Biz imzaları yox, əsərləri dərc edirik...

Sevgilim - günah otağım - Sezen Aksunun şeirləri
2176
30 İyul 2020, 10:32
 Sezen Aksunun "Eksik şiir” ("Natamam şeir”) adlı yeni kitabı işıq üzü görüb. Qeyd edək ki, məşhur müğənninin eyni adlı bir kitabı illər öncə çap olunub, bu kitabdakı şeirlər yenidir. Sadəcə eyni adlı nəşrin üzərində "Birinci kitab”, "İkinci kitab” yazılaraq fərqləndirilib. Məşhur müğənnin hər iki kitaba eyni adı ("Eskik şiir”) verməyinin səbəbi budur: Sezen Aksu kitab halında çap olunan şeirlərini əskik – natamam, yarımçıq, kəm hesab edir. Çünki onun şeirləri, sözləri musiqilərdə can tapır, həyat qazanır, musiqisiz o sözlər yarıcandır, bütöv deyil. Artkaspi.az saytı həmin kitabdan müəllifin ön sözünü və 6 şeirini təqdim edir:
 "Məndən "Eksik şiir” kitabının birincisinə ön söz yazmağı xahiş edəndə, o vaxtacan mahnı mətnləri kimi olsa da, düşünürəm ki, kifayət qədər mətn yazmışdım. Onda "ta nə demişəmsə, şeirlərimdə demişəm” deyə deyinmişdim. Ön sözə oxşayıb oxşamadığını fikir vermədən ağlıma, qələmimə nə gəlmişdisə yazmışdım. İndi də elə edəcəyəm…

 Həyat mənə, onsuz da, ürəyini boşaltmağın qeyri-adi üsulunu bəxş edib: musiqi və mahnı mətnləri yazmaq… Deyirlər ki, özünü ifadə ehtiyacının ödənməsində sözlər bədən dili və səs tonundan az vacibdir. Düz deyirlər, razıyam. Ancaq ciddi dəyər verdiyim belə ünsiyyət növləri sırasında "bir-biriylə dil tapmaq” bacarığını qiymətləndirmək şərtiylə deyilən fikirləri bölüşürəm... Şeirdən, mahnıdan, romandan yaranan duyğular nə qədər təsirli, ürəkqanadan olsa da, insanda qəddarlıq yox, mərhəmət hissi yaradır, xeyirxahlığı təlqin edir və bizi müasirliyə səsləyir. Bir insan kimi barışmağa əl yeri olmayan davalardan uzaq adamsınızsa, köntöy və tikanlı söz danışan deyilsinizsə, bu cəhətlər həyat prinsiplərinizə ziddirsə, acı sözlə kiminsə könlünü sındırandan sonra peşman olur, vicdan əzabı çəkirsinizsə, əməlləriniz sizə günahkarlıq hissi kimi qayıdırsa, belə halda mən bir-birinizlə dil tapmağın daha yaxşı yol olduğunu bir daha təsdiq edirəm.

 Bu qənaətə cavan yaşlarımda gəlmişəm. Bir söz var: Deyirlər dərdi verən Allah, səbrini də verir: Doğurdan da, bizim sənətimizlə məşğul olan hərdəmxəyal, uşaq kimi saf insanlar üçün ən təsirli, rəngbərəng həb, əlac budur.
Ağlıma və ağzıma gələni dediyim illər ərzində sözlərim musiqiyə can vermək, fikirlərim dinlənilmək keyfiyyətini qazandı… Hamımız elə bunu istəmirik? – Qulaq assınlar mənə, görsünlər məni, sevsinlər məni: İxtiyari, yaxud, qeyri-ixtiyari hamımız bunların azarındayıq… Musiqi mənim "bu dünyada mən də varam” deyə özünə əl qatan fanilərdən biri kimi ən böyük şükürümdür. Musiqi kəsiləndə, dayananda, nədənsə natamam, yarımçıq kimi görünən şeirlərim mənə artıqlamasıyla bəs etdi... Ümid edirəm ki, o şeirlər, yaxşı, ya pis gündə sizin də karınıza gələcək…
 Bu dil artıq sadəcə mənim dilim deyil, bizim hamımızın dilimizdi. 40 ildir hamımızın sınağından və fərqli mübarizələrdən keçərək təkmilləşən bir dildir, ünsiyyət imkanıdır. Uşaq xəyalıdır, amma siz də bu haqda düşünün: Danışan, qulaq asan, anlayan, insanlardan ibarət, təbiətin özü kimi təbii bir dünya necə olardı? Belə çeynənmiş cümlələr qurarkən, şəksiz ki, bir az utanıram, amma əminəm, belə fikirlər vaxt-bivaxt hamının ağlına gəlir. Aşağı-yuxarı bu dünyadan hamımızın istəyi eynidir…
Bu kitabın ərsəyə gəlməsi öz həyatıma, ölkəmizdə və dünyada baş verən hadisələrə baxdıqca, səhnəyə çıxıb mahnı oxumağın əvvəlki ləzzətinin qalmadığı vaxta təsadüf etdi. Hər halda, bu da bir dövrdür. 40 illik şeir, sənət yolunun bitəcəyində, yeni dönəmin, fərqli duyğular yaşamağın ərəfəsindəyəm. Görək, bu yol bizi hara aparır. Salamat qalın, əziz anam demişkən: "Di get, öpüldün…”

 Yoxdur
Dedim, daha yaxşı yol yoxdur inan.
Güllə kimi sürətlə uçur zaman.
Ən az nəyi itirə bilər insan,
ən çox nə qazana bilər həyatdan?
Necə ki illər keçir, gənclik çıxır əldən,
di tələs vaxt varkən, ağlını yığ başına.
Rahatlığın, yuvan, ailən-uşağın olsun,
guya nədir ki, budur həyat onsuz da.
Beləcə anladım ki, n hamısı ağıldı,
Bax bu da dünyanın ədaləti:
xeyri şərindən betərdi.
Ağladım nə xeyri, çarə yox,
Danışsam sözlərim zəhərli ox.
Yenə məni arxadan vuracaqlar,
ancaq yeriməkdən qorxuram çox.
 
 

Gözləyə bilmədin?
Necə bacardın bunu, ürəyimi dağladın.
Hələ yatağın soyumayıb, – yerin isti ocaq.
Yolumun yoldaşı, qəlbimin sirdaşı,
ruh əkizim sanarkən, sancdın küt bıçaq.
İndi sevgilər belədi? Sən də gəl növbədəki, əşi hamısı eynidi?
Dünya yəni bu qədər dəyişib, mən sevmərəm belədirsə.
Çırpdım dünyanın sifətinə bütün ali zövqlərimi,
Satmaram ruhumu, qəlbimi yorası deyiləm kimə görəsə.
Gözləyə bilmədin, üç-beş ay keçsin,
heç olmasa ayrılığın ili çıxsın?
 

Göz-bəbəyim
Nə keçən ömrü, nə də gedəni,
Geri qaytarmaq gəldi əlimdən.
Yenə də eşqi çıxara bilmərəm,
Bu yorğun ürəyimdən.
Hər şey buracan idimi?
Hər şey dünən oldu birdən.
Qaç qaça bildiyin qədər,
Xilas yox aqibətin əlindən.
Ömür beləcə xərcləndi.
Sıfırdan başla yenidən.
Qaç qaça bildiyin qədər,
ağıl anlamır qəlbin dilindən.
Göz-bəbəyim, heç olmasa
bir az daha gözlə, dur.
Qoy o çamadanı yerə,
yavaş-yavaş vur.
 

Vaxt çatdı
Bilirdim, bizimki alınmaz,
Qadağan olunmuş meyvəmdin,
Gec-tez axırımız bəlliydi,
İlk andanca əlvidamdın.
Ürəyim baxmadı sözümə,
Bacarmadım, üz çevirə bilmədim.
Sevdim səhvimi, günahımı,
Özümlə dil tapa bilmədim.
Axır ki, vaxt gəlib yetişdi,
Qəm yemə, çox ağlama,
Sevgilim – günah ortağım, salamat qal
İnanmıram, bir də belə bəla gələ başıma.
 

Aldadıldıq
Bizə gör nələr, nələr öyrətdilər
sevgilər haqqında.
Aldadıldıq,
sevgi deyilənlər kimi deyil.
Necə nağıllar danışdılar, laylalar dedilər
dünya barədə.
Aldadıldıq,
dünya deyilənlər kimi deyil.
Aram-aram neçə-neçə nəsillər çıxdaş oldu bu yollarda,
Bəzilərimiz məhv olmuşuq, bəzilərimiz bir təhər yaşayırıq.
Qolu-qanadı qırılmış quşlar kimiyik yad diyarlarda,
Bizə səadət nəsib olub indi, qaçmış yuxularda.
Qəlbin danışsın
Burax xəyalları, burax uçsun,
həyat gözləmir, bilirsən,
Sözləri azad et,
ən uzun məsafələrə qaçsın.
İndi sənə çox yaxındı uzaq,
qoy əllərin danışsın, –
sözlər mənasına qovuşsun.
 
Türkiyə türkcəsindən uyğunlaşdıran: Fərid Hüseyn
 
qafqazinfo