Biz imzaları yox, əsərləri dərc edirik...

“Şimali azərbaycanlıları qeyri-ciddi sayan Həmid Herisçi”İradə Musayeva
1303
03 Aprel 2017, 12:20

 artkaspi.az ədəbi tənqidçi İradə Musayevanın "Azərbaycan ədəbiyyatında cərəyanlar” müzakirəsinə həsr olunmuş məqaləsini təqdim edir.


 

  Bu günlərdə "Ədəbiyyat qəzeti” ənənəvi olaraq növbəti müzakirə saatını keçirdi. Müzakirə məni çox maraqlandıran problemə "Azərbaycan ədəbiyyatında cərəyanlar”  məsələsinə həsr edilmişdi. Onu da qeyd edim ki, qəzetdə bu mövzuda söhbətin professional ədəbiyyat adamları, ədəbiyyatşünaslar tərəfindən çözülməsi məsələsini arzu olaraq mən də vaxtilə redaksiyanın diqqətinə çatdırmışdım. Və nəhayət, mənim iştirakım olmasa da, müzakirə reallaşdı... Lakin qənaətbəxş olmadı...

 Müzakirənin uğursuzluqla başa çatmasını isə konkret olaraq bu səbəblərdə görürəm: 1)Polemikanın ana tezisi müəyyənləşdirilməmişdi. Yəni ədəbiyyatımızda cərəyanlarla bağlı qeyri-müəyyənlik, mübahisə yaradan nüanslar suallaşmamışdı, sual mətnlərində öz ifadəsini tapmamışdı. 2) Bir çox hallarda moderatorun suallarına cavab verilmirdi, hər kəs sanki əvvəlcədən nəzərdə tutduğu fikri səsləndirirdi. 3) Vahid bir süjetə söykənməyən məlum cavabların da çoxu cərəyanlardan yan keçən, aidiyyatsız informasiyalar idi. 4) İştirakçıların bəzisi mövzunu daha çox pafos, illüziya və absurd, abstrakt kontekstdə çözmək istəyirdi ki, bu da oxucuya lazım deyildi. Ona görə ki, hər hansı bir müəllim, tələbə, yazıçı ya tədqiqatçı qəzetin müzakirə səhifəsinə ona görə maraqla baxır ki, dərsliklərdə, ədəbiyyatşünaslıq kitablarında, bu mövzuya həsr edilən məqalələrdə cərəyanlar haqqında aydın, dürüst, analitik təhlillər yetərincə deyil. O kitabların da çoxunda ya tərcümə mətnlərinin təhrif olunmuş variantı, ya da başqa cür əsassız fərziyyələr baş alıb gedir. 5) Müzakirə boyu nə dünya ədəbiyyatının cərayanları, nə də bu cərəyanların Azərbaycan ədəbiyyatına təsiri məsələsi haqqında ümumi təsəvvür yaradan oldu. 6) Polemika anlayışının mahiyyəti tez-tez unudulurdu. İştirakçılar bir-birinə "sözünüzə qüvvət” desə də, tamam ayrı nəsnədən danışırdı, müsahibinin sözünə "qüvvət” verməyib keçirdi başqa məsələyə. Yəni, ünsiyyət dialoji yox, monoloji nitqlər əsasında qurulmuşdu. 7) Yeri gəldi-gəlmədi etiraz etmək, inkarçılıq mövqeyi nümayiş etdirmək, "şok, şok” aspektli replikalar atmaq (daha çox H.Herisçi) və s. bu kimi məqamlar müzakirəyə canlılıq, dinamiklik yox, xaotik bir mənzərə obrazı verdi. 8) Bütün müzakirələrin, elmi-praktik seminar və ya ədəbi söhbətlərin sonunda qənaətlər, nəticə, ortaq məxrəc düşüncəsində hamı tərəfindən təsdiqlənən, müəyyən mənada razılaşdırılan son, uğurlu, faydalı tapıntılar diqqətə çatdırılır. Bu müzakirədə isə həmin hal baş vermədi, sanki hamı səhnədən gileylənə-gileylənə düşdü, oxucu isə oxuduqlarının sonunda az qala bildiklərini də unutmuş kimi oldu... 9) Faktsızlıq, istinadsızlıqla müzakirə edilən ədəbi cərəyanlar məsələsində tək-tük çəkilən adlar, ədəbi şəxsiyyətlərin imzası da qeyri-obyektivliklə seçilmişdi (daha çox Ə.Cahangirin misallarında) 10) Ədəbi-estetik cərəyan anlayışı subyektiv, bəsit, az qala şəxsləşdirilmiş formatda təhlilə çəkilirdi (guya bizim ədəbiyyata hansısa cərəyanı konkret olaraq kimsə gətirib mənasında...) və s.

  Sonuncu nüansdan başlamaq istərdim.

  Təbii ki, ədəbi-estetik cərəyanlara sırf sənət, ədəbiyat məsələsi kimi baxsaq, yanılmış olarıq. Böyük tarixi, epoxal hadisələr fonunda mütəmadi (ancaq çox ləng) bir-birini əvəz edən bu cərəyanlar yarandığı cəmiyyətin sosial-siyasi, ictimai-mədəni durumunun əks-sədası kimi ədəbiyyat, ümumilikdə, sənət nümunələrində ifadəsini tapır.

  "Ədəbi cərəyan” dediyimiz təkamülün, təşəkkülün, intibahi coşqunun mahiyyətində həm də böyük siyasi hadisələr, çevrilişlər, inqilablar dayanır. Heç bir ədəbi-estetik cərəyan, məktəb məqsədli şəkildə, qərar-qətnamə, təşəbbüs, arzu, istək əsasında yaranmır. Məsələn, Fransa inqilabı Avropa romantizminin ideya, vəcd qaynağı oldu. Cərəyan mütləq bir coşqu, qalxmadır, sürət götürüb mühitin, cəmiyyətin, tarixin bədii, obrazlı təsvirini sənət dililə çatdırmaqdır həm də... Ədəbi cərəyanın ideya və vəcd aldığı sahələrə - siyasətə, ictimai-sosial kateqoriyalara təsir göstərmək gücü də var. Və illərdir vurğulayırıq ki, cərəyan şəxslər və hətta ədəbi şəxsiyyətlər tərəfindən belə ölkə ədəbiyyatına ərmağan, töhfə şəklində gətirilə bilməz. Bəzi adamlar artıq neçə illərdir o iddia ilə çıxış edir ki, guya ədəbiyyata ədəbi-estetik baxış növü gətirib. Qəribədir, Bakıda oturub sırf mütaliə əsasında, nəzəri ehtimallarla onun ədəbiyyatına, mədəniyyətinə cərəyan növləri sifariş vermək kimi bir xidmətdə bulunduğunu iddia etmək "cəsarəti” ağlı başında olan oxucu üçün inandırıcı ola bilərmi?

  XX əsrin əvvəllərində müxtəlif cərəyan tiplərinin (romantizm və tənqidi realizm) "Füyuzat” və "Molla Nəsrəddin” kimi bariz nümunələrinin tendensiyasını təkcə o ədəbi məktəblərin ideoloqlarıƏ.Hüseynzadə və C.Məmmədquluzadə fikirləşib tapmamışdı. Bu mətbu orqanlar və həmin cərəyanların özünün bizim ədəbiyyatımızda reallaşması, yayılması üçün şəraiti nəinki Azərbaycanda, Rusiyada, Türkiyədə, İranda, hətta bütün dünyada baş verən ictimai-siyasi, sosial-iqtisadi, mədəni hadisələrin təsiri ilə əlaqələndirmək lazımdır. Bu yanaşma özü böyük bir müzakirə mövzusudur, əslində. Məsələn, H.Cavidin İran, Türkiyə təhsili və Türkiyədəki ictimai-siyasi hadisələr, proseslər axınında fəal iştirakı buna misal ola bilər. Həmin illərdə "İrşad”, "Füyuzat” kimi ədəbi orqanlara əsərlərini göndərən H.Cavidin dünyagörüşünə 1905-1907-ci il inqilabı, Türkiyədə II məşrutə (1908), türkçülük ideyasının özünün cərəyanlaşması hadisəsi, Z.Göyalpın "Türkçülüyün əsasları” əsəri və ondan da geniş şəkildə yayımlanan digər nəzəri görüşləri, Rza Tofiq, Tofiq Fikrət kimi müəllimləri təsir etmişdir. Bu xarici təsirlər Azərbaycan romantizmində, xüsusən H.Cavid, M.Hadi, A.Səhhət yaradıcılığında və estetik görüşlərində açıqca görünür.

  XX əsrin əvvəllərində C.Məmmədquluzadə, M.Ə.Sabir, Ü.Hacıbəyov, Ə.Haqverdiyev, Ə.Hüseynzadə, Ə.Ağayev, M.Ə.Rəsulzadə də bütün əsərlərində xalqa üzünü tutub "oyan!” deyirdi, H.Cavid də ("Arkadaş, göz aç, aman! Qalx ölüm uyqusundan!), A.Səhhət də (Oyan, ey milləti-əziz, oyan!), N.Nərimanov da... Amma üslub və cərəyan, siyasi əqidə, formalaşdıqları, təsirləndikləri ictimai mühit məsələsi var idi. Təkcə N.Nərimanovla H.Cavidin ayrı-ayrılıqda, ədəbi-ictimai, eyni zamanda siyasi mövqeli şəxsiyyətlər kimi yetişməsində mühüm rolu olan xarici (Rusiya, Türkiyə) ölkə şəraitindəki təhsil, ictimai fəaliyyət və s. məsələlərə diqqət yetirmək kifayət edir.

  Bəli, "izm”lərin və ümumilikdə cərəyanların bizim də mədəniyyətə təsirində şəxslərin və şəxsiyyətlərin rolu danılmazdır. Amma əgər həmin tarixi şəxsiyyət ictimai düşüncə sahibi, fəlsəfi-siyasi erudisiyalı biridirsə... Ə.Hüseynzadə, C.Məmmədquluzadə, H.Cavid kimi... Və ən əsası adlarını çəkdiyim ədəbi-ictimai liderlərin şüur, düşüncə axını vasitəsilə kənardan transfer olunan həmin cərəyan müddəaları, ədəbi-estetik baxış və yenilik üçün milli ədəbiyyatda və mədəniyyətdə qəbul etmək potensialı varsa... XIX əsrdə maarifçilik, XX əsrin əvvəllərində romantizm və tənqidi realizm, XX əsrin 30-cu illərindən etibarən sosializm realizmi üçün bu şərait yetişmişdi. Amma günümüzdə postmodernizmin haqqında nə qədər danışsaq da, onun nə nəzəri, nə də praktik nümunələri təqlid və tərcümə təsirləri baryerini aşa bilmir. Çünki biz bir cəmiyyət, ictimai qurum, birlik olaraq postmodern düşüncəli və yaşayışlı, davranışlı deyilik... Azərbaycanın hazırkı zamanının, mühitinin halı postmodernlik deyil. Bunun üçün həyatımızın bütün sahələrində bir dəyişmə, çevrilmə, fərqlilik yaradan, qlobal miqyasda ədəbi-estetik özünüifadə inkişafı (tək-tək nümunələri deyil, məhz inkişafı!) olmalıdır ki, biz ədəbiyyatımızda belə bir cərəyanın mövcudluğu haqqında ürəklə danışaq.

  XIX əsrdə də maarifçilik hərəkatı, bir cərəyan kimi maarifçiliyin Azərbaycan ictimai-mədəni və ədəbi düşüncəsinə təsiri daha çox həmin kənar amillər hesabına olmuşdur. Azərbaycanın iki yerə bölünməsindən sonra Şimali Azərbaycanda çarizmin daxili və xarici siyasəti, orada baş verən tarixi-inqilabi proseslər burda da oxşar əks-sədalar verirdi. Eləcə də Qafqazda mədəni mərkəz hesab edilən Tiflis ədəbi mühitinin bizim maarifçilik cərəyanının formalaşması məsələsindəki rolunu danmaq olmaz. A.Bakıxanovun, M.F.Axundovun, M.Ş.Vazehin Tiflis fəaliyyəti buna sübutdur. Bütün bunları deməkdə məqsədim odur ki, cərəyan və müəyyən "izm”lərin istənilən bir mədəniyyətdə, ədəbiyyatda inikasını subyektivləşdirmək olmaz. Böyük tarixi hadisə və baxışların, nəzəriyyələrin doğuşudur "izm” məsələsi...

  Ədəbi-estetik cərəyan müəyyən bir zaman çərçivəsində içtimai şüurun fərqli, özündən əvvəlkilərə çox az bənzəyən tezis və ideyalarla ifadəsində özünü reallaşdırır. Qısaca desək, düşüncə axınında sənətə yeni baxış və sənətin özünün obyektə, həyata, insana, münasibətlərə diksindirici, həyəcanlandırıcı metodlarla yanaşması sıçrayışı baş verəndə meydana təzə bir ədəbi-estetik ifadə modeli çıxır. Ədəbi cərəyanlar da məhz belə bir geniş təfərrüatın, hərtərəfli oyanışın nəticəsi olaraq bədii mətnlərdə inikas olunur.

  Mən vaxtilə cərəyanlarla bağlı yazdığım məqalələrimin birində də demişdim ki, bizim istənilən ədəbi-estetik baxışla bağlı mülahizələrimizdə və müzakirələrimizdə ən böyük qüsur onu, məsələn, modernizmi yalnız ədəbiyyat faktı kimi təhlilə cəlb etməyimizlə əlaqəlidir. Ədəbiyyat bir çox sahələrdə reallaşmış, görünməyən dalğalar kimi sualtı irəliləyən modernistik məqamları, mərhələ yaratmış prosesləri hardasa, bəlkə də ilk olaraq görən və əks etdirən, üzə çıxarandır… Müharibələrin, inqilabların, böyük dağıntıların və ya əksinə, sivilizasiya və intibahların modern təfəkkür tərzi, bu xüsusda düşüncə selinin hər kateqoriyaya aid sahələri bürüdüyü zamandan sonrakı və ya eyni zamandakı hadisədir ədəbi modernizmin zühuru…

  Beləliklə, yenidən mətləbə qayıdıram. Mən mövzu ilə bağlı bilgimi genişləndirmək, 6 nəfər mütəxəssisin (A.Talıbzadə, A.Turan, R.Kamal, E.Akimova, Ə.Cahangir, H.Herisçi) iştirak etdiyi polemikada dəyərli məlumatlar əxz etmək niyyəti ilə müzakirə mətnini çox diqqətlə oxudum. Çünki, ədəbiyyatşünaslıq kitablarında belə bu mövzu normal şəkildə əks edilməyib. Lakin yuxarıda vurğuladığım yalnış yanaşmalı nüans - kiminsə "izm” gətirməsi məsələsi elə ilk cümlələrdəcə səsləndi. E.Akimova: "90-cı illərdə milli müstəqilliyimizi qazandıqdan sonra yeni düşüncənin ilk əlaməti olaraq ədəbi cərəyanlar, "izm” məsələsi qabardı. Bu nəyin gətirdiyi dalğa idi? Həmid bəy, bəlkə Sizdən başlayaq. Çünki o dalğanı gətirən ilklərdən sayılırsınız”.

  Həmid bəyin Azərbaycan ədəbiyyatına doğrudan da cərəyan, "izm” gətirən şəxs kimi cavab verəcəyinə şübhəm yox idi. Çünki onun ədəbiyyatı, ədəbi-estetik, siyasi baxışları ilə müəyyən dərəcədə tanışam. Məsələn, "Mən həmişə Şimali azərbaycanlıları qeyri-ciddi adamlar saymışam” fikrini şimallı müsahiblərinin, eləcə də buna bənzər fikirləri indiki müzakirə yoldaşlarının üzünə çəkinmədən deyə bilən bu adamın "Postmodernizm Azərbaycana gəlməli idi, çünki o, bütün dünyaya gəlmişdi... Amma postmodernizmin üzərində toyuq yumurtanın üstündə oturduğu kimi oturmaq düzgün deyil... Ədəbiyyat inkişaf edən xətt üzrə gedir. Məncə, bizim ədəbiyyatın nöqsanlarından biri də odur ki, bizim gətirdiyimiz postmodenizmi bunlar elə baş ədəbi nəzəriyyə bildilər... Postmodernizmi Azərbaycana gətirən iki-üç nəfər varsa, onun biri mənəm... Mən həmişə düşünmüşəm ki, bu proses bir müddət olmalıdır. Sonra keçid dövrü lazımdır. Keçid konspirologiyadır... Mən indi postmodernist deyiləm, konspiroloqam... Mən indiki yazarların arasında yeganə yazaram ki, bir həddən o biri həddə keçməyi bacardım. Ədəbi böhranın səbəbi yazıçılarımızın postmodernizmdə ilişib qalmalarıdır... Ümumiyyətlə, hesab eləyirəm ki, mən Azərbaycanda nadir imza sahiblərindən biriyəm ki, ardıcıl inkişaf yolu keçirəm... Bizim yazarlar isə on ildir ki, bir noqtədə, postmodernizmdə ilişib qalıblar. On il bir nöqtədə qalmaq olmaz. Hamısı öz postmodernist əsərlərini yazıb çap elədilər” və s. bu kimi düşüncə ifadəsinə əvvəldən bələd idim. H.Herisçi nəinki postmodernizmi Azərbaycan ədəbiyyatına gətirdiyini və onun nümunələrini yaratmağını, eləcə də şəxsi yaradıcılığında iki ədəbi-estetik baxış yolunu (hətta siyasi mahiyyəti qabarıq olan konspirologiya "izm”ini ) fəth etdiyini də bəyan edir. Əlbəttə, dünya ədəbiyyatında müstəsna yeri olan böyük ədəbiyyatların yenə də dünya ədəbiyyatı yazarlarının görüşlərinə ciddi təsir göstərə bilən böyük ədəbi şəxsiyyətlərin yaradıcılığında belə hallar (iki "izm” nişanəsi) mümkündür. Lakin, bizim bugünkü postmodern dildə hələ də kəkələyə-kəkələyə nəsə demək istəyən (amma deyib qurtara bilməyən) ədəbiyyatımızda özünü belə fenomenal ədəbi şəxsiyyət, nəzəriyyə aparıb-gətirən, cərəyan doğuşuna və ölümünə fərman verə bilən illüziya qəhrəmanı kimi təqdim etmək həm də biz oxucuları saya salmamaq anlamına gəlir. Beləliklə, H.Herisçi həmin suala bu cür cavab verir: "izm”lərin yaranmağı mən deməzdim ki, 90-cı illərdən başlayır Azərbaycanda. Ümumiyyətlə, "izm”lər nəyə görə yaranıb? Sözsüz ki, klassisizmin böhranı ilə əlaqədardır bu. Klassisizm, belə deyim, uşaq xəstəliyi var, bu uşaq xəstəliyi onun vaxtaşırı böhrana düşməyidir. Epik oyunçuluq yarananda, yamsılama yarananda. Klassisizmin şərtləri vardı. O, ilahi mənbə ilə birbaşa əlaqədə olmalı idi. Klassik ədəbiyyatımız bunu bilirdi. Bu ənənə ədəbiyyatdan da üstün bir ənənədir. İndi yazıçılar həmişə istəyirlər ki, ədəbiyyatı son nöqtə bilsinlər. Əslində elə deyil. Klassisizmin son nöqtəsi ədəbiyyat deyildi. Allahın ilahi ruhla birbaşa əlaqəsi idi. Məsələn, klassik ədəbiyyatda o qida mənbəyi çiləxanalar idi. Orada sufilər 40 gün otururdular, ilahi bilgilər alırdılar. Və yaxud maddi tərəfi də var. Məsəlçün, göydən düşən mələk tükü, xalq arasında ona ceyran tüpürcəyi deyirdilər. O Azərbaycan pirlərində var. Onu qatırdılar suya içirdilər və ilahi güc alırdılar. O maddi bir şey idi. Yəni klassisizmin mənbəyi, qidalanma nöqtələri zəifləyəndə onun böhranı başlayır. Epik oyunçular artır, Füzuli ənənəsi çevrilir taftalogiyaya.”


 

  Təbii ki, "mələk tükü”, "ceyran tüpürcəyi”, çiləxana, pir "fəlsəfəsinin” bizim haqqında bilgi almaq istədiyimiz ədəbi cərəyan söhbəti ilə əlaqəsini tuta bilmədik... Müzakirədə məsələnin artıq nə yerdə olduğunu anındaca anlayan Aydın Talıbzadə ilk məntiqli və məqsədəuyğun təklifini verir: "Gəlin, konkret danışaq, yoxsa bu mövzunu yığıb-yığışdırmaq olmayacaq”.

  Elnarə xanım da H.Herisçidən nə soruşduğunu bir az da dəqiqləşdirir, məhz müstəqillikdən sonrakı dövrdə "izm” məsələsinə aydınlıq gətirməsini istəyir.

  H.Herisçi: "Bizim ədəbiyyatda, bütün dünya ədəbiyyatında böhran yarananda "izm”lərə ehtiyac yarandı. "İzm”lər siyasətlə sinxron gedib. Həm siyasətlə, həm ədəbiyyatla. 17-ci ilin inqilabı, Mayakovskinin kükrəməyi, bayaq dediyim kimi ekstrimin ədəbiyyatda yer almağı, gözəl nümunələr, futurizm, sözsüz ki, Azərbaycana da təsir eləməli idi. Azərbaycana bu təsir siyasi yöndən gəldi. Əvvəl siyasətdə özünü göstərdi. Azərbaycanda olmuş "Hümmət” hərəkatı, yenilikçilik. Klassisizmin bu böhranı təkcə məsələn, Füzuli klassisizmində deyil. Sosialist realizmi ki, gətirildi Azərbaycana, o da başladı epik oyunçuluğa çevrilməyə. Təxminən 50-ci illərdə. Buna qarşı da nəsrdə müəyyən yenilik yarandı. Məsələn 60-cı illərdə. Bu da müəyyən qədər klassisizmin böhranına cavab idi. Mənə elə gəlir ki, Azərbaycan ədəbiyyatı vaxtaşırı bu cavabları, bu reaksiyaları verməyə məhkumdur. Necə ki, lazımi səviyyədə verib 20-ci illərdə, 90-cı illərdə bizim simamızda verib, düzdür qiymətləndirilməyib. Əsas odur ki, özümüz qiymətləndiririk. Məncə, mövzunu digərləri davam etdirə bilər”. (Azərbaycanın müstəqillik tarixinin, siyasi düşüncəsinin və ondan ayrılmayan, çox hallarda məhz ədəbiyyat dili ilə yayımlanan milli intibah tezislərinin yaradıcıları olan 20-ci illərdəki milli mücahidlərimizlə özünü tən tutan H.Herisçiyə, həqiqətən, təəccüblənməmək olmur - İ.M.)

  Və bundan sonrakı söhbətin böyük hissəsi məhz H.Herisçinin fikrinin məğzini öyrənmək, ya da qarışıq da olsa bəyan etdiyi fikrindən onu daşındırmaq məsələsinə həsr edilir. Azər Turan: "Siz elə danışdınız ki, sanki bizdə ədəbiyyat bu proseslərin hamısından keçib. Elə olmayıb axı. Konkret izmlərdə, daha konkret isə dekadans və simvolizmlə bağlı ilk söhbətlər nə vaxt başlayıb, onu xatırlayaq”-deyir. Təəssüf ki, müzakirənin sonuna qədər bu təklif cavabsız qalır...

  A.Talıbzadə yenə, özünün də dediyi kimi mövzunu "relslər üzərinə qaytarmaq” istəyir və E.Akimovanın lap birinci, H.Herisçiyə verdiyi suala cavab verir. Bu cavabı ilə H.Herisçinin iddialı bəyanatına da replika atmış olur. "Siz soruşursunuz, 90-cı illərdə müəyyən cərəyanlar yaranıbmı? Yox, heç kim və ya kimlərsə konkret bir "izm” yaratmadı. Sadəcə olaraq biz 90-cı illərdə artıq dayanmaqda olan postmodern qatarına mindik və dünyanı bu qatarın pəncərələrindən görünən mənzərələrə uyğun, o qatarda mövcud bədii-estetik ifadə vasitələrindən faydalanaraq anlamağa və əks etdirməyə başladıq”.

  Daha sonra Ə.Cahangir və A.Talıbzadənin dialoqunda Yunan mədəniyyəti, fəlsəfəsi, sofistik düşüncə və s. bu kimi cərəyan söhbətinin üstünə gəlib çıxmayan məsələlərdən fraqmentlər oxuduq. Halbuki, Ə.Cahangir söhbətə qarışıb aşağıdakı fikri səsləndirəndə ümid etdik ki, müzakirənin mövzusu hədəfə gəldi deyəsən: "Azərbaycan ədəbiyyatı istər Axundova qədər Şərq mədəniyyəti ilə, Axundovdan sonra da Qərb mədəniyyəti ilə sıx əlaqədə inkişaf etdiyindən dünya ədəbiyyatınən ayrılmaz bir tərkib hissəsidir. Məsələn, Füzuli həm Azərbaycan şairidir, həm ümumtürk şairidir, həm müsəlman, həm də dünya şairidir. Bunların heç biri digərini inkar etmir. Bu mənada Azər müəllim deyən fəlsəfə Aristotel ilə Platon deyən mübahisədən başlayır”.

  Yenə də təəssüf ki, söhbət aidiyyatsızlıqlara gedib çıxır. H.Herisçi "Olarmı müdaxilə eləyim? Yaxşı calaq eləyə bilərik”deyib növbəti təəccüb doğuracaq tezisini səsləndirir: "Bizdə ən güclü "izm” proletkultçuluqdur”. (!-İ.M) Maraqlıdır, "bizdə”-deyəndə H.Herisçi hansı xalqın ədəbiyyatını nəzərdə tutur? Ümumilikdə klassisizmi, M.F.Axundovdan başlayan modern baxış estetikasının "izm”ini, Ə.Hüseynzadə, H.Cavid, M.Hadi, A.Səhhət romantizmini, daha sonra millətin yarasına əlini qoyub onun mövcud durumunun sözünü, problemini zamanına uyğun şəkildə, daha təsiredici üslubda deyən C.Məmmədquluzadə, "Molla Nəsrəddin” məktəbinin Ü.Hacıbəyov, Ə.Haqverdiyev, M.Ə.Sabir sütunları ilə qurulmuş tənqidi realizm "izm”ini kənara qoyub ədəbiyyatımıza süni hava, nəfəs kimi gətirilən proletkultçuluğumu dəyərləndirməyimizi istəyir?

  Yenə müzakirə iştirakçıları başlayır H.Herisçinin tezisi ətrafında "düzəlişlər” etməyə. E.Akimova: "Həmid müəllim, biz gəlib o dünya mədəniyyətindən müasir dövrə çıxmalıyıq ki, dinləyicidə (?-İ.M.) ümumi bir təsəvvür yaransın ki, haradan gəlib bu postmodernizm”. Ə.Cahangir: "Həmid bəy, məsələyə tarixi baxış nəzəri baxışı inkar etmir, əksinə onu izah edir. Çünki bilməliyik ki, hardan gəlib hara çıxmışıq. Bizim əsas mövzumuz isə təbii ki, belədir90-cı illərdə Azərbaycan ədəbiyyatında necə oldu ki, postmodernizm meydana gəldi? Çünki sonuncu "izm” postmodernizmdir. Ədəbiyyatda bizim son durumumuz hələki, bundan ibarətdir. Klassik düşüncə Allaha, modern düşüncə insana, postmodern düşüncə isə heç nəyə inanmır. Biz bayaq qaldıq maarifçilikdə, yəni antroposentrist düşüncədə, o düşüncədə ki, insanın ağlı hər şeyin ölçüsü və hər şeyə qadirdir.”

  Ə.Cahangirin bu fikirlərində məntiqi cazibə olsa da, elə məntiqlə düşünəndə suallar çıxır ortaya, yəni Allaha, ya insana daha çox güvən, inam, ədəbi-fəlsəfi düşüncənin qəhrəmanı, obyekti insandırmı, yoxsa Allah?-sualının qoyuluşu özü yalnışdır. Cavab isə ondan da yalnış. Bütün "izm”lərdə dini təsəvvür və Allaha inam bu və ya digər şəkildə mövcuddur. Elə postmodernizmdə də. İnsanın baş qəhrəman rolunda olması məsələsi də həmçinin. Klassik şərq ədəbiyyatında, eləcə də Azərbaycan poetik və epik mətnlərində (N.Gəncəvi, İ.Nəsimi, Ş.İ.Xətai, M.Füzuli və b.).Sözədəbiyyat sırf dioloji ünsiyyət aspektindədir, yəni Allah və insan arasında. Nizaminin bütün qəhrəmanları, Nəsiminin "Ey özündən bixəbər qafil, oyan” nidası, Xətainin Allaha varan, yetən sufilik yolundakı obrazları, Füzulinin Allahın zərrəsi kimi ondan qopan eşq surətli aşiqləri imkan vermir deyək ki, klassik düşüncə ancaq Allaha, modern düşüncə isə yalnız insana inanırdı. Heç maarifçilikdə də ateistik məqamlar axtarmaq məqsədəuyğun deyil. Azərbaycan maarifçiliyində Bakıxanovun (inancı yolunda Fatmayı düzündə şəhid olmuş zəvvarın), Axundovun (yalnış yozumlarla ateist kimi təqdim edilən filosof-yazarımızın), Qutqaşenlinin və başqalarının cərəyan, "izm” yaratma prosesində dini təsəvvürlər aparıcı tendensiya olmayıb. Cahillik, nadanlıq, bütün növ geriliklərlə mübarizənin tənqid hədəfi heç zaman sırf əsil, mahiyyəti təhrif edilməmiş islam dini, ya bütləşdirilməmiş tanrı inancı olmayıb. Sadəcə karikaturalaşmış zəmanə tipləri arasında darğalar, bəylər, kəttalar, çinovniklər, məmurlar, cindarlar, dərvişlər, yalançı intelligentlər və s. kimi mollalar və axundlar da olub...


 "Ədəbiyyat qəzeti"