Biz imzaları yox, əsərləri dərc edirik...

Şərəf yerim bilib özlərəm səni – Çingiz Aytmatovun şeirləri
2929
16 Sentyabr 2020, 11:27
  Artkaspi.az saytı Filologiya üzrə fəlsəfə doktoru, AMEA Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunun elmi katibi Mehman Həsənlinin "Nəsr təfəkkürlü poeziya və ya Aytmatovun səslənişləri” yazısını və yazıçının şeirlərini təqdim edir:
 
  Çingiz Aytmatovun qəhrəmanları taleyi ilə təbiətə bağlıdır, onlar təbiətin içindədirlər və ondan ayrılmayıblar. Onlar çətinə düşəndə təbiətdən kömək umur, ona sığınırlar. Çünki bu mühit yazıçıya insanı tanıtmaqla qalmır, eyni zamanda oxucunun bu yaradıcı mühitə "daxil olmasına” şərait yaradır. Aytmatov nəsrinin alt qatlarında çağırış, dua xarakteri var. Bu bir tərəfdən dilin zəngin şifahi qatı, bu laylarda hifz edilən sirli nəsnələrlə bağlıdırsa, digər tərəfdən onun böyüdüyü çöl mühiti, ab-havasının təsiridir. Çöl mühiti hər zaman ilahi mətnlərin qaynağı olub. Çingiz Aytmatovun roman və povestlərində də poeziya elementləri güclüdür. Bəzən əsərlərində poeziya ilə nəsr bir-birinə qovuşur, maraqlı keçidlər baş verir. Ancaq bəri başdan bir cəhəti qeyd etmək lazımdır ki, burada söhbət xalis nəsr üçün yad olan dilin poetikliyindən yox, müəllifin çözdüyü mətləblərin hansısa məqamda qovuşub fəlsəfi-poetik aura yaratmasından gedir, yəni, təhkiyə boyunca xalis nəsr dili və düşüncəsi ilə çözülən mətləblər oxucunun şüurunda müəyyən fasilələrlə "poeziya” şəklində doğulur, təhkiyə strategiyasının qurduğu "oyunlarla” adı keçən poeziyanın kənar müstəvidə görüşüb qovuşması sayəsində nəsr mətni gerçəklikdəki əşya və hadisələri başqalaşdırır və bu, insan xislətinin ən düzgün formasına çevrilir.  Başqa bir qeyd edilməli önəmli fakt isə təhkiyə massivini "zəbt edən” mifoloji "fiqurlarla” oyundur. Mifoloji qat real hadisələrin içindən və əksinə keçir, məsələ reallığı "söndürmək”, onun ziyasını azaldıb mətləbi mifoloji keçmişin diliylə anlatmaq yox, hər iki qütb arasında bəzən şəffaf, bəzən də keçilməz lay yaradıb ortaya hər iki qütbə dair suallar yaratmaqdır.
  Yazıçının "Dəniz kənarıyla qaçan alabaş” povestində Mılğun dənizə çökən dumanın çəkilmədiyinə görə külək şamanını qarğıyır, balaca Kirisk Göy siçandan su istəyir, Aququk quşunun ona yardım edəcəyinə inanır, Ulu Alabaşını axtarır, küləyi, ulduzu, dalğaları adlandırır.  Mifdən, şifahi bədii düşüncədən, "Manas”dan qidalanan Aytmatov yaradıcılığında insan hələ müasir cəmiyyətlə təbiətin arasında seçim qarşısındadır. Yazıçının arzusu insanın təbiətlə vəhdətdə qalmasındadır.
 
Ulu Balıq-qadın, harda üzürsən?
Sənin isti bətnin-həyat mənbəyi,
O isti bətnindən törəmişik biz –
Dəniz kənarında göz açmışıq biz.
 
  İnsan həm də yaradıcıdır. Yunq yazdığı kimi: "Kimyaçıların fikrinə görə təbiətin yarımçıq qoyduğunu sənət tamamlayır. Mən, yəni bir insan, gizlin bir yaradıcılıqla dünyaya obyektiv mövcudluq qataraq onun qüsursuz damğasını vurmuşdum. Deyilənə görə belə bir davranışı ancaq Yaradan edə bilər... İnsan yaradılışın tamamlanması üçün vacibdir. Çünki insan ikinci bir yaradıcıdır və dünyaya obyektiv varlığını sübut edən də məhz odur”. Bu fikirlər Aytmatov nəsrinin xarakterinə tam uyğun gəlir və onun nəsr əsərlərindəki mətləbin çözülmə mexanizmi, təhkiyənin spesifikliyi və sair məhz bu keyfiyyətlə bağlıdır. Aytmatovun poeziyasında isə həmin "iştirakçılıq” sadəcə bəyan edilir, sirlər mətnlərin ən alt qatlarına çökür, onlara edilən işarələr insan ruhunun tükənməzliyini bildirir.
  Çingiz Aytmatov yaradıcılığının əsas istinad nöqtələsindən biri, bəlkə də, birincisi, heç şübhəsiz ki, qırğız eposu "Manas” və qədim folklor və mif mətnləridir. Uşaqkən nənəsindən dinlədiyi həmin mənbələri yazıçı çox sonralar peşəkarcasına tədqiq etmiş və yaradıcılığında həmin mətnlərdən ustalıqla yararlanmışdır. Xüsusilə, "Manas” eposunu yazıçı özünün müəllimi adlandırmışdır. O, özünün "Qədim qırğız ruhunun zirvəsi” adlı məqaləsində dastanın mahiyyətini aydın şəkildə ifadə etmişdir. "Onun damarlarında gəzən ideal, bəşəriyyətin doğuşundan bu yana, insanı gah məhv edən, gah  sevindirən, gah araşdırma və ideal şövqü verib yorğun insana qol-qanad olan, qüvvət və nəfəs verən əbədi, ölümsüz ideyadır”.
  Çingiz Aytmatovun şeirləri onun geniş miqyaslı yaradıcılıq palitrasında özünəməxsus yer tutmaqdadır. Bəzən romanlarının içində, bəzən də ayrı-ayrı tədbirlərdə səslənən şeirləri təbiətə səslənən şamanın dualarını xatırlatmaqdadır. "Əkinçinin nəğməsi”, "İssık gölə həsrət”, "Fırtınaya səsləniş”, "Dağ keçidində”, "Ulduza” şeirləri müasir poetik nümunələr olsalar da, hardasa mif mətnlərini də xatırladır. Yazıçı insanlığın keçmişinə, onun daha təmiz inaclarının mövcud olduğu çağına ekskurs edir. Bu şeirlərdə hələ də insanlar torpaqların hamisi Babadıyxanı, yağışı, küləyi, dağların ruhunu, ulduzu köməyə çağırırlar.
  "Əkinçinin nəğməsi” Çingiz Aytmatovun nəsr yaradıcılığındakı mətləblərin kiçik həcmdə poetik əksidir. Yazıçının qəhrəmanı əkin sahəsi boyu addımlayır və toxumu torpağa səpir. İlk baxışdan adi görünən bu prosesdə qəhrəman insan xarakterinə, insanlığa aid olan ali dəyərləri təcəssüm etdirir. O toxumdan cücərəcək məhsulun bol olmasını torpaqların hamisi sayılan Babadıyxandan istəyir. Ovuc – ovuc sağa, sola səpdiyi toxumdan bol məhsul üçün Babadıyxana müraciət edir və kimsəsiz yetim uşaqlara, tənha qocalara, qonşu diyarlarda ac qalanlara, səyyahlara, torpaq gəzən, sürünən, uçan həşərat və heyvanlara, nəhayət hamıya- sənə, mənə, ailəyə, uşaqlara pay bölür. Yazıçının qəhrəmanı həm də zəhmətkeşdir. O, Yedigeyin, Mömin Babanın, Tınalıyevin varisidir. Burada təkcə sinif olaraq zəhmətkeşlik deyil, xaraktercə, düşüncə baxımından zəhmetkeşlikdən söhbət gedir. Bu o insanlardır ki, onlar dünyanın yükünü çiyinlərində daşıyırlar, Yazıçı "Gün var əsrə bərabər” romanının ön sözündə Yedigey obrazını xarakterizə edərkən yazır: "Boranlı Yedigey təkcə öz təbiəti və məşğuliyyət tərzinə görə zəhmət adamı olaraq qalmır. O, ruhən zəhmətkeşdir. Ruhən zəhmətkeş adam isə həmişə düşünür, özünə suallar verir”.
  "İssık gölə həsrət” şeirində yazıçı doğulduğu qırğız çölünün incisi olan İssık gölünü tərif edir. Dünyanın nadir göllərindən biri olan İssık gölü yazıçının yazıçı taleyində mühüm yer tutmaqdadır.
  "Fırtınaya səsləniş”, "Dağ keçidində” və "Ulduza” şeirləri də təbiətə yalvarış, fövqəl güclərin köməyə çağırış motivi əsasında yazılmışdır. Çingiz Aytmatov insan şəxsiyyətinin ölçüsünü zəhmətə olan münasibəti ilə qiymətləndirir. Bu baxımdan onun söylədiyi nəğmələrin qəhrəmanları da yazıçının həmin ideallarının davamçısıdır.
Çingiz Aytmatov nəsrindəki əsas mətləblərin kiçik nəğmədə ifadəsi olan şeirlərini Azərbaycan oxucusuna təqdim edirik:
 
 

  Əkinçinin nəğməsi
 
Zəmidə,
Şırımlar arasıyla addımlayaraq
Torbadan toxum səpirəm ətrafa.
Ovuc – ovuc,
 gah sağa, gah sola,
həm də ətrafa
Toxumlar, yatın yumşaq pambıq kimi isti torpağa, yatın...
 
Bax bir ovuc – balaca yetim uşaqlara,
Bu isə şikəstlərə, kimsəsiz qocalara,
Bu – qonşu diyarlarda acından ölənlərə,
Bu ovucsa – sərgərdan səyyahlara,
Bu isə tacirlərə, qonaqlara bir də...
 
Ovcumu açıram,
qarışqalar, siçanlar, quşcuğazlar
və bütün digər həşəratlar durur gözlərim önündə
Açıram ovcumu – bizim hamımız üçün
sənin üçün, onun üçün,
mənim üçün,
ailəmiz və uşaqlarımız üçün,
Babadıyxan güc versin, arxa dursun mənə.
 
Qalanlarını mən özüm edəcəm,
Quraq torpaqları suvaracam,
Enli arxlar salacam,
Zəmini alaq otlarından qoruyacam.
 
Qoymaram avaralar məhsulu oğurlasın,
Cücərsin, böyüsün, bar versin,
Hər dən qoy min toxum olsun,
Torpaqların hamisi – Babadıyxan köməyim olsun!
 
  İssık gölə həsrət
 
Xəyallarda ağ qu olub,
Gölün üzəriylə süzmək
Göy üzünün maviliyində
Üzmək, balıq kimi üzmək.
 
Uzaqlara getsəm, darıxıb
Şərəf yerim bilib özlərəm səni
Altın gölüm, İsık gölüm
Gözəl gölüm, gözəl gözlüm,
dalğalarını özlərəm.
 
Əcdadların, babaların
Sözü qalıb göl üzündə
Uşaqlığın unudulmaz
İzi qalıb göl üzündə
 
Xəyalımda uçub varam
Uca dağlar üzərindən
Əsrləri adlayıb keçən
Gözəl üzlüm,
Qırğız gölüm çox yaşa sən!
 
  Fırtınaya səsləniş
 
Poz artıq, hava, uğulda zirvələrdə,
Qovala hava, qovala buludlardan,
Sürülərlə böyürən buğaları –
Çaxdır şimşəkləri ayaqlarından
Göydən yerə qədər...
Silkələ havada, silkələ yerdə,
Yağdır, tök yağışını,
Torpaqdan otlar bitir,
Torpağın elə
daşların səthini
Çılğın rənglər bəzəsin,
Sonra olsunlar quru ot
Və doldursun samanlıqları!
 
Dəryazlar ot biçə-biçə korşalsa,
Əllərimizlə biçək,
Əyilək, duraq,
Qırılsın belimiz qoy,
Tər axsın alnımızdan.
Poz, hava, uğulda zirvələrdə,
Qorxuram gücündən,
Həm də şimşəyindən sənin.
İnəklərin məmələri südlə dolsun,
Qadınlar sevinclə sağsın,
Süd nov kimi axsın.
Qızlar ocağın ətrafında
Yesinlər qazandakı dadlılardan!
Poz, hava, uğulda zirvələrdə,
Səslənirəm sənə fırtına,
Əyilirəm önündən fırtına
Sarsıt, göy üzünü, sarsıt,
Bol məhsul alaq,
Sarsıt, yeri, sarsıt,
Meyvələr, köklər və bitkilər,
Sarsıt, göy üzünü, sarsıt!...
 
  Dağ keçidində
 
Yatmayıb, keşik çəkirik ocağın ətrafında
Və keçidin tam altında gözləyərkən sabahı,
Buludlarla birlikdə ocağın ətrafında otururuq.
Dağların ruhu, yol verə bizə keçək!
Ulduzlar altında otururuq,
Atlar qulaqlarıyla oynar,
Qoyunlar soyuq daşlarda nəfəs dərər...
Dağların ruhu, yol verə bizə keçək!
Odu gətirdik,
Və rəqslər edirik ətrafında, rəqslər,
Sizə gəldik, dağların ruhu!
Yolumuza davam edək, açılsın yolumuz!
Sağ-salamat keçək, yol ver bizə!
Atlar səndəlləməsin,
Qoyunlar boğulmasın,
İnəklərin məmələri üşüməsin,
Ərisin qarlar, buzlar!
Yatmayıb, keşik çəkirik ocağın ətrafında
Və keçidin tam altında gözləyərkən sabahı,
Buludlarla birlikdə ocağın ətrafında oturaq,
Dağların ruhu, yol verə bizə keçək!
 
 
  Ulduza
 
Göy üzündə yeni doğmuş,
Ulduzu gördüm!
Günləri sayırsan yenidən,
Ulduz-ulduz...
İşığından,
Yer üzünün hər yerindən,
Heyvanlarımız üçün alıram
Bütün ili ot və saman
Dulun göz yaşlarını qurut,
Yetimə xoşbəxtlik ver,
Yolçuya yolunu,
Tənbələ qorxu,
Tənhaya qardaş,
İtə bala,
Çalışqana bərəkət,
Xəsisə qışlıq ərzaq,
Boşboğaza möhnət və öd,
Baməzəyə bol əyləncə və boş vaxt ver!
Və hamızı doyaq
Sənin tər-təmiz çöhrənə baxmağa.
Salam sənə ey günəş,
Göy üzündə yeni doğan, salam!
Böyü artıq, bədirlən!
Böyü ki, yenidən üzərimizdə səni görək....