Biz imzaları yox, əsərləri dərc edirik...

Səslə-rənglə ifadə olunan istedad
1078
27 Noyabr 2018, 11:05
  Cənubi Azərbaycan rəssamı Vədud Müəzzinin yaradıcılığı haqqında...

  Dünyanın məşhur səs saxlancından az-çox xəbərdar olanlara "Müəzzinzadə” soyadı çox yaxşı tanışdır.  Belə ki, müsəlman dünyasının ötən əsrin ikinci yarısına təsadüf edən bütün dini mərasimlərində ucalan səs bilavasitə mərsiyə və növə ustası Rəhim (1925-2005) və Səlim (1936-2016) Müəzzinzadə qardaşlarına məxsus olmuşdur.
 
 
 
  İran radiosunun ilk müəzzini olan ataları Əbdülkərimdən aldıqları səs sənəti dərsini onlara bəxş olunan səksən illik  ömür payında şərəflə yaşadan Rəhim və Səlim zamanında İranın ən məşhur şəxsiyyətlərindən olublar, desək, yanılmarıq. Bunun kökündə isə onların səslərinin müsəlman-İran incəsənət tarixinin ayrılmaz parçası olması, "Bayatı-Türk” və "Mahur” üstündə oxuduqları azanın şaşırdıcı təsir gücünə malik olması dururdu. Onlar kiçik qardaş Səlimin ailəsində dünyaya gələn (1958) Vədud adlı oğlan uşağının səsindəki ecazkarlığı duyanda Müəzzinzadələrin "səs estafeti”nin layiqlə davam etdiriləcəyindən rahatlıq tapmış oldular. Amma zamanı yetişəndə öz istedadını həm də rənglərə sevgisində ifadə etməyə imkan tapan Vədud atasına və əmisinə "ortaq” olmaqdan vaz keçməyə qərar verir. Bunun ardınca isə o, İranda və Türkiyədə rəssamlıq üzrə ixtisas təhsili almaqla müstəqil yaradıcılığa-özünüifadəyə qədəm qoyur. Beləcə, dünyanın məşhur miniatür ustalarının yetişdiyi torpaqda sonralar cənubun yeni sənət ulduzuna çevriləcək  rəssam yetişməyə başlayır. Bu prosesdə ən qəribəsi Vədudun məşhur təbrizli sələflərinin yolu ilə getməməsi olmuşdur. Onu heç yaxından tanıdığı Türkiyədə, eləcə də Avropa və Amerikada hər addımda qarşılaşdığı "müasir sənət” yönümləri də özünə cəlb edə bilməmişdir. İranın sənət məkanına bələdçiliyimizin qarşısında deməliyik ki, əslində gənc rəssamın seçdiyi yaradıcılıq yolu çox risqli idi. Başqa sözlə desək, Vədudun ona qədər Avropa və rus-sovet rəngkarlığında mövcud olan realist-gerçəkçi bədii prinsipləri yeni çalarlarla zənginləşdirə biləcəyi sual altında idi. Etiraf edək ki, çoxları kimi elə onun özü də bəzən səslə rəngin qovuşduğu sənət dünyasının yaxın gələcəyinə bir qədər şübhə ilə yanaşırdı. Onun bir əli fırçalı hərdən Bakıya yollanması və görkəmli muğam ustası Ağaxan Abdullayevdən dərs almasında da həmin "şübhələrin” reallaşacağı təqdirdə alternativ addım ata bilmək istəyi dururdu.
 
 
 
  Amma gecə-gündüz çəkilən zəhmət tezliklə öz bəhrəsini verdi və o, İranda həm qavalı, həm də palitrası ilə tanınan yaradıcıya çevrildi. Onun əsərlərinin İran şəhərləri (Təbriz, Urmiya, Rəşd, Ənzəli Ərdəbil) ilə yanaşı, bir çox dünya ölkələrində (ABŞ, Kanada, Fransa və s.) uğurla nümayişi də daha çox miniatür üslublu əsərləri ilə tanınan məkana yerli sənət ənənələrinə fərqli bədii çalar bəxş edən realist-gerçəkçi bir sənətkarın gəldiyini təsdiqlədi. Yaratdıqlarını İrandan heç də az tanınmadığı Azərbaycanda nümayiş etdirmək onun ən ülvi arzularından biri idi. Ən nəhayət, Azərbaycanın müstəqillik əldə etməsindən sonra baş tutan bu yaradıcılıq hesabatına Vədud rəssam-xanəndə kimi gəlmişdi. Onun 2002-ci ildə Milli Azərbaycan İncəsənəti Muzeyində təşkil olunan fərdi sərgisinin açılışında Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev də iştirak etmişdi. O, sərginin ekspozisiyasındakı əsərlərlə, eləcə də özünün gənc rəssam tərəfindən çəkilmiş portreti ilə tanış olandan sonra onun səsinə də qulaq asmışdı. Ulu öndərin həmin  görüşdə söylədiklərindən: "Mən çox sərgilərə baxmışam. Hər sərginin öz yeri var. Heç birini digəri ilə müqayisə edib demək istəmirəm ki, bu yaxşıdır, o yaxşıdır. Yox. Amma bugünkü sərgi məndə çox böyük təəssürat oyatdı. Bu əsərlərin hər biri bizim dostumuzun, gənc rəssamın nə qədər böyük istedada malik olduğunu göstərir. Eyni zamanda, nə qədər fədakar insan olduğunu sübut edir. Sərgidə  kiçik bir əsər var. Şubert haqqında bu cür əsəri kiçik bir yerdə elə yaradıb ki, adam məəttəl qalır ki, bunu necə yaratmaq olar. Mən çox sevinirəm, çox şadam. Bilirsiniz ki, belə sərgilərə gəlməyə mənim çox vaxtım yoxdur. Ancaq mənə xəbər vermişdilər ki, sən gələcəksən və burada sənin sərgin açılır. Dünən də mənə sərgidə nümayiş etdiriləcək işlər barədə bir az məlumat verdilər. Baxmayaraq ki, bu gün mənim işim həddən çoxdur, amma bu sərgiyə gəldim. Hər bir əsərə diqqətlə baxdım. Heç bir əsərin yanından keçmədim. Bəzən olur, sərgiyə gedirsən əsərlərin birinə, ikisinə baxırsan, hiss edirsən ki, ümumi təsəvvür var. Amma burada təkcə ümumi təsəvvür məsələsi deyildir. Onsuz da bir neçə əsərə baxandan sonra artıq məndə təsəvvür yarandı. Burada mən hər bir əsərə baxmaq istəyirəm. Onun incəliyini, təbiiliyini görmək istəyirəm. Ona görə də xeyli vaxtdır ki, mən buradayam. Amma mən buna vaxt itirdiyimə görə şadam.
 
 
 
  Şadam ki, bu sərgini gördüm. Demək, Azərbaycan xalqı, – indi müstəqil Azərbaycanda da, İranda da, – bütün İran xalqı yüksək istedada malikdir. İndi biz bölüşdürə bilmirik ki, Şəhriyar kimindir. Təbiidir ki, Azərbaycanındır. Eyni zamanda, o, İranındır. Xətai kimindir? O, İranın və Azərbaycanındır. Belələrini çox saymaq olar. Vədud da İran vətəndaşıdır, rəssamıdır, amma azərbaycanlıdır. Demək, İranda çox millətlər var, azərbaycanlılar da var. Azərbaycanlılar öz istedadını bu cür nümayiş etdirən, Şərq aləminə indiyə qədər uyğun olmayan Avropa üslubunda belə əsərlər yaradan rəssam yetişdiribdir. Əziz dostum, mən səni təbrik edirəm. Mən sənin əsərlərindən çox böyük həzz aldım. Güman edirəm, burada sərgiyə gəlib maraq göstərənlər, baxanlar çox olacaqdır. Sən gəncsən. Neçə yaşın var? 
  –  VƏDUD MÜƏZZİN: 41 yaşım var. 
  –  HEYDƏR ƏLİYEV: 41 yaş... Ən gözəl yaşdır. Çünki mən bu yaşların hamısını keçmişəm. Bu, ən gözəl yaşdır. Ona görə vaxtı itirmə, işini davam etdir. Yaxşı oxuyursan, səsin yaxşıdır. "Segah” da mənə ləzzət verdi. O da pis deyildir. Hərdən bir oxu ki, ilham alasan. Amma vaxtının çoxunu bu işə sərf et. Çünki bu, oxumaqdan daha da vacibdir. Oxuyanlar çoxdur. O tərəfdə də, bu tərəfdə də, o tayda da, bu tayda da çoxdur. Amma belə əsərlər yaradanlar o qədər də çox deyildir. Xüsusən, İranda. Elədirmi? Cənab səfir düz deyirəm. 
 
 
 

  – ƏHƏD QƏZAİ/İranın Bakıdakı səfiri: Bəli. 
  – HEYDƏR ƏLİYEV: Səni təbrik edirəm, cansağlığı arzu edirəm. Mənim haqqımda əsər yaratdığına görə də təşəkkür edirəm və demək istəyirəm ki, çox dəyərli bir əsərdir. Yəni rəssamlıq ustalığı nöqteyi-nəzərindən dəyərlidir. Sənə təşəkkür edirəm”.
  Bu sərgi Vədud Müəzzinin Azərbaycanda sonuncu hesabatı olmadı. Belə ki, onun 2014 və 2018-ci ildə Bakıdakı Muzey Mərkəzində böyük marağa səbəb olan yeni fərdi sərgiləri təşkil olundu. Ekspozisiyasına 85 əsərin daxil edildiyi son sərgi onun yaradıcılığının bütün zənginliyi ilə duymağa imkan verdi, desək, yanılmarıq. Onun müxtəlif janrlarda ərsəyə gətirdiyi rəngkarlıq tabloları dünyaya "Vədud baxışı”nın estetikası barəsində müəyyən fikir söyləməyə əsas verir…    
 
 
 

 Əgər mövcud olan bütün üslub və cərəyanların mayasında realizm ənənələrinin dayandığını etiraf etməli olsaq, onda bu "çərçivə”yə yeni çalarlar əlavə  etməyin çox çətin olduğunu da vurğulamalıyıq. Bu yerdə deyək ki, realizm üslubunda əsər yaratmağın asan olduğunu düşünənlər yanılırlar. Əgər qədim zamanlardan XX əsrə qədər yaradılanların bilavasitə rəssamların realizm ənənəsinə tapınaraq  ərsəyə gətirdiklərini  söyləməli olsaq, bu uzun əsrlər boyu bizi öz sehrinə salan həmin əsərlərin həmin məlum estetikaya özünəməxsus çalarlar əlavə edilərək ictimailəşdirildiyini deməliyik. Həmin əsərlərdə real obyektə-qaynağa fərdi və fərqli münasibət göstərildiyindən zaman-zaman  bizə tanış olanlar yeni və duyğulandırıcı görünməkdədir. Elə Vədudun realizmə münasibətində də biz hamımıza məlum olanlardan seçilən estetika nümayişi gördüyümüzdən, onlar cəlbedici və təsirli görünməkdədirlər. Bununla belə, müxtəlif janrlı həmin əsərlərin bədii tutumunda miniatür və muğam ruhu duyulmaqdadır. Rəssamın realizm çalarlarına bələdiyi həmin şaşırdıcı estetik nüanslar rəng uyarlılığında və yaxı ritmində hifz olunmaqdadır. Ona görə də gördüklərindən heyrətlənməyi bacaran və bundan usanmayan rəssamın inanılmaz dərəcədə gerçəkçi olan realizmi özünəməxsusdur…
 
 Ziyadxan Əliyev