artkaspi.az teatrşünas Nigar Pirimovanın "Koroğlunun Nigarı" adlı yazısını təqdim edir:
Qəhrəmanlar
heç zaman ölmür, heç zaman unudulmurlar. İllər, əsrlər keçsə də, adları və
əməlləri dildən-dilə, nəsildən-nəsilə ötürülür, rəvayətlərdə, dastanlarda
əbədiləşir. Bütün dünyaya məlumdur ki, türklər necə igid və qorxmaz millətdir.
"Türk dünyası” deyəndə əlbəttə ki, içi biz azəri türkləri daxil bütün türk
dünyasını nəzərdə tuturam. Öz xalqının qeydinə qalan, onu
düşməndən hər zaman qoruyan neçə igid ərlərimiz var ki, günü bu gün də onlar
adlarda, dastanlarda yaşayır və yaşayacaq. Onlardan biri də uşaqdan böyüyə hər
kəsin əzbər tanıdığı, dastanını dəfələrlə oxumaqdan usanmadığı Koroğlu – Alı
kişinin oğludur.
Bir
müddət öncə xəbər verdiyimiz kimi Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrı
Bakı Yunis Əmrə İnstitutu ilə birgə "Koroğlu” dastanının motivləri əsasında
"Eşqi-Nigar” tamaşası hazırlayırdı. Nəhayət, həsrətlə gözlədiyimiz tamaşa
noyabr ayının 14-ü teatrsevərlərə təqdim olundu. Tamaşa başlamazdan öncə
teatrın direktoru əməkdar artist Mübariz Həmidov Yunis Əmrə İnstitutunun direktoru
ilə birgə səhnəyə çıxaraq həm gələn qonaqları salamladı, həm də tamaşanın necə
ərsəyə gəlməsi barədə qısa məlumat verdi.

Adından da göründüyü kimi tamaşada dastanın bütün
hissələri deyil, ancaq Koroğluya atası Alı kişinin vəsiyyəti, Nigarın yuxuda
Koroğlunu görüb aşiq olması, onların sevgi macəraları, Nigarın Çənlibel həyatı
və övladlığa götürdükləri Qəssab oğlu Eyvazla bağlı səhnələr yer almışdı.
Tamaşada daha çox, hətta, deyərdim tamamilə hadisələr önə çıxarılmışdı, yəni
dekorasiyadan minimalist istifadə sayəsində tez-tez rast gəldiyimiz bomboş
səhnə bu tamaşada da hadisələrin hansı yöndə cərəyan edəcəyinə seyrçinin
marağını daha da artırırdı. Əslində onu da qeyd edim artıq bir neçə dəfə olub
ki, Yunis Əmrə İnstitutunun hansısa teatrla müştərək tamaşasını görmüşəm və
qəribədir hamısında eyni halla rastlaşmışam. Belə tamaşalarda müəyyən
məqamlarda tamaşalarda dekorlardan imtina olunur. Bununla da seyrçi sanki tam
olaraq yalnız səhnədə baş verən həmin ab-havaya köklənir. Bu tamaşada da belə
idi.
Gənc rejissor Ayla Həşimovanın quruluşunda
hazırlanmış "Eşqi-Nigar” tamaşasında da dekorlardan və xüsusi geyimlərdən
imtina olunmuşdu. Doqquz üstəgəl bir prinsipini əsas götürən rejissor (burada
Koroğlu və dəliləri daxil olmaqla ümumiləşdirilmiş doqquz aktyor və Nigar
xanım) bəzi səhnələrdə dastanın digər obrazlarından istifadə etmişdi. Obrazları
Manaf Dadaşov (Koroğlu), Zülfiyyə
Alhüseynova (Nigar), Aydın Dəmirov,
Eyvaz İbrahimov, Ramiq Nəsirov, İlham Əsədov, Anar Seyfullayev, Ramil Məmmədov,
Elgün Yəhyayev və Vahid Orucoğlu canlandırırdı. Tamaşa boyu azəri aktyorları
çıxış etsələr də, səslənən türk musiqiləri istər eşq səhnələrini, istərsə də,
iztirab anlarını türksayağı etmişdi. Həmin anlarda musiqi səni öz sehri ilə bir
dərvişsayağı auraya salırdı. Ən sonuncu belə bir hissi "Aşka Yoluculuk”
tamaşasında yaşamışdım və o tamaşa da məhz Yunis Əmrə İnstitutu ilə birgə
layihə əsasında Musiqili Teatrın səhnəsində göstərilmişdi. Bəzən Koroğlunun
Nigarla dərdləşmə səhnələri hətta, mənə həmin tamaşadakı bəzi səhnələri
xatırladırdı. Təbii ki, bu, müştərək layihə olduğundan Yunis Əmrə İnstitutunun
da istəyi nəzərə alınmışdı. Və mənə bir daha aydın oldu ki, belə müştərək
tamaşalarda qəhrəmanların eşqinə fövqəl, əlçatmaz, pak və tərtəmiz bir sevgi
kimi baxırlar. Onlar üçün sevgi geyim, bər-bəzək, dekorlardan ibarət deyil, bu,
sadəcə hisslərin duyulduğu, sözlərin deyildiyi, gözlərin danışdığı bir məqamdır.

Əslində
biz dastandan oxuyub təsəvvürümüzdə canlandırdığımız Koroğlu (Manaf Dadaşov)
tamaşadakından tamam fərqlənirdi. Ancaq maraqlısı budur ki, bu yenilik çox
gözəl düşünülmüşdü. Eynən dastandakı kimi enlikürək, bir oturuma neçə qazan
xörək yeyən Koroğlunu görsək, bəlkə də, bir növ tarazlıq pozulacaqdı. Tamaşanın
əsasını sevgi təşkil etdiyinə görə seçilmiş Koroğlu obrazı uğurlu bir tapıntı
idi desək qəti yanılmarıq. Manaf Dadaşovun yaratdığı Koroğlu Nigarına olan
sevgisini elə həssas, elə incə, elə düşüncəli təqdim edirdi ki, Nigarın niyə
belə bir insana aşiq olduğunu tamamən açıqlayırdı. Düşmənlə üz-üzə gəldikdə üzündə
yaranan qəzəb, gözlərindəki kin, övlad acısını ürəyində saxlayanda çatlanmış
qaşları, ona dost, qardaş deyərək əlini uzadan hər bir kəsə ürəkdən bağlanan
Manaf Dadaşovun Koroğlusu obrazın hər məqamdakı xırda nüanslarını belə
tamaşaçıya həssaslıqla tam çatdıra bilirdi.
Tamaşanın adını eşidəndə məni ancaq bir sual
maraqlandırırdı – görəsən rejissor Nigar roluna kimi seçəcək? Əslində bu bir
qədər çətin idi, özlüyümdə teatrın aktrisalarını fikirləşirdim amma müəyyən edə
bilmədim. Afişada Nigar obrazının Zülfiyyə Alhüseynovanın canlandıracağını
görəndə həm təəccüb etdim, həm də daha da səbirsizləndim. Zülfiyyə xanımı ən
son iki obrazı gözlərim önündədir – biri "Lineyn Trilogiyası”ndan "Gözəllik
Kraliçası” tamaşasından, o biri də "Buratino”dan Tülki Alisanın obrazı.
İkisində də düzgün seçim idi. Aktrisanın özünəməxsus manerası, səs tembri,
xarakterik cizgiləri mərd, kəskin, yeri gələndə kobud, bəzənsə hiyləgər
obrazlarında əvəzolunmaz alınır. "Eşqi-Nigar”da bir daha buna əmin oldum. Bu
qədər dəlilərin arasına padişah qızı kimi yox, Koroğlunun Nigarı kimi gələn
xanımı oynayan Zülfiyyə Nigarın mərdliyini, sevgisini, emosionallığını və
qorxmazlığını tamaşa boyu anbaan sərgilədi. Başını hər zaman dik tutan, yalnız
Koroğlusu qarşısında əyilən, sevgidən gözləri parlayan, amma övlad acısından
ürəyi yara bağlayan, oğul deyib bağrına basdığı Eyvazın adını dara düşəndə dəli
kimi sayaqlayan, ata yurdunun həsrətini sakitliklə dilinə gətirən, sonda
Koroğlusunun sazını başı üstünə qaldırıb bir növ xalqına miras kimi verən Nigar
məhz oxuyub, dastanlardan tanıdığımız mərd qızlarımızdan birinin nümunəsi idi.

Tamaşanın sonunda Koroğlu sanki bu günlərə bir
anlıq baxır, tüfənglərin, başqa silahların olduğu bu zamanənin onun olmadığın
deyir:
Titrəyir əllərim, tor görür gözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Dolaşmır dəhanda söhbətim, sözüm,
Mənmi qocalmışam, ya zəmanəmi?
Sonda göydən ələnən qar
dənəcikləri içərisində əllərini göstərən Koroğlu düşmən üzərinə hər zaman bu
əllərlə getdiyini, qolundakı gücüylə qalib gəldiyini deməklə bir növ bugünkü
savaşlara, haqsız qanlar tökən millətlərə səslənir.
İgid ərlərin dövründə kişilər
üz-üzə döyüşərdilər, ancaq indi kəşf olunmuş silah və bombalarla günahsız
insanların öldürülməsinə bir üsyan edib Nigara zəmanədən şikayətlənir. Bu
səhnədə isə Koroğlunun monoloqu səslənərkən arxa monitorda dünya savaşları,
onların nəticələrini izləyirik. Lakin "Hər qaranlıq gecənin bir işıqlı sabahı
var” məsəlini əsas götürən rejissor dahi Üzeyir Hacıbəylinin möhtəşəm "Koroğlu”
uverturasını səsləndirməklə qəhrəmanların hər zaman olacağını, düşmənlərə zəfər
çalacağını eyham edir...