Biz imzaları yox, əsərləri dərc edirik...

Sevilməmək qorxusu – Nilufər Şıxlı
1606
01 Aprel 2017, 12:06
    artkaspi.az gənc şairə Nilufər Şıxlının şeirlərini təqdim edir:
 
 
 

 
Ötür günlərimiz elə ya belə...
Ümidlə-gümanla dözürük hələ
 
Şirinli-acılı xatirələr var...
Hərdən qayıdırlar uzaq yaxınlar.
 
Bəzən düyün düşür yuxuyla gerçək,
Gec-tez anlayırıq sınınca ürək.
 
Gah ovçu oluruq, gah da ki, şikar...
Azın da, çoxun da öz qaydası var.
 
Çırpıb qəlbimizi biz ora-bura,
Yaşayıb gedirik yıxıla-dura...
 
Yerlə göy arası - ilahi bir səs,
Əmrə müntəzirik istər-istəməz!


 
***
 
Əli yerdən üzülmüş, unudulmuş bir ada...
Gecənin səssizliyi ona layla çalmada...
 
Dəniz, səma və sahil - hər yan duman içində...
Gözlərim yol çəkmədə, qəlbim güman içində...
 
Ay bulud arxasında gülümsəyir kədərlə,
Yuxusuz dalğalar da barışıblar qədərlə...
 
Hər kəs dənizə küsgün – umulan da, uman da..
Hər kəs cavab axtarır bu kimsəsiz limanda.
 
Bütün gedənlər kimi dönüksən elə sən də...
Düşünürəm, yəqin ki, ölmərəm dönməsən də!..
 

 
QARANLIQDAN QORXMURAM MƏN
 

Qaranlıqdan qorxmuram ki...
Qaranlıqda yuva salan
İlanlardan qorxuram mən!
Yüksəklikdən qorxmuram ki...
Ayaqlara dolaşaraq
Uçuruma yıxanlardan qorxuram mən!
 
Adamlardan qorxmuram ki...
Adamlıqdan çıxmışlardan,
Ocaq-yuva yıxmışlardan
                      qorxuram mən!
Arzulardan qorxmuram ki...
İstəyimdə yanılmaqdan,
İnanaraq aldanmaqdan
                      qorxuram mən!
 
Qorxmuram mən yalvarmaqdan,
Qorxuram ki,
                     birdən məni duyan olmaz!
Qorxmuram mən ağlamaqdan,
Qorxuram ki,
                     göz yaşımı yuyan olmaz!
 
İtməkdən də qorxmuram mən,
Çünki geri – özlüyünə dönə bilmək
Hər insanın arzusudur!
Sevməkdən də qorxmuram mən,
Qorxum,
           yalnız,
                  sevilməmək qorxusudur!