Biz imzaları yox, əsərləri dərc edirik...

Sevgi heç vaxt ölmür – Paulo Coelhonun hekayəsi
1383
14 Avqust 2018, 17:50
 Artkaspi.az Paulo Coelhonun "Bulud və qum təpəsi" adlı hekayəsini təqdim edir: 
 

 
 Bir balaca bulud Aralıq dənizinin ortasında böyük bir tufanın içində dünyaya gəlmişdi. O dənizdə çox vaxt keçirə bilmirdi, çünki güclü külək bütün buludları Afrika istiqamətinə qovurdu. 
 Buludlar Afrika qitəsinə çatanda iqlim dəyişdi. Günəş səmada şəfəq saçır, istiliyini hərə tərəfə yayırdı. Sahara səhrası uzandıqca uzanırdı. Külək buludları cənub tərəfdəki meşələrə doğru qovurdu, səhra üstündən keçdikləri müddətdə bir dəfə də olsun yağışa dönməmişdilər.             
 Uşaqlar necədirsə, balaca, təzəcə doğulmuş buludlar da elədir. Balaca bulud valideynlərindən, böyük dostlarından ayrılmağı, dünyanı səyahət etməyi qərara aldı. Külək balaca buludun bu hərəkətini görüb onu danladı:
 

 
 – Sən nə edirsən? Səhrada maraqlı heç nə yoxdur. Qayıt get valideynlərinin yanına, biz tezliklə mərkəzi Afrikanın üstündən keçəcəyik, orda çoxlu dağlar və qalın meşəlik var. 
 Ancaq təbiət etibarilə üsyankar olan balaca bulud küləyin sözünü vecinə almadı. O yavaş-yavaş aşağı endi, nəhayət, çox aşağı enib qızılı qumların üstü ilə uçdu. O bir qədər uçandan sonra gördü ki, bir topa qum təpəsi ona baxıb gülümsəyir. Balaca bulud gördü ki, bu qum təpəsi də balacadır, lap bu yaxınlarda külək əsəndə dünyaya gəlib. Onu görən kimi qum təpəsinin qızılı saçına aşiq oldu. Qum təpəsinə yaxınlaşıb dedi:
 – Sabahın xeyir! Burda həyat necədir?
 – Mənim burda bulud dostlarım var, burda günəş, külək var, tez-tez yanımızdan dəvə karvanları gəlib keçir.   Hərdənbir çox isti olur, ancaq birtəhər dözmək olur. Bəs bu yerlərin yuxarısında yaşamaq necədir?
 – Düzdür, yuxarıda da günəş və külək var. Amma mən lap yuxarıda, göy üzündə də uçuram və ordan baxanda çox şey görürəm.
 – Mənim həyatım çox qısadır, – qızılı qum təpəsi dedi. – Meh meşələrdən geri qayıdan kimi mən yox olacam. 
 – Buna görə məyus olursan? – balaca bulud soruşdu. 
 – Bəli, mənə elə gəlir ki, həyatımın mənası yoxdur. 
 – Mən də elə düşünürəm, – balaca bulud dedi. – Külək əsən kimi məni qovub cənuba aparacaq, mən orda yağışa dönəcəm. Neynəmək olar, bu, mənim taleyimdir
 Qızılı qum təpəsi duruxdu, sonra özünə ələ alıb dedi:
 – Sən heç bilirsənmi biz burda, səhrada yağışa cənnət deyirik?
 – Yox, bilmirdim. Heç ağlıma da gəlməzdi ki, mən yağışa dönsəm səhrada məni vacib bir şey hesab edərlər, – balaca bulud fəxrlə dedi.
 – Mən yaşlı qum təpələrindən saysız-hesabsız əfsanələr eşitmişəm. Hətta onlar deyir ki, yağışdan sonra bizim üstümüz yaşıl otlarla, gül-çiçəklə örtülür. Heyf, mən heç vaxt bunun nə demək olduğunu bilməyəcəm, çünki səhrada çox nadir hallarda yağış yağır. 
 Bu dəfə duruxmaq balaca buludun növbəsi idi, ancaq o duruxmadı, gülümsədi:
 – Əgər istəyirsənsə mən indi yağışa dönüb sənin üstünə yağaram. Mən bura yenicə gəlməyimə baxmayaraq səni sevirəm, çox istərdim ki, əbədi olaraq səninlə bir yerdə qalım.
 – Mən də ilk dəfə səni göy üzündə görən kimi sənə heyran oldum, – qum təpəsi dedi. – Ancaq sən özünün o qəşəng saçını yağışa çevirsən öləcəksən.
 

 
 – Sevgi heç vaxt ölmür, – balaca bulud dedi. – Sevgi yalnız bir formadan başqa formaya çevrilir. Mən sənə cənnətin nə olduğunu göstərmək istəyirəm. 
 Bircə anın içində bulud yağışa döndü, balaca yağış damcıları qum təpəsinin üstünə axdı, onu tumarladı, əzizlədi. Onlar göy üzündə göy qurşağı peyda olanadək bir yerdə qaldılar.
 O biri gün qum təpəsinin üstü qəşəng çiçəklərlə örtülmüşdü. Afrikaya tərəf uçan buludlar ordan keçəndə elə bildilər ki, onların axtardığı meşəlik elə oradır. Onlar da yağışa dönüb qızılı qum təpəsinin üstünə yağdılar. 20 ildən sonra balaca qum təpəsi oazisə çevrildi, səyahətçilər ordakı ağacların kölgəsində dincəldilər. 
 Buna səbəb balaca bulud idi, o, öz sevgisi üçün özünü qurban vermişdi. 
 
 İngilis dilindən tərcümə edən: Sevil Gültən