma tapmaqla oxucunu rəngarəng üslubuna bağlayır. O, bu yolla, əslində, hər müəllifə fərqli nəzərlə baxdığını göstərir, onları ayrı-ayrı məqamlarda qiymətləndirir. Ona görə də "Söz heykəli”ndəki bir sıra yazıları ayrı bir ovqatda, fərqli ruh halında oxuyursan, hər məqalədə yeni düşüncələrə köklənirsən.
 
 Mahiyyət
 
 Kitabdakı "Yuvasını arayan quş” adlı məqalədə Qətran Təbrizinin həyat və yaradıcılığından bəhs edən müəllif, əslində, təkcə haqqında yaşadığı şairin bioqrafiyasını, əsərlərini analiz etmir, həm də geniş mənada istedadın məhv olma tarixçəsini, alqoritmini qələmə alır. Q.Təbrizinin dilimizə çevrilmiş "Divanı”nı oxumuşam, orda şair üçün qidalanmağa, ləzzət almağa yaxşı bənzətmələr, qanadlı ifadələr var, maraqlı hikmətlər, öyüdlər də az deyil. Amma başqa divanlardan fərqli olaraq böyük əksəriyyəti mədhiyyələrdən ibarət bu nəşri oxuyub bitirəndən sonra mahiyyət sarıdan əllərin boş qalır, heç bir böyük nəticə hasil etmirsən, çünki bu əsərlər ürəklə, qəlbdən gələn istəklərlə qələmə alınmayıb. "Mən, əslində, əkinçiydim, nadanlığımdan şair oldum” deyən Q.Təbrizinin öz istedadının axırına çıxması, saraydan ona verilən ənamlar müqabilində qələmini satmasının faciəsi çoxlarımıza bəllidir. R.Hüseynovun araşdırmaçı kimi motivlə işləməsi, mahiyyəti məqalənin yarımbölmələri boyunca uğurla paylaşdırıb parlaq finallara yetişməsi akademikin çox böyük yazı təcrübəsinin göstəricisidir. Müəllifin yaradıcı üstünlüklərindən biri də keçmişdəki hadisələrlə, aqibətlərlə günümüzdəki reallıqları müqayisəli şəkildə təqdim etməsidir. İlk baxışdan bizə elə gəlir ki, R.Hüseynov daha çox dünəndən yazır, amma biz oxucular həmin zamanın güzgüsündə həm də bu günümüzün əksini görürük.
 
 Qeyri-adi faktlar
 
 "Fələklə həmsöhbət Fələki” məqaləsində isə müəllifin əsas məqsədi istedadın keşməkeşli yolunu əks etdirməkdir. R.Hüseynova görə ad insan həyatının əsas təyinedici elementlərindən biridir. O əksər məqalələrində haqqında yazdığı ədiblərin adlarını şərh edir və həmin adın mənası ilə haqqında danışdığı ədibin həyatı arasındakı vacib məna bağını tapır. R.Hüseynov oxuduğu mənbələrdən ən gərəkli, qeyri-adi məqamları seçmək, onları oxuculara çatdırmaq sarıdan da çox zövqlü müəllifdir. O, Fələki ilə bağlı məqaləsində yazır: "Orta əsr müəllifi Qiyasəddin Xandəmir” (1475–1535) "Həbib üssiyər” əsərində saraydakı "mədəni” didişmələrin və badalaqgəlmələrin ibrətli, həm də xeyli dərəcədə səciyyəvi olan bir örnəyini təsvir edir. Sultan Səncər sarayında məlik üş-şüəra olan Müizzi (vəfatı 1127), mənbənin söyləməsincə, çox güclü yaddaş sahibiymiş. Eyni qabiliyyət oğlunda da varmış. Müizzinin oğlu bir şeiri ikinci dinləyişdən yaddaşına hopdururmuş. Və Müizzi qurduğu oyunları oynamağı yaxşı bacaran bir nökər də tapıbmış. Qulluqçu da, ağası kimi, hafizədən şikayətçi deyilmiş, uzağı üç dəfə eşidən kimi təzə şeiri yadında saxlayarmış. Müizzi Allahın ona verdiyi bu fərasətin vasitəsiylə şeytani işlər görürmüş. Saraya üz tutan, sultana təqdim olunan yeni bir şairi vurmağı lazım biləndə tələsini işə salarmış. Təzəgələn şeirin oxuyunca Müizzi qayıdırmış ki, bu adam saxtakardır, mənim çoxdan yazdığım qəsidəni öz əsəri kimi qələmə verir. Və başlayarmış şeiri başdan-sonacan əzbər deməyə. Şeiri söyləyib sona çatınca əlavə edirmiş ki, hətta bu şeir lap çoxdan oğlumun da əzbərindədir. Oğlu da şeiri deyirmiş. Və hiyləgər Müizzi son zərbəni vururmuş " Daha mən onu demirəm ki, bu köhnə şeirimi nökərim də məndən pis bilmir” Və nökər də kəmali-ədəblə şeiri söyləyəndə ətrafdakılar bir yana, həmin şeirin əsl müəllifi belə özü-özündən şübhələnməyə başlayarmış”.
 Və günün birində daş qayaya rast gəlir. Sonralar orta çağın ən ötülməz qəsidə ustası kimi ad-san qazanacaq Ənvəri Əbivərdi (1126–1187/91) bu kələkdən duyuq düşdüyündən səlcuq hökmdarına təqdim olunduğu əsnada ilk üç-dörd beytini oxuyaraq qəfilcə dayanır, sarayın baş şairinə sarı çevrilir: "əgər bu şeirə iddianız varsa, ardını bilirsinizsə, rica edirəm, söyləyin”.
 Akademik bu misalla və əlavə arqumentlərlə saraydakı qovğaları, istedadların həmin dolanbaclarda, sərt həyat yollarında necə məhv edildiyini göstərir, eləcə də, Fələkinin saray taleyinin məşəqqətlərinin mahiyyətini açır. Müəllif mənbələrlə həyati hadisələri, o dövrkü reallığı əks etdirir. Kitabdakı bu cür məqalələri mütaliə etməklə acınacaqlı taleləri, puç olan ömürləri, heçə dönən yaradıcılıq yollarını öyrənməklə yanaşı, ibrətli bir hekayət, tale tarixçəsini oxumuş olursan. 
 
 İlk cümlə
 
 R.Hüseynovun məqalələrində "radiogiriş”lər də çox böyük önəm daşıyır. Çünki bu məqalələr bizim öyrəşdiyimiz elmi, publisistik girişlə başlamır. İlk cümlələr sanki maraqlı roman, povest cümlələridir. Müəllifin Azərbaycan radiosunda efirə gedən "Axşam görüşləri” proqramındakı kimi ilk cümlədən sonra növbəti cümlə öz həsrətini oxucuya hiss etdirir, bu mətnlərin cazibəsi oxucunu özünə bağlayır. Məsələn, müəllifin Seyid Zülfüqar Şirvaninin "Zülfüqarın kəsən qılıncı” məqaləsi belə başlayır: "Bu yuxu çox şirin yuxu idi, şirinliyindən savayı ibrətli yuxu idi və o yuxunun sahibi rəva görə bilmirdi ki, mənalarla dolu belə yuxu elə yuxu olaraq qalsın”. 
 
 Acı gerçəklər
 
 R.Hüseynov məqalələrində həm də elmimiz, ədəbiyyatımızdakı boşluqların yerini göstərir. Bu da öz növbəsində çox böyük xidmətdir. İngilis araşdırmaçısı Edvard Edvards Zülfüqar Şirvaninin "Divan”ını tapıb və faksimile şəklində çap etdirib, amma nəşr olunmasından 80 ilə yaxın vaxt keçsə də, Azərbaycanda bu əsər dərindən öyrənilməyib, dilimizə çevrilməyib. Müəllif elmimiz və tərcümə sənətimizin bu cür acı reallıqlarını da ürək ağrısıyla qələmə alıb.
 
 

 Alternativ dərslik
 
 "Sabirin iki tapşırığı”. Bu məqalədə R.Hüseynov Abbas Səhhətin keçdiyi acınacaqlı tale yolunun xəritəsini cızır: A.Səhhətin ailə üzvlərini itirməsi, döyülməsi, yemək-içməksiz qalması, oğluyla vidalaşmaq üçün gedən atasının quyuya düşüb ölməsi... Ancaq bunları ənənəvi bioqrafiya, tarixçələr kimi deyil, hadisələri zamanın içində, dövr kontekstində və məntiqi şəkildə təhlil edərək qələmə alır. Kitabda bu cür onlarla məqalə var ki, çoxsaylı maraqlı faktlar və onların şərhi çox qiymətlidir. Bu mənada "Söz heykəli” bir sıra ədiblərimizin həyat və yaradıcılığını öyrənmək sarıdan çox dəyərli alternativ dərslikdir. 
 
 Hərtərəfli
 
 Bu kitabda R.Hüseynov dialoqa girməyin, söhbətləşməyin gözəl örnəyini yaradıb. Kitabda yer alan M.Müşfiq haqqında "Bağ romanı” olduqca oxunaqlı mətndir. Müəllif məqalənin yazılma tarixçəsini ayrıca bir yazıya çevirib. Maraqlı yazı formasıdır. Məqaləni oxuya-oxuya həm də yazının necə yaranmasını görürük. "Bağ romanı”nda onlarla real şəxsiyyətin həyatından bilinməyən faktlarla tanış oluruq, M.Müşfiqin faciəsinin çoxlarına bəlli olmayan gizlinləri bu mətndə aydınlaşır. Paralel olaraq isə "Yenə o bağ olaydı” şeirinin yazılma tarixçəsini öyrənirik, repressiyanın reallığı, dövrün mənzərəsi oxucunun gözləri önündə canlanır. "Vaxtdan uca”dan üzü bəri R.Hüseynovun repressiyaya aid əksər məqalələrində bir məqama fikir vermişəm ki, o ittiham eləməyi, kimisə günahkar çıxarmağı sevmir və mümkün qədər çalışır ki, naqis əməl sahiblərinin üstündən keçsin, bəzən adları aşkar yazmamaqla, bəzən gizli imzalardan "yayınmaqla” müəllif rəngləri daha da tündləşdirməyərək bəd əməlli insanları ittiham etməyi tarixin ixtiyarına buraxır. Akademikin "Bağ romanı” həqiqətən də, rəvan bir roman kimi oxunur. Bir sıra ədiblərimizin taleyi bu yazıda sanki "Min bir gecə” hadisələri kimi iç-içədir. Müəllif bir yazı daxilində həm jurnalist (Arifə xanımdan müsahibə alır), həm araşdırmaçı (faktlarla işləyir), həm də müasir dövrün insanı (özü də bəzi məqamlarda iştirak edir) kimi çıxış edir. Əsərdə həm bir şeirin yazılma tarixçəsi aydınlaşır, həm repressiyanın idbar sifəti görünür, həm də o dövrdə ədiblərimizdən kimin özünü necə aparması üzə çıxır. Bu cür mürəkkəb durumda müəllifin özü isə obyektiv mövqedə dayanır. O sonda məqaləni özünəməxsus şəkildə yarımçıq qoyur (bitirir): "Və mən yazımı elə buradaca kəsirəm, heç olmazsa bu yazının içərisində qoymayacağam ki, Müşfiqi öldürsünlər...”
 
 Advermə
 
 Rafael Hüseynov  məqalələrinə ad seçməkdə də ustadır. Haqqında danışdığımız kitabdan bir neçə örnək məqalə başlığı təqdim edirəm: "Böyük başın bəlası”, "Vahidin təkliyi”, "Zülfüqarı kəsən qılınc”, "Divardan asılmış qol saatı”, "Pərvərdigarın verdiyi orden”. Bu adlar məqalələrin içərisində hazır şəkildə yoxdur, yəni çıxarış xarakterli deyillər, hər bir başlıq məqalənin məntiqinə, mövzusuna uyğundur. 
 
 Xəzinə
 
 Zəngin arxiv materialları, əlyazmaları, sənədlər əsasında yazılmış "Söz heykəli” həm də şəkil xəzinəsidir. Sənədlər əsasında yazılmış yazılarda, digər məqalələrdə bir-birindən maraqlı fotolar, rəngarəng rəsm əsərlərinin reproduksiyaları yer alıb. Fotolar, rəsm əsərləri kitabda tam yerində verilib, yüzlərlə fotonun bir kitab daxilində nizamla yerləşdirilməsi, onların şəkilaltı yazıları çox böyük zəhmət tələb edən bir işdir. Bu fotolar, sənəd sürətlərinin düzümü elə xırdalıq tələb edən, çətin işdir ki, onun öhdəsindən hansısa dizayner, yaxud nəşriyyat işçisi gələ bilməz. Bu məqamda da müəllifin böyük əməyi diqqətdən yayınmır. Kitabın bu şəkildə hazırlanması nəşri daha da oxunaqlı edir. Bəzən bir fotoya dəqiqələrlə baxırsan. Mətndə oxuduğun mənzərə ilə fotodakı arasındakı əlaqə səni əldə etdiyi məlumata daha da bağlayır. Faktlar oxucu üçün tam əyaniləşir. Bu kitabda rəsm əsərlərinə, fotoqrafiyaya verilən önəm müəllifin ədəbiyyatı rəssamlıqdan, eləcə də, mədəniyyətin ayrı-ayrı qollarından ayrı təsəvvür etməməsinin, ensiklopedik təfəkkürünün ifadəsidir. 
 
 Təfsilat 
 
 Bu kitab daha çox mütaliəyə gen-bol vaxtı olan, öyrənməyə aludəli kitab həvəskarları üçündür. Çünki müəllif fikirlərini dövrümüzə xas tələskənlik, qaçaqaçla deyil, ləngər, aramla açıqlayır, haşiyələr, bədii keçidlərlə əks etdirir. "Söz heykəli”ni mütaliə etmək istəyən oxucu gərək özünü uzun yol getməyə hazırlaşan sərnişin kimi hiss etsin. Çünki faktlar geniş təfsilatlar, müəllif şərhi, əlaqəli mənbələrin müşayiəti ilə verilir. Bu dolğunluq, əhatəlilik çağdaş oxucu üçün bəzən darıxdırıcı görünə bilər, çünki informasiya dönəmində mütaliə həvəskarları mətndəki məlumatı tez əldə etmək istəyirlər. Onlar üçün mətnin gözəlliyi deyil, çatacaqları ünvan maraqlıdır. "Mətbəxi təsvir etmə, bıçağın yerini de” məntiqi ilə bu cür informasiyalı, dolğun mətnləri oxumaq düzgün deyil. Bu tip əhatəli məqalələri mütaliə etmək üçün gərək yazının öz ab-havasına köklənə, müəllifin təhkiyəsini diqqətlə izləyə, faktların ardıcıllığını gözdən qoymayasan. Bir sözlə, nəql edilən məsələylə yanaşı "addımlamağa” çalışasan. 
 
 Ədalət
 
 Bu kitab həm də müəllifin faktlara, ona danışılan əhvalatlara, müşahidələrə nə dərəcədə önəm verməsini, əldə etdiyi materialları həddən artıq qiymətli bilməsini, yaddaşın vacibliyini ortaya qoyur. Çünki kitabda elə faktlar, əhvalatlar var ki, onlar sırf mənbələrə istinadlarla yazılmayıb, ancaq "ikinci əl” (kimdənsə eşidilmiş kimi) təsiri də bağışlamır. Bu məqalələrin böyük əksəriyyətində "müəllifin qeyd dəftərləri”nin izi görünür, o dəftərlər ki, akademik illərlə usanmaq bilmədən o materialları ağır zəhmət hesabına toplayıb. 
 Müəllifin obyektivliyi Əkrəm Cəfər haqqında yazdığı "Ötüb keçmiş tramvay” məqaləsində daha aydın nəzərə çarpır. Yazıda Səməd Vurğuna şeir həsr edən Əkrəm Cəfərin obrazını da görürük, xalq şairinin əsərlərinin ancaq təbliğat üçün gərəkli olduğunu deyən (agentura məlumatlarından) qəzəbli Əkrəm Cəfəri də. Oxşar məqam Mikayıl Müşfiq, Firudin bəy Köçərlidən bəhs edilən məqalələrdə də var. Müəllif haqqında yazdıqlarına ancaq örnək kimi yanaşmır, onları bütün yaşantıları ilə birgə əks etdirir, nəticədə obyektiv, ədalətli münasibət sərgiləyir. "Görkəmli şəxsiyyətlərin həyatı” seriyasından nəşr edilən kitabların böyük əksəriyyəti məhz bu ədalətli prinsiplə yazılır, yəni haqqında danışılan müəllifin ömrü olduğu kimi – bütün detalları ilə (yaxşı və ya pis) birgə əks etdirilir. 
 
 
 

 
 İstinad mədəniyyəti
 
 R.Hüseynov bəhs etdiyi hadisələri kimdən eşitdiyini, hansı məqamlarda duyduğunu da qeyd edir. O, ağızdan eşitdiyi hadisələrin mənbəyini (danışanı) göstərməklə həm faktın etibarlılığının, dəqiqliyinin məsuliyyətini bölüşür, həm də heç kəsin haqqına girib közü öz qabağına çəkmir. Halbuki, həmin hadisələrin danışılması iki nəfərin arasındakı söhbətdir, müəllif istəsəydi, olanları öz adından da yaza bilərdi. Bir örnək: 
 "...Ənvər Məmmədxanlı mənə danışırdı ki, bir gün Sovet hökumətindən gizlənən atasının Gürcüstanda dəfn edilməsi xəbərini alır. Elə gecəylə ora yola düşür. Atasını nə Azərbaycana gətirə, nə də onu Tiflisin özündə tanış-bilişdən kimlərinsə şahid olacağı dəfnini keçirə bilərdi. Elə axşamın qaranlığında atası Qaffar kişini Mirzə Fətəlinin məzarının ayaq tərəfində torpağa tapşırır. Nə bir yazı, nə baş ağacı. Əlamət elə Mirzə Fətəlinin məzarı olur. O ümidlə ki, haçansa siyasət dəyişəndə atasını harada arayacağını unutmasın. Amma Qaffar kişiyəcən də neçə millət fədaisinə Mirzə Fətəlinin məzarı hayan olmuşdu. Cümhuriyyət dönəmindəki ilk əmək nazirimiz Əhməd bəy Pepinovun qızı Sevda xanım söyləyirdi ki, 1920-ci ilin iyulunda Tiflisdə qətlə yetirilən babası Həsən bəy Ağayev də, ondan bir ay öncə kürəyindən güllələnmiş Fətəli xan Xoyski də Mirzə Fətəlinin məzarının həndəvərində basdırılmışdılar. Diriliyində millətinə faydalar vermiş, həyatda olmadığı günlərdə də o xeyirxahlıqlarını davam etdirmiş Mirzə Fətəli quruca məzarı ilə də xalqına yararlı olmuşdu, dəyərli Vətən balalarının ruhlarının, cəsədlərinin pənah yerinə çevrilmişdi”.
 Ümumiyyətlə, R.Hüseynov işlədiyi elmi mənbələri, istinadları dəqiq göstərir. Təəssüf ki, akademikin başqalarına qarşı bu cür diqqətli münasibətini onun öz yaradıcılığına qarşı sərgiləyənlər azdır. "Vaxtdan uca”dan bəri əksər kitablarındakı ilk dəfə yazılan faktlar, böyük zəhmət, axtarışlar bahasına meydana gətirdiyi tapıntılar istinad, müəllif adı qeyd olunmadan bu gün də bəzi yazı-pozu adamları tərəfindən elmi və publisistik əsərlərdə istifadə edilir. 
 
 Əminlik
 
 Rafael Hüseynov bir çox kitablarının mündəricatını – "Oxuyacaqlarınız” adlandırır. Bu qeyd mənim yozumumca müəllifin özünə, üslubuna, yazdıqlarının dəyərinə olan əminliyinin ifadəsidir. Çünki kitab – oradakı faktlar, sənədlər, arxiv materialları, rəsm əsərləri, tarixi örnəklər, yazı dilinin əlvanlığı, hadisələrə münasibət, müəllifin seçdiyi mövqe, təhlil bacarığı, fikrin sərrast ifadəsi, müqayisələr, elmi bilgilər, düşüncələrin bədii şəkildə, ilişiksiz çatdırılması o qədər peşəkar səviyyədədir ki, müəllif oxucunun aqibətini öncədən duyur, bilir ki, kitabı oxumağa başladısa, sonacan əlindən yerə qoya bilməyəcək. 
 
"Ədəbiyyat qəzeti"