Biz imzaları yox, əsərləri dərc edirik...

Səni gözləmək səcdə, səni sevmək bir ayin... – Rəvan Cavidin yeni şeirləri
2424
01 Noyabr 2019, 12:36
  Artkaspi.az saytı Rəvan Cavidin yeni şeirlərini təqdim edir:
 
 

***

 

Kimə desəm, inanmır –
dənizə qar yağmışdı, qağayılar mavidi,
mandarinlər çəhrayı.
Kimə desəm, inanmır –
səni çağırmaq azan, səni gözləmək səcdə,
səni sevmək bir ayin.

 

Kimə desəm, inanmır –

bu nağılın alması Həvvanın günahıdı,

Adəmin cəzasıdı.

Kimə desəm, inanmır –
Firon yenə yuxuda, Yusif yenə quyuda,
Züleyxa dözəsidi.

 

 

Kimə desəm, inanmır –
sənə qədər yolların izini itirmişəm,
cığırları pozmuşam.
Kimə desəm, inanmır –
Ay Günəşdə yox olub, səma dənizdə batıb,
həm gündüzəm, həm axşam,
həm Allaham, həm adam,
həm övliya, həm nadan –
kimə desəm, inanmır.

 

 

Kimə desəm, inanmır –
səni sevmək dünyanın ən gözəl hadisəsi,
ən bəyaz möcüzəsi.
Səni gözləməyim də səbrimin sahilinə
mirvarilər düzəsi –
kimə desəm, inanmır.

 

 

Biri olur, biri yox; uzun-uzadı nağıl,
Allahı yuxu tutdu? Nəsə uzanır nağıl...
Mənə bir il də möhlət, gəlib çatacam sənə,
bir əlimdə göyərçin, birində alma yenə.
 

 

   Axşamüstü piyada

 

Sübhdən dua edirəm, ovcuma su yığanda,
günəşə əl eləyib səhər evdən çıxanda,
reklam lövhəsindəki gülən qıza baxanda,
elə bilirəm, gələcəksən...

 

 

Çək günəşi şəhərin yuxulayan gözündən,
ay işığı dənizdə, su şəhərin dizindən,
səni yenə görürəm göyün ay bənizində,
elə bilirəm, gəlmisən...

 

 

Kafedə soyuq çaxır, dilimlənmiş almalar,
eyni yer, eyni masa, gəlib-gedən adamlar,
hər şey eləcə köhnə, hər şey eləcə... amma...
gözlədim, gəlmədin...

 

 

İşığı yanan evlər, magistral, səkilər,
yorulan qarışqalar evlərinə çəkilər,
qulağımda mahnılar, telefonda şəkillər;
ümid var - gələcəksən!

 

***

 

bu gün sübh namazına gələ bilməyib Allah,
məscid həyətindəki sərçələrə dən atır,
müjdəli sabahların mürgülüdür sahibi,
sərçə qanadlarına xəfifcə hopub yatır.

 

 

ovuc-ovuc içimdə,
uzaq-uzaq hardasa...
qucaq-qucaq gecəmə
ay boyda günəş asa.

 

 

başı çiynimdə baxır özü yaratdığına,
Allah yaxşı Allahdı, ağlamağı olmaya,
küsüb kin saxlamağı,
cənnətə qapıları bağlamağı olmaya,

 

 

yoxsa yenə başlayır
qucaq-qucaq gecənin
uzun-uzun susmağı.