artkaspi.az gənc şair Faiq Hüseynbəylinin şeirlərini təqdim edir:
Eşqə bax, İlahi, əriyib gedir,
Heç nə qalmaz yaxın vaxta başımda.
Eşqə bax, gül kimi quruyub gedir,
Mənim daş başımda, taxta başımda.
Nə yağış yağışdı, nə qar otaqda,
Eheeyyy... məndən başqa kim var otaqda?
Soyuyur bədənim bu dar otaqda,
Üşüdür telimi şaxta başımda.
"Naxırdan axura” yaxır adamı,
Elə adam-adam yıxır adamı.
Həyat və cəmiyyət sıxır adamı,
Qəfəsə bənzədi noxta başımda.
Günəş də çıxacaq. Allah kərimdi!
Söz mənim ağamdı, söz nökərimdi.
Mənim fikirlərim ümid yerimdi,
Mənim fikirlərim saxta... başımda.
Bu çıraq ömrümü bələdim hisə,
Eh, daha nə deyim...
bəsdi...
nə isə...
Aldandım duyğuya, yenildim hissə,
Nolsun ki, ağıl var çox da başımda?
Sevgidə qürur olmur
Nə axşam axşam kimi,
Səhər olmur səhər də.
Sənin kimi darıxmır,
Qadınlar bu şəhərdə.
Sənin kimi sevməyir,
Sevgisi bol olanlar.
Sənin kimi axtarmır,
Bəzən unudulanlar.
Sənin kimi kövrəlmir,
Ağlamır Allah belə.
Od püskürmür cəhənnəm,
Nəfəs belə, ah belə.
Etirafdı: görmədim
Nə əvvəllər, nə sonlar.
Bu necə bir qüvvədir,
Anlamaz nyutonlar.
Hər bir şey var bu Eşqdə,
Ehtiras, Söz və Ölüm.
Bircə, bircə qürurun,
Qürurun yoxdur, gülüm.
Sevgidə qürur olmur...
***
Otuz ildir yoxuşdayam,
Bu yollar düzə çıxmadı.
Sevincim çiçək açmadı,
Çəmənim dizə çıxmadı.
Bu ruhun, canın adıyam,
Sanki cəhənnəm oduyam.
Mən zülmətlər övladıyam,
Gecəm gündüzə çıxmadı.
Nələr oldu, nələr, nələr...
Qəmlə doldu piyalələr.
Yazdım şeirlər, nəğmələr,
Mən duyan sözə çıxmadı.
Yarandı Göy, Yer eşq ilə,
Oxundu hər sirr eşq ilə.
Yandı canım bir eşq ilə,
Yandı da, közə çıxmadı.
Kədərimə satdı məni,
Yedi məni, uddu məni.
Bu yollar aldatdı məni,
Bu yollar sizə çıxmadı.
Güzgüdəki adam
Günəş dənizdən doğur,
Dağda batır, bilirsən.
Solda həyat başlayır,
Sağda bitir, bilirsən.
Bilirsən ki, axşamlar
Haram olur yuxular.
Bir gün gələr bu ömür
Ayağına yıxılar.
Bilirsən ki, həyatın
Qanunu-qaydası var.
Deyirlər, ağlamağın
Ürəyə faydası var.
Bilirəm ki, bilirsən,
Sözü anlamaq nədi...
Bilə-bilə etdiyin
Səhvi danlamaq nədi...
Bu tənhalıq, yalnızlıq
Göl oldu dama-dama.
Getdikcə öyrəşirsən,
Güzgüdəki adama.
Zaman keçir
Zaman
keçir güllə kimi,
Sızlayır yara yeri...
Ağarır ömrün bənizi,
Ağarır qara yeri.
Hər
işdə bir xeyir var,
Yanım sənin yanındı.
Yolum haqqın yoludu,
Həqiqət ünvanımdı.
Hər
il ömür boy atır,
Hər il ömür gödəlir...
Can torpağa əyilir,
Ruh səmaya yüksəlir.
Səadət adami
Dünya
get-gəl dünyasıdı.
Hamı gedir, hamı gəlir.
Oturub sözün taxtında,
Şairin ilhamı gəlir.
Kim
kim ilən, nə nə ilən?..
Uç, ey könül, durna ilən.
Davul ilən, zurna ilən
Səadət adamı gəlir.
Üz
yox ki, üzündən öncə,
Söz yox ki, sözündən öncə.
Adamın özündən öncə,
Adı gəlir, namı gəlir.
Bəsimdi
Şeirlərdə
misra-misra özüməm,
Beş-on nəfər duyan varsa, bəsimdi.
Yar yanımda yar deyilsə, eybi yox,
Ruhu ilə mənə yarsa, bəsimdi.
Eşqi
ilə bağlayıb dörd yanımı,
Dondurub hər saatımı, anımı.
Bu od ilə, atəş ilə canımı,
Səhər-axşam sarsa, sarsa... bəsimdi.
Kim
doldurar eşqi ilə boş vaxtı?
Kim əridib mum eləyər daş vaxtı?
Bu ömrümün payız vaxtı, qış vaxtı,
Bahar mehi məni vursa, bəsimdi.
Sevən
qəlbi bu həsrətdən qanasa,
Sevdiyini hər addımda sınasa,
Güzgüləri dönə-dönə qınasa,
Mənim üçün xəyal qursa, bəsimdi.
Haqq
uğruna keçdim daşdan-dəmirdən,
Qaraladım öz baxtımı kömürdən.
Şikayətim, gileyim yox ömürdən,
Daha məni həyat yorsa, bəsimdi.
Mən
yerdəyəm, göydə süzür xəyalım,
Divanəlik, dərvişlikdi bu halım.
Can evimi viran qoysa vəfalım,
Ürəyimi belə qırsa, bəsimdi.
Əriyir ömrüm
Şaxta vurub, yel kəsib,
Quruyur ömrüm belə.
Qayğı-qayğı əriyir,
Çürüyür ömrüm belə.
Hal kimdədi halıyca,
Yol hardadı yoluyca?
Bu cəsədi dalıyca,
Sürüyür ömrüm belə.
Kimdi qul, kimdi ağa?
Bir canım var – sadağa...
Məni qara torpağa,
Kürüyür ömrüm belə.
Bu candı, yoxsa dəmir?
Nə var içinə gömür.
Şam misalı, bir ömür
Əriyir ömrüm belə.
Sadəcə
Sadəcə ilham pərim,
Sevir məni, sadəcə...
Yəni, söz də sevgidi,
Sevgi yəni, sadəcə...
Ahı-amanı gördüm,
Köhnə zamanı gördüm.
Düzdə dumanı gördüm,
Dağda çəni sədəcə.
Dağları aşmaq qalır,
Sehirli başmaq qalır.
Mənə dolaşmaq qalır,
Bu çəməni sadəcə.
Yollarında yoruldum,
Düşdüm, sındım, qırıldım...
Unutduqca vuruldum,
Sevdim səni, sadəcə.
Axar sular, durulmaz,
Sevən ürək yorulmaz.
Ölməklə sevmək olmaz,
Bu vətəni sadəcə.
Gəl, ey pəri
Gəl ey pəri, bu axşam,
Hissimi sözə döndər.
Mənim bir kədərimi,
Əlliyə, yüzə döndər.
Sözdü şair sənəti,
Söz – şair səltənəti.
Nura çıxart zülməti,
Aya, ulduza döndər.
Sözlə qurdum taxtımı,
Qızıl eylə vaxtımı.
Bu qarımış baxtımı,
Bir gözəl qıza döndər.
Sən ol ruhun rəhbəri,
Yazaq Eşqin dəftərin.
Bizi "biz” et, ey pəri,
Gəl, bizi "bizə” döndər.
Adım Faiq
Adıma Faiq dedilər,
Dilə gətirdilər məni.
Xəyalların qanadında,
Yola ötürdülər məni.
Küləkmi, ahmı bu əsən?
Hardasan, ey səbr kəsən?
Harda tapdılar görəsən,
Harda itirdilər məni?
Əldən saldılar atımı,
Əcəl qurdu saatımı.
Tükəndirib həyatımı,
Niyə bitirdilər məni?
Sözü dilimdən aldılar,
Candı, ölümlə aldılar.
Ömrü əlimdən aldılar,
Sona yetirdilər məni.
Günlərim
Niyə
itirdiz ömrümü,
Canımı alan günlərim?
Yediz, bitirdiz ömrümü,
Acından ölən günlərim.
Doldurmuşam
səbrinizi,
Duymamışam kibrinizi.
Bilməmişəm qədrinizi,
"Qədrimi bilən” günlərim.
Kimdi
belə doyub ötən,
Ürəyini soyub ötən?..
Ağlar günə qoyub ötən,
Üzümə gülən günlərim.
Düşür
içimə xal kimi,
Arzu kimi, xəyal kimi.
Cavabsız bir sual kimi,
Üstümə gələn günlərim.
Sirr
almışam sirdaşından,
O başından, bu başından.
Bircə-bircə yaddaşından
Adımı silən günlərim.
Getmə
Ayaq saxla, ay gedən,
Qaçırsan kimdən, nədən?
Bu ruh ilən bu bədən
Yetim qalmazmı? Getmə!
Qaranquş uçmaz belə,
Günəş nur saçmaz belə.
Çiçəklər açmaz belə,
Güllər solmazmı? Getmə!
Yollar buz bağlamazmı?
Yer-Göy yas saxlamazmı?
Yağışlar ağlamazmı?
Bulud dolmazmı? Getmə!
Yetir imana ömrü,
Arzu-gümana ömrü.
Burax zamana ömrü,
Olan olmazmı? Getmə!
***
Çəkdiyin ağrı-acı,
Mənə doğmadı, şair.
Günəşimiz bu sabah
Yenə doğmadı, şair…
Hər misrada hüzn var,
Hər sətir qəm qoxuyur.
Qələmə bax, qələmə,
Söz çələngi toxuyur.
Bu canda, bu ruhda söz,
Ya donar, ya əriyər.
Yaşamadığım ömrü
Kim qaytarar geriyə?