Artkaspi.az
saytı Sesar Valyexonun şeirlərini təqdim edir:
İspandilli
poeziyanın keçən yüzildə yetişdirdiyi ən böyük şairlərdən biridir. Peruda
doğulub. 1915–ci ildə Lima Universitetinin filologiya fakültəsini bitirib.
Şaxtaçı, müəllim, kassir vəzifələrində çalışaraq, özünə çörəkpulu qazanıb. 1920–ci
ilin avqustunda şairin doğulduğu Santyaqo–de–Çuko şəhərində iqtisadi
sıxıntılarla bağlı əhalinin kütləvi iğtişaşları başlayır. Bir ziyalı kimi
bunlardan kənarda durmayan şair də, yüzlərlə həmyerlisi kimi, həbsə atılır,
ciddi bir nədən göstərilmədən bir il həbsxanada yatır. Başına gətirilən
haqsızlıqlar haqda Valyexonun yazdığı 77 şeiri, o, bir il sonra çapdan çıxan
"Trilse” kitabına daxil edir. Həmin şeirlər onun poeziyasının artıq ənənələrdən,
bədbinlikdən qopduğunu, avanqard tərzə, görünməmiş yeniliklərə, sərbəstliyə
doğru yönəldiyini çox aşkar göstərirdi və bu baxımdan ilk kitabındakı şeirlərdən
köklü şəkildə fərqlənirdi. Həbsdən çıxan şair yazırdı ki, mən indi ilk dəfə və
həmişəkindən daha artıq dərəcədə anlayıram ki, insanın və sənətkarın ümdə vəzifəsi
– azad yaşamaq və azad yazmaqdır.
1922–ci
ildə Fransaya, Parisə gələn şair ilk iki ildə xeyli maddi çətinlik çəkir. 1925–ci
ildən isə Peru qəzetlərinin Fransa müxbiri kimi Avropa həyatı ilə bağlı yazılar
yazmağa, mədəni həyata inteqrasiya etməyə başlayır. Üç dəfə SSRİ–də olur. 1924–29–cu
illərdə bir silsilə mənsur şeir yaradır. 1926–32–ci illərdə özünün estetik
baxışlarını açıqlayan və sonralar iki kitabında toplanan esse və qışa qeydlərini
qələmə alır.
1936–cı
ildə İspaniyada faşist diktaturasının qurulması şairin həyatında acı iz
buraxır. 1938–ci ildə, yəni Respublika quruluşu özünün son günlərini yaşayanda
Valyexo da dərin mənəvi böhran keçirir, səhhəti pozulur. İki gün ard–arda
qızdırma, huşsuzluq içində çapalayan və "İspaniya, İspaniya” deyə sayıqlayan
şair qəflətən keçinir. Xəstəliyinin səbəbi isə bilinmir.
O,
öz poeziyasında hindu mifologiyasından gələn səsləşimlərlə modernist tərzi birləşdirib.
Mənşə etibariylə özü hindularla ağların mələzini təmsil etdiyi üçün Valyexo
hindu irqindən olanların yaşadıqları problemlə addımbaşı qarşılaşıb və təsadüfi
deyil ki, Latın Amerikası poeziyasında ilk dəfə hindu insanın problemlərini, tənhalığı,
ölümü, bir insanın gündəlik sıxıntılarını, onun yenilməz ruhunu öz poeziyası
üçün başlıca mövzu seçib.
"Qara
heroldlar” (1919), "Trilse” (1922), şairin vaxtsız ölümündən sonra çap olunmuş
"İnsan şeirləri” (1939) adlı poeziya toplularının, Perunun hindu mənşəli
şaxtaçılarının istismar dolu ağır həyatından bəhs edən və inqilab ruhlu
"Volfram” (1931) romanının, Sovetlər Birliyinə səfər haqda təəssüratlar
kitabının ("Rusiya, 1931–ci il”) və iki esse kitabının ("Məslək sirrlərinə
qarşı”, "Sənət və inqilab”) müəllifidir.

Özünə, özünə inan
Sən durbinə
inan, gözlərinə yox,
Pilləkənə
inan, pillələrə yox,
Qanada
arxalan, qartala deyil
və bir də
özünə, özünə inan.
Sən badəyə
inan, şəraba deyil,
Sən meyidə
inan, canlıya deyil,
Sən zülümə
inan, zalıma deyil
və bir də
özünə, özünə inan.
Sən çoxluğa
inan, təkliyə deyil,
Sən şalvara
inan, ayaqlara yox,
Sən məcraya
inan, sel–suya deyil
və bir də
özünə, özünə inan.
Pəncərəyə
inan, qapıya deyil,
Sən anana
inan, doqquz aya yox,
Sən taleyə
inan, təsadüfə yox
və bir də
özünə, özünə inan.

Aforistik notlar
* Mən bitkiləri
çiçəklərinə görə yox, köklərinə görə sevirəm.
* Ancaq heç
bir iş görməyən adam ölmür. Həyatda nə isə eləmisənsə, deməli, artıq bir yol
ölmüsən.
* İnsanın ölümü bəlkə də düşünüldüyü qədər fəci bir
şey sayılmaz, çünki faciə… tamamilə başqa şeydir.
* O, ahıl
doğulduğu üçün uşaq yaşda öldü. Baş–ayaq yaşanmış ömür.
* Mən hətta
dırnaqlarımın da necə uzandığını duyuram.
* Mən sənə
20 frank borcluyam. Beş frank da ver, qoy sənə on beş frank borclu qalım. Hə,
bunda başa düşülməyəcək nə var axı?
* Harayasa
aparan yolun səni geri gətirməyi də var.
* Pikassonun
estetikasını şeirə gətirmək – bax, buna mən deyərəm yeni poetika. Yəni ancaq
sözün poetik mənada gözəlliyinə nail olmaq – heç bir sübuta ehtiyac duymayan, səbəbsiz,
qabaqcadan düşünülməmiş gözəlliyinə. Pikasso da portretlərini beləcə, xətlərin
və rənglərin harmoniyasına əsir düşərək yaradır, burun yerinə gah qutu, gah nərdivan,
gah stəkan, gah da portağal çəkir.
* Qəribədir,
mənə elə gəldi ki, ötüb keçən o adam mənəm. Lap bir almanın iki üzü qədər mənə
oxşadı. Hətta ona tərəf dönəndə bir daha inandım ki, öz–özümlə toqquşmuşam.
* Mənim eynəyim
yatıb. Lap saat kimi.
* Bethovenin
musiqisini dinləyən qadınla kişi musiqinin dərinliyindən təsirlənərək
ağlayırlar. Onlara demək istəyirsən ki, bu dərinlik – məhz sizin özünüzə məxsusdur.
* Bütün
adamlar öz dərd–sərinin əlindən baş götürüb qaçır. Bax, odur, biri pilləkənlə
düşür, digəri qatara tələsir, başqa birisi küçəni keçir. Məqsəd isə birdir: hər
kəs sadəcə özündən qaçmağa çalışır.
* Teatrda
estetikanın təzə növü: pyesdə müəlliflə, onun qohumları ilə yanaşı iştirak edən
surətlər müəllifin gündəlik həyatına, işlərinə və yaşantılarına əngəl törədirlər.
Bircə şeyi anlamaq olmur ki, bunlardan hansı səhnədəki surətlərə aiddir, hansı
isə canlı insanlara.
* Məhəbbət –
dalğa kimidir, o mənada ki, sevdiyim adamı mən yeri gələndə ata da bilərəm. Qoy
sevdiyim adam mənim bu hüququmu da tanımaq zorunda qaldığını anlasın.
* Pyesin qəhrəmanı
kordur, amma o gözəgörünməz ilahilikdən söz açanda onun gözlərinin var olduğuna
inanırsan.
* Günlərin
bir günü özünü itirən və vaxtilə oynadığı surətlərdən birinə çevrilən aktyor.
* Ağır–ağır
irəliləyən yük arabasının cırıltısı zəhlətökən və ətürpəşdiricidir. Yükü
yüngülləşincə isə onun çıxardığı səs də oynaq bir melodiyaya çevrilir.
* Gündüz gecəni
qoynunda, içində gizlədir. Gecə isə gündüzü dışarıdan qucaqlayır.
* Rəqs təkrarlandıqca
yeknəsəqləşir, şablona çevrilir. Əslində isə o, improvizasiyalardan ibarət
olmalıdır, yəni hər ifa ilə yenidən doğulmalı və yenidən ölməlidir. Zənci rəqsləri
məhz belədir.
* Həkimlər
sübut edir ki, qaşqabağını tökmək üçün insan altmış dörd, gülümsəmək üçün isə
vur–tut on üç əzələsini gərməlidir. Deməli, həqiqətən də sevinc kədərə nisbətən
adamdan daha az əziyyət tələb edirmiş.
* Andre
Breton danışır ki, bir səhər Filipp Supo Parisi dolaşmaq adıyla evdən çıxır və
qarşısına çıxan hər qapını döyüb soruşur:
–
Bağışlayın, Filipp Supo burada yaşayır?
Bir neçə
küçəni bu cür ayaqdan salandan sonra tanımadığı bir evin qapısı arxasından o,
belə bir cavab alır:
– Bəli,
Filipp Supo cənabları burada yaşayır.
* Xorda nə qədər
səs olursa–olsun, adətən bir cüt səs eşidilir.
* Əslində səma
yerə nə yaxındır, nə də uzaq. Ölüm də həyata nə yaxındır, nə də uzaq. Biz daim
axıb təzələnən Heraklit çayının sahilindəyik (eramızdan əvvəl 520–460–cı illərdə
yaşadığı təxmin edilən qədim yunan filosofu Efesli Heraklitin "Hər şey axır, hər
şey dəyişir. Bir çaya (suya) iki dəfə girmək imkansızdır” sözlərinə burada
eyham vardır – A.Y.).
* Çestertonun
hekayələrinin birində xəfiyyə, qatilin harada gizləndiyini nədənsə şübhəli
görünən binanın memarlıq üslubunun onda buraxdığı müəmmalı təəssürata əsasən təyin
edir.
Dilimizə
çevirdi: Azad Yaşar