Biz imzaları yox, əsərləri dərc edirik...

Məcnunluq missiyası – Fərid Hüseyn yazır
1791
05 Dekabr 2017, 09:45
 artkaspi.az Fərid Hüseynin "Məcnunlar və Leyli"adlı essesini təqdim edir: 



III yazı

 Füzuli "Leyli və Məcnun”nun Dibaçəsində yazacağı əsərin anlaşılmayacağından "ehtiyat edir”. Həmin vaxta qədər xeyli sayda "Leyli və Məcnun”lar qələmə alınmışdı, onların içərisində oçağ üçün məşhurları da az deyildi, bəs müəllif niyə narahat idi ki, birdən əsər doğru anlaşılmaz?  Füzuli yazırdı ki, qoy mənim bu hekayəm Məcnunun ürəyindən naqis fikirlərin tapılmasına səbəb olmasın. 
 Güman ki, Füzuli əsəri yazmağa başlayandan Məcnunun ömrünü İlahi eşqlə insani eşq arasında təsvir edəcəyini bilirdi. Əsər haqqında çoxsaylı fikir ayrılıqları, hər iki eşqdən (İlahi və insani) hansının Məcnunda daha çox var olması barədə fərqli "düşüncə müharibələri” bu gün də davam edir. Müəllif Dibaçədə dua edir, Məcnunun düzgün anlaşılmasını istəyir.  Məcnunun aqibəti onsuz da Füzuliyə irəlicədən aydın idi, bu ələmli qəhrəmanın axırı gözlənilən kimi olacaqdı. Bəs onda qəhrəmanın düzgün anlaşılması üçün dua nəyə lazım idi? Görünür, Füzuli Məcnunu əvvəlki müəlliflərin eyni adlı obrazlarıyla nisbətdə fərqli bir qəhrəman kimi yaradacağını yəqinləşdiribmiş. Məncə, Füzulinin dua etməkdə təvvəqəsi o idi, öz dövründə başa düşülməyən(fərqli olan) Məcnun, barı bu əsərdə (bu dövrdə) düzgün anlaşılsın və onun zəmanəylə "müharibəsi” hər yeni əsərlə, hər yeni müəlliflə və hər yeni oxucuyla bir də təzələnməsin...
 
  
 ***
 

 Əsəri daha maraqlı edən əsas obraz Leylidir. Çünki o çağın qadınının sevgisi və eşq tarixçəsi sonrakı dövrlərin insanları üçün maraqlı bir hekayətdi. Leyli adətlərə qarşı çıxan, məqam düşəndə hiylə ilə, yeri gələndə ağılla, bir çox hallarda əzablara düçar olaraq eşqinə can atan, vüsalın "astanası”na qədər sədləri aşa bilən bir qadın obrazıdır. Və əsərin hekayəti (hərəkəti) məhz Leylinin üzərində qurulub, əsas canatımlar ona ünvanlıdır: Bu mənada, Leyli həm öz başına gələnlərə baiskardır, həm Məcnunun yaşadıqlarına. Ona görə də əsərdəki hadisələr daha çox dərəcədə Leylinin ətrafında cərəyan edir, baxmayaraq ki, eşq timsalında mərkəzi qəhrəman Məcnundur. Məcnun isə əbədi eşq simvoludur, Leylinin hekayəti Məcnun obrazı ilə əbədiyaşar olur. Füzuli bir çox "Leyli və Məcnun” müəllifindən fərqli olaraq bu xırdalıqları çox gözəl bilir və Dibaçədə bu məsələyə toxunur: Dua edir ki (yazır ki), mənim əsərim Leylinin hekayəti kimi (aləmgir) dünyada məşhur və Məcnunun möhnəti kimi əbədi olsun... 
 
 
 ***
 
 
 Əsərin əvvəlində – Dibaçədən sonra üç bənd rübai verilir: Bu şeirlər də Allaha ünvanlanıb, dua kimi səslənir. Bu dualarda Füzuli deyir ki, İlahi, Leyli kimi sözlərimi ürəklərə yoltapan elə, Məcnun kimi şeirim ciyəryandıran olsun. Artıq bu yerdə Füzulinin məqam düşəndə Leyli, məqam düşəndə Məcnun olacağı bizə aydın olur. Deməli, müəllif Leylinin və Məcnunun üstünlüklərini özü üçün ayırd edib, hansı məqamda onların daha təsirli qəhrəman olduğunu yəqinləşdirib. Əsərin çox hissəsi Leyli və Məcnunun dilindəndir. Deməli, Füzuli Leyli və Məcnun kimi neyləyəcəyini müəyyənləşdirib: Leyli kimi ürəklərə yol tapmaq və Məcnun kimi sirayətedici olmaq. Ancaq beyindəkilərin, düşündüklərinin kağız üzərində də təsirli alınıb-alınmayacağından müəllif narahatdır və ona görə rübaidə əsərin gözəl alınması üçün Allaha dua edir. Əsərin bunca gözəl alınması Füzulinin duaların (həm Dibaçədə, həm də rübailərdə) qəbul olunmasından xəbər verir...
 

 
 ***
 
 
 Füzuli Məcnunluğu bir missiya kimi görür. Əsərdə Məcnunun dilindən verilən  qəzəllərdən birində deyilir: "Ğərəz bir ad imiş aləmdə, mən həm eylərəm bir ad”. Yəni əsas olan ad çıxarmaqdır, mən də ad çıxarmışam – rüsvay olmuşam, eşqimin səsi-sorağı el-aləmlə birdir.
 Məcnunluq eşqin sonda qalibliyinə, əzabın mükafatına inam aşılayan birinin missiyasıdır. Füzuliyə qədər Məcnunluq daha çox dərəcədə eşq tarixçəsi, sevənin aqibəti idisə, bu əsərdə missiya kimi dərk edilir. Ona görə də Füzulinin Məcnunu daha çox Məcnunluq edir. Yəni həqiqətən sevirsənsə Məcnunluq sənin missiyandır, təkcə taleyin deyil. Məcnunu bu qədər gözəl yaratmaq da şair kimi Füzulinin missiyası idi. Çünki Məcnun eşqə, Füzuli yazdığı əsərə görə daha da məşhurlaşdı – ad eylədi və qəzəldə deyildiyi kimi məqsəd ad çıxarmaqdı – ömürlük, əbədilik... 
 
 
 ***
 
 
 Məcnunla Leylinin qarşılaşma səhnələrinin birində diqqətçəkən bir məqam var: Onlar bir-birini görərkən hər ikisi bihuş olur, özündən gedir. Ancaq onların özlərinə gəlmələrində, bihuşluqdan oyanmalarında fərqli bir məqam var: Leylinin üzünə ətrafındakılar gül suyu vuraraq oyadıb evə aparırlar,  Məcnunu isə öz qanlı göz yaşları üzünə tökülərək ayıldır. Deməli, Leylini cəmiyyət, Məcnunu özü ayıldır. Onları ayıltmaq vüsal yuxusundan oyatmaq deməkdir: Leylini cəmiyyət, ətrafındakı insanlar, tabular eşqdən ayırmağa çalışır, Məcnunu "özü...” Əsərin bəlli bir məqamından sonra Leylinin yolunu ictimai mühit kəsir, Məcnun isə öz səddini aşa bilmir...
 
 
 ***
 
 Əsərin əvvəlində Leyli ilə Məcnun təndir:
 
 Girdabi-bəlayə oldular ğərq
 Qalmadı aralarında bir fərq.
 
 Eşqə qərq olandan sonra onların aralarında fərq qalmır. Eşq qəhrəmanları bərabərləşdirir. Bu Qeys ilə Leylinin tənliyidir. Ancaq Məcnun mərtəbəsində Leyli ilə Məcnun tən deyil. Məcnun başqa bir səviyyənin, ruhi halın qəhrəmanıdır. Bu əsərdə iki ayrılıq var: Leylinin Məcnundan ayrılığı və Qeysin Məcnundan ayrılığı. Bu rəmzi mənada Leyli iki dəfə ayrılıq yaşayır, bir dəfə Qeysdən ayrılır, sonra da Məcnuna qovuşa bilmir...
 
 
 ***
 
 
 Yuxarıda adı çəkilən hissədə cəmiyyət və eşq münasibətləri də aydınlaşır. Leyli ilə Qeysin bir-birini sevməsi gizli qalmır, nə qədər pünhan qılmaq istəsələr də cəmiyyətin gözündən yayınmaq mümkün olmur.
 
 
 Mərdümdən olam, demə, kənarə!
 Mərdüm göz içindədir, nə çarə?
 
 
 Yəni demə ki, insanların nəzərindən uzaq ola bilərik, onlar bəbək kimi gözün içindədir, onların əlindən hara qaçmaq olar?
Qeysi o nəzərlər, yəni cəmiyyətin gözü demək olar Məcnunluq mərtəbəsinə qədər izləyir, Leylini isə ölənə qədər. Leyli ölümlə, Qeys Məcnunluqla bu təqibdən qismən yaxa qurtarır... 
 
 ***
 
 Əsərdə əsas məqamlardan biri də Məcnunun ata və anasının öyüdlərinə cavabıdır. Bu məqamda Məcnun tam yetkin bir qəhrəman kimi qarşımıza çıxır. Əsərin süjet ardıcıllığı ilə getsək haqqında danışdığımız hissə Məcnunun Qeyslikdən yenicə "ayrıldığı”, sevgilisinin bir neçə gün qabaq dərsə gəlmədiyi günlərə təsadüf edir. Məcnun artıq səhraya düşüb və atası onu "Leyli bizdədir” deyib aldadaraq evə gətirir. Məcnun hələ İlahi eşqə qovuşmayıb, Leylinin adı gələn kimi evə qayıdır, insani eşqin vüsalına can atır. Ancaq onun Məcnun kimi aqibətini qəbul etməsi, özünü alın yazısının ixtiyarına verməsi, "ahın tüstüsünün canına hopması”, "eşqin kölgə kimi onu təqib elədiyinin” fərqində olması və bu aqibəti mərdanəliklə qəbullanması ona yetkin bir qəhrəman deməyə imkan verir. Məcnunun Məcnunluğu ilə valideynlərinin və başqalarının barışmamağının kökündə eşqi onun alın yazısı kimi qəbul etməməkləri durur. Halbuki dini düşüncənin (həm də Füzulinin zamanında) hakim olduğu bir dövrdə Məcnunluq bir aqibət, Allahın əmri kimi qəbul edilməli idi. Fəqət tərslik ordadır ki, Məcnun eşqi aqibəti kimi qəbul edir, cəmiyyət isə yox, ona görə də onu tutduğu yoldan çəkindirmək istəyirlər. Onda Məcnun onlara cavab verir ki, suyu necə axmaqdan saxlamaq olar, od necə yandırmaya bilər? Su axmasa qurumalıdır, od yandırmayacaqsa sönməlidir. Məcnun sevməyəcəksə ölməlidir. Yəni suyun missiyası axmaq, odun işi yandırmaq olduğu kimi Məcnunun mahiyyəti də sevməkdədir. 
Atası Məcnunu sağaltmaq üçün əlindən gələni edir, ancaq çarə tapılmır. Atasının axtardığı çarələr haqqında deyilir:
 
 
 Edilmədi heç birilə çarə
Nə çarə qəzayi-kirdigarə.
 
 
 Yəni heç bir əlac olmadı, Allahın saldığı qəzaya, bəlaya nə çarə olacaq. Bu fikirlər əsərdə Füzulinin sözləri kimi verilir.
Məcnun başqa bir misalla da onu eşqdən ayırmaq istəyənləri tərki-silah edir. Deyir əgər gədaya padşahlıq sərf eləsə, o heç zaman gədalıq eləməz. Ruzisi şadlıq olan heç zaman dərd-qəm yemək istəməz. İnsan alın yazısının cızdığı çevrədən kənara çıxa bilmir. Məcnunun üçün cızılan çevrə eşqdir. O cızıqdan çıxsa Məcnun olmaz. 


 
 
 Təqdir çü böylədir, nə tədbir
 Təqdiri edərmi kimsə təğyir,
 
 
 İzah edir ki, alın yazım belədir, indiyə qədər kim taleyini dəyişə bilib ki?  Məcnunu doğulan gündən tanıyan insanlar onun ata və anasıdır. Məcnunsa onlara deyir: Mən ana bətnində olanda, varlığın qələmi mənə orda surət verəndə başıma eşq həvəsi doldurub, ayağımı sevdaya bağladı. Deməli, Qeys özünü ana və atasından daha əvvəl tanıyıb. Bilib ki, hələ doğulmamış "könlünü bəlaya mülk eləyib”. Bu mənada, Məcnunu ilk tanıyan, ona sevmək missiyanı ana bətnində həvalə edən Allahdır, Məcnunu ikinci tanıyan isə özüdür. Əgər ana-atası doğulandan onun kimliyini bilsəydilər, adını Qeys yox, Məcnun qoyardılar... Qeys mahiyyətini, eşqinin missiyasını tanıdaraq özünü – Məcnunluğunu tanıdır və özünə, fitrətindəki adına qovuşur...