Artkaspi.azAfaq Şıxlının tərcüməsində Yelena Kuzminanın şeirlərini təqdim edirik:
ANAMA
Dolayıb ayağına parça cırıqlarını –
(Çəkməsi yox oğlanın, hər şey olur davada...)
Alır sobanın üstdən köhnə gödəkçəsini,
Pəncərədən boylanır. Açılıbdır hava da.
...Əriyib küçədə dünənki qar da,
Kirli yarpaqlarla oynayır külək.
Çudinova Tanya – o şəhərli qız
Bu gün Moskvaya geri dönəcək.
Bəlkə unudacaq bu meşələri,
Bəlkə də nə vaxtsa salacaq yada.
Tanya – şəhərli qız, moskvalı qız,
Əlvida, əlvida, sənə əlvida!
Ona "sevirəm” də deyə bilməyib,
Öpməyə hardaydı çata cürəti.
Üzülür, ömürlük gedəcək bu gün
On altı yaşında - ilk məhəbbəti.
Gedir arabanın ardınca, gedir...
Nə etsin, sözünə baxmır ki, ürək.
Heyif... qar üstünə düşəcək izi
Zavodun yanında ilk döngəyədək.
...Eh, necə də qəribə! Səksənə çatıb yaşı,
Tanyanın yaddaşından nələr silinib nələr...
Amma ki, unutmayıb o oğlanın adını,
Canlıdır əvvəlkitək o köhnə xatirələr!
GƏMİ
Budur kiçik gəmi, qocaman gəmi,
"Qəhrəman” yazılıb yan tərəfinə.
Əvvəlki sürətlə üzə bilməyir,
Bir azca yorulub, bir azca xəstə.
Limandan limana sürünüb gəlir,
Sevinir buludlar qaralmayanda.
Nə boz qasırğadan, nə də küləkdən
Yox idi qorxusu əski zamanda.
Çatdırsın mənzilə verilən yükü -
Qocaman gəminin bir arzusu var;
Şaddır - mühərriki sönməyib yolda,
Geciksə eybi yox, qoy danlasınlar.
Bilir, vidalaşmaq zamanı çatıb,
"Sağ ol!” deyəcəklər son dəfə ona.
Limandan bir daha ayrılmayacaq,
Xidməti beləcə çatacaq sona.
Uzanıb qalacaq çay kənarında,
Mürgülü sularda hey yatacaq o.
Pas atmış böyrünü gizləyib qəsdən,
"Qəhrəman” adından utanacaq o.
YÜKSƏLİŞ
Başında nimdaş yaylığı,
Baxışında ağrı-sızı...
O zamankı "sovetlər”in -
Komsomol əsrinin qızı,
Yamaclardan adlayaraq
Heç dərmədən nəfəsini,
Kilsədə sübh duasına
Aparırdı nəvəsini.
Tələsirdi, dolaşaraq
Çölün-düzün alağına...
Tələsirdi o, məbədə
Acımadan ayağına.
Kürəyində illər yükü,
Bir də zəif nəvəsi var.
Budur, bu da yeni kilsə,
Gümüş kümbəz, taxta divar.
Nimdaş ipək yaylığını
Düyünləyib çənəsində
Şam yandırıb dua edir,
Xaç çevirir sinəsində.
Nənəsinin göz bəbəyi
Dikburun körpə uşaq da
Dağıdaraq yuxusunu,
Çəkir körpə nəfəsinə
Nəfis küknar, əriyən şam,
Bir də insan qoxusunu.
Ey yaradan, uzaq eylə
Bizdən bu can qorxusunu!
***
Yelena Qalimovaya ithaf
Bütün həftəboyu, Pasxadan öncə,
Güclü qasırğalar qopmuşdu yenə.
Möhtacdıq durnalar geri dönüncə
Arıquşlarının təsəllisinə.
Gecələr, mübarək qızılı saplar
Qapımız önündə kəsişirdilər.
Bütün yer üzündə yalnız uşaqlar
Kədəri sevincə dəyişirdilər.
Təbiət can atıb çıxırdı yasdan,
Qaralar yerinə döşənirdi ağ.
Arıquşları da söyüdün üstə
Nəğmə deyirdilər bizə hər sabah.
Elə bil dünəndi... hopmuşdu kədər
Xurma ağacının zərif ətrinə.
Bizim tükənməyən dərdimiz qədər
Yoxdur bu dünyada əbədi heç nə!
***
Pişvaz edin! Açın, açın, pəncərəni, qapını!
Uzaq düşən Baharımız xoş avazla gəlibdir!
Gözləyirdik, harda qaldı şaxtaların qənimi?..
Yazla birgə sağsağanlar - vəfasızlar gəlibdir!
Geridə qalıb ağrı-acı. Qızıl telli şölələr
Evimizi, könlümüzü, ruhumuzu isidir...
Ürəyini açıb yenə ayaqyalın küçələr
(Varını verən utanmaz, bu qismətin işidir...)
Bu ucqarda nə şahanə çiçəkləyib ağaclar!
Şəhər özü kiçiksə də, çox genişdir qucağı.
Yavaş-yavaş addımlayır küçə ilə hökmdar,
Gül-çiçəklə salamlayır onu şəhər uşağı.
Səma mavi, hava ilıq, dünya qızıl rəngdədir!
Bu gün – sevinc vəd eləyir, vəfalıdır sözünə.
Böyük kral göz yaşını əllərilə gizlədir -
Aləmlərə hökm oxuyan Günəş düşür gözünə...
Düşünürəm, bu şəhərcik layiqdirmi sevgiyə?
Yüz illərdi sevinci də, kədəri də beləcə.
Qəm eləmə, kiçik şəhər, qar tezliklə əriyər...
Damlaların ahəngində şadlıq elə bu gecə!
...qala qapısı önündə nə şikəst var, nə səfil,
Tək-tənha bir keşikçidir yarıislaq torpağa.
onun qoca gövdəsinə söykənərək bir tifil
asta-asta tumar çəkir yanındakı ulağa...
***
Verilən vədədə, gecəyarısı
Ağrıdan boğulub dayandı zaman.
Elə bil qayıtdım o yerə bir də,
Altımda göy otlar, üstümdə duman...
Təbiət nə isə hecalayırkən
(Bəlkə də quşların səsiydi o da)
Uca Yaradana şükürlər deyib,
Təkcə Yaradanı salırdım yada.
...Bir də ayılaram yay gələndə mən.
Zamanın nə sonu, nə ilki kimi...
Qızıl qarğıdalı zəmilərində
Gəzərik, a dostum, əvvəlki kimi.
Qədim cəngavərlər qalxar ayağa,
Bayraqlar düzülər yenə yan-yana.
Elə bu şəhərdə, çay kənarında
Kilsə zənglərinin hay-harayına.
Necə də mərdanə, necə də məğrur
Dayanar igidlər çiyin-çiyinə!
Gümüşü qınından öz qılıncını.
Mojayski Nikola çıxarar yenə.
Azad göy qübbəsi başımız üstə!..
Bu məchul sevincdən coşub-daşarıq.
Yolumuz ayrılar burda, əzizim,
Səninlə beləcə vidalaşarıq...
Gecikmə, gecikmə! Bax ətrafına,
Bax, saysız-hesabsız yol yoldaşın var.
Adı dastan olan adil hökmdar
Knyaz Dmitri də sizi qarşılar.
Qoruyub haqqını torpağımızın
O qoç cəngavərlər son nəfəsədək;
Tanrının adını uca tutaraq!
Tanrının hökmünə boyun əyərək!
PELAGEYA
O zamanlar,
Şimal çayları boyu yerləşirdilər
kəndlər...
Kəndlilər
Nə də yağ-bal içində üzürdülər,
Nə süd gölündə çimirdilər.
Torpaq daşa dönüb yaşam bitməsin deyə
İşləyirdilər qadınlar
Nəğmə oxuya-oxuya,
qəm yeyə-yeyə.
Ürəklərini soyutmaq üçün
Özlərini atırdılar hər oda,
Əzab içində...
müharibəyə gedənləri salırdılar yada.
Beləcə günləri saya-saya,
Yaşayırdı o kənddə
Amosova Pelageya.
Hər işə yetirdi əli
Hündür boylu,
cəngavər qüvvəli
qızılsaçlı çörəkbişirən qadının.
Bişirdiyi çörəkləri hamı çox sevərdi,
Çünki yoğurduğu xəmiri o, bir uşaq kimi əzizlərdi.
Çörək yetirdi hər almaq istəyənə,
On deyil, yüz deyil... min dənə!
Yayılmışdı dörd yana çörəklərin şöhrəti...
Uzaqdan da gəlirdilər, yaxından da
dadmaq üçün bu neməti;
Kimsə heç olmasa yarısı üçün,
Kimsə də, eləcə...
Allah rizası üçün...
Hiss etmədən canının ağrısını,
Öz çörəklərilə doyururdu o, bir neçə kəndi,
Yalan olmasın,
bəlkə də Rusiyanın yarısını.
...Gəncliyimdə, iyirminci əsrin
bəzən üçyarpaq yonca,
bəzən yovşan ətirli
küləkləri vururdu üzümə hərdən.
Pelageya da Hekuba kimiydi sanki!
Açıb kitabı, davam edirdim oxuduğum yerdən...
O, əfsanələrdə yaşayır, işləyirdi.
Bir ağac kimi böyüyürdü bu xatirələr,
başı buludlara dəyirdi.
Budur, Pelageya yorğun qayıdırdı işdən.
Çəməndəki yuxulu otlar belə
şad olurdu bu gəlişdən.
İndisə,
düzüb önümə sayılı günlərimi
Xatırlayıram onu bir əqrəbam kimi.
Dua edirəm hər axşam, hər sabah:
O gözəl kəndlərdəki
Saf, təmiz qadınların –
Bir də Amosova Pelageyanın ruhunu şad elə, Allah!
***
Soldu çəmənlərin gülü-çiçəyi,
Müşk-ənbər qoxusu yox oldu getdi.
Yolların tozunu canına çəkən
Alaqlar, ələflər çoxaldı getdi.
Yudu üzlərini gümüş yağışlar,
Bu qəfil hörmətdən boylar ucaldı.
Ayı pəncəsi də bir əsgər kimi
Kol-kosun içində fərəqət qaldı!
Yollar ayrıcında çıxsa qarşına
Köhnə ehtiramla sanki baş əyər:
"Tapdaqda qalmağa alışqanıq biz,
Yenə üstümüzdən keçib get”, - deyər.
...Gələrdim məktəbdən əlimdə çanta,
Onlar da astaca gələrdi dilə,
Söhbət eləyərdik yollar boyunca
Soy-kökü olmayan bu otlar ilə.
Dözümdən, Səbrdən söz açıb mənə
Yoldaş olardılar son baharadək.
Bu çətin sözlərin ağırlığını
O vaxtlar hiss edə bilmirdi ürək.
ETİBARSIZ QADIN
Qaldı arxamızda kənd məzarlığı
Ağır zamanlardan bir nişan kimi.
Bu gün, sağ qalanlar pişvaza çıxıb
Səni qarşıladı - qəhrəman kimi!
Uşaqlar həsədlə baxırdı hərdən
O mərd sinəndəki medallarına.
Divar saatı da vururdu birdən
Xoşbəxt günlərini salıb yadına.
Əsirdi köksümdə zavallı ürək,
Hava da sınağa çəkirdi məni.
Bəzən oynadırdı o soyuq külək.
Mavi çit donumun ətəklərini.
Sanki üşüyürdü ağaclar belə,
Qohum-əqrəbanın söz-söhbətindən.
Necə uzaqdısa burdan Berlinə,
Mənə bax eləcə uzaq idin sən.
...Qorxmadıq göylərin gurultusundan,
Başımız üstündə şimşək də çaxdı.
Səni çarəsizcə itirdiyim an,
Axır ki, bir dəfə üzümə baxdın.
Dedi-qoduları sən bilə-bilə
Yenə də davrandın qəhrəman kimi;
Əsgər şinelini götürüb ələ
Örtdün etibarsız çiyinlərimi.