Biz imzaları yox, əsərləri dərc edirik...

Sənin səhərlərin yuxulu olur – Aynur Seyidin şeirləri
950
21 İyun 2018, 10:19
 Artkaspi.az  Aynur Seyidin şeirlərini təqdim edir: 
 
 
 
 

 
  AYRILIĞIN YASI
 
Ötən yaz,
Yağışlar yolunu kəsmədimi,
küləklər əlindən almadımı heç,
sənə yazdığım sevgi dolu şeirləri?.
Sevgimiz ayağında,
xatirələr boz çamadanında gedəndən bəri,
Üzüm tinglərdə,
Günah alma ağaclarında qalmadımı?.
Bizsə payızda tutduq ayrılığın yasını,
əlvida, ey yaz,
ayrılığın günahı almaların,
səndən sonra kədər dolu üzüm,
ağ şanının.

 
  KİBRİT
 
sinirləri yumaq edib,
ərinə köynək toxuyan bəstəboy qadın,
divarda göz boyda dəlik açıb
qonşusunu
seyr edən kişi;
1 qutu qədər ev 
Və bir daha heç vaxt 
alışmayacaq 1 cüt kibrit.
 
 
 


 
  Səssiz
 
Yollara boylanan  buluda döndüm,
İçimdə bir sevgi qarlayır elə.
Bilmirəm yaydımı, qışdımı indi,
Niyə bəs, ürəyim ağlayır belə?!.
 
Döydüyün qapının rəngi başqadır,
İndi bütün yollar sola burulur.
Qınamıram Vallah, şairsən, axı,
Gündə bir cavan qız sənə vurulur.
 
Səhər otağıma doğur qaranlıq,
Gecələr daha çox qorxulu olur.
Məni səhərədək boğur qaranlıq,
Sənin səhərlərin yuxulu olur.

 
   ⃰   ⃰   ⃰
 
Bir qadın toxuyar həsrətini,
Ağ-qara iplərə.
Gətirər kino lenti kimi
gözlərinin önünə keçmişi,
Sinəsinə yığıb havanı
qışqırmaq istəyər
danışar ağlağan gözlər
susar dil,
öldürər lal sükut
şkafdakı köhnəlmiş paltarları
olar xatirələr.
 
 
 
 

 
   ⃰   ⃰   ⃰
 
  "Hayku”
 
Su zanbağları-
Ümumxanada körpə,
Lilli su, yağış.
 
 ⃰⃰    ⃰    ⃰  
 
Tez qanadlarını bağladı,
Quşun dimdiyindən 
qorxan kəpənək.
 
 ⃰⃰    ⃰    ⃰  
 
Fotoaparat,
Qəfil ildırım çaxır
Pəncərədə qız.
 
 ⃰⃰    ⃰    ⃰  
 
Qışın qarından qaçırdım,
Baxdım 
Saçlarım ağarıb.
 
  ⃰⃰    ⃰    ⃰  
 
Pəncərənin qarşısında dayanıb
Tamaşa eləyirəm,
Küləyin buludlarla oynamasına.
 
 ⃰⃰    ⃰    ⃰  
 
Ağappaq əllər,
Eyvanda əriyən qar –
Yaz ayrılığı.
 

Solaxay qütb ayısı
buz altında üzən balığa
Əl eləyir.
 
 ⃰⃰    ⃰    ⃰  
 
Özünə yoldaş gəzən 
İşildaböcəklər,
Yolçulara fənər oldu.
 
 ⃰⃰    ⃰    ⃰  
 
Bələnmiş körpə,
Yaylığa bükülü baş –
Oyanmış miqren.
 
  ⃰⃰    ⃰    ⃰  
 
Günəş vannası qəbul edir,
Nilufər yarpağının üzərində
oturmuş qurbağa.
 
  ⃰⃰    ⃰    ⃰  
Cırcıramalar –
Dilə gəlmiş vicdanım,
Pozulmuş yuxu.
 
 
 ⃰⃰    ⃰    ⃰  
 
Kağızdan gəmi,
Qəfil qopan fırtınada
Göy qurşağına sarıldı.
 
 ⃰⃰    ⃰    ⃰  
Rəqs edirdi tənha kəpənək,
Yanan bambuk çubuqlarının
Qırmızı şəfəqində.
 
 
 
 

 
 ⃰⃰    ⃰    ⃰  
 
Dəniz ulduzu,
Sahilə çırpılır
Göyə baxıb ah çəkirəm.
 
 
 ⃰⃰    ⃰    ⃰  
 
Uçmaq istədi,
Okean sularında 
Üzməkdən bezən pinqvinlər.
 
 ⃰⃰    ⃰    ⃰  
 
Günəşi görənə qədər imiş,
Səhər çiçəklərin üstünə
düşən şehin ömrü.
 
 ⃰⃰    ⃰    ⃰  
 
Buludlar balıq olsa,
Dəniz mavisi göy üzündən
Düşsə tavaya.