Biz imzaları yox, əsərləri dərc edirik...

Sevginin izi ilə – Koman Şovanın şeirləri
1521
15 İyul 2020, 09:08
 Artkaspi.az saytı Xanım Aydının tərcüməsində rumın yazıçısı Koman Şovanın şeirlərini təqdim edir:
 
 SƏN GÖZƏLSƏN
 
Hə, sən gözəlsən, əlbəttə ki, gözəlsən.
Masmavi qar dənəcikləri ələnirlər göylərdən.
Mənsə sənin izindəyəm.
Deyəsən, sən də arxamca gəlirsən.
Hava axınında səni daha yaxın hiss edirəm,
Ağır-ağır yağan qartək çiynimə ələnirsən.
 
Kölgəm necə tez böyüyür, özü də susqundur yaman.
Biz xəyallarda, güllərin içində yaşayırıq hər zaman.
Səhərinsə lap sübh çağında, həyatın acı anında 
Çiyinlərimdən günahlarımı çəkib qoparıram, aman.
 
Hə, sən gözəlsən. Gəl... Yuxularım rəngbərəngdir...
Özüm istədiyim tərzdə görürəm yuxumda səni.
Mələklər qopub düşür göylərdən yerə bir-bir
Gözləməkdən cana doyur, daha üzüklər bezir. 

 
 
 

İNDİ BURDA, HƏR YERDƏ...
 
Sevgilim, yaz yanğısıyla
Yenə yanıma gəldin,
Sevgilim, incə təninlə
məni xəyalpərəst eylədin.
 
Yenə bircə bilirəm ki,
Sənin süzgün baxışların
Ulduzlarda, buludlarda, dalğalardadır.
İndi burda, hər yerdədir, yanımdadır.
Sən gəldin, yenə varam, yenə sağam...
 
 
 
DAĞ XORUZU
 
Qara meşələrdə nadir quşlar uçuşur.
Onları görmək olmur, onları ovlamaq olmur.
Bircə toy günlərində kor olurlar,
Şənlənirlər, oxuyurlar. 
 
Göylər nəğmələrinə heyran,
Onlara baş əyir kollar, ağaclar.
Böyük lələklərinin üstündə
Sönür onsuz kədərli ulduzlar. 
 
Nadir quşları ovlayan ovçular,
təbriklər, siz qalib gəldiniz.
Onun addımı küldür, sevgidir.
Qar yağdırdı gözləriniz, 
Asta-asta qarlar yağır, ruhlar ağlayır...
 
 
 
GƏZİNTİ
 
İtkin düşmüş sözlər içində gəzişirəm.
Soyuq aylı gecədə, əlim uzun ətəyimdən.
Mərmər üstündə yatmış hörümçək dəyir gözümə,
Dağılanda yollar gurultudan, uğultudan, səs-küydən.
 
Qeyri-adi gülüşləri özünə 
hopdurur üzsüz kölgələr.
Çiyinlər, əllər, gözlər qalır heyran.
Uçuşurlar böyük quşlar, 
dimdikləriylə məni dondurmaq arzular.
 
 
 
HEÇ YERDƏ
 
Bir-birimizə bağlıyıq, məkanlarla, övladlarla.
Uzaqdasan, itmisən heçlikdə, dumanlarda.
Dərinlikdə, buludlarda, xəyallarda
Yoxa çıxdın, itib-batdın, dünənki gündə qaldın.
 
Mən havada seyrəlirəm, yenidən gerçək olasan,
Mən yağış, külək altından ikicə gözəm, anlasan.
Əks-sədalar kölgəsində mən kölgəni axtarıram.
kabuslarda, səs-küylərdə, hər yerdə sənə baxıram.
 
Əlim uzun gecələrdən heç üzülmür,
Qar xəyal kimi səhərin sübh vaxtı yağır.
Alp pərilərinin bəmbəyaz saçları
Hardasa uzaq xəyallarda qalır.
 
  

ŞƏFA
 
Sahil kölgəmizin yarasını sağaldır.
başqaları da keçir həmin geniş sahildən.
Keçən gecə köhnə yuxularda yağırdı qarlar,
qaranlıq gecə, mavi qumlar...
Qan içində, alatoran obrazlarla yuxusuzluqda
Dağılmış illərdə qar, qum...
Son yaxındır.
Demək olar, lap yaxındadır...
 
 
ZƏR OYUNU
 
Duman, itmiş məkanlar 
ovcunda sevgini gizlərkən
yağışlardan canlananda
gecə də bir anlıq ölür. 
 
Qaynayan qandan tökülən yuxu kimi,
Sahildə gözəl baldırlar görüb sərxoş oluram.
Əllərim dalğalanır,
Zərlər havaya uçur.
 
Kollardan dizlərim qalxır,
Açılır üstdəki zanbaqlar.
Mənə ölü əllər sarılanda
Quşlar uçur qatar-qatar.
 
 
BARBAR POEMASI
 
Sən zahirimdə bir yarasan,
təhqir, hayqırtı, korluqsan.
Səni mən yox, içimdə ağrı istəyir.
Məndən olan dumanlı bir şey 
Sənə möhtac, səni istəyir.
 
Gecənin bağrını yar, gəl
Duaların içərisindən.
Böyük ağacların yanmış kölgəsində
Ud məni tələsmədən. 
 
 
QIZLAR ÜÇÜN İNTERNAT MƏKTƏBİ
 
Qaramat bataqlıqda yatır ağ balıqlar,
Fosfor bədənlər ipək yalanda.
Nəhəng ölçülərdə böyüyür naməlum dünyalar,
Böyüyür isti mumdan qara səhifədə tanrılar...
 
Tavandan köhnə kabuslar qalıb asılı,
Boş pəncərələrdə xatirələr sürünür.
Gənclərin cüt-cüt başları,
Bir də səma altında yonqarlar görünür.
 
Dəmir əlli əsgərləri daşıyan
Hürkmüş atlar nağıllardan atlandılar
Bəmbəyaz, buludsuz şaxtalı gecədə.
Nazik köynəkli rahibələr dualara qovuşdular.
 
 
SEVGİNİN İZİ İLƏ
 
Təbiətin qoynunda, 
Şəhərlərin içində,
Səs-küyün tam ortasında,
Qaranlıqda, gur işıqda,
Yaşının qərib çağında,
Ya da hardasa uzaqda.
Ağacların, günəşin, yağış və qarın altında
kimisə gözləyərkən skamyada,
 gözü açıq oturanda
Bir də gördün ki, gəldi gözlənilmədən.
 
Burda, içəridə ciyərlərindəki nəfəsdir O,
Mən onu yuxusuzluqdan sonrakı
seltək yağışdan tanıyaram.
Risk etmək istəyindən sonra,
səhvlərdən sonra gələn fərəh kimi
sadə sevincli hadisə kimi tanıyaram.
 
Mən hamıya deyirəm, hamıya
Onunla görüşə bilərik.
Mütləq onunla görüşməliyik.
Dünyanın harasında olursa-olsun,
Lap buludların üstündə
Biz mütləq görüşməliyik.
 
 
 
QORX
 
Doğrudan da, aşiq olan vaxtda
qorx – yalnızlıq yaxındadır.
Gizlində özün üçün
bircə künc saxla.
Qoy o ancaq sənin olsun.
Yuxusuzluq gələcək,
Bir də yuxusuzluğu zülmətə çevirən bir nəsnə.
Qorx!!!
 
 
GETMƏK
 
Saat gedir, gün gedir, qan gedir,
Səs gedir, yaddaş gedir, can gedir.
Əllər gedir, onlara yas tutub ağlayır. 
Kül içində bir-birimizi axtarır,
bir-birimizə dayaq oluruq, 
küldən bir-bir dirilirik 
və hər şey yenidən başlayır! 
 
 
SEVGİ ACISI
 
Tənha qadınların, 
bir də avara gəzən yiyəsiz itlərin
yağışları yağır.
Səhra yağışı yağır,
görünməz heykəllərlə yağır.
 
Yağışdan sonra yenə yağış yağır.
Sərhədlərin o tayında kabuslar doğulur.
Və hardasa hər şey bitən yerdə 
Yenidən ağrılar yaşanır.
Qadın havanı səsiylə,
yuxusuzluğuyla rəngləyir,
Qovaqlar toxumunu səpəndə yerə.
 
Elə burada – şəhərin tam mərkəzində
Tənhalıq yağır hər yerdən.
Sanki heç kim yoxdur,
Sanki heç nə yoxdur,
ümumiyyətlə, heç nə.
Bircə dərd var, bircə ağrı var...