Biz imzaları yox, əsərləri dərc edirik...

Sənətkar örnək yox, ayna olmalıdır – Müşərrəf Akayın müsahibəsi
2210
11 İyun 2019, 15:46
 Artkaspi.az saytı Müşərrəf Akayın müsahibəsini təqdim edir: 

 Müşərrəf Akay  1952-ci ildə İstanbulda doğulan Müşərrəf Akay əslən Balıkesirli çərkəzdir. 14 yaşında Hüriyyet qəzetinin təşkil etdiyi səs yarışmasına qatılaraq iştirakçılar içərisində Selami Şahin ilə tanışıb yaxın dost oldular. 1971-ci ildə Yılmaz Güneyin "Baba” filmi ilə ekranlara gəldi. Məşhurlaşması isə əvvəlki həyat yoldaşı Mahmut Tezcanın rəhbərliyi ilə "Türkiyəm” filmində baş rol oynaması ilə bağlıdır. Həmin illərdə "Türkiyəm” mahnısı ilə zirvələri fəth edir. 1984-cu ildə "Ona çirkin kral deyirdilər” filmində rol alan Müşərrəf Akay Azərbaycan auditoriyasında da sevilən sənətkarlardandır.  
 
 – 1971-ci ildə Yılmaz Güneyin "Baba” filmində ilk dəfə rol almısınız. Daha sonra "Türkiyəm”, "Ona çirkin kral deyirdilər” filmlərində artıq baş rollarda çəkilmisiniz.  Ümumən  kinoya gəlişiniz necə oldu?
 – Mən sənətə musiqiçi kimi gəlmişəm. 16 yaşımda val yazdırmışdım. 17 yaşında ailə qurdum. Bir il sonra oğlum oldu. Oğlum böyükdür, bəzən mənimlə harasa gedəndə deyirlər ki, gənc sevgilisidir. Uşaqlarımla birgə böyüdüm. Həm də özümə yaxşı baxmışam, gecə həyatım yoxdur, içki içmirəm və s. Hərdən uşaqlarıma hirslənəndə deyirəm "sizi mən dünyaya gətirmişəm” Gözləri bərələ qalır, özləri də bu həqiqətə inanmırlar. Çünki onlar mənə dost kimi baxırlar. Ailə qurduğum adam Türkiyədə məşhur prodüser idi. O vaxt müğənniliklə bərabər filmlərə çəkilmək dəb idi. Mən də buna görə filmdə rol aldım. Filmə çəkiləndən sonra rejissorlar filmlərimi çox bəyəndilər və xahiş etdilər ki, bu işə davam edim. Ancaq mən filmə çəkilməyi çox da sevmirdim, çünki könlümdə, ağlımda ancaq və ancaq musiqi vardı. Fəqət 24-ə qədər filmə çəkildim. Cüneyt Arkının mümkün qədər filmlərində müğənni rolunda oynamırdım. Yılmaz Güney də israr edirdi ki, sən filmlərə çəkilməyə davam elə. Filmlərə çəkilməyə başlayanda 18 yaşım var idi, hamı maraqlanırdı ki, görəsən bu qızın neçə yaşı var? Bu yaş məsələsi ilə də bağlı bir söz deyim. Bəzən biz aktrisalara yaşımızı hiss etdirmək üçün deyirlər ki, mən səni uşaqlıqdan tanıyıram”,  onda mən də cavabında deyirəm ki, mən də səni uşaqlığımdan tanıyıram, amma mən səni görə bilmirəm”
 
 


 – Müsahibələrinizdən birində  "Aktrisalıq bir iş deyil!” demisiniz. 24 filmə çəkilən niyə belə bir qənaətə gəlmisiniz?
 – Mən aktrisalığa çox böyük qiymət verirəm, amma zülm işdir. O vaxt müğənnilər ona görə filmlərə çəkilirdilər ki, simaları insanlar tərəfindən tanınsın. Çünki indiki kimi hər evdə internet, çoxlu kanallar yox idi. O filmlər əslində klip kimi qəbul edilməlidir.

 – Bildiyim qədərincə "Bir Zamanlar Çukurova” teleserialına bir müğənni roluna dəvət almısınız. Və sınaq çəkilişlərindən sonra imtina etmisiniz. Səbəbini bilmək olarmı?
 – Çünki mən həm sənətdə, həm də şəxsi həyatımda ikinci qadın olmaq istəmirəm. Orda mən baş qəhrəmanın sevdiyi ikinci xanım olmalıydım – Cahidə xanımın günüsü.
 
 – 20-dən artıq albom çıxarmısınız. Və bütün albomlarınız dinləyicilər tərəfindən gözəl qarşılanıb, sevilib. Bu sevgini necə qazandınız, bu uğurun arxasında hansı zəhmətlər dayanır?
 – Sənət adamının mütləq şansı olmalıdır. Sənətçinin ən böyük qazancı dostlarıdır, sənət adamı dost-düşmənini yaxşı tanımalıdır. İkincisi bu sahəyə həsr olunmaq lazımdır, sənətini hər kəsə qəbul etdirmək üçün əlindən gələni etməlisən. Ancaq öz sənətini başqa şeylər əldə etmək üçün vasitəyə çevirirsənsə, onu hamı başa düşür və sənət adamından uzaqlaşırlar. Sənətkarla sənətçicikləri hamı yaxşı tanıyır. Ağlım kəsəndən mahnı oxuyuram, gəldiyim qənaət budur ki, sənətkar örnək yox, ayna olmalıdır. 

 – Repertuarınızda Azərbaycan mahnılarında da geniş yer ayırmısınız. "Ağlama Sevdam”, "Dözə bilmirəm”, "Ala gözlüm”, "Bəri gəl” və s. Azəri şərqilərinə sevginiz haradan qaynaqlanıb? Ümumiyyətlə, Azərbaycan şərqilərini kimin ifasında dinləyib sevmisiniz? Məhz bu mahnıları niyə seçib repertuarınıza daxil etmisiniz?
 – Oxuduğum ilk Azərbaycan mahnısı "Olmaz-olmaz”dır. Bu mahnını mənə gətirəndə çoxlu dinlədim, dedim ki, yox bu mahnının öhdəsindən gələ – oxuya bilmərəm. Ritmikası çoxdur. Dedim ki, pis oxuyub biabır olmaqdan qorxuram. Sonra studiyaya getdim bu mahnını oxudum gördüm yox alınmır. Hamısı dedi ki, yaxşıdır, dedim yox yaxşı deyil. Xahiş etdim ki, mənə iki saat vaxt versinlər, mahnınıya bir də qulaq asım. Girdim içəri öz-özümə dedim: "Müşərrəf, utanmırsan sən, o nə sözdü deyirsən ki, oxuya bilmirəm, gir onların ritminə çıxma”. Bir saat sonra qayıtdım studiyaya dedim açın səsləri və elə oxudum, elə oxudum gəl görəsən... Azərbaycanla bağlı məcəram belə başladı və Türkiyədə çox məşhur oldu. Türkiyədə bir sıra müğənnilər, o cümlədən Muzeffer Ersoy, Muzeffer Abacı belə mənə dedi ki, Azərbaycan mahnısı oxuya bilmirəm, çox çətindir. Sonra mən 1986-cı ildə ilk dəfə Azərbaycana gəldim və buralara aşiq oldum. Sonralar mənə dedilər ki, niyə ayrılıq mahnısı oxumursan, mənə Ququşun kasetini gətirdilər, mahnını oxuyuram ağlayıram, oxuyuram ağlayıram... Dedim götürün aparın bu qadının kasetini bu qadın məni xəstə salacaq. Sonra onu da oxudum... Ondan sonra "Ala gözlüm”, "Ağlama sevdam”, "Cəmilə qızım” oxudum... 30-dan çox Azərbaycan mahnısı ifa etdim. İndi görürəm ki, Azərbaycan mahnısı oxuyanların sayı çoxdur. Ürəyimdə deyirəm "oxuyun, oxuyun, ağlınız başınıza gəlib” (gülür). Özüm də mahnılar bəstələyirəm. 

 –  Amma mahnılarımızı anonim kimi qeyd edirlər...
 –  Çünki zəhmət çəkib mahnını bəstələyəni araşdırıb öyrənmək istəmirlər.
 
 

 – Zeynəb Xanlarovayla konsertlərdə duet oxumusunuz. Zeynəb xanımla tanışlığınız haradan başlayır?
 – Zeynəb xanım Azərbaycanın ulduzudur. O, Azərbaycan mahnılarını dünyada şöhrət qazandırmışdır. Türkiyədə verdiyi konsertlərdə bilet tapmaq olmurdu. O, Azərbaycana çox şey qazandırıb. Onunla duet oxumaq mənim üçün şərəfdir.

 –  Sevilməyən, ancaq sizin üçün çox önəmli olan mahnınız varmı?
 – Var, çoxdur. Mən "Olmaz-olmaz”ın məşhur olacağını düşünmürdüm, amma oldu. 

  –  Həyatınızı ifadə edən mahnılar hansılardır?
 –  "Ala gözlüm” və "Türkiyəm”. "Ala gözlüm”ü oxuyub ağladığım çox olub. Müğənni mahnıya enerji verə bilmirsə o əsər sevilməyəcək. Mən səsimə görə iddialı deyiləm, mənim səsim hamının səsindən yaxşı deyil. Mənim səsim "balacadır”, amma təsirlidir. Böyük diapazonlu səslər vardır ki, heç kəsin ürəyinə yol tapmır. Nigar Rəfilbəylinin "Ala gözlüm”ü yazması ilə bağlı əhvalatı da bilirəm, Türkiyədə bir neçə dəfə danışmışam, bütün tamaşaçıları.

 – TRT musiqi kanalında Lalə Məmmədovanı təqdim etdiniz və "Dağlar qızı Reyhan” mahnısını  duet şəklində oxudunuz. Lalə xanımdan başqa hansı gənc müğənnilərimizi tanıyırsınız, dinləyirsiniz?
 – Azərbaycandakı əksər sənət adamlarına çox böyük hörmətlə yanaşıram. Onların içərisində Lalə Məmmədova Aybəniz Haşımova, Aygün Səmədzadə, Gülyanaq Məmmədova, Nazpəri Dostəliyeva və başqalarının adını çəkə bilərəm... Azərbaycanlı müğənnilərin Türkiyədə oradakıları burada tanıtdırmağı bacarmalıdır. Etibar Babayev bu cür işlərdə çox böyük işlər görüb və bu gün də görür. 

 – Sizcə, indiki dövrdə səhnəyə çıxıb tanınmaq çətindir, yoxsa 70–90-cı illərdə? 
 – İndiki gənclik daha çox varlanmaq üçün səhnəyə gəlirlər. Qadındırsa deyir ki, müğənnilərlə daha yaxşı kişi tapam, kişiyəmsə varlı qadın tapım eşqi ilə sənətə gəlirlər. Yəni müğənnilik indi bir sektor olub, bizim vaxtımızda isə daha çox.
 
 

 
 – Gəncədə "Əziz dostum" televiziya layihəsinin yekun konsertində çıxış etdiniz. Bununla bağlı təəssüratlarınızı bölüşərdiniz. 
 – "Əziz dostum” proqramının yaradıcısı Etibar Babayevdir. Əvvəlcə E.Babayev mənə bu ideyanı deyəndə xəyal kimi göründü, sonra reallaşdı. Mən cənab Prezident Rəcəb Tayyib Ərdoğana bu layihəni dedim, o da çox yardım elədi. Zəng elədim E.Babayeva dedim ki, razılıq almışam amma nəyi necə edəcəyimi bilmirəm, o mənə dedi ki, narahat olma nə iş görsəniz kömək edəcəyəm. İlk üç proqramda bir az çətinlik çəkdik, amma arzularımız gerçəkləşdi. 

Söhbətləşdi: Fərid Hüseyn