Biz imzaları yox, əsərləri dərc edirik...

Əlin üçün darıxmalıydım – Nicat Əfəndizadənin şeirləri
1266
16 Aprel 2018, 13:37
  Artkaspi.az gənc şair Nicat Əfəndizadənin şeirlərini təqdim edir: 
 

Bizim bir evimiz vardı,
Hər küncündə bir xəstəlik.
Hər adama bir küncü düşərdi, yaşardıq.
Atamın tünd öskürəkləri başlayandan bəri
Anamın ağrıları da onu tək buraxmadı.
Biz iki qardaş idik,
Riyazi anlayışımız da 
atamın bir öskürəyi üstəgəl
anamın bir ağrısı
bərabərdir qardaşımın 
ağzından dağılan bir ovuc qana.
O dörd xəstəlikli ailədən indi
Üç kiçik məzar,
Bir də böyük baş daşı qalıb.
Onlar üçü yenə birlikdə
Mən yenə tək.
Ulduzlar gecəni yox 
Təkliyini aydınladar demişdin.
Günəş də məni yox
Torpağı isidir, ana.
Mən heç.
 
 

 
 
Biz iki dost idik,
bir qızı sevdik.
İki il keçdi.
Bir gün onlar iki oldu
Mən heç.
İki il sonra bir gün də keçdi
Dostum bir qaldı, mən tək.
Sonra günlər keçmədi, 
iki il də bitmədi
Dostuma baxdım,
Yerində heç nə gördüm.
Gözləmədiyimiz gün gəldi
Nə o qız qaldı
Nə o dost,
Nə o dostluq.
O gündən günlərin də günü qara oldu.
siz yenə məni soruşsanız
mən heç.
 
Sezarın romaya qanlı addımlarla girdiyi yaşdayam indi.
Nəsiminin Teymurləngə verdiyi cavab qədər qürurluyam.
Nazimın hücrədə yazdığı  kurşun-kalem qədər yorğunam.
Troyaya bağışlanan atın içi qədər doludu ürəyim.
Bütün şairlərin dənizi sevməyi qədər yalandı ömrüm.
Musanın Tanrını görmək istəyi qədər
Tanrının gözündən qaçmaq arzum var indi.
Bütün gedənləri gözləyənlər qədər ümidsizəm.
Bir devrim məhbusunun asıldığı andı anım.
Şafak türküsünün yazıldığı ildənəm, şair.
 
Qardaşımın qan qusduğu ildən bir gün qabaq, 
Kiminsə itirdiyi şəfanı tapmışdım xəstəliyimə.
Arxasında öz dilində bir yazı.
Özümdən böyük bir cümlə də deyəcəm sizə:
Sizin tapdığınız şəfa yaşadığınız xəstəliyin 
əyninə dar gəlir.
Siz məni boş verin... mən heç..
 
 
 
 

 
Getməyindən iki il keçsə də,
Ayaq izlərin hələ ürəyimin ən ortasındadı.
Sənsizliyi dərdimlə dairəyə alıb 
Başımı qatır həyat.
Ömrün bağçasında mən,
sənsizlik, dərdim və xəstəlik.
Xoşbəxt ailə tablosudur halıma acıyanlara.
Sən sinəmi yarıb qaça bildin 
Arzuladığın azadlığına.
Mən özümü içimə həbs edib
Ömürlük aldım sənsizliyimə.
Mən sevdim, sən sevildin.
Mən tapdım, sən atdın.
Sən getdin, sən qazandın.
Məni soruşsan keçməmişim 
Mən böyük bir Heç!
 

          ***
 
Bütün dostlarımı divarın küncünə düzüb
Bir-bir vurdum dostluğun ürəyindən.
Kiminin bədənindən sədaqəti axdı,
Kiminin bədənindən kini.
Bircə ən yaşlı dostumun ağzından
Qara xərçəng kimi ölüm qorxusu dağıldı
Ağ köynəyinə.
Oturdum, susdum, ağladım, dayandım.
 
Dimdiyindəki buğda qırıntılarını
Həvəslə yuvalarına daşıyan qarışqaları gördükcə,
Atamız Adəmi xatırlayıram.
Müqəddəsliyini qadın eqoizminə satan 
Bu ilk bədbəxt insanı düşündükcə
Oturdum, susdum, ağladım, dayandım.
 
Anamın əllərinə bənzəməzdi
Qızımın tərləyən möhtac ovucları.
Mənim də təkliyimə bənzəmədi
Quru çinarın təkliyi.
Nəhəng gövdəsinə bir əsri sığışdıran
Çinarın dibindəki fidan
Susuzluqdan quruyacağını bilmədən açmışdı.
Eh...insanın ömrünə bənzəyən fidanın taleyinə
Oturdum, susdum, ağladım, dayandım.
 
 

 
Narahat yatağımda yuxum qaçaq düşdü.
Fələstindəki körpəyə atılan güllənin qabağına 
Atmaq istədim özümü.
Peyğəmbərə atılan daş
Düz ömrümün ortasına dəydi, yıxıldım.
Atillaya vurulan xain bıçaq zərbəsi
Səhərə qədər içimi göynətdi.
Hər nəfəs aldıqca ölkələr fəth etmiş 
Fatehin ucuz ölümünə
Oturdum, susdum, ağladım, dayandım.
 
Nəsimin dərisi soyulduqca 
Qopardığı sükut qulağımı batırdı.
Makedoniya kralı İskəndər
Daranın qaçdığı səmti soruşdu məndən, demədim.
Arzuladığı qadına qovuşmamaq üçün 
Çöllərə düşən divanə
Gecənin yarısı qapımı döydü.
əlində ucuz Gəncə çaxırı da gətirmiş
Məcnunun dərdinə
günəş bizi kor edənə qədər
oturdum, susdum, ağladım, dayandım.
 
Astarı yırtılmış papağının içindən
Son ümidlərini də küləyə verdi qoca.
Həyatla mübarizədə atasını itirmiş uşaq
Taleyinə küsmüş anasının yerini soruşdu məndən.
Küçədəki yaşamaqdan bezmiş qarını
Qəfil bir yaşamaq ehtirası bürüdü, gecikdi.
Şeirlərini yandırmaqla intihar edən nəhəng şair
Fikirlərimin qulağına pıçıldadı o gecə.
İntihar ən səmimi oyundur,
Həyatla insan arasında.
Özünü ən yüksəkdən atmaqla 
İntihar edə bilməyən quşların halına
Oturdum, susdum, ağladım, dayandım.
 
Vətən üçün
Oğul yetişdirən ana
Yerinə qəzet tutduğu pəncərədə
Kaktus çiçəyini bağrına basır.
Hər soyuq gecədə yata bilməz o qadın,
Oğlunun boş yatağına yorğan atmadan.
Oğlunun yanında bir qəbir də qazdırıb indi
Ölmüş ümidləri üçün.
Balaca dalanda uşaqların 
Taxtadan silahları açıldıqca
Özünü güllənin qabağına atar
Beşinci mərtəbədən.
Bu gün də hansısa uşağın 
Topu düşdü kaktusun üstünə.
Partlamış topla ürəyi partlayan
Qadının gecikmiş ölümünə
Oturdum, susdum, ağladım, dayandım.
 
Səbəbsiz təlaşla 
Özümü evdə unudub çıxmaq istədim qapıdan.
Dəhlizdə əlləri qana bulanmış Raskolnikovu gördüm.
əynində cibləri sökülmüş boz paltosu,
uzun saçları Şkirli saqqalıyla 
məndən xahiş etdi ki,
Fyodora deyim ki, onun taleyini dəyişsin.
Nə deyəcəyimi bilmədən ayaqlarımı 
İnsanların yaşamaq üçün çırpındığı küçəyə atdım.
Ölüm bir az əvvəl keçmişdi binamızın qabağından.
Çıxmaz küçədə lüt üryan Mənsur Həllacı da gördüm.
Ey insanla  "alın məni bu allahın əlindən”
Fəryadı sümüklərimi titrətdi.
Min ağır əzablarımı da alıb göylərə qalxdım.
Səmaya dağılmış mələklərdən
Tanrının yerini soruşdum, bilmədilər.
Göyün ən ucqar küncündə tapışdıq Yaradanla.
Bəndələrinə taleh yazmaqdan
Qələmi korşamış qüdrət sahibiylə yerə baxdıq.
Bəndələrinin halına
Oturduq, susduq, ağladıq, dayandıq...
 
 
          ***
 
Əziz dostum,
Zaman insanın tabe olduğu ən ciddi qanundur.
ölüm zamana tabe olanlar üçündür, unutma.
Axına qarşı gedən heç kim 
Zamana qarışıb unudulmayacaq.
İnsanın zamanı inkar etməyi
ömrü sərhədlənməmiş Allaha çatmağıdır.
Bağıslayın, saatınız neçə oldu?
 
 
             ***
 
 
Həyatın bütün mərhələlərində tək qalmış adam kimi 
Üzümü Tanrıya tutub
Tökdüyüm bütün göz yaşlarını istədim ondan.
Ruhuma yağış yağdı,
içimə ildırım düşdü,
Ömrümə tufan qopdu.
 
Ana qayğısını göz yaşıyla
Ata şilləylə göstərər övladına.
Atamın erkən öləcəyini bilsəydim,
Uzaqlara baxmağı öyrənərdim ondan.
Acı söz eşitmiş uşaq qulağı kimi
Hamıya küskünəm indi.
Nə nifrəti sevdim.
nə sevgiyə acdım,
Nə sevişməyi öyrəndim.
 
İlin on iki ayını tə- tək doldurdum
İntihar silahına.
Həyatın alnına dayayıb diz çök dedim.
Sıxdım lənətə gəlmiş insan ömrünün beyninə.
Atılmış bir gülləyə qoşulub 
Ölüm axtarası qədər ehtiyaclıyam
Yarım insana, 
sahibsiz ürəyə,
İsti bir bədənə.
 
 
           ***
 
Kirli saçları, qısa boyu
Və adi gözləriylə keçdi
Gözümün çəkmədiyi yoldan.
Mən aydın gündə,
Kimsəsiz küçədə görsəm dönüb baxmazdım,
O milyonların içindən
Ta ruhuma zillədi gözlərini. üşüdüm..
Bəlkə də, hansısa dərdim tanış gəldi ona
Hansısa fikrimi doğma bildi özünə
Ya da özünə aid olan nəsə bir şey görmüşdü 
Baxa bildiyi qədəriylə.
Amma nə yağış yağmadı o baxışların ardınca
Nə də xəfif səhər mehi əsmədi,
Saçlarına sığal çəkmək üçün.
Köhnə bir sovet maşınının
Cır uşaq səsinə oxşayan siqnalı
Ayıltdı ikimizi də.
Dönüb üzümüzü 
Taleyin bizi aldatdığı yola yönəldik.
Yox olmağa tələsən adamlara qarışdıq.
Elə bir ömür getmişdim ki,
dayanıb ciblərimi yoxladım.
Pul qabım, telefonum,
Tanrıdan aldığım təklik vəsiqəm
Ancaq şəklini ala bildiyim maşınımın açarları yerindəydi.
Amma ürəyimdə səbəbsiz bir sevinc.
Qələbə sevincinə qarışmış
Mənim düşmənim məhv oldu nidaları.
Onda başa düşdüm ki,
Həmən qız mərhəmətsiz oğruymuş.
Günün günortasında
Üstəlik o qədər adamın içində
Gözümə baxa-baxa
əlini ruhuma salıb
ağlımı aparmışdı.
 
 
          ***
 
Çıxasan özündən, birdəfəliyə..
Çıxasan özünə qayıtmayasan.
Gəlib deyələr ki, onu görmüşük
Ürəyin daş ola soruşmayasan.
 
Öləsən, sənsizlik verəsən ona
Deyəsən mən yoxam, sən xoşbəxt yaşa.
O sinən üstündən tapdaladıqca
Özün çürüyəsən torpağın altda.
 
Torpağın altında sağam, bağışla,
Çürüyüb torpağa qarışmalıydım.
Sonra bir gül olub sizin bağçada
Sənin əlin üçün darıxmalıydım.
 
Bu necə sevgidir, necə ömürdür
Elə bil, bəxtimə  cadu oxunub.
Ay uşaq, ay uşaq, qönçəmə dəymə,
Ora min il əvvəl anan toxunub.