Biz imzaları yox, əsərləri dərc edirik...

Sənət əsərinin ən çox çatmaq istədiyi yer oxucu qəlbidir – Səhər Əhmədin müsahibəsi
1122
23 İyul 2018, 08:37
 Artkaspi.az yazar Səhər Əhmədlə müsahibəni təqdim edir:
 


 – "İdeoqrafik yazılar” hekayənizdə  mərci uduzan qız illər sonra yer üzünün divarına "hamıya can sağlığı arzusu ilə” sözlərini yazır. Səhər Əhmədin belə bir şansı olsa, bütün bəşəriyyətin görəcəyi o divarı hansı sözlərlə bəzəyər?
 – Nəzərə alsaq ki, baş qəhrəman həm də müəllifin fikirlərini çatdıran bir obrazdır, deməli, elə eyni sözləri yazardım.
 
 – Hekayələrinizdən birində uşaqlığınızın ən qüssəli xatirəsindən – həvəslə topladığınız atəş böcəklərinin ovcunuzda qara, miskin varlığa çevrilməsindən söhbət açmısınız. Səhər xanım, bu hadisəni həyatla ilk tanışlığınız adlandırmaq olarmı?
 – Həyatla ilk tanışlıqlarımdan biri idi. Daha doğrusu, xəyal qırıqlığı ilə. Bunu, əslində, öncəgörmə də adlandırmaq olar. Dörd-beş yaşındakı uşaq beynində ulduz kimi nəsnə yaradır və yaxınlaşdıqca əsrarəngiz sehr itir. O zaman, əlbət, bunları bilmirdim, amma qeyri-müəyyən şəkildə hiss eləmişdim ki, bu son deyil, həyatda belə miskinliklərə hələ çox şahid olacaq, işığın ardınca gedib, böcəklə qarşılaşacağam.
 
 – Bir hekayənizdə "...fikirləşirdim ki, nəsə yazım. Heç bir yazılana oxşamayan nəsə. Fikrə yox, ruha təsir edən. Amma nə yazsam, bədii yazıya oxşayırdı. Bədii yazı da bədii yalana” qeyd edirsiniz. Bədiilikdən qaçışınız atəş böcəyi olub oxucunu aldatmaq qorxunuzdan qaynaqlanır, yoxsa sadəcə yorulmusunuz, Oqtay Eloğlu kimi divarı çılpaq, qadını boyasız, hər şeyi özü kimi görmək istəyirsiniz?
 – Bilirsiniz, hər əsər yazılan anın ovqatını daşıyır. Bu hekayə də mənim tələbə vaxtı qələmə aldığım ilk yazılarımdan biridir. Təbii ki, yorğunluq var, fəqət yazmaqdan qaynaqlanmır. Bu, sadəcə ədəbiyyata öhdəlik kimi baxan filologiya tələbəsinin bədiilikdən usanmağıdır.
 
 – "Bu aşk böylə bitməz” etüdünüzdə ədəbiyyatın insanların uydurması olduğundan, "mutlu son” arzusuna məhkumluğumuzdan, ümidin ağrıkəsiciliyindən söz açırsınız. Bu cəhətdən Səhər Əhmədin hansı hekayəsi uydurmaya inanmaqdan başağrısı tutanlara ağrıkəsici mahiyyətindədir?
 – Özümə seçim verilsə, "Həyat simfoniyası”nı seçərdim.
 
 – "Həyatın təkrar nəşri” adlı kitabınızda "Aforizmlər” bölməsində "ümid pul kimi bir şeydir” fikriniz diqqətimi çəkdi. Ümid kimi gözəl, munis duyğunu "əl çirki”nə bənzətməyinizin səbəbi nədən qaynaqlanır? Ümidin də pul kim xərclənib qurtardığından, həm var həm yox olmağından, yoxsa?
 – İnsanda ümid varsa, düşünür ki, hər şeyi etməyə qadirdir, bu halda özündə tükənməz güc hiss edir. Bu baxımdan ümid elə pula bənzəyir.
 
 – "Əgər yaddaşın qarışıqdırsa. Xatirələr köhnəlibsə, acı dadırsa, onları heyifsilənmədən at. Yoxsul və təmiz ev daha rahatdır, nəinki zəngin və səliqəsiz” yazırsınız. Deyəsən, bu fikriniz ədəbiyyat adamlarına şamil olunmur. Xatirəsiz, özü də acı xatirəsiz necə yazmaq olar ki...
 – Düzdür, yazıçılar acı xatirələrsiz yaza bilməzlər, amma oxucular nisbətən az xatirə ilə daha yaxşı yaşayarlar. Mən də bu fikri oxucuları nəzərdə tutub demişəm.
 
 – "Yer Göyün səhnəsidir. Epizodik rolları oynayanlara acıyıram. Onlar yalnız dramatizmi bir qədər gücləndirmək üçün mövcuddur”. Səhər xanım, kimdir onlara belə rolları verən? Həyatmı, yoxsa öz cəsarətsizlikləri, "böyük”lükdən qorxub "kiçik”liyə meyl etmələri?
 – Mən hər kəsin bir missiyasının olduğuna və yazılmışı oynadığına inanıram. Bu "oyunda” kiçiklər heç vaxt  "böyüyə”, "böyük”lər də "kiçilə” bilməzlər. Bu mənada, bəli, insanlar epizodik rolları seçmir, sadəcə seçilirlər.
 
 – Bütün bu yazılar "Susqun həftəsonu” etüdündəki kimi saat səsinin belə pozmadığı səssizlikdən yaranıb, yoxsa sentimental detalların hər biri nəhəng səs-küy dalğasından qoparaq sizi "tapıb”?
 – Hər ikisindən. Sadaladıqlarınız həyatın əsas notlarıdır. Hər dalğadan sonra bir susqunluq, hər sükutdan sonra da fırtına olur. Biri digəri olmadan yaranmaz, yarana bilməz. Həyat özü də bu ziddiyyəti tənzimləyir.
 
 – "Bu gün öz tələbələrimə "Fətəli, sən də mi riyakar olmaq istəyirsən? deyə bilmirəm” yazırsınız. Səhər xanım, görəsən, belə bir imkanınız olsa, qarşınızda Axundzadə kimi işarə ariflərini tapa biləcəksinizmi. Yoxsa elə sualı verməməyinizin səbəbi bu ümidsizlikdən qaynaqlanır?
 – Əlbəttə, Mirzə Fətəli kimi şagird hər müəllimin qarşısına çıxmır. Bu da Mirzə Şəfi Vazehin şansı idi. Az da olsa təsir edə bildiyim şagirdlərim var, amma daha çox olmasını arzu edərdim.
 
 – "Hamı filosof ola bilməz, amma hər kəsin öz fəlsəfəsi olmalıdır” düşünən Səhər Əhmədin həyat fəlsəfəsi nədən ibarətdir?
 – Çox klassik səslənəcək, amma mənim həyat fəlsəfəm mümkün qədər həqiqətin yanında olmaqdır.
 
 – "Uşaqlıq ömrün ən mənalı hissəsidir, yəni köküdür. Gənclik onun leksik şəkilçisi, qocalıq isə qrammatik şəkilçisidir”. Bəs qocalığın daxil ola bilmədiyi ömrün başlanğıc forması nədir?
 – Çox gözəl sualdır. Bu fikri tam mənası ilə ancaq filoloqlar dərk edə bilər. Üzeyir Hacıbəyov deyir ki, 50 yaşına çatanda anladım ki, Məşədi İbada haqsızlıq etmişəm. İndi mən də başa düşürəm ki, bu aforizmdə qocalığa haqsızlıq etmişəm. Əsl mahiyyət, məna qocalıqdadırsa, həmin fikri belə dəyişmək olar: Uşaqlıq ömrün ön şəkilçisidir, gənclik kök, qocalıq isə leksik şəkilçi. Bu zaman, hər şey düzəlir, başlanğıc forma da bütün ömür götürülür...
 
 – Səhər xanım, zaman-zaman atanıza yox, Həsən bəy Zərdabiyə inanıb müəllim olmağınızın peşmanlığını yaşayırsınızmı?
 – Həmişə, elə indi də peşmanam. Düşünürəm ki, müəllim olmasaydım, daha məhsuldar yazar olardım. Yazar olmasaydım, daha vicdanlı müəllim. Bu iki sənət bir-birinə çox əngəl törədirlər: yazmaq azadlıq tələb edir, müəllimlik isə məsuliyyət. Türkiyədə həmkarlarımdan biri təəccüblə "sən müəllimsən axı, necə olur ki, yazırsan?” sualını vermişdi. Çətindir, çox çətindir bu iki işi bir yerdə layiqli şəkildə görmək.
 
 – Böyük nəfəsli şeirləriniz azdır, 90-cı illərin şeir ab-havası da daha çox duyulur şeirlərinizdə. Sizcə, şair uğur qazandığı, parladığı vaxtdan necə xilas olmalıdır?
 – Sizdən sevdiyiniz 10 şeirin adını çəkin desəm, 9-u sevgi şeiri olacaq. Çünki şairlər daha çox gənclikdə öz potensiallarını ortaya qoya bilirlər. Bu da şeirin duyğularla sıx bağlılığından irəli gəlir. Demək olar ki, bütün şairlər, əsasən, gənclik dövründə yazılan şeirləri ilə məşhurdur. Bir müddət sonra artıq insanı duyğular deyil, düşüncələr məşğul edir. Bu zaman bəzi şairlər nəsrə keçirlər, çox kiçik qisim isə düşüncəni şeirə gətirirlər. məsələn, Ramiz Rövşən ikinci qismə aiddir, Vaqif Bayatlı Odər isə ömrü boyu ruh şairi olaraq qalıb. Mən də həyatın düşüncə mərhələsinə adladıqdan sonra nəsrə keçdim və qərarımın doğru  olduğunu düşünürəm.
 
 – Bu məsələdə oxucunun da payı az deyil. Oxucular, əsasən, şairin olduğu yox, olmadığı, özünü o məqamda, o yerdə görmədiyi şeirlərini bəyənirlər.  Çünki şairlərin düşüncə səviyyəsi artıqr, yeni mərhələyə qədəm qoyurlar, fəqət oxucular əksərən vurğunluq mərhələsini bitirə bilmirlər...
 – Bəli, belədir. Məsələn, Bəxtiyar Vahabzadə Türkiyədə verdiyi müsahibələrindən "Bir salama dəymədi” şeirinə görə utandığını qeyd etmişdi. Məndə də bu hal baş verir. Bəzi oxucularım elə şeirlərimi yada salırlar ki, hətta onları xatırlamağa belə utanıram. Əlbət, mənim 23 yaşımda yazdığım lirik-sentimental şeirin eyniyaşlı oxucunun qəlbinə xitab etməsi təbiidir.
 
 – Sizcə, yazdığınız şeirlər çağdaş dünya poeziyası ilə nə qədər həmahəngdir və çağdaş dünya şeirindən bəyəndiyiniz, izlədiyiniz imzalar kimlərdir?
 – Bunu vurğulayım ki, çağdaş ədəbi prosesi izləmək kimi məsələləri ciddiyə almıram. Axı mən həkim deyiləm ki, başqa ölkələrin səhiyyəsindəki yenilikləri əxz edim, geridə qalmayım. Dünya poeziyasını da təqib etmirəm, çünki şeir ancaq yarandığı dildə diridir. Tərcümədə – şeiri tilsimindən azad edəndə ortada yalnız quruca fikir qalır. Məsələn, Artur Rembonun "Anna” şeirini çox sevirəm. Amma bu, o demək deyil ki, Rembonu sevirəm. Yox. Mən sadəcə şeiri dilimizə tərcümə edən Ramiz Rövşən intonasiyasını sevirəm. Başqa bir misal çəkim: Mirzə Şəfi Vazehin digər dillərə tərcümə olunmuş şeirləri orijinal ilə tamam fərqlidir. Bu, artıq Vazeh deyil...
 
 – Şeirlərinizdə mücərrədlik, antiteza, olmayanla olanların müqayisəsi çoxdur. Sizcə, bu nəylə bağlıdır, təfəkkür, xarakter ziddiyyətindən, yoxsa dünyanın paradoksal mahiyyəti ilə?
 – Daha çox həyatın paradoksal mahiyyətindən. Bir oxucum ədəbiyyatı "gözəl qabığı olan turş alma” adlandırmışdı. Bax, budur paradoksallıq. Oxucunu aldadıb hər şeyi gözəl və ya əksinə göstərmək olmaz. Əlbəttə, həyatdan başqa, öz xarakterimin də təsiri  olduğu üçün antitezalar daha çoxdur.
 
 – Sizcə, şeirinizin ünvanı haradır: poetik səsinizin hansı auditoriyaya çatmasını istərdiniz?
 – Tam səmimi deyirəm ki, heç vaxt bu məsələ barədə düşünməmişəm. Çünki düşünsəydim, bu artıq praqmatizm olacaqdı, sənət yox. Mənə elə gəlir ki, əsl sənətlə məşğul olan heç kimin belə bir "ünvan” hədəfi olmayıb. Sadəcə yazmaq istəyir və yazır. Artıq əsərin sonrakı taleyi müəllifdən asılı deyil, müəllif dünyadan köçür, əsərləri isə öz talelərini yaşamağa davam edirlər. Məsələn, hansısa müsabiqəyə hesablanmış "əsərin” bədii dəyərinin hansı səviyyədə olduğunu təxmin etmək çətin deyil. Sənət əsərinin ən çox çatmaq istədiyi yer oxucu qəlbidir.
 
 – Bəs şeirlərinizi sonrakı əsrlərdə təsəvvür edirsiniz?
 – Bu barədə fikrim birmənalıdır. Təzəlikcə insanlar şeirin ömrünün gödək olacağı proqnozlarını verirlər. Guya şeir sonrakı əsrlərə gedib çatmayacaq. XVI əsrdə Füzuli də "bir dövrdəyəm ki, nəzm olub xar” yazıb, bazarı kasad olan şeirin heç XVII əsrə çatmayacağını düşünürdü. Fəqət XXI əsrdir və biz hələ də Füzuli oxuyuruq. Həm də bu dəyişiklikləri yaşadıq axı – mobil telefonlar istehsal olundu, sosial şəbəkələr yarandı. Şeirə bütün bunların nə kimi təsiri oldu ki? Cüzi forma dəyişikliyi, vəssalam. Buna görə də düşünürəm ki, robotlaşma əsrində də, lap elə evimizdə robot saxlasaq da, şeir öz mahiyyətindən uzaqlaşmayacaq. Duyğular yaşadıqca şeir də əbədi olacaq. Bu əbədiliyə heç bir üslub, cərəyan, ədəbi məktəb təsir edə bilməz. Əgər şair duyğunu misralara səmimi şəkildə tökə bilibsə, ona zaval yoxdur. Yəqin ki, sonrakı əsrlərin insanı da bizim kimi sevəcək, nifrət edəcək, xəyanətə məruz qalacaq. Həm də gələcək haqqında fikirləşmək ən az poeziyanın problemidir. Sadəcə elə ortaq fikir formalaşdırılıb ki, guya şeirin halı acınacaqlıdır. Belə deyil axı. Keçmiş 5 ilə nəzər saldıqda indi daha yaxşı vəziyyət yaranıb. Biz sadəcə bir müddət oxucunu şeirdən soyutduq, yorduq. Bu da Sovet dövrü pafosundan, ədəbiyyata kütləvi "gəliş”lərdən, hər əlinə qələm alanın şeir yazıb, qəzet, jurnal, sayt açmağından irəli gəlir.
 
 – Azərbaycan poeziyasında son 30 ildə antilirik şeirlərə az təsadüf olunmasını nə ilə əlaqələndirirsiniz?
 – Çox ehtimal, bütün dünyada antilirik şeirlər liriklərlə müqayisədə az sevilir, az oxunur. Çünki şeirin mahiyyəti lirizmdən ibarətdir. Həm də ola bilər ki, antilirik şeirləri yazacaq şairimiz yoxdur, olanlar da bu düşüncələrini nəzmlə yox, nəsrdə ifadə edirlər.
 
 – Şeirlərinizin əksərinin tərcümeyi-halı varmı?
 – Əlbəttə, şeirlərin şairlərindən kənar ömrü olur. Öz şeirlərimin əksəriyyəti də ovqat şeirləri olduğu üçün onları təkrarən oxuyanda ağrılı gəlir mənə, çünki bütün yaşantıları yenidən yaşayıram.
 
 
 
 – "Həyatin təkrar nəşri” kitabınızda çoxlu aforizmlər var. Bu nümunələri yaratma səbəbiniz nədir? Poeziyaya çevrilə bilməyən hislər, düşüncələrdirmi sizə aforizm yazdıran?
 – Aforizmlər şeirdən nəsrə keçid mərhələsində yazılıb, yəni aralıq xarakter daşıyır. Düzünü desəm, nəsr yazmaq üçün tənbələm. Bu düşüncələrim də şeirə gələ bilmədiyi üçün, bir müddət aforizmlərdə özünə "yer” tapdı. Amma sonra gördüm ki, bu, oxucuları çox yorur, ona görə də nəsrə keçdim. 
 
 – Bəs şair Səhər Əhməd nəsrinizə fraqmentallıq, tez yekun vurub bitirmək cəhətdən təsir edirmi?
 – Bəli, edib. Daha çox şair olduğum və şeirlə yola başladığım üçün hekayələrimdə lirizm hiss olunur. Həm də şairlər tənbəl, səbirsiz olurlar. Məsələn, hekayələrimdən birini Qan Turalı oxuyub demişdi ki, sən az qala roman olacaq mövzunu bir hekayəyə sığışdırmısan.
 
 – Şairlər sonradan nəsrə keçdikdə bəzən ədəbi mühit, ədəbi tənqid ona çox da ciddi yanaşmır, dırnaqarası baxır. Sizdə bu keçid dövrü necə baş verdi?
 – Yox, məndə əksinə oldu. Düzdür, özümü hər ehtimala hazırlamışdım, çünki nəsrdə iddiam yox idi. Amma gördüyüm münasibət məni nəsrə daha çox həvəsləndirdi. "Həyatın ikinci nəşri” kitabımdakı nümunələr "kulis.az” saytında  dərc olunduğu üçün imza gününə gələnlər artıq hekayələrimi oxumuş, nə oxuyacaqlarını bilən həqiqi oxucular idi. Bu münasibət, əlbəttə, sevindirirdi məni.
 
 – Esselərinizdən birində sizə zəng edən yaşlı qadının "neyniyirsən?” sualına "yazı yazıram” yox, "dolma bükürəm” cavabını verməyinizdən, çün "nədən, siyasətdən, yoxsa məhəbbətdən?” sualındansa, "kələm, ya yarpaq?” sualını   eşitməyin daha xoş olduğundan yazırsınız. Bu mənada suallarımız sizi "kələm, ya yarpağ”ı eşitmək istəyinə sövq etmədi ki?
 – Tam səmimi deyirəm: Yox. Mən bu cür müsahibələrin hər zaman arzusunda olmuşam. Müsahibədə müəllifin yaradıcılığı ilə əlaqəli suallar verilməyinin tərəfdarıyam. Belə olanda müsahibə yox, elə oxucuyla söhbət yaranır.
 
 Söhbətləşdi: Fərid Hüseyn, Aytac Quliyeva