Biz imzaları yox, əsərləri dərc edirik...

Sevgilimlə görüşərkən – Nəriman Həsənzadənin ilk kitabı
1189
10 Avqust 2017, 10:39

   artkaspi.az "Gənc şairin ilk kitabı” adlı layihəyə start verib.Bu layihə çərçivəsində şeirləri xalqın, oxucuların könlünə yol tapan, istedadları çoxluq tərəfindən etiraf olunmuş sevimli şairlərin ilk kitabları haqqında kiçik təqdimatla həmin nəşrdən bəzi şeirləri dərc olunur. Bu dəfə Nəriman Həsənzadənin ilk kitabından şeirlər və şəkillər oxucuların ixtiyarına verilir:

 


 


   Nəriman Həsənzadə 1931-ci ildə Qazax (indiki Ağstafa) rayonunda dünyaya gəlib. Şairin ilk kitabı "Dostlar gözləyir məni” 1956-cı ildə "Uşaq Gənclər Nəşriyyatı”nda çap olunub. 3000 tirajla nəşr olunan kitabın redaktoru Osman Sarıvəlli, rəssamı M.Qasımov, bədii redaktoru F.Quliyev, texniki redaktoru V.Qavrilova, korrektoru V.Qəhrəmanova olmuşdur.


 

   Dağ başında qar görünər

 


"Şair, nə tezqocaldın sən...”

S.Vurğun

 

 

"Şair, nə tez qocaldın sən”,

Bu sözləri oxuyarkən,

Sual verdim yerə, göyə

Ömür nə tez keçir deyə.

Qəlbimdən səs eşitdim mən –

Qoy sıxmasın səni kədər,

Dağ başında qar görünər.

 

Çıxıb gəzdim gen düzləri,

Qız yanaqlı gündüzləri.

Neçə evə ayaq basdım,

Könüllərə qulaq asdım.

Hey eşitdim bu sözləri –

Hər fəsildə axşam, səhər,

Dağ başında qar görünər.

 

Sevgilimlə görüşərkən,

Bu şeirdən söz saldım mən.

Dinlədikcə o, hər sözü

Gördüm doldu qara gözü,

Kövrələrək dedi birdən,

Qoy yanmayaq biz bu qədər,

Dağ başında qar görünər.

 

 


 

Anam dedi, oğul, şeir

Oxu görüm nədən deyir.

"Şair nə tez qocaldın sən”

Sözlərini oxuyarkən

Anam dedi "xeyr, xeyr”

Qocalmaz o nər oğlu, nər!

Dağ başında qar görünər.

 

Hara getdim birər-birər,

Tez o şeri istədilər.

Hələ gəncdir bizim şair,

Canım şair, gözüm şair,

Ona cavab yaz dedilər.

Qocalarmı böyük hünər,

Dağ başında qar görünər...

 


Yol gedirəm hələ mən

 

 

Xeyli keçmiş gecədən,

Yol gedirəm hələ mən.

Qatar yorğun adam tək,

Yeriyir tövşüyərək.

Mənzil olmamış yarı,

Nəfəsimdən tərləmiş

Kupemin aynaları.

Ağ ipək yaylığımla

Pəncərəni silərək

Gecəni seyr edirəm,

Mən hələ yol gedirəm.

Bakıyadır səfərim –

Gedirəm təhsil üçün,

Gedirəm ki, fərəhlə

Qayıdım yenə bir gün.

Həyatda gülər görüm

Qəlbimin arzusunu,

Budur, yolum uzunu

İşıqlar səpələnmiş

Gecənin qucağına,

Mən də sirdaş olmuşam

Gecənin bu çağına.

Sanki bütün yol boyu

Alışır bu işıqlar

Mənə deyir, yaxşı bax

Burada da xalqımın

Tükənməz əməyi var.

Bu zəhmət gözlərimin

Qarşısında dayanır,

Seyr etdiyim işıqlar

Mənim bu gənc ömrümün

Qarşısında da yanır.

Deyirəm ki, hünərlə

Elmin zirvələrinə

Bir yol aça biləydim,

Mən də xalqın yolunda

Kaş bircə ulduz qədər

İşıq saça biləydim.

 

 



 

Ürək dostu

 


Sakit oturmuşam axşam çağı tək,

Yaratmaq eşqiylə ürəyim vurur.

Yenə də üzümə gülümsəyərək,

Surətin canlanıb qarşımda durur.

 

Biz dostluq ələdik dörd bahar, dörd qış,

Dörd il bir partada qoşa oturduq.

(Ötən gün doğrudan şirin olarmış)

Təhsil ilini də bir başa vurduq.

 

İndi dərs deyirsən kəndinizdə sən,

Zəhmətin bəhrəsi çox şirin olur.

Dostum, sorağını aldıqca hərdən,

İnan ki, sevincdən gözlərim dolur.


Bilirəm, indi bir dostun var sənin,

Onunla bir yerdə çörək yeyirsən.

Arabir oturub axşamlar yəqin,

Məndən danışırsan, məndən deyirsən.


Mənim də az deyil dostum, tanışım,

Sevmir tənhalığı sinəmdə ürək.

Mən də istəyirəm səndən danışım,

Məndən öz dostuna sən danışantək.

 

Günlər bir-birindən yaman ötüşür,

Ömrün illəri də qalır arxada.

İnsanın həmişə yadına düşür,

Yaxın ürək dostu bizim dünyada.

 

 


 

 
    Hazırladı: Cahan Seyidzadə