Biz imzaları yox, əsərləri dərc edirik...

Sənət və psixologiya – Rəvan Cavid yazır
2392
03 Fevral 2020, 09:32
  Artkaspi.az saytı Rəvan Cavidin "Sənət və psixologiya” essesinin ikinci hissəsini təqdim edir:
 
  Tibbi xəstəlik yoxsa nə?
 
  Karl Qustav Yunq sənət əsərlərinin təhlilini apararkən bir fikrin altından qırmızı xətt çəkir: "Mən əsərin mahiyyətini deyil, onun hansı vəziyyətdə yaranmasını və hansı təsirləri göstərməsini araşdırıram”.
Psixoloq şəxsi təcrübələrindən istifadə edib qarşısındakı sənətçinin hansı meyarlarda əsər ortaya qoya biləcəyini yəqin edər, ancaq fövqəladə bir mətnin qarşısında bütün rasional fikir instansiyaları kimi o da acizdir. Mətn haradan gəlir və onun qaynağındakı materiallar niyə digər insanlar üçün gizlidir. Sənət anormallığın mahiyyət qazanmış forması şəklindədir. Psixologiya bir qayda olaraq, sənət və sənətçini ruhi xəstələrin daha faydalı tipi kimi görür. Və bu cür insanları iki qrupa bölür:
  – nevropatoloji xəstələrin əlamətlərini daşıyanlar
  – şizofreniyanın əlamətlərini daşıyanlar
 
 

  Hər iki halda onlarla necə davranmaq lazım olduğunu ən usta psixoloqlar belə çözə bilməyib. Yunq isə cəhd edir və Pikassonun rəsmlərindən yola çıxır. Amma öncə yuxarıdakı iki qrupun fərqini bir neçə cümlə ilə aydınlaşdıraq.
  Nevropatiklər duyğunun ən zəif tonlarından istifadə edən və bəzən öz iradəsindən xaric nə yaratmaq istədiyini bilməyənlərdir. Yəni, onların özünü ifadə tərzi alınmır.
  Şizofrenlər isə tamamilə duyğudan arınmış və açıq şəkildə öz ruhsuz və qarışıq dünyalarını cəsarətlə təqdim edənlərdir. Onlar özlərini ifadə etmək istəmir. 
  Birinci qrup sənətçilərin nəyi ifadə etdiklərini, ikinci qrup sənətçilərin isə nəyi ifadə edə bilmədiklərini anlayırıq.
Hər iki qrupun yaradıcılığının yalnız özünə məlum olan mahiyyəti və genetikası var. Yunan mifologiyası ilə Kunk-fu fəlsəfəsi, məsələn, burada kəsişir. Hər ikisi nə isə anlatmağa və yeni yozumlar "uydurmağa” çalışır. Dünyanın vahid mədəniyyət xəritəsini sadəcə bu hipotez üzərindən aydın görə bilirik. Beynimizdəki o məşhur sual: Necə oldu fərqli dillər, fərqli mədəniyyətlər yarandı? Axı hər kəs eyni məkanın və zamanın sakini idi.
  Cavab çox və çeşidlidir. Dini moizələrdən tutmuş sadə riyazi aksiomlara qədər minlərlə cavab axtarmaq olar. Hətta mifoloji təhlillərlə də ünvana gedib çıxmaq olar. Lakin sənətin bu mərhələnin hansı səmtində yarandığı aşkara çıxarmaq çətin olacaq. Yəni, ilk nağlı kim danışdı? Ya da ilk xəbərçiliyi kim etdi? 
  Özünə məlum olan mahiyyət dedikdə nəyi nəzərdə tutduğumu birinci yazıda vurğuladım. Psixologiya da digər elm sahələri kimi yalnız görünənin açıqlamasını verir. Piramidanın qaranlıq tərəfləri elə qaranlıq da qalır. Elm bir nəsnəni özünü təqdim etdiyi simvollarla öyrənir. Yaddaşı olmayan sənət haqqında bir mənalı olaraq elm heç bir təhlil apara bilmir. Eyni zamanda da psixologiya sənətçinin kim olduğunu bilməsə, rənglərin və sözlərin qəliblənmiş təqdimatından kənarda dayansa, onun necə aciz göründüyünü izləyə biləcəksiniz. Yunq və Freyd müxtəlif yollarla zamanının və gələcəyin sənət əsərlərini öyrənmək üçün yüzlərlə teorem tapdılar. Saf şəkildə proqnoz vermək elm üçün olduqca çətindir. 
 
 

  Qayıdaq Pikassoya. Pikasso yuxarıdakı qruplardan ikinciyə – şizofrenlərə uyğun gəlir. Yunq dayanmadan Pikassonu şizofren kimi təqdim edir və anidən açıqlama verməyə özünü borclu sayır:
  "Mən demirəm ki, Pikasso şizofrendi. Sadəcə bir şizofrenə xas olan bütün təsbitlər Pikassonun rəsmlərində var. Mən öz pasientlərimi  onun rəsmləri ilə müalicə etməkdə çətinlik çəkmirəm”.
  Yunqun Pikasso və Coys haqqında iki məşhur məqaləsi çıxanda cəmiyyət onu qınadı. Coysu və Pikassonu dəli adlandırdığı üçün dəfələrlə elmi konfranslarda ondan izahat tələb olundu. Sonralar Yunq həmin iki məqaləni yenidən dərc etdirəndə məsələni bir qədər anlaşılan etmişdi. Sənət və psixoloji diaqnoz arasındakı incə xətt sənətin mahiyyətində dayanan fəlsəfi xarakterdir. Bütün şizofrenlər rəsm əsərləri çəkə, musiqi bəstələyə, şeir yaza bilər. Ancaq hamısı sənət kateqoriyasına girməz. Eyni zamanda da bütün sənət əsərlərini bu cür ciddi psixoloji travmalarla əlaqələndirmək olmaz. Yaradıcılıq mahiyyət etibarilə işarələr sistemidir. Bu, elmi simvollar deyil. İnsan eqosunun parollarıdır. Sənət öz yaradıcısının hansı səviyyədə tanrılıq iddiasında olduğunu göstərir. 
 
  Şüuru ələ keçirmək
 
  "Uliss” romanını yada salırıq. 1904-cü ilin 16 iyun günü. Və qarşıdakı yeddi yüz səhifə boyunca biz bir günün təfərrüatlarını oxuyuruq. Yunq "Uliss” haqqında o dövr üçün qalmaqallı bir neçə fikir yazır. Pikasso kimi onun da şizofren mahiyyətini açıqlayır və oxucunu necə ələ keçirdiyini araşdırır.
  "Uliss”də heç bir hadisə baş vermir. Baş verəcəkmiş kimi nüanslar yaranır. Və hər səhifədə ustalıqla yazılmış mətnlər bizə nə isə vəd edir. Sanki sehrbaz səhnədədir, əlində şapka var, çubuğunu fırladır, üzündə qətiyyət və biz zaldan onun indi şapkadan dovşan çıxaracağına inanırıq. Daha doğrusu, bunu gözləyirik. O isə gah yerini dəyişməklə, gah şapkanı fırlatmaqla prosesi bir az da uzadır. Dovşan yoxdur, biz isə hələ də sehrbazı buna görə qınamırıq. "Uliss” bu taktikayla yazılmış, üstəlik, zərgər dəqiqliyi ilə ölçülüb-biçilmiş estetik səhnələrdən ibarətdir. Öz mifoloji əcdadı kimi heç nə gözləməyən, heç nəyə təəccüblənməyən, bir qədər də xoş görünüşlü sıxıntı ilə təqdim olunur. 
 
 

  Faust Höte üçün, Zərdüşt Nitsşe üçün nə ifadə edirsə, Uliss Coys üçün odur. Onun əbədi rahatlıq axtarışları sona çatmışdır. İsa və Budda kimi. Və Uliss də eynən Faust kimi axmaq düşüncənin, maddi əbədiliyin xaricində, bütün bunları aşmış mərtəbədədir. Coysun şizofren detalları ilə işlədiyi (Yunqa görə) Uliss bir yerdən sonra oxucunun da şüuruna təsir etməyə başlayır. Xüsusi bir hal olmasa, yuxunuz gəlməsə, Coysun qəhrəmanından imtina etmək mümkünsüz hala gəlir. Bu nə onun dil oyunları ilə, nə estetik yeniliyi ilə, nə modernist inkarçılığı və cəsarəti ilə bağlıdır. Bu bir başa olaraq Coysun psixoloji vəziyyəti (özü bilərəkdən və ya bilməyərəkdən) idarə etməsi ilə bağlıdır. Hadisənin baş verəcəyini gözləmək onu yaşamaq qədər həyəcanlıdır, hətta daha həyəcanlıdır. Həyəcan isə sənətin mahiyyətindəki bizə məlum olan çox az xarakterdən biridir, bəlkə də birincisidir. Günümüzün ədəbiyyatı ilə müqayisə etsək, Coys bu gün də təəccübləndirir. Yunqun öz əmisi ilə belə bir dialoqu var:
  – Bilirsənmi, şeytan cəhənnəmdə ruhlara necə işgəncə verir?
  – ...
  – Onları gözlətməklə...
  Yəqin ki Yunqun əmisi bu dialoqu hansısa dini mətndən, ya da nağıldan yadında saxlayıb. Amma illər sonra "Uliss”də bu cür psixoloji üslubla qarşılaşan Yunqun ağlını yeni bir sual cırmaqlayır:
  – Sənət kimi psixologiya da mı mətnlər üzərindən təkamül edib? Şüurun başlanğıcı, mübaliğəsiz, mətndirmi?
 
 

  Ədəbi cərəyanlar
 
  Coysun Ulissi nihilistdir. Onun nihilizmi Nitsşeninkinə həm bənzəyir, həm də yox. Nitsşenin ali insan yaratmaq çabalarından arınmış Uliss öz mənəvi tərəddüdünün səbəblərini axtarır. Nihilizmdən yol alıb ekzistensializmə, oradan da digər ədəbi cərəyanların əsasındakı psixoloji özüllərə çata bilərik. Modernizmin yaranmasında, daha sonra postmodernizmin meydana çıxmasında, bundan sonra post-postmodernizm, meta–modernizmin yaranmasında nə qədər sosial dəyişikliklərin, ictimai rəylərin və təbəqələşmənin gücü hiss olunursa, bir o qədər də psixoloji ehtiyacın sənət üzərində dominantlığı əldə etmək cəhdləri də gözdən yayınmır. İnsan axınını istiqamətləndirmək üçün psixoloqların yaratdığı münbit mühit vacibdir. Sosial işlər akademiyalarında bu gün süni zəka və texnoinqilabın gətirdiyi yeniliklərə insan beyninin hazırlanması prosesi üçün layihələr verilir. Yeni dünyanın insanı süni intellektlə mübarizə aparacaq və onun iki silahı var. Birincisi, sənət, ikincisi, psixologiyası. Süni zəkanın sənətdə yaratdığı cərəyanlar, əslində, təməl prinsiplərin duyğu selindən qurtulmuş variantıdır. Son illər çəkilən animasiya filmlərinə diqqət etsəniz, çox azında yeni ssenarilər və duyğulu səhnələr görə biləcəksiniz. Daha çox şiddətin təbliğinə hesablanmış mətnlərin ekran işinə çevrildiyi zamanda xalis sənət nümunələri "Qırmızı kitab”a düşəcək səviyyəyə gəlib. Lakin bu, ədəbiyyatın nə süni intellektə, nə də psixologiyanın yeni "uydurmalarına” uduzmağı deyil. Sənətin öz mahiyyəti yaranan ədəbi cərəyanları istiqamətləndirir və onları ədəbi əcdadları ilə görüşdürür. Yeni mətnlərin mif və dini ehkamlara söykənən məntiqi bununla bağlıdır.