Biz imzaları yox, əsərləri dərc edirik...

"Sərələnən Bella" Orxan Vəlinin bir şeirinin tarixçəsi
1197
17 İyul 2017, 08:26
  artkaspi.az Orxan Vəlinin "Sərələnmiş Bella" şeirinin tarixçəsini təqdim edir:
 
  

  Bir bukinistdən Muvaffak Sami Onatın "Gəl gör ki” şeir kitabını almışdım. Kitabın imzalı olmaqdan əlavə bir üstünlüyü də hər şeir olan səhifəyə həmin şeirin makinada yazılmış və düzəliş edilmiş variantının iynəylə tikilməsi idi. Paslanmış iynələr onun illər əvvəl tikilməsindən xəbər verirdi. Makinayla yazılmış səhifələrin arxa hissəsi boş idi, birindən başqa. Kağızların birində Orxan Vəlinin "Sere Serpe” ("Sərələnmiş”) şeiri var idi, özü də əlyazmasıyla.
   Muvaffak Sami Onat Orxan Vəlinin dostu idi. Ölümündən sonra "Varlıq”da onun bioqrafiyasını yazan da Sami Onat olmuşdu. Həmin yazıda Orxan Vəlinin əsgərlikdə olarkən ona göndərdiyi məktubdan da hissələr götürmüşdü. Ən məşhuru isə demək olar ki, Orxan Vəlinin bütün bioqrafiyalarında yer alan bu paraqrafdır:
 "1914-cü ildə doğulmuşam. Bir yaşımda qurbağadan qorxub, 9 yaşımda oxumağa, 10 yaşımda yazmağa maraq göstərmişəm. 13-də Oqtay Rıfatı, 16-da Melih Cevdeti tanıdım. 17 yaşımda bara gedib, 18-də rakıya başladım. 19-dan sonra avaralıq dövrüm başlayır. 20 yaşımdan sonra isə pul qazanmaq və səfalət çəkməyi öyrəndim. 25-də avtomobil qəzasına düşdüm. Çox aşiq oldum. Heç vaxt evlənmədim, indi isə əsgərəm”.
 
 
 

   Sere Serpenin yazılma tarixçəsi
 
Yer: Ankarada Sabahattin Alioğlunun evi. 1946-cı il. Ev sahibləri və qonaqlar salonda oturduğu vaxt gənc bir qız balaca otaqda uzanıb dərs hazırlayır. Otağın digər küncündə isə bir şair kağıza nəsə yazır. Sonra kağızı gənc qıza uzadır.
"Bax, sənin üçün şeir yazdım”.
 
Gənc qız oxuyur:
 
Sərələnib yuxuya gedib
Paltarı açılıb yüngülvari
Qolunu qaldırıb qoltuğu 
görünür
Bir əliylə sinəsini tutub
Niyyəti pis deyil bilirəm
Mənimki də pis deyil,
Amma 
Olmaz ki!
Belə də yatmazlar!
 
  Bəli… Şair Orxan Vəli, gənc qız isə Belladır. İki-üç il əvvəl tanış olsalar da bir-biriylə səmimidirlər. Bella Hasanoğlu Köy Universitetində ingilis dili dərsi deyir, eləcə də digər tərəfdən litseyi bitirməyə çalışırdı. Buna görə də qalan bir neçə dərsə hazırlaşırdı.
  Əziz dostum Şərəf Özsoy "Erol Güneyin ke(n)disi”ni yazarkən Bellayla tanış olduq və hekayəni onun öz dilindən eşitdik.
Bella (qızlıq adı Kent), 1923-cü ildə İstanbulda doğulmuş, ilk və orta təhsilini müxtəlif məktəblərdə almışdır. 40-cı illərdə Ankarada yaşayan bacısı Doraya tez-tez baş çəkirdi. Dora "Güzel Sanatlar”[1]da işləyirdi. Kürəkəni isə 1946-cı ilə qədər tərcümə bürosunda işlədikdən sonra istefa verərək Fransız Xəbər Agentliyinə keçir. Erol Güneyin universitet illərindən tanıdığı və Tərcümə Bürosunda da dostluğunu davam etdirdiyi Orxan Vəli, Güney cütlüyünün evlərinə tez-tez qonaq gedərmiş. 1946-cı ildə yenə də İsmayıl Hakkı Tonguç və Sabahattin Eyuboğlu prezident İsmet İnönü ilə görüşürlər. Cümhurbaşqanına "Hasanoğlanda İngilis dili dərsi verəcək qız tapmışıq, amma adı Belladır” dediklərində qarşı tərəfin reaksiyası İsmət İnönünün tipik sakitliyinin əlamətidir:
 "Hə? nə gözləriyirsiniz, tez işə götürün!”.
 
  Bella litseyi bitirə bilmədiyi üçün müəllimə kimi yox, kitabxanaçı kimi işə götürülür. Hasanoğlan Yüksek Köy İnstitutunda ingiliscə, fransızca və almancayla yanaşı, gimnastika dərsi də verir. Şekspirin "Bir yaz gecəsi” əsərini səhnələşdirənlərdən biri də odur. Səhnə tərtibatına kömək etməkdən başqa, aktyorlara tamaşadakı rəqsləri də öyrədirdi.
1946-ci ilin seçkilərindən sonra dəyişən siyasətdən Tərcümə Bürosu, Milli Təhsil Nazirliyi və Köy İnstitutları ilə birlikdə Bella da payına düşəni alır. Çünki 1948-ci ildə Məclisdə verilən suallardan biri birbaşa olaraq onunla bağlı idi. Hökümətdən məktəbi bitirməmiş yəhudi qızının pul qarşılığında universitetdə dərs verib vermədiyi sualına cavab istəyirlər. Təbii olaraq, Bellanın Hasanoğlandakı müəllimliyi də bununla "tarixə qovuşur”.
 
 

   Bir müsahibə və Sere Serpe
 
   1947-ci ildə Sait Faiqin Orxan Vəliylə etdiyi müsahibədə şair şeir yazmağının inkişaf mərhələlərini belə sıralayır: Şeir yazmağa 11-12 yaşında başlayıb. Bu yaxşı-pis bütün şairlərdən təsirləndiyi və eyni tərzdə şeirlər yazdığı dönəmdir. Daha sonra modern Fransız şeirlərini oxuyacaq və  Qarip axınına doğru addım atacaqdır. Sait Faiqin bir sualı üzərindən keçmiş şeirləri haqqında fikrini və yeni mənbələr axtarmasını da danışmaqdan çəkinmir:
"İndi onları bəyənmirəm. Forma baxımından zəifdirlər. Şeirin bir də ustalıq deyilən şeyə əsaslandığını o zaman bilmirmişik. Bu gün bu şairlərdən ayrıldıq. Xalq ədəbiyyatından yararlanırıq. Amma bir həmlə edə bilmək üçün, keçmişin təsirlərindən xilas olmaq üçün o şeirləri də yazmaq lazım idi”.
   Bu cavabdan sonra Sait Faiq Orxan Vəlidən ən çox sevdiyi şeiri oxumasını istəyir:
"Hansını oxuyacağını bir müddət dəqiqləşdirə bilmədi. Sonra "Sere Serpe” şeirini oxudu”.
 Həmin dövrdə Orxan Vəli qaynaq kimi qədim ədəbiyyatdan istifadə edirdi.
  O,  yalnız xalq ədəbiyyatıyla kifayətlənmirdi. O, eyni zamanda divan ədəbiyyatını da yaxşı bilirdi. Necə ki Asım Bezirci də maraqlı bir bənzərliyə diqqət çəkir:
 "bir divan şairinin demək olar ki, eyni mövzudan bəhs edən şeiri vardır:
Yatmış uyumuş sərpilip ol mah-I melahat
Bilmem leb-I dilcusunu öpsem uyanırmı
 
Giysu dağınık sine açık damenimekşuf
İnsaf ediniz bu yatışa can dayanır mı?
 
Görəsən, Orxan Vəli bu misraları oxuyub "Sere Serpe”ni yazmışdı? Yoxsa iki şair arasındakı bənzərlik sadəcə bir təsadüfdür? Bilmirik. Ancaq Orxan Vəlinin yazdığı şeirin dil və ironiya baxımından daha güclü olduğunu deyə bilərik..
 
  Orxan Vəlinin yaxın dostu Melih Cevdet Andayın da divan şeirində tapdığı səsi "Toxum”a tətbiq etməsini xatırlayaraq Bellaya qayıdaq.
 
  Şeirdən sonra
 
  Orxan Vəli uzun illər Bellanın könlünü ovlamağa çalışır. Ona bir də "Hersoginya” adını qoyur. "Karşı” adlı kitabını 1949-cu ildə Bellaya verərəkən ilk səhifəsinə "bu iş belə getməz, hersoginya” deyə yazır. Ancaq söhbətin nədən getdiyi tam olaraq aydın deyil. Təxminən demək olar ki, Bellanın Orxan Vəlini sadəcə dost olaraq görməsi, platonik münasibətini dostluğa yozması artıq şairin səbrini kəsmişdir. O illərdə Orxan Vəlinin bir neçə qadına eyni münasibət göstərməsini bildiyimiz üçün Bellanın elə də haqsız olmadığını da deməliyik.
   Bella Hasanoğlan Kənd İnstitutunda işinə son verildikdən sonra İstanbula qayıdaraq anasıyla birlikdə İstiqlal Küçəsindəki Hacopulo Xanının ən üst mərtəbəsində Boğaz və Haliç mənzərəli bir evə yerləşir. Bir il yarım qaldıqları evin qonaqları arasında Orxan Vəli də vardır. Bir küncdə oturub danışanları dinləyir. Evdə içki olmaması elə də problem deyil. Orxan Vəli Lamboya gedib iki şüşə içki alıb və yenidən guşəsinə qayıdır.
Orxan Vəli öldüyü günə qədər Bellanın evinə ziyarətləri davam edir. Cənazəsi götürülərkən bir bucaqda ağlayan qadınlar arasında Bellanın da olması heç təəccüblü deyil.
 
 
 
  Türkiyə türkcəsindən uyğunlaşdıran: Cahan Seyidzadə
 

  [1] Türkiyədə musiqi, rəsm, teatr və.s kimi ixtisaslar üçün ümumi istifadə olunan ad, fakültə.