Biz imzaları yox, əsərləri dərc edirik...

Sizi heç vaxt bağışlamayacam – Gi de Mopassanın hekayəsi
927
11 Oktyabr 2018, 10:54
 Artkaspi.az Gi de Mopassanın "Övladlığa götürülmüş oğul" hekayəsini təqdim edir: 
 
 Dəniz sahilindəki  sanatoriyanın yaxınlığındakı təpənin ətəyində iki balaca daxma vardı.  Hər daxmada  bir ailə yaşayırdı, ailənin başçıları  gecə-gündüz işləyib uşaqlarını saxlayırdılar. Hər ailədə 4 uşaq vardı.
 Balaca uşaqlar səhərdən axşamacan  evlərinin qabağında oynayırdılar.  Böyük uşaqların 6 yaşı vardı, balacalar isə bir yaş yarımlıq idi.  Hər iki ailənin başçıları eyni vaxtda evlənmiş və  uşaqları dünyaya gələndən sonra gəlib burda məskən salmışdılar.
 

 
 Uşaqların anaları uşaqlarını o biri ailənin uşaqlarından güclə  ayıra bilirdi. Uşaqların ataları isə bütün günü dənizdə idi. Hər iki kişinin beyninə 8 uşağın adı həkk olunmuşdu.  Həmişə onlar da  uşaqları dəyişik salırdılar. Bir uşağı çağırmaq istəyəndə ən azı  3 uşağın adını çəkirdilər ki, çağırdıqları uşağı müəyyən etsinlər.
 Dəniz tərəfdən gələndə birinci daxmada Tuvaçelər yaşayırdı. Onların 2 qızı və 2 oğlu vardı. O biri daxmada isə Vallinlər yaşayırdı. Onların bir qızı və 3 oğlu vardı.
 Bu  ailələr çox çətinliklə dolanırdılar, onlar acından ölməmək üçün  sup, kartof yeyir və təmiz hava udurdular. Səhər saat 7-də,  sonra günorta və axşamüstü saat 6-da uşaqların anası onları evə çağırır,  onlara yemək verirdilər, sanki qazotaranlar qazlarını yemləyirdi. Uşaqlar evlərinə girib  50 ildən çox işlənmiş köhnə, taxta stol arxasında yaşlarına uyğun yerdə otururdular. Lap balaca uşaqların ağzı stola güclə çatırdı.  Anaları onların qarşısına bir kasa qoyurdu.  Soyutma edilmiş kartofların,  kələmin və soğanın suyunda islanmış kasaya çörək doğranırdı.  Uşaqlar ac olduqlarını unudana qədər bu "supdan” yeyirdilər. Ana ən balaca uşağı özü yedizdirirdi.
 Bazar günləri hər iki ailə üçün bayram olardı, çünki həmin gün  bir balaca qazanda tərəvəzlə bişmiş ət  şorbası yeyirdilər. Uşaqların atası süfrə başında elə hey təkrar edirdi: Kaş biz hər gün ət yeyəydik!
 Avqust ayında, bir gün günorta qəflətən bu daxmaların qarşısında bir fayton dayandı. Atları sürən  cavan qadın yanında oturan centlemenə  dedi:
 – Ah, bir o uşaqlara bax, Henri!  Gör tozun içində tullanıb-düşən o uşaqlar nə qəşəngdir!
Kişi qadına heç nə demədi, deyəsən qadının uşaqlara belə heyranlıqla baxmasına adət etmişdi.  Bir tərəfdən də,qadının sözləri ona əzab verirdi.  Cavan qadın isə  uşaqlara baxıb sözünə davam etdi:
 – Mən o uşaqları qucaqlamaq istəyirəm!  Ah, kaş o uşaqlardan biri mənim olaydı! Bir bax , o balaca uşaq kaş mənim olaydı!
 Cavan qadın sözünü bitirən kimi faytondan düşdü, uşaqlara tərəf qaçdı, ən balacanı, Tuvaçelərin balaca oğlunu qucağına aldı, onun kirli yanaqlarından, pırtlaşıq saçından və balaca əllərindən öpdü. Uşaq isə qadının qucağından canını qurtarmaq istəyirdi, onun xoş rəftarını xoşlamırdı. 
 Daha sonra qadın uşağı qucağından yerə qoydu, qayıdıb faytona mindi, onlar yollarına davam etdilər.
 Bir həftə sonra cavan qadın  yenə gəldi.  Ən balaca uşağı qucağına aldı, ona keks yedizdirdi, o biri uşaqların hər birinə şam verdi.  Uşaqlarla lap balaca qız kimi oynadı, həmin müddətdə əri səbirsizliklə onu faytonda gözləyirdi.
 O biri həftə qadın yenə də gəldi, uşaqların valideynləri ilə tanış oldu. Ondan sonra demək olar ki, qadın hər gün uşaqlara baş çəkir, hər dəfə gələndə  yeməli şey gətirir, onlara qəpik verirdi.
 Bu cavan qadın madam  Henri d’Hubiers idi. 
 Bir səhər onlar yenə də gəldilər. Bu dəfə qadının əri də faytondan düşdü. Onlar daxmanın qabağında artıq qadənı  çox yaxşı tanıyan uşaqların yanında dayanmadılar, daxmalardan birinə girdilər. 
 Onlar daxmaya girəndə qadın kəndli ər-arvad odun  sobasına qoymaq üçün odun doğrayırdılar. Onlar cavan ər-arvadı görən kimi tez ayağa durdular.  Sonra cavan qadın titrək səslə danışmağa başladı:
 – Mənim  əzizlərim, sizinlə söhbət etməyə gəlmişəm. Çünki istəyirəm sizin balaca oğlunuzu özümlə aparam.
 Kəndli ər-arvad  heç nə demədilər, sanki düşünüb cavab verməyə utanırdılar.
 Madam  Henri d’Hubiers dərindən nəfəs alıb sözünə davam etdi:
 – Bizim uşağımız yoxdur. Evdə ərimlə məndən başqa heç kim yoxdur. Biz o uşağı götürüb saxlayarıq. Razısınız?
Nəhayət, kəndli qadın onun fikrini başa düşdü. O  üzünü cavan qadına tutub soruşdu:
 – Deməli, siz istəyirsiniz ki, Şarlotu  götürüb aparasınız? Ah, yox! Olmaz! 
  Daha sonra mister d’Hubiers söhbətı müdaxilə etdi:
 – Arvadım fikrini sizə düz izah etmədi.  Biz sizin balaca uşağı övladlığıa götürmək istəyirik. Ancaq arxayın olun, o həmişə gəlib sizinlə görüşəcək. Əgər bu ideyamız alınsa,  o uşaq bizim varisimiz olacaq. Əgər onu övladlığa götürəndən sonra özümüzün uşaqlarımız olsa, bizdən qalan miras onlar arasında bərabər şəkildə bölünəcək. Sizin uşaq  bizim ona verdiyimizə qane olmasa o müəyyən yaşa çayanda biz onun hesabına 20 min frank depozit qoyacağıq. Vəkil bu sənədi təsdiq edəcək. Sizi də unutmarıq, siz ölənə qədər hər ay sizə 100 frank pensiya ödəməyə razıyıq. Məni başa düşürsünüz?
 Kəndli qadın ayağa durdu,  o çox qəzəblənmişdi:
 – Yoxsa siz istəyirsiniz ki, mən oğlum Şarlotu sizə satım? Ah,  yox, anadan belə şey xahiş etməzlər. Ah, yox!   Özümə nifrət edərəm! 
 Kəndli kişi də arvadının dediyi sözü təkrar etdi.
 Madam  Henri d’Hubiers  ağlamağa başladı, məyus halda üzünü ərinə çevirdi, titrək, bu vaxtacan  arzuladığı hər şeylə təmin olunmuş uşaq səsi ilə ərinə dedi:
 – Henri, onlar uşağı bizə verməyəcək! Onlar uşağı bizə verməyəcək! 
 Mister d’Hubiers  bir də cəhd etdi:
 – Dostlar, siz uşağınızın gələcəyini düşünün  Onun xoşbəxt həyatını, onun...
 Kəndli qadın hirsli-hirsli Henrinin sözünü yarıda kəsdi:
 – Mən hər şeyi götür-qoy etmişəm! Fikriniz mənə aydındır!  Çıxın mənim evimdən, gözüm bir daha sizi görməsin.  Mənim uşağımı əlimdən almaq istəyənləri görmək belə istəmirəm!
 Madam  Henri d’Hubiers   birdən xatırladı ki, yolda oynayan uşaqların arasında iki balaca uşaq vardı. O  ağlaya-ağlaya onlara dedi:
 – Bəs o biri balaca uşaq sizin deyil?
 Şarlotun atası Tuvaçe cavab verdi:
 – Yox, o biri balaca uşaq bizim qonşunun uşağıdır. Əgər istəyirsinizsə gedin onlardan da xahiş edin! 
 Hubierslər o biri daxmaya girəndə Vallinlər stol arxasında oturub çörək yeyirdilər. Stolun üstündəki balaca boşqabda qaxsımış yağ vardı, arabir yağı nazik çörək diliminin üstünə yaxırdılar.
 Mister d’Hubiers   təklifini onlara izah etdi, bu dəfə daha diqqətli, daha ətraflı danışdı. 
 Bu kəndli ər-arvad da onların təklifini eşidəndə başlarını buladılar, ancaq biləndə ki, hər ay onlara 100 frank pensiya veriləcək, onlar bir-birinin üzünə baxıb  fikrə getdilər, baxışları ilə bir-biri ilə məsləhətləşdilər. Araya dərin sükut çökdü, onlar uzun müddət  bir söz deməyə tərəddüd etdilər. Nəhayət, qadın ərindən soruşdu:
 – Kişi, nə deyirsən? Bir qərara gəldin?
 Kişi başını ağır-ağır qaldırıb dedi:
 – Rədd ediləsi təklif deyil.
 Madam  d’Hubiers  həyəcanla onların uşağının gələcəyindən söz açdı, onun xoşbəxtliyindən, ona qalan mirasdan söz açdı.
 Kəndli kişi mister d’Hubiersdən soruşdu:
 – Hər ay bizə verəcəyiniz 100 franka görə  vəkillə müqavilə bağlanacaq?
 Mister d’Hubiers cəld cavab verdi:
 – Əlbəttə, təklifimizə razı olsanız elə sabah müqavilə bağlayarıq! 
 Kəndli qadın bir az fikrə gedındən sonra dedi:
 – Ayda 100 frank çox azdır. Uşağı apartacaqsınız. Halbuki o uşaq bir neçə il sonra işləyib bizə pul qazanacaqdı. Bizə 120 frank verməyinizi təklif edirəm.
 Madam d’Hubiers  sevindiyindən ayağını döşəməyə vurub qadının təklifi ilə dərhal razılaşdı. Hətta  əlavə  100 frank da verdi, hədiyyə əvəzi. 
 Madam  d’Hubiers balaca uşağı qucağına aldı, sanki mağazadan  arzuladığı mal almışdı.
 D’Hubierslər qonşu daxmadan çıxanda Tuvaçelər sakitcə durub onlara baxırdılar, çox güman ki, onların təklifini qəbul etmədikləri  üçün peşman olmuşdular.
 O vaxtdan bəri balaca Jan Vallindən bir xəbər eşitmədilər. Onun valideynləri hər ay vəkil yanına gedib 120 franklarını götürüb gəlirdilər.  Onlar bir dəfə  qonşu daxmada yaşayanlarla mübahisə etmişdilər, çünki  Tuvaçenin arvadı onları təhqir etmişdi, demək olar tez-tez təkrar edirdi ki, insan uşağını satmaz, belə etmək dəhşətdir. Arabir o kiçik oğlu Şarlotu qucağına alır, ona nəsə deyirdi, sanki uşaq onun dediyini başa düşürdü.
 – Balaca oğlum, mən səni satmadım!  Mən səni satmadım! Biz varlı deyilik, ancaq mən heç vaxt uşaqlarımı satmaram!
 Vallinlər ailəsi hər ay aldıqlara müavinətin sayəsində rahat həyat yaşayırdılar.  Tuvaçelər onların belə rahat həyatı ilə barışa bilmirdilər, çünki onlar hələ də çox kasıb həyat sürürdülər. Onların böyük oğlu orduda xidmət edirdi.  Şarlot evdə idi, qoca atasına işində kömək edir, anasını, iki bacısını saxlayırdı. 
 Şarlotun 21 yaşı olanda bir səhər  daxmaların qabağında qəşəng bir fayton dayandı. Faytondan cavan bir centlemen düşdü, jiletinin cibindən qızıl saat   zənciri sallanırdı. O yaşlı, ağsaçlı bir qadının əlindən tutmuşdu.  Qoca qadın ona o biri daxmanı işarə edib dedi:
 – Mənim oğlum, o biri evdir.
 Daha sonra oğlan qoca qadınla birlikdə Vallinlərin evinə girdilər. Sanki oğlan yad yerə yox,  öz evinə girirdi.
 Onlar Vallinlərin daxmasına girəndə qoca kəndli qadın önlüklərini yuyurdu, arıq, qoca Vallin isə  buxarının yanında mürgüləyirdi. Onlar səs eşidib başını qaldırdı, cavan oğlan onlara dedi:
 – Sabahın xeyir, ata! Sabahın xeyir, ana!
 Oğlan sözünü deyib qurtarmamış qoca ər-arvad dik atıldı, qadının əlindəki yaş önlük yerə düşdü. O  dili dolaşa-dolaşa dedi:
 – Oğlum, bu sənsən? Mənim oğlum, sənsən?
 Oğlan qoca anasını qucaqlayıb dedi:
 – Sabahın xeyir, ana! 
 Qoca kişi isə titrək, sakit səslə dedi:
  Jan, sən evimizə gəlmisən. 
 Sanki kişi oğlunu cəmi bir neçə ay əvvəl görmüşdü.
 Bu qoca ər-arvad oğlanlarını  şəhər merinin, həkimin, məktəb direktorunun yanına aparıb oğullarını onlara göstərdilər.
 

 
 Jan Vallin  evlərindən çıxanda  Şarlot öz daxmalarının qabağında dayanmışdı. Kənara çəkildi ki, o keçsin.   Axşam, şam yeməyində  o valideynlərinə dedi:
 – Siz o vaxt çox  axmaq olmusunuz ki, məni o varlılara verməmisiniz, imkan yaratmısınız ki, onlar Vallinlərin   oğlunu övladlığa götürsün.
 Şarlotun anası inadkarlıqla dedi:
 – Mən heç vaxt uşağımı satmaram!
 Şarlotun atası susdu, heç nə demədi. Şarlot sözünə davam etdi:
 – Lazımsız yerə tərslik etmək bədbəxtlik gətirər.
 Nəhayət, Şarlotun atası oğluna hirsləndi:
 – Nədir? Yoxsa o vaxt səni özümüz saxladığımız üçün bizi danlayırsan? 
 Şarlot çox sərt tonda , kobudcasına dedi:
 – Bəli, belə axmaq olduğunuz üçün sizi danlayıram.  Sizin kimi valieynlər iuşaqlartını bədbəxt edir.  Sizi tərk edib gedəcəm, siz buna layiqsiniz.
 Şarlotun anası ağlamağa başladı, sup yeyəndə supun çoxu üstünə dağıldı. O ağlaya-ağlaya oğluna dedi:
 – Uşaqları böyütmək çətindir, valideynlər bütün həyatlarını buna sərf edir.
Oğlan anasına tərs-tərs baxıb dedi:
 – Kaş ki, heç sizin ailənizdə doğulmayaydım. Qonşumuzun oğlunu görəndə  az qala ürəyim dayana.  Ona baxa-baxa öz-özümə dedim:  Bir ona bax, bir də  özünə! 
 Oğlan ayağa durub valideynlərinə dedi:
 – Yaxşısı budur, evdən çıxıb gedim. Yoxsa səhərdən axşamacan yediyinizi  zəhər edəcəm.  Məni o vaxt o varlı adamlara vermədiyiniz üçün sizi heç vaxt bağışlamayacam!
 Oğlanın ata-anası göz yaşı içində ona baxırdılar.  Oğlan sözünə davam etdi:
 – Yox, sizi tamam atıb getmək lap  pis olardı.  Ən yaxşısı gedib başqa yerdə yaşayım.
 Oğlan daxmanın qapısını açıb yola çıxanda qonşu evdən səs-küy gəlirdi. Vallinlər ailəsi Janın  evə qayıtmağını bayram edirdilər.
 
 İngiliscədən tərcümə: Sevil Gültən