Biz imzaları yox, əsərləri dərc edirik...

Simvolizmin dərk edilməsi - Andrey Belıy
3457
26 Mart 2020, 10:56
 Artkaspi.az saytı Andrey Belıyın "Simvolizmin dərk edilməsi" adlı məqaləsini təqdim edir:
 
 Son zamanlaradək hamı dünyanın axıra qədər öyrənilib, dərk edildiyi qənaətində idi. Üfüqdə bütün dərinliklər itib-getdi. Böyük bir boşluq yarandı. Yeni perspektivlər yaradan əbədi varlıqlar yoxa çıxdı. Hər şey dəyərini itirdi. Lakin ürəklərdə uzaqlara olan canatım itmədi. Perspektiv arzusu doğdu. Qəlbimiz yenə də əbədi dəyərlər tələb etməyə başladı...
 Bütün bəşəriyyət hadisələrlə deyil, başqa simvollarla zəbt olunub. Musiqi simvolu mükəmməl şəkildə ifadə edir. Ona görə də simvol sanki həmişə musiqilidir. Tənqidi fəlsəfədən (ktitisizm) simvolizmə keçid mütləq şəkildə ruhun oyanışıyla müşayiət olunur. Musiqinin ruhu - idrak keçidinin göstəricisidir. Nitsşenin çağırışı drama yox, bütün mədəniyyətədir: "Başınıza sarmaşıqdan tac qoyun, tirsi (antik dünyada şərab və kef allahının simvolu olan sarmaşıq və tənək yarpağı sarılmış əsa -red) əlinizə alın. Pələnglər və panterlər ayağınızın altına sərilsə belə tərpənməyin".
 Bəşəriyyət indiki dövrdə daxili musiqinin idrakın üst qatlarına yaxınlaşmağından narahatdır. O, hadisələrlə deyil, başqa simvolla zəbt olunub. Nə qədər ki, o başqa dediyimiz icra olunmayacaq, bizi narahat edən müasir incəsənətin simvolları da aşkarlanmayacaq. Ancaq korlar ürək məsələlərində aydınlığı simvollarda axtarırlar. Onların ürəyi kordur, deməli heç nə öyrənə bilməyəcəklər.
 Simvollar keçmiş zamanlarda baş verənlərə, gələcəkdə olacaqlara müraciət edir. Simvoldan musiqi yaranacaq. O, idrakdan yan keçir. Musiqi dünyasından uzaq olanlar heç nə anlamayacaqlar.
 Simvol ruhdakı musiqini oyadır. Dünya bizim ruhumuza yaxınlaşan zaman o, həmişə səslənəcək. Ruhumuz dünya olanda isə o, tərki-dünya olacaq. Əgər uzaq məsafələrdən təsir göstərmək mümkündürsə və əgər magiya varsa, biz bunun yolunu bilirik. Magiya - ruhdakı musiqi səsinin hədsiz dərəcəyə qədər yüksəlməsidir. Musiqiyə köklənmiş ruh sehrirlidir. Musiqidə sehr var. Musiqi - üstümüzə axıdılan heyrətamiz əbədiyyət axınının və sehrin səpələndiyi pəncərədir.
 İncəsənət dahiyanə düşüncədir. Dahiyanə düşüncə isə onun formalarını genişləndirir. Əbədiliklə onun fəza və zaman təzahürlərini birləşdirən simvolizmdə Platon ideyalarının dərkiylə rastlaşırıq. İncəsənət - ideyaları ifadə etməlidir. Hər bir incəsənət növü mahiyyətcə simvolikdir. Hər bir simvolik düşüncə isə ideyalıdır. İncəsənətin əsas məqsədi bütün dörvlərdə dəyişilməz olaraq qalır. Sadəcə ifadə vasitələri dəyişilir. Filosof düşüncəsinin inkişafı zidd olan fikirləri təsdiq etməklə onu simvolik dərketmənin səmimiyyətindən, aydınlığından asılı vəziyyətə salır. Nəzəriyyənin dəyişilməsi ilə incəsənətə olan münasibət də dəyişilir. O, daha özündən müştəbeh bir forma deyil; utilitarizmə (burjua əxlaq nəzəriyyəsi) yardım üçün çağırıla bilməz. O, mahiyyətli düşüncəyə - dini düşüncəyə yol açır. Din - ardıcıl olaraq genişlənən simvolların sistemidir. Bu, onun ilkin zahiri təyinidir. İncəsənət simvollarının ifadə tərzi idrakda sona çatmaqda olan keçidə müvafiqdir. Bu dəyişikliyin xarakterinə nəzər salmaq vacibdir. Klassik incəsənətin səciyyəvi xüsusiyyəti formanın harmoniyasıdır. Bu harmoniya Höte və Nitsşenin idrakındakı təmkin və ifadələrə öz möhürünü vurmuşdur. Haradakı bir nəfər təsadüfən örtüyü bir balaca qaldıraraq dərinliyi aşkarlayır, o biri həmin andaca onun fenomenal tapıntısını nəzərə çarpdıraraq o dərinliyi üzə çıxarmağa çalışır. Dahiyanə klassik əsərin iki tərəfi var: sadə, asan tərəfi və ancaq bəzilərinin anlaya biləcəyi işarələr olan daxili forması. Hadisələrin fenomenallığı, görüntülər, psixologiyanın aydınlığından razı qalan kütlə, onun daxilində olanlardan bixbərdir. Bu daxili özəlliklər hər kəsə anlaşılan deyil. Gizlin olan dərinliklərə kütlənin soxulmamağı üçün bayağılıq donuna bürünən klassik incəsənətin ən yaxşı nümunələrinin əsilzadəliyidir bu... Həmin nümunələr eyni zamanda həm dərinlik, həm də səthilik mənbəyidirlər. Ondan həm kütlə, həm də seçilmişlər razı qalırlar. Bu cür ikili xüsusiyyət istər-istəməz fəlsəfi tənqidin ikili xüsusiyyətlərindən irəli gəlir; o, həm də dahilərin qoyduqları həmin simvolların rasionalizm, utilitarizm və s. üçün doqmatik dedi-qodu mövzusuna çevrilməsinin istəməməyindən irəli gəlir. Burada həm "kiçik simə" nifrət var, həm heç nə görməyib tərif yağdıran korlara kübarcasına istehza, `həm də ruh seçicilərinə qarşı işvə-naz var. "Faust" hamı üçün anlaşılandır. Hamı yekdilliklə "Faust”u dahiyanə əsər adlandırır; buna baxmayaraq "Faust”da sufiliyin dərinlikləri çağdaş dövrün hər cür özəlliklərini sevən yeni incəsənət pərəstişkarları üçün gizli qalır. Lakin həmin bu pərəstişkarlar zahiri obraz cizgiləri və aydın fikirləri dağıdan Zərdüştün dərinliklərini anlayır. Bu baxımdan yeni incəsənət, dərin dərketməsi olan azsaylı təbəqəylə, səthi dərketməsi olan kütlənin arasında demokratik vasitəçidir. Yeni incəsənətin vəzifəsi formaların harmoniyası deyil, ruh dərinliklərinin əyani şəkildə aydınlaşmasıdır. Hansı ki, sonra o, yüksək səslə, sanki qışqıraraq klassik incəsənətin "kiçik simə" arxa çevirdiyi məqamlarda bizi düşünməyə dəvət edir. İfadə vasitəsinin bu cür dəyişilməsi dərketmə nəzəriyyəsinin dəyişilməsinə söykənir. Ona əsasən dərketmə əbədi müvəqqətilik içində artıq mümkünsüz görünmür. Əgər bu belədirsə, incəsənət əbədini görməyi öyrətməlidir; klassik incəsənətin eyibsiz, daşlaşmış maskası artıq çıxarılmış, cırılıb atılmış, sındırılmışdır. Həmin sınıqların arasından dərin düşüncələr sürünüb çıxaraq obrazlara hopur. Və obrazların nisbiliyi dərk edildiyi üçün onları sındırırlar. Obrazlar ayrıca əhəmiyyət kəsb edən nəyəsə yox, düşüncə metoduna çevrilir. Onların təyinatı gözəllik hissi yaratmaq deyil, həyat hadisələrində onların şəklini dəyişdirilmiş mənalarını duymaq bacarığını inkişaf etdirməkdir. Bu məqsədə nail olan kimi, həmin obrazlar əhəmiyyətdən düşür. Buradan şübhəsiz yaxın gələcəyə mənsub olan yeni incəsənətin demokratik dadı duyulur. Lakin gələcək zaman dediyim vaxt artıq indiki zaman olanda incəsənət məhv olacaq şeylərə bəşəriyyəti hazırlayacaq. Yeni incəsənət daha az sənətdir. O, bir müjdəçi, bir əlamətdir. İfadə vasitələrinin dəyişilməsi tədricən baş verən bir prosesdir. Müasir incəsənət bu dəyişiklərə çox vaxt öz hissiyyatı ilə gedirdi. Çoxları bu yolda büdrəyirdi. Artezian suları səthə çıxanda birinci palçıq vurur. Ancaq sonra günəş su büllurunun şəffaflığını milyonlarla yaqutla alışdırır. Öndə gedənlərə qarşı qəddar olmaq lazım deyil. Axı biz onların yaralanmış bədənlərini tapdayıb irəliyə gedirik. Minnətdarlıq və mərhəmət! Bütün təhqirlər sussun! Axı Ntisşe elə onların arasındadır. Bircə "Çarmıxa çəkilmiş Dionis”in qırmızı xələti bizi yandırmasın, bircə ona mehribanlıq göstərən panterlər parçalamasınlar.
 
 

 Ölüyə bircə dəfə sadəlövhlüklə baxmaq yetərlidir ki, panterlər pişik balasına çevrilsinlər. Onun obrazı isə ölümsüz uzaqlıqlardan düşüncəyə dalaraq kədərli-kədərli bizi seyr edir. Uşaqlıq xoşbəxtliyindən - göy rənglə yuyulmuş ağ adadan bizə uşaq nəzərləri, uşaq baxışı danışır. Sakit! Bu müqəddəs məzardır.
İncəsənətlə mistika kimi simvolizm zirvələrinin birləşməsini Vladimir Solovyov xüsusi bir terminlə təyin edir. Həmi termin - sehrbazlıqdır. Allah deyir ki, "Onların ürəyinə girəcəm və Allahları olacam". Peyğəmbərləri ucaldan onların dilinə dağları belə diz çökdürə biləcək sözlər qoyan sehrbazlıqdır.
 Tragizmlə (faciə) müqayisədə Nitsşenin müdrikliyinin daha dərin dərketmə mərhələsini sehrbazlığa yaxınlaşma kimi dəyərləndirmək olar. Və bu müdrikliyin ayrı-ayrı hissələrinin sehrbazlığa (teurgizmə) meylli olduğu hiss olunur. Əgər simvolizmdə biz müvəqqətilikdə əbədiyyət göstərməyə ilk cəhdlər ediriksə, sehrbazlıqda simvolizmin sonunun başlanğıcıdır. Burada artıq söhbət əbədiyyətin çevrilmə yolu ilə dirilmiş şəxsiyyətə dönməsindən gedir. Şəxsiyyət Allahın məskunlaşdığı İlahi məbəddir: "Onların ürəyinə köçüb, onlarda hərəkət edəcəyəm" (Levit, XXVI, 12).
 Xrisianlığın doqmatikası (ehkamçılıq) Şopenhauerlə inkar edildi. Məişət, həyat - Nitsşe. Sehrbaz xristianlar insan və Allah anlayışını birləşdirərək onu bir qab, qapanmış bir halqa kimi təsvir edirlər. Nitsşe zirvələrilə əlaqəni kəsmədən, onları Nitsşe Şopenhaueri dəf edən tərzdə - daxildən dəf etməyə can ataraq, Əhdi-əqiqdə qeyd olunan xoşbəxt xəbəri gözləyirlər. Əsrin məişət tapmacalarının tapılması nitsşeliyin o biri tərəfinə keçir. Minaların altına kontrminalar düzülür. Dəhşət də elə burasındadır. Ruhu valeh edir. Axı Nitsşedən sonra uçurumdur. Və beləliklə uçurum kənarındakı ümidsizlik və fikrin dərinliklərinə getmək mümkünsüzlüyünü anlaya-anlaya uçuş möcüzəsinə ümid edirlər. Uçuş texnikası mükəməlləşmədən uçmaq, ümumiyyətlə təhlükəlidir. Bu yaxınlarda təyyarəçi Liliental həlak oldu. Bu yaxınlarda həm də başqa bir təyyarə serən, pilot, bütün mədəniyyətin Lilientalı olan Nitsşenin də göyə müvəfəqiyyətsiz uçuşunun və məhvinin şahidi olduq. Xristianlığın sehrbazlar vasitəsilə dərkedilməsi istər-istəməz diqqəti cəlb edir. Ya bu qorxaqlığın ən son həddidir, ya cəsarətli bir sıçrayışdır (axı ancaq dağ keçiləri özlərini başı aşağı uçuruma doğru atırlar), ya da ki bu yıxılma anında xilasedici qanadların çıxaraq bəşəriyyəti tarix üzərindən uçuracaqlarına inanan neofitlərin peyğəmbərlik cəsarətidir. Sehrbazların vəzifəsi mürəkkəbdir. Onlar Nitsşenin dayandığı yerdən - havada addımlamalıdırlar. Bununla yanaşı onlar həm də məişət məsələlərinə aydınlıq gətirən sufilərlə də hesablaşmalı və tarixi kilsənin də ziddinə getməməlidirlər. O zaman bəlkə Nitsşe fikirlərinin heç özünün də çata bilmədiyi üfüqləri bizə bir az yaxın görünər. Nitsşe bura qədər həddindən artıq çox əzab çəkib. Gəldiyi yol uzun olub. O, yalnız çox yorğun halda dənizin sahilinə gələrək, xoşbəxt bir donuqluq içində axşam çağı zümrüdə dönmüş buludları seyr edə bilərdi. Suyun üzərinə düşən bu parıltının üfüqü üzüb keçmək üçün sanki böyük bir qayıq olduğunu öz xəyallarında canlandırardı: "Ey mənim ürəyim - ağır, dopdolu, tünd qızılı salxımlarınla, öz xoşbəxtliyi altında əzilərək dayanan üzüm ağacım. Bax, kədərli, sakit dənizlərdən qızıl qayıq üzüb gələnəcən mən gülümsəyirəm". (Zərdüşt)
 Nitsşe dənizin mavi dalğalarında üzüb getdimi? Bizim üfüqümüzdə o yoxdur. Bizim onunla əlaqələrimiz artıq kəsilib. Lakin biz də sahildəyik və unudulmuş qayıq da ayaqlarımızın altında yellənir. Biz ona əyləşib üzüb getməliyik. Biz irəliyə doğru üzməli və bu dənizdə batmalıyıq.
Bizlərdən bəziləri günəş işığından ötrü qədimi qızılların yandırıldığı keçmiş dövrlərə meylliyik. Onların gözündə qaçıb gedən günəşdir və ola bilər ki, onlar yandırılmış qızıllarından ötrü göz yaşı tökürlər:


Efir qızıla bürünüb işıqlanar,
Və sevincindən odlanar.
Dəniz üzərindənsə
Günəş aradan çıxar.
Günəşdənsə dənizə
Qızılı atəş düşər.
Əşrəfinin şəfəqi
yayılıbdır hər yerə,
Kədərin iç üzündən
Sərt qayalar ucalır
Günəş dalğalarından
Daha qüruba endi.
Albatrosun səsində
Göz yaşları duyulur:
Günəşin övladları!
yenə şövqsüz soyuqluq:
Yoxa çıxıb o -
Keçmiş, qızılı xoşbəxtlik - qızıl yun!

 Uçuş möcüzəsinə inanan bir başqaları isə onlara bu cür cavab verərlər:

Arqonavtlar çağırır,
Günəş qonaqlığına,
Qızılı dünyaya səslənərək.
Diqqət, diqqət:
Yetər daha əzablar.
Günəş parçadan olan
Zirehinizi geyinin!
Səma yaquta boyanıb.
Günəş dəfn olunub,
Başımızın üstündə
Səma yaquta boyanıb.
Uca dağların zirvəsində
Bizim Arqomuz,
Bizim Arqomuz,
Uçmağa hazırlaşır!
Qızılı qanadların çırpır!

"Mir iskusstva" ("İncəsənət dünyası"), № 5, 1904
 
Rus dilindən tərcümə edən: Xanım Aydın