Biz imzaları yox, əsərləri dərc edirik...

Silah-kitab meydan müharibəsi
146
11 İyul 2019, 14:54
  Pakistanın İslamabaddan 130 kilometr uzaqlıqda yerləşən Darra Adem Xel adlı zonası oldu və soyuq silah bazarı ilə tanınır. Ölkədə qanuni və qeyri-qanuni bütün silahlar bu bazarda açıq-aşkar satılır. "New York Times”-ın bölgə müxbiri Harun Cancu bu bazardan olduqca maraqlı bir reportaj hazırlayıb. Reportajı cəmi üç gündə 400 mindən çox oxucunun maraq dairəsinə salan isə heç də buradakı silahlar deyil. Bu maraqlı reportaj nəhəng silah bazarının ortasında, atasının silah mağazasının yanında özünə kitab mağazası açmış Məhəmməd haqqındadır.
 
 

  Ömrünün 40 ilini silah ticarətinə vermiş atanın Pişəvəri Universitetində təhsil alan oğlu onun işini davam etdirməkdən birmənalı imtina edir. 32 yaşlı Məhəmməd "Darra Adem Xel Kitabxanası”-nı məhz burada açmaqla, kitabın cəhaləti və müharibəni yox edəcəyinə ümidini sərgiləyir. Maşın ehtiyat hissələri, musiqi ləvazimatları, qaçaqmal hissələr, silah-sursat satılan bu bazardakı rəngli, işıqlı və sakit aurası ilə gələn-gedən hamını içəri səsləyən mağazada 2500 adda nümunə var. Kitabxana-mağazanın açılışı ilə bazara yeni sinif – qadınlar və tələbələr – addım atmağa başlayıb. Ötən ilin avqustundan fəaliyyətə başlayan mağazanın sahibi deyir ki, mağazanı görməyə gələnlərin, yeni nümunələr hədiyyə etməsi xüsusilə sevindiricidir: "Mən Dubaidə uzun müddət turizm sahəsində işləmişəm. Dünyada ən sadə, ən təhlükəsiz insanlar oxumuş, görmüş insanlardır. Buradakı həmvətənlərimi əsla təhqir etmək istəmirəm. Onlar özləri də artıq buradan övladları üçün kitablar alırlar. Bəzən oxumaq üçün təmənnasız verirəm. Onların silahına qarşı öz silahımı qoydum. Bu, sülhə bir addımdır. Bütün müharibələri intellektuallar başladıb, intellektuallar bitirir”.
  Reportajla "nytimes.com” ünvanında "A library thrives, quietly, in one of Pakistan’s gun markets” sərlövhəsi ilə axtarış edərək, tanış ola bilərsiniz.
 
  Elcan Salmanqızı