Biz imzaları yox, əsərləri dərc edirik...

Siçanlaşan adamlar...
1986
05 Yanvar 2018, 09:39
 Siçanlaşan adamlar...
 
 

 
 ƏSA - azad incəsənət naminə fəaliyyət göstərən əngəlsiz, sərhədsiz bir Azərbaycan teatrıdır. Bu yaxınlarda cəmi bir yaşını qeyd edən teatrın yaranmasını bugünkü kimi xatırlayıram. Cəmi beş nəfərdən ibarət heyət gələcəyin bütün çətinliklərini gözə alıb, alışıb-yanan sənət eşqi ilə sənət medyanına atıldılar. Hazırda teatrın kollektivi xeyli böyüyüb. Bu gün ƏSA Teatrınnın kollektivində 10 nəfərdən artıq əlilliyi olan və olmayan gənc birlikdə çalışır. Təəssüflər olsun ki, ilk premyeranı (U.Şekspirin "Yay gecəsində yuxu” komediyası əsasında "Yuxu” tamaşası”) izləmək şansımı qaçırtdım, lakin tamaşanın necə anşlaqla keçdiyini sosial şəbəkələrdən gördüm. Bu dəfə isə ƏSA Teatrında ilin son premyerası olacağını eşidəndə mütləq gedecəyimi qət etdim. 
 Amerika yazıçısı Nobel mükafatçısı Con Steynbekin eyniadlı povesti əsasında "Adamlar və siçanlar” tamaşası. Quruluşçu rejissor və bəstəkar Nihad Qulamzadə, reissor Elşən Əsgərov, Aktyorlar Elvin Mirzəyev, Elşən Əsgərov, Səmayə Ağayarova, Riyad Sultanov, Orxan Adıgözəl, İmran Lalayev, Günay Məmmədova, Fərid Əliyev. Onu da qeyd edim ki, yenicə yaranmış teatr üçün ikinci işini 1000 nəfərə yaxın tamaşaçı tutumu olan Akademik Dövlət Opera və Balet Teatrının səhnəsində təqdim etmək böyük hünər və cəsarət tələb edir. ABŞ-ın Azərbaycandakı səfirliyinin maddi dəstəyi ilə hazırlanan tamaşaya gələndə məni də çoxları kimi bir sual düşündürürdü - tamaşanın adında olan siçan sözü tamaşada nə qədər "işləyəcək”, yəni həqiqətənmi səhnədə siçanlar qaçışacaq?!. 
 

 
 Tamaşadan öncə pərdə qabağına çıxan teatrın bədii rəhbəri Nihad Qulamzadə qısaca teatrın yaranma tarixindən və yaradıcılıq yolundan bəhs etdi, ardınca isə ABŞ-ın ölkəmizdəki səfiri Robert Sekuta danışaraq Amerika teatrının klassikası olan bu əsərin özlərini unudulmuş hiss edən insanlara nəzər saldığını vurğuladı. Daha sonra bu povestin ƏSA Teatrında yüksək səviyyədə hazırlandığından məmnunluq hissi duyduğunu dilə gətirərək, təşəkkürünü bildirdi və gələnləri tamaşaya birgə baxmağa dəvət etdi. 
 


 Tamaşa ilə tanışlıq... 

 Əslində, əsər sadə bir mövzudadır. Corc və Lenni ayrılmaz iki dostdur (bəlkə də dostluqdan çox Corc Lenninnin gücünə arxalanır). Onların tək arzusu şəxsi fermalarına sahib olmaqdır. Əvvəlcə işləyib pul qazanmaq, sonra sahibkar olmaq, ev-eşik qurmaq, həyətlərində Lenninin istəyi ilə çoxlu rəngbərəng dovşanlar saxlamaq. Və bu keşməkeşli yol uzun sürəcək. Düzünə qalsa, iki dost bir-birinə nə qədər bağlı olsalar da, bir o qədər fərqlidirlər. Corc cəsur, əsəbi, çılğın, realist və ağıllıdır, həyatda yaşamağı, ondan baş çıxarmağı bacarır, Lenni isə xəyalpərəst, həlim və sakit olduğu qədər, güclü, xəstədir (keçmişi unutmuş biri). Ancaq Lenninin istənilən canlıya hədsiz sevgisi sonda onu itiməsinə səbəb olur, daha dəqiq desək, Lenni yumşaq nə varsa, tumarlamağı sevir və o qədər bərk tumarlayır ki, həmin canlının məhvinə səbəb olur, sevənlərini sevgisinin qurbanına çevirir. Fermaya gələn iki dost buradakı sahibkarın oğluna ancaq iş naminə qatlansalar da, işçilərlə münasibətləri xoşdur, lakin özlərindən başqa kiməsə etibar etmirlər. Daha doğrusu, Corc heç kimə etibar etmir və Lenniyə də başqalarının yanında ehtiyyatlı olmağı tapşırır. Ferma sahibinin gəlininə aşiq olan Lenni sonda yenə də sevgisinin (ya da xəstəliyinin) qurbanı olur, var gücü ilə sevdiyi qızı bağrına basaraq öldürür. Hər şeyin fərqinə varan Corc sonda məcbur qalaraq Lennini güllə ilə öldürür... Beləliklə arzular yarımçıq qalır və xəyallar gerçəkləşmir... Əslində, hansı arzular, dərinliyə vardıqda belə yoxsul iki insanın arzularına çatması, sahibkar olması, yəqin ki, möcüzə olardı. Corc və Lenni bir-birinə tamamən əks qüvvələrdir, əgər biri oddursa, digəri sudur. Onların dost olmağının sadəcə bir səbəbi var - bir-birinə ehtiyacı olması. Lenninin gücü ilə axmaqlığını birləşdirib iş gördürərək nələrəsə sahib olmaq istəyən Corc, Lenni üçün onun omür boyu arzusunda olduğu isti evi və tumarlayacağı dovşanları olacaq bir həyatı təmin edəcəkdi...
 

 


 Aktyor seçimi...

 Tamaşanın quruluşçu rejissor Nihad Qulamzadə və rejissor Elşən Əsgərov (həmçinin tamaşada Lenni obrazını canlandırırdı) rol bölgüsünə incə və həssaslıqla yanaşmışlar. Tamaşanı seyr edərkən aktyorların oyun tərzi, həqiqətən də, səni bir anlıq Amerika hadisələrinin içərisinə salır. Dekorasiya elə qurulub ki, dağınıq bir fermanı xatırladır, hətta, bir anlıq sənə elə gələ bilər ki, oradan mal-qaradan gələn üfunət iyi də gəlir. Aktyorların fiziki məhdudiyyətli olmaları onların oyununa bir an belə olsun maneə törətmirdi. Düzünə qalsa, mənə maraqlı gələn bir məqam vardı, sanki tamaşadakı müəyyən fikizi məhdudiyyətləri aktyorlar obraza görə oynayır, onlar əlilliyi olmayan insanlardır, rol gərəyi əlil kimi hərəkət edirlər. İllərlə "siçanlaşmış” işçiləri oynayan aktyorlar qeyri-adi hərəkət və danışıqları ilə tamaşada tam bir ab-hava yarada bilmişdilər. Bəzən mənə elə gəlirdi ki, müəllif də obrazları məhz bu cür düşünüb. Hətta düşünürdüm ki, görəsən, fiziki cəhətdən heç bir problemi olmayan aktyorlar bu obrazları məhz belə dəqiqliklə yarada bilərdilərmi? 

  Maraqlı səhnələr...

 Tamaşa boyunca iki məqam daha çox diqqətimi çəkdi, əslində, bunlar ölkəmizdə gördüyümüz teatr tamaşalarında çox nadir rast gəlinən bir üsullar idi. Belə ki, tamaşa başlar-başlamaz musiqi sədaları altında bütün qəhrəmanlar sıra ilə Lenniyə yaxınlaşır və kim hansı obrazdadırsa, o obrazın əməl məntiqinə uyğun davranır, bu sanki hansısa filmin treyleri təəssüratını oyadırdı. Daha bir maraqlı həll: fermada sahibkarın oğlununun özündənrazı danışığından, əmrlərindən, təhqirlərindən təngə gələn Corc sonuncu dəfə onun hərəkətlərinə dözə bilməyib üzərinə atılır, boğmağa başlayır. Bir neçə saniyə davam edən bu səhnə anidən işıqların sönməsi və səssizliklə bitir. Salondakıları çox intizarda buraxmayan rejissor bu qaranlığın içindən yenə də deyingən ağanın səsini verir və işıqlar yanır. Bu dəfə zal gülüşə qərq olur, çünki bayaqdan olanlar sadəcə Corcun xəyalında canlandırdığı hadisələr idi. Ancaq Corc o qədər axmaq deyil və bilir ki, bunun axırı pis qurtaracaq, yenə də hirsini cilovlayıb susur.
 
 

 Tamaşa boyu gülməli, emosional, dinamik səhnələr bir-birini ardıcıl şəkildə əvəzləyərək, tempin qırılmazlığını təmin edir. Yalnız bir məqamda - yuxu səhnəsində (Lenninin yuxuda xalası Klara ilə söhbəti) tamaşanın tempi bir qədər pozulur. Həmin səhnə bir qədər qısa və yığcam təsvir edilsəydi, zənnimcə, daha yaxşı olardı.
Əslində, yumşaq hər nə varsa tumarlamağı sevən (daha çox siçanları və dovşanları), ac vaxtlarında elə hey tomatlı konserv arzulayan ağıldankəm lennilər günümüzdə də az deyil. Hər birimizin bəlkə də gerçəkləşməyən, ancaq həmin xəyalları düşünməklə təsəlli tapdığımız arzularımız da var.
Adi bir əhvalat üzərində qurulan tamaşa tam anlamı ilə bəşəriyyətə ümid və inam ismarıcını ötürür. Burada dostluğa sədaqət, istər insan, istər heyvan, istər xəstə, istərsə də sağlam - bütün canlılara sevgi aşılamaq digər əsas bir ideya kimi yansılanmışdı. Tamaşanın sonunda fasiləsiz alqış sədaları ƏSA-çıların seyrçi salonuna ötürdüyü sevginin qarşılığı idi. 
 

 
 P.S. Tamaşa boyunca zalda əyləşən eşitmə əngəlli tamaşaçıları (kar və lal) unutmayan ƏSA teatrı Nuranə Abıyevanın köməkliyi ilə surdotərcümə təqdim etmişdi. 
 
 Hazırladı: teatrşünas Nigar Pirimova
Xəbər lenti