10 mart Milli Teatr Günündə bir sıra sənət
adamları mükafatlandırıldı. Onların sırasında Musiqili Teatrın tanınmış
aktrisası Gültac Əlili də vardı. Teatrın sevilən aktrisası "Fəxri
mədəniyyət işçisi” döş nişanına layiq görüldü. Biz də aktrisanı təbrik edənlər
sırasında olduq.

– Gültac xanım, mükafat
almaq necə bir hissdir?
– Əlbəttə ki, mükafat almaq və mükafata layiq
görülmək gözəl hissdir. İllərini teatra həsr etmiş sənətkarlar istər Teatr Xadimləri İttifaqı, istər işlədiyi teatr, istərsə də nazirlik
tərəfindən mükafatlar gözləyir. Bu onların görəcəyi növbəti işlər üçün böyük bir
stimuldur. Dəfələrlə mükafat alan bir aktrisa kimi deyə bilərəm ki, hər dəfə mükafat
alanda daha səy və şövqlə çalışmaq istəyirəm. Avtomatik olaraq məndə ruh yüksəkliyi
yaranır. O ki qaldı "Fəxri mədəniyyət işçisi” döş nişanı almağıma, gözləmirdim
ki, bu bayram məhz məni bu mükafata layiq görərlər. Bu teatr mövsümündə
səhhətimlə bağlı bəzi problemlər yaşadım. Özlüyümdə düşündüm ki, yəqin, bu mövsüm
əvvəlki illərə nisbətən ciddi çalışmadığım üçün mükafata layiq görülməyəcəyəm. Ancaq
yenə də məni bu mükafata layiq görən insanlara, başda da teatrımızın direktoru Əliqismət
Lalayevə təşəkkürümü bildirirəm. Yəqin bundan əvvəl məhsuldar çalışıb, amma mükafat
almadığım illəri nəzərə alıblar ki, bu dəfə məni belə bir gözəl mükafatla sevindirdilər.
– Açıqlamanızda bildirmisiniz
ki, bu mükafatı almağınız o demək deyil ki, ona yalnız siz layiqsiniz. Mükafat almağınız hansısa həmkarlarınızda
aqressiyaya səbəb olub ki?
– Mükafat almağım kimsədə qıcıq oyatmamışdı. Əksinə,
dostlarım məni mükafat almağım münasibəti ilə təbrik etdilər. Təbii ki, onların
içərisində səmimiyyətinə inandığım insanlar da var. Sizə qısa bir nümunə gətirəcəyəm.
Bilirsiniz ki, həyat yoldaşım Hüseyn də mənimlə birlikdə çalışır. Fikirlərimin
ən bariz nümunəsi elə Hüseyndir ki, o da mükafata layiq olanlar sırasında ola bilərdi.
Niyə də olmasın?
– Yəni təbrik
edənlər sırasında qeyri-səmimi olanları da hiss edirsiniz?
– Əlbəttə ki. Axı biz bunun məktəbini, taktikasını keçmişik.
Kimin oynadığını, kimin qeyri-səmimi olduğunu həmin an hiss edirik. Kimi
aldatsalar da, məni aldada bilməzlər.
– Təbrik gözlədiyiniz
insanların hamısı sizi təbrik etdimi?
Gözlədiyim
insanların elələri var ki, məni təbrik etmədilər. Mən də onların böyüklüyünə sayıram.
Düşünürəm ki, məşğuldurlar, bayramqabağıdır,
bir çoxlarının məişət problemləri var və başları qarışıqdır. Canları sağ olsun.
Mən kiçiyəm, heç vaxt öz olduğum yerdən yuxarını düşünən adam deyiləm.
– Bundan sonra
hansı mükafatları gözləyirsiniz?
– Nə qədər mükafat varsa, hamısını gözləyirəm.
Teatrı heç vaxt atmayacaq bir aktrisa kimi deyirəm, niyə də olmasın?! (gülürük)

– Xatırlatdığınız
kimi həyat yoldaşınız Hüseyn Əlili də sizinlə bərabər Musiqili Teatrda çalışır.
Həyat yoldaşınızla eyni sənətdə olmağın üstünlükləri nələrdir?
– Hüseyn məni çox gözəl anlayır. Biz onunla evdə rollarımızı
birlikdə məşq edirik. O mənə sənətim və müxtəlif mövzularda dəyərli məsləhətlər
verir. Onun sənət təcrübəsi mənimkindən artıqdır və mən onu bir aktyor kimi bəyənirəm.
Hüseynin istedadına inanıram və məsləhətlərindən hər zaman xeyir görmüşəm.
Hüseyn insan kimi də mülayim və səmimidir. Təbii ki, indi ideal insan yoxdur,
onun da yaxşı olmayan tərəfləri var.
– Misal üçün?
– Bəzən sənət qısqanclıqları olur. Elə götürək bu mükafatı
almağımı. Mükafatı evə gətirəndə, ona baxıb dedi ki, "təbrik edirəm, bilirsən ki,
mənim üçün dəyərlisən, ancaq mən o teatrın səhnəsində oynayanda sən tələbə idin.
Səncə, bu mükafata səndən öncə mən layiq deyildimmi?” Dedim, əlbəttə ki, layiqsən.
Ancaq indi neyləyək ki, bu mükafata məni layiq görüblər? Yaxud da tərəf müqabilimlə
hər hansı bir mövzunu müzakirə edirik. Bu, mübahisəyə çevriləndə, həyat yoldaşım
yanımda olduğu üçün çalışıram ki, o mübahisəni etməyim. Çünki hansısa bir tərs fikir
söyləyərəm. Onlar qarşı-qarşıya gələrlər, teatrda nalayiq vəziyyət yaranar. Bu kimi
şeylər mənfi tərəfləridir (gülürük).
– Bəs bütün günü bir
yerdə olmaqdan sıxılırsınızmı?
– Bəzən olur. Mən özüm deyirəm ki, ayrı-ayrı yerlərə
gedək, bir az mühitimizi dəyişək. Ancaq belə baxanda, nə o məndən, nə də mən ondan
sıxılıram. Bu çox nadir hallarda olur.
– Səhnədə o sizi qısqanır,
yoxsa siz onu?
– Mən onu heç zaman qısqanmamışam. Hüseynin dediyinə
görə, o da məni qısqanmır. Hiss etdikdə ki o məni qısqanır, həmən işə başlayıram,
deyirəm ki, sən məni alanda mən artıq aktrisa idim. Mən səhnədə rolla ifa edirdim.
Sən məni səhnədə görmüsən, belə qəbul edib almısan. Bizim evlənəndə də aramızda
sazişimiz olub ki, mən sənətimi davam etdirəcəyəm, sən də bunu dəstəkləyəcəksən.
İnanıram ki, sən fikirlərinə sadiq qalacaqsan, hörmətlə yanaşacaqsan. Onun öz kriteriyaları
var ki, bu şeylər konkret olmaz. İstər səhnə geyimlərimdə, istər tərəf müqabilimlə
obraz canlandırarkən hər şeyin bir həddi var. Başqa tərəf müqabilimlə səhnədə oynayanda
Hüseyn özünü elə göstərir ki, guya qısqanmır. Ancaq mən onun baxışlarından,
mimikalarından hiss edirəm ki, nəsə tərs gedən bir şeylər var (gülür).

– Teatrda müəyyən
qədər sözünü demiş aktrisalar bildirirlər ki, biz qısa və epizodik rollarda oynamırıq.
Sizin elə kompleksləriniz var?
– Heç vaxt. Mən özümü sözünü demiş aktrisa hesab etmirəm.
Hələ də öyrənirəm və hesab edirəm ki, bu sənətdə öyrənəcəyim çox şey var. İnsanlar
ölənə qədər öyrənir. Bunu da qəbul etmək lazımdır ki, aktrisa kimi sevilirəm. Rolun
böyük və kiçiyi olmaz. Mən o kiçik roldan elə bir obraz düzəldərəm ki, o böyük rolu
oynayan aktyor mənim yanımda kölgədə qalar.
– Sizi hər zaman
Musiqili Teatrın aktrisası, hətta siması kimi tanımışıq. Başqa teatrlardan
təklif gəlibmi?
– Nə yalan deyim, heç bir təklif almamışam. Ancaq
təklif alsam belə, öz sevimli teatrımı dəyişmərəm. Mən teatrı çox sevirəm.
Teatrdan bir həftə aralı düşüb, sonra ora gedib səhnəyə çıxanda, səhnədəki o
təlatümü heç vaxt ifadə edə bilmərəm. Qrim otağına girəndə, səhnə arxasında
çıxışımı gözləyəndə keçirdiyim həyəcanı yalnız teatrı mənim qədər sevənlər
anlaya bilər. O hissləri sözlə ifadə edə bilmirəm. Bunu ancaq hiss etmək
lazımdır.
– Ürəyinizdə hansı
obrazın nisgili var?
– Mən hələ gəncəm. 30 yaşım var. Nə nisgil?
(gülürük) İstədiyim obrazları rejissorlar mənə verib. İndi durub desəm ki,
hansısa rolu oynamaq istəyirəm, bizim rəhbərlik buna razılıq verəcək. Çünki heç
vaxt gənclərə öz diqqətini əsirgəməyib. Əliqismət Lalayev buna şərait yaradar.
– Hansısa rejissorla
ulduzunuzun barışmadığı anlar olubmu?
– Əslində elə bir rejissor yoxdur. Mənim sevimli rejissorum
İradə Gözəlovadır. O mənim aktrisalığıma şübhə edən adamlara verdiyi obrazla möhürünü
vurdu. "Kimdir müqəssir?” tamaşasında mənə verdiyi obraz yaradıcılığımda tramplin
oldu. Amma serial rejissorlarının heç birinin ulduzu mənimlə barışmır ki, seriallara
çox az çəkilirəm (gülür).
– Səbəb nədir
sizcə?
– Sizə tam açıq deyəcəm. Serial biznesində Rövşən İsaxı
rejissor kimi brend hesab edirəm. O, aktyorla çox yaxşı işləyir. Təbii ki, bəyəndiyim
digər rejissorlar da var. Elə Ramin Hacıyevin özü. Film və seriallarda çox az qonorar
olur. Mən də iki uşaq anasıyam. Onların verdiyi qonorar məni qane etmir. Nə yalan
deyim, təklifin biri gəlib, biri gedir. Məni qane edən təklif olanda çəkilirəm.
– Son dövrlər kinoteatrlarımızda
hər ay yeni bir filmin təqdimatı olur. Heç o filmlərdə də sizi görmürük.
– Bu da rejissorların günahıdır. Rejissorların bir bəhanəsi
var, deyirlər, teatralsınız, teatr aktrisasınız, filmdə də pafoslu
oynayırsınız. Əslində, biz İncəsənət Universitetinə qabiliyyət imtahanı verib keçmişik,
orda incəsənətin sirlərini öyrənmişik. Necə davranmaq, necə danışmaq, səhnədə necə
dayanmağa yaxşı bələdik. Biz necə oynaya bilmərik? Əgər həftənin 3 günü teatrda
canlı sənət göstəririksə, demək onu da bacararıq. Əlbəttə ki, bu fikirlərin hamısı
nağıldır, rejissorların uydurmasıdır. Rejissorun işi nədir? Aktyorla işləmək. Əgər
bəyənmirsənsə, işlət, bəyənmədiyin aktrisadan elə bir aktrisa ortaya çıxar ki, qoy
sənə əhsən desinlər. Məgər xarici ölkələrdə çəkilən filmlərin fanatizm səviyyəsinə
çatdırdığımız qəhrəmanlarının hamısı aktyordur? Onların çoxu model, yoldan keçənlərdir.
Görün rejissorlar onlarla necə işləyib. Mən özüm də o filmlərə baxıram və hər dəfə
baxanda təsirlənirəm. Sizcə, aktrisa özü öz üzərində işləyir, yoxsa rejissor? Rejissorlar
aktyorlarla psixoloji treninqlər keçirlər. Bu çox geniş bir mövzudur.

– Bayramı necə keçirəcəksiniz?
– Əvvəla, bu gözəl gündə Azərbaycan xalqına yalnız və
yalnız cansağlığı arzulayıram. Səhhətimdə problem yarananda da əlimi Allaha açdım,
dua etdim ki, "Allahım, səndən heç nə yox, yalnız cansağlığı istəyirəm”. Xalqım
üçün firavan, xoşbəxt həyat, ruzi-bərəkət arzulayıram. Bayramı isə Gəncədə anamgildə
keçirəcəyəm.
Söhbətləşdi:Xəyalə Rəis