Biz imzaları yox, əsərləri dərc edirik...

...Sənin qədər sevilmədi – Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlıya yazdığı şeirlər
2897
25 İyul 2017, 07:46

    artkaspi.az yeni layihəyə start verib. "Həyat yoldaşına yazılanlar" adlı layihə çərçivəsində şairlərin xanımlarına ünvanladıqları şeirlər yayımlanacaq. Bu dəfə şair Vaqif Bayatlı Odərin həyat yoldaşı Tamam Bayatlıya  yazdığı şeirləri təqdim edirik:

 


 

Bu dünyadan sənin qoxun gəlir

 


"Sevgi” sözünü yazıram,

"sevgi” sözündən sənin qoxun gəlir,

"Vətən” sözünü yazıram,

"Vətən” sözündən sənin qoxun gəlir,

"su” yazıram, "od” yazıram, "torpaq” yazıram,

sudan da, oddan da,

torpaqdan da sənin qoxun gəlir,

mən bu dünyadan getmərəm,

bu dünyadan sənin qoxun gəlir.

 

 

 


 


Bu dünyada o nə eşq idi, o nə sevgiydi, hardan gəldi,

hər iki dünyada ancaq çiçəklər, güllər bildi

 

 


O nə eşq idi bircəcə anda

hər iki dünyadan ucada açdı,

bir şanda – iki bal canda,

hamını hamıdan çox sevən,

heç vaxt "sevirəm” deməmiş

iki şam qocada açdı,

Ən qədim Eşqi də şamlar

həm də hər an təzə bilər,

o eşqin göz yaşını da

kirpiklər, gözlər incidər,

ən eşqli şamlar şamgüllə,

şamgöylə, göyüzüylə silər.

Ta şamgül, qəmgül açma, Eşq,

qəm onlarla da gülmədi,

ancaq bildi, tək güllə yox,

şamla da, qəmlə də heç kim

mənim qədər sevmədi,

sənin qədər sevilmədi.

 

 


 


Səni niyə belə sevdim?

 

 


Səni niyə belə sevdim,

belə istədim niyə,

canımdakı min tikana,

bir gülə istədim niyə?!


Eşqdə gizlətdim bu canı

görəmməyən varmı, hanı?!

Həm gizlətdim, həm də hamı

bilə istədim niyə?


Min illərçün də Allahdan

gecə-gündüz, hər an, hər an

səni özümə həm sultan,

həm də, həm də

kölə istədim niyə?!

 

 


 


Hamıdan çox

 


Dünyanınəngüclü adamı

ola da bilmərəm,

olmaq da istəmirəm.

İstəmirəm bir kimsə

mənimlə qorxuda bir kimsəni.


Dünyanınən varlı adamı

ola da bilmərəm,

olmaq da istəmirəm.

Mənə ən böyük dünya varı

qapı,pəncərəsi açıq

üzü-gözü gülən bir alaçıq!


Mən səni, mən səni

dünyadahamıdan çox

sevə də bilmərəm,

sevmək də istəmirəm,

çünki ancaq yalandan sevənlər

hamıdan çox sevirlər.


Mən səni sakitcə, yavaşca

sevmək istəyirəm.

Sevmək istəyirəmTanrıdan yazılantək,

birbalaca quş

özbalaca yuvasının

küncünəqısılantək