Biz imzaları yox, əsərləri dərc edirik...

“Şəngülüm və Məngülüm”, harda qaldı Şüngülüm?
354
12 Aprel 2018, 13:19
  Bir neçə ay bundan öncə Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında yeni bir eksperiment tamaşa olacağı ilə bağlı sizləri xəbərdar etmişdik. Demişdik ki, repertuarında mütəmadi dəyişikliklər edən, yeni nümunələrlə yanaşı, klassik ədəbi materialları fərqli quruluşlarda teatrsevərlərə təqdim edən Kukla Teatrı daha bir premyerasına hazırlaşır. Və bu dəfə balaca tamaşaçılarımıza hamımızın az qala əzbər bildiyi və bu günədək bir neçə quruluşda səhnə həyatı yaşayan məşhur "Şəngülüm, Şüngülüm, Məngülüm” nağılı yeni səhnə variantında təqdim olunacaq. Mikayıl Müşfiqin sevimli, məşhur mənzum nağılı bu dəfə müəyyən ixtisarlarla mono-tamaşa olaraq izləyicilərin görüşünə gələcək. Hətta tamaşanın məşq prosesindən də yazmışdıq. 
 
 

 
  Nəhayət, martın 30-da Anar Məmmədovun quruluş verdiyi  və Dövlət Musiqili Teatrının istedadlı aktrisası Ülviyyə Əliyevanın yeganə ifaçısı olduğu tamaşanın premyerası keçirildi. Tamaşanın adı da "Şəngülüm və Məngülüm” adlanırdı. İndi deyəcəksiniz ki, bəs Şüngülüm hanı?  o da bir azdan...


  Şoulu-mono tamaşa
 
  Bu tamaşanın bir yenilik olacağını xəbər tutub biz də Kukla Teatrına yollanmışdıq. Tamaşanın başlamasına bir neçə dəqiqə qalmışdı. İçəridəki səs-küydən tamaşanın başladığını sandıq. Tamaşa başlamışdı, ancaq teatrın səhnəsində deyil, foyedə. Belə ki, hər zamankı kimi ekstravaqant geyimdə teatra gələn tamaşanın bəstəkarı, əməkdar artist, bəstəkar Elza Seyidcahan mətbuat nümayəndələrinə açıqlama verirdi. İlk dəfə idi ki, premyera öncəsi televiziyaların tamaşaya və onun yaradıcı heyətinə bu qədər maraq göstərdiyinin şahidi olurdum. Elza Seyidcahan hər zamankı kimi qeyri-adi geyimi, stili ilə tamaşanın ərsəyə gəlməsi üçün bu işdə əziyyəti keçən heyəti ətrafına cəm edib, açıqlamalarına davam edirdi. Onunla şəkil çəkdirən kim, müsahibə alan kim... Ədası, işvəzi, nazı ilə yaratdığı əsərlərdən və bu tamaşanın da onun bir parçası olduğunu açıqlayan bəstəkarımızın müsahibəsi yekunlaşdı. Foyedəki tamaşa bitəndən sonra səhnədə əsl tamaşa başladı. 
 
 
 

  Hər zaman komediya janrında səhnədə müxtəlif obrazlar yaradan Ülviyyə Əliyeva bu dəfə yeni bir eksperimentə imza atdı. Səhnəyə ilk növbədə Nağılçı kimi çıxan aktrisa Şüngülüm obrazının ixtisarı ilə yeni səhnə həyatı yaşayan tamaşada Nağılçıdan başqa daha beş kuklanın -Şəngülüm, Məngülüm, Ana keçi, Canavar və Dəmirçi obrazını məharətlə canlandırdı. Şirin və bir o qədər də maraqlı geyimdə uşaqlara uşaqlıqdan bəri bildiyimiz nağılı danışmağa başladı. Bəzəkli, sehilri təsir bağışlayan sandıqca ilə səhnədə var-gəl edən aktrisanı bu qədər həyəcanlı görməmişdim. Hər zaman tərəf müqabilləri ilə bir səhnəni paylaşan aktrisa bu dəfə tamaşaçıların qarşısına tək-tənha çıxır və hər zamankından fərqli olaraq onları güldürmürdü,  azyaşlıların dilində onlara nağıl danışırdı. Hər nə qədər təzadlı olsa da tamaşa maraqlı və baxımlı idi. Nağılçı danışa-danışa sandığı evə, küçəyə, meşəyə çevirirdi. O, hadisələrin necə cərəyan etdiyini danışır, daha sonra sandığın arxasına keçib, kuklaları oynadır, personajlara çevrilirdı. Qolçaq kuklalardan istifadə edən aktrisa üçüncü obrazı - başındakı Ana keçi obrazı ilə tamaşaya xüsusi rəng qatırdı. Tamaşanın quruluşçu rejissoru Anar Məmmədov qolçaq kuklaları oynatmaq və idarə etmək yollarını aktrisaya o qədər həssaslıqla öyrətmişdi ki, Ülviyyə Əliyevanın onları idarə etməkdə heç də çətinlik çəkdiyi sezilmirdi. Məşhur nağılın süjeti əsasında qurulmuş tamaşada yeganə fərq Şüngülümün rolunun olmaması idi. Bu da aktrisanın səhnədə yalnız 3 obrazı canlandıra bilmək imkanından irəli gəlirdi. 
 
  Elza Seyidacahanın notları...
 
  Səhnədə çox sadə bir tərtibatdan istifadə edilmişdi. Belə ki, tamaşanın quruluşçu rəssamı İqbal Əliyev bu səhnə işində bir neçə kukla texnikasının sintezini yaratmışdı. Məhdud dekorasiyalarla əlvan çalarlı səhnə tərtibatını verən rəssam qolçaq kuklalarının istifadə olunduğu tamaşada əsas diqqətini obrazların müasir görkəmdə təqdimatına yönəltmişdi. 
 
 

  Tamaşada səslənən musiqilərin əməkdar artist Elza Seyidcahana məxsus olduğu həməncə sezilirdi. O, musiqilərində Mikayıl Müşfiqin şeir nümunələrindən istifadə etmişdi. Təbii ki, öz yanaşma və baxış tərzi ilə. Əslində bu teatra bir fərqli tərz və baxış gətirmişdi. Bu gün gündəmi zəbt edən Elza tərzində yazılmış musiqiləri teatrda canlı olaraq dinləmək bir başqa təsir bağışlayır insana. Musiqiyə geniş yer ayrılan uşaq tamaşasının musiqisi də adət etdiyimiz, dinlədiyimiz musiqilər deyildi. Tamaşanı izləyən və bəstəkarından xəbərsiz olan hər kəs musiqinin məhz Elzaya məxsus olduğunu asanlıqla sezə bilərdi. Canavarın ifasındakı musiqi isə xüsusilə hiss edilirdi. 
 
 

  Hər nağıl kimi bu nağılımız da xoşbəxt sonluqla bitdi. Tamaşa zamanı böyük həyəcan keçirən və bütün zalı ələ almağı bacaran aktrisa bu məsuliyyətin altından da üzüağ çıxdı. Bilirsiniz ki, mono tamaşada aktyor səhnədə tək olduğu üçün obrazın səsi, oyun tərzi  davamlı olaraq dəyişir və bu aktyorun bütün potensialını ortaya qoyur. Mono tamaşada heç nə tamaşaçının gözündən yayınmır. Bu baxımdan, Ülviyyə xanımın ilk mono tamaşasını uğurla başa vurduğunu deyə bilərik. 
  Teatr dilində bir kəlimə var - "bişmək”. Təbii ki, tamaşa oynanıldıqca daha da bişib təkmilləşəcək və öz tamaşaçılarının görüşünə gələcək. Biz də hər zaman fərqli eksperimentlər üzərində çalışan teatrın yaradıcı heyətinə uğurlar arzu edirik. 
 
   Xəyalə Rəis