Biz imzaları yox, əsərləri dərc edirik...

Şərqin “Kafka”sı Sadiq Hidayət
465
21 Yanvar 2020, 10:39
  İran ədəbiyyatında çağdaş nəsrin banilərindən, regional ideyanı dünyəviliyə qovuşduran yazıçı Sadiq Hidayət Şərqin "Kafka”sı kimi təqdim edilir. Həyatı haqqında ilk nəzərə çarpan məlumatlar depressivliyi və tiryək aludəçiliyi haqqındadır. Pəhləvi, sanskrit dilləri üzrə mükəmməl bilgisi, rəssamlıq bacarığı ilə həmsöhbətlərini heyrətləndirən, bütün bədii istedadını ölkəsinin folklorunu dünyaya tanıtmağa, İran ədəbiyyatını dünya ədəbiyyatının çağdaş axınlarına qoşmağa sərf edən və bütün bunların qarşılığını senzura ilə, siyasi təzyiqlərlə alan Sadiq Hidayət də təəssüf ki, layiq olduğuna sağlığında sahib olmamış nakam söz ustalarındandır. Bu il "kirkus” oxucularının "100 dünya insanı” siyahısında yer verdiyi Sadiq Hidayət haqqında: 
 
 

  ·       Seyyid Əli Cəmalzadədən sonra İran ədəbiyyatının ikinci ən nüfuzlu maarifçisi hesab edilir.
  Hassan Qaemian tərəfindən toplanaraq, sərgilənən tabloları "gələcəyin rəsmləri” adlandırılır.
  ·       Özünü hər zaman dünyanın axışına ayaq uydura bilməmişlərdən hesab edib – "Nə bir vəzifəm var, nə də bir işəyarar diplomum”.
  ·       Zəmanəyə qatı və öldürücü ironiya ilə düşmən kəsilənlərdən idi – Əsas odur ki, itaətkar və çoxüzlü olun, insanlara tez həmsöhbət olun, süni təbəssüm inkişaf etdirin. Dövr üçün belə şeylər şərtdir, ayaq uydurun.
  ·       Ölkəsinin geriləməsinin əsas səbəbi kimi gördüyü monarxiya və dindar sinfi tənqid etdiyi üçün bütün əsərləri qadağan olunub.
  ·       25 yaşında Parisdə bir sahildə suya atılaraq, intihara cəhd edib. Lakin hadisəni görən bir qayığın köməyi ilə xilas olub – "Daimi ölüm arzusunun səbəbi heç bir yerə aid ola bilməməkdir”.
  ·       Ölüm Sadiq Hidayətin əsərlərində ən zərif, ən xoş, ən bədbin mədhiyyələrlə təsvir olunur – Həyat bir aldanışdır, bizi ölüm xilas edir. Ölümün yalanı yoxdur.
  ·       1951-ci ildə Parisin ən gözəl evlərindən birini kirayələyir, bütün dəlikləri tıxayıb, qaz balonunu açır. Əlyazmalarını yandırır, çimir və yeni paltarlar geyinib, ölür – Gözlərimi sabaha bağlamaq, keçmişi unutmaq istəyirəm.
  ·       Ədib Fransada, "Pere Lachaise” məzarlığında dəfn edilib.

  Hazırladı: Elcan Salmanqızı