Biz imzaları yox, əsərləri dərc edirik...

Dağ başında boşanma – Robert Barrın hekayəsi
1723
11 Sentyabr 2019, 12:48
  artkaspi.az Robert Barrın "Dağ başında "boşanma” hekayəsini təqdim edir:
 

 
  Elə insanlar var ki, onların xarakteri dəyişkəndir.  Con Bodman  da  belə insanlardan biri idi.  Onun evləndiyi qadının  xarakteri heç də onun xarakteri ilə uyğun deyildi. 
  Şübhəsiz, dünyada elə kişi var ki, o, öz xarakterinə uyğun qadınla evlənir,  yaxud da əksinə, elə qadın var ki, onun qismətinə  xarakterinə uyğun kişi çıxır. 
  Çox hallarda isə belə olmur. Necə deyərlər, insanlar öz taylarını tapmırlar. Dərindən fikirləşəndə başa düşürsən ki,  insan bu dünyada yüzlərlə insanla tanış olur, bu insanların arasında isə uzaqbaşı onlarla insanı dərindən tanıya bilir. 
Yer kürəsində milyonlarla insan məskən salıb, bəlkə də bu dünyada hər bir insanın öz tayı var, ancaq ən çətini milyonlarla insanın arasından  öz tayını  axtarıb tapmaqdır. 
  Bəlkə də dünya yaranandan bəri heç bir kişi ürəyi istədiyi qadına rast gəlməyib. 
  Bütün  ehtimallar belə bir görüşün əleyhinədir. Bəlkə də kişilər öz axtardıqları qadını tapa bilmədiyi üçün boşanmalar olur. Nigah ən yaxşı halda güzəştə getməkdir. Əgər nigah bağlayan hər iki nəfər bir-birinə güzəştə  getməyi bacarmırlarsa onların ailəsində həmişə problem yaşanır..
  Cənab və xanım Bodmanlar da bir-birinə güzəştə getməyi bacarmırdılar. Belə münasibətin nəticəsi ya sevgi, ya da nifrət olmalıydı.  Cənab Bodmanla xanım Bodman bir-birinə hədsiz nifrət edirdilər.
  Dünyanın bəzi yerlərində  ər və arvadın xarakterləri uyğun gəlməsə onlar boşana bilərlər. Ancaq İngiltərədə belə incə fərq yoxdur. Əgər arvad cinayətkardırsa, ər isə həm cinayətkar, həm də qəddardırsa onları bir-birindən yalnız ölüm ayıra bilər. 
Cənab Bodmanla xanım Bodmanın   vəziyyətini daha ümidsiz edən bir şey vardı, belə ki, xanm Bodmanın ciddi eyibləri yox idi, eləcə də cənab Bodman kişilərin çoxu kimi normal idi. 
  Məsələ o yerə çatmışdı ki, cənab Bodman hansı yolla olursa-olsun, arvadından canını qurtarmaq istəyirdi. Əgər o kasıb olsaydı, heç fikirləşmədən arvadını tərk edib başqa yerə gedərdi. Ancaq o varlı idi, ailə həyatında xoşbəxt olmadığı üçün bu vaxtacan biznesdə qazandığı uğurlardan əl çəkib başqa yerə gedə bilməzdi.
 

Əgər bir insan eyni şey barədə hər gün fikirləşirsə heç kim onun  sonda hansı qərar verəcəyini deyə bilməz. 
Cənab Bodmanın  dostları da, bəli, hətta onun dostları da vardı,  iddia edirdilər ki, bütün günü fikir etməkdən onun beyni pozulub. Ancaq nə onun dostları, nə də  düşmənləri  əsl həqiqəti bilmirdilər, onun bütün günü  fikirli olmağının səbəbini tapmırdılar. 
  Con Bodman arvadını qətlə yetirməyə qərar verəndə dəli idi, ya ağıllı, bunu heç  kim bilməycək. Amma o  hiyləgər idi, arvadını elə öldürmək istəyirdi ki, heç kim bunu cinayət hesab etməsin, adi bədbəxt hadisənin qurbanı olduğunu fikirləşsin. 
Hər halda, bəzən hiyləgərlik də işə yaramır. 
  Xanım Bodman çox yaxşı bilirdi ki, ərinin yanında olmağı ona nə qədər çox pis təsir edir, ancaq o həmişə ərinin yanından əl çəkmirdi, çünki onun ərinə nifrəti ərinin ona olan nifrətindən daha güclü idi. 
  Əri hara gedirdisə xanım Bodman da onunla gedirdi, kim bilir, bəlkə o bu qədər tərs olmasaydı, bütün günü onun gözləri qabağında olmasaydı heç cənab Bodmanın da ağlına onu öldürmək fikri gəlməzdi.
  Bir gün cənab Bodman arvadına deyəndə ki, iyul ayını İsveçrədə keçirmək istəyir, arvadı  heç nə demədi, ancaq o da səyahətə hazırlıq görməyə başladı. Cənab Bodman da həmişəki kimi ona etiraz edə bilmədi, beləliklə, cütlük  sakitcə İsveçrəyə yola düşdü.
İsveçrədə dağların başında bir otel var, demək olar ki, düz uçurumun kənarında yerləşir,  dəniz səviyyəsindən bir mil yarım yüksəklikdədir  bu otel. Otelin ətrafında başqa heç bir bina yoxdur. Otelə getmək üçün ziqzaq cığırla altı mil məsafə qət etmək lazımdır. Otelin balkonundan  başı qarlı dağlara və  dərələrə çox gözəl mənzərə açılır, otelin yaxınlığında yerləşən mənzərəli yerlərin hamısı çox təhlükəlidir. 
Con Bodman  otel yerləşən ərazini çox yaxşı tanıyırdı. Bir vaxtlar xoşbəxt olanda, yəni subay vaxtı bu yerlərə səfər etmişdi. O, arvadını öldürməyi qərara aldığı gündən oteldən iki mil aralıda yerləşən bir yer heç fikrindən çıxmırdı. Bütün günü həmin yeri fikirləşirdi. Həmin yerdən çox gözəl  mənzərə görünürdü  və həmin yerin ətrafında uçulub-dağılmaqda olan divar vardı. 
  Bir gün səhər saat 4-də o xəlvətcə oteldən çıxdı, yerliləri "Hanging Outlook” ( "Sallanan mənzərə”) adlandırdığı həmin yerə getdi. Yaddaşı onu aldatmamışdı, bura məhz onun xəyalındakı yer idi.  Oranın arxasındakı dağ dik və sıldırım idi. Həmin bu yerin yaxınlığında  yaşayış məskəni yox idi. Onların qaldığı otel isə  qayaların arxasındaydı, burdan görünmürdü. Dərənin o biri tərəfindəki dağlar isə çox uzaqda idi, əgər orda turist, yaxud yerli sakin olsaydı "Hanging Outlook”da nə baş verdiyini görə bilməzdi. Dərənin aşağısındakı evlər isə ordan baxanda kibrit qutularına bənzəyirdi. Hətta güclü əsəbləri olan insan da  uçuq-sökük divarın qırağında dayanıb aşağı baxanda vahiməyə gələrdi. Təxminən bir mil uzunluqda olan dərənin aşağısında kiçik ağaclar görünürdü.  
  – Əsl mən istəyən yerdir, – Con Bodman öz-özünə dedi. – Sabah səhər əsl məqamdır.
  O, Fond Birjasındakı sövdələşmədə necə qətiyyətli idisə, bu cinayəti də elə  qətiyyətlə və məharətlə planlaşdırmışdı. Öz qurbanına qarşı ürəyində az da olsa mərhəmət hissi yox idi. Arvadına olan nifrəti mərhəmət hissini ürəyində yox etmişdi. 
  Növbəti gün səhər yeməyindən sonra  Con Bodman arvadına dedi:
  – Mən dağlara gəzməyə getmək istəyirəm. Mənimlə  getmək fikrin var?
  – Hə, – arvadı qısaca cavab verdi. 
  – Çox yaxşı, – o dedi, mən saat 9-da hazır olacam.
  – Mən  də saat 9-da hazır olacam, – xanım Bodman da onun sözlərini olduğu kimi təkrar etdi. 
 

  Səhər saat 9-da onlar oteldən çıxdılar, Con Bodman az sonra otelə tək qayıtmaq fikrindəydi. "Hanging Outlook”a çatana qədər heç biri danışmadı.  "Hanging Outlook” dağların əhatəsindəydi, o otelə nisbətən dəniz səviyyəsindən çox da yüksəkdə deyildi..
  İstədiyi yerə çatanda Con Bodmanın öz niyyətini həyata keçirmək üçün xüsusi planı yox idi. Hər şey vəziyyətdən asılı idi. Hərdən içini qorxu bürüyürdü, fikirləşirdi ki, arvadı uçurumdan yıxılanda onu da özüylə darta bilər. 
Həm də öz-özünə deyirdi ki, görəsən,  arvadının ürəyinə nəsə damıb, yoxsa yox. Yol boyunca arvadı ilə danışmamasına  bir səbəb də elə bu idi. Qorxurdu ki,  danışsa, arvadı  səsindən həyəcanlı olduğunu başa düşər, ondan şübhələnər. 
  Ona görə də o öz niyyətini qəfil həyata keçirmək istəyirdi, belə olsaydı, arvadının xilas olmaq, yaxud da onu da arxasınca dartmaq şansı olmayacaqdı.   Arvadı qışqıracaqdı, bu da Con Bodmanı qorxurmurdu. Bura yalnız oteldəkilər gələ bilərdi və bu səhər oteldən onlardan başqa heç kim çıxmamışdı.
  Onlar "Hanging Outlook”a çatanda xanım Bodman dayandı, qorxudan tir-tir əsirdi. 
  Cənab Bodman gözünün ucu ilə ona baxdı, onun üçün çox maraqlı idi, arvadı ondan şübhələnirdi, ya yox? 
   Heç kim deyə bilməz ki, yanaşı gedən iki insanın beynində hansı fikirlər var.
  – Nə olub?– o bir az sərt tonda arvadından soruşdu.. – Yorulmusan?
  – Con, – arvadı qışqıra-qışqıra  dedi.
  Neçə illər ərzində bəlkə də ilk dəfə idi ki, o ərinə adı ilə müraciət edirdi. – Heç fikirləşirsənmi ki, ilk vaxtlar sən mənə qarşı mərməhəmtli olsaydın,  bəlkə də hər şey tamam fərqli olardı?
  Con Bodman arvadına  tərəf baxmadan dilləndi:
  – Məncə, bu məsələni müzakirə etmək çox gecdir.
  – Mən həyatımızın belə olmağına görə peşmanan, – xanım Bodman səsi titrəyə-titrəyə dedi. – Bəs sən necə, heç nəyə təəssüflənmirsən?
  –Yox!
  – Çox yaxşı, – arvadı dedi.
  Bu dəfə daha səsi titrəmirdi.
  – Mən sənə sadəcə bir şans vermək istəyərdim. Bunu unutma!
  Bodman şübhəylə arvadına baxdı.
  – Nəyi nəzərdə tutursan? Mənə şans vermək nə deməkdir? Mən səndən heç nə istəmirəm, nə şans, nə də başqa bir şey. İnsan nifrət etdiyindən heç nə gözləmir. Mənim sənə olan hisslərimi sən də bilirsən, bunu gizlətməyə ehtiyac yoxdur. Biz bir yerdə yaşamağa məhkumuq, sən həyatımı  dözülməz etmisən. 
  – Hə, bilirəm, – xanım Bodman  gözlərini aşağı dikib dedi. – Biz bir yerdə yaşamağa məhkumuq. Məhkumuq. Bir yerdə yaşamağa məhkumuq. 
  Onlar  "Hanginig Outlook”a çıxan son pillələri qalxanda xanım Bodman bu sözləri öz-özünə bir neçə dəfə təkrar etdi.  Cənab Bodman  sökülüb-tökülən divarın üstündə oturdu. Arvadı isə gah geri, gah qabağa əsəbi-əsəbi gedir, əllərini gah yumur, gah açırdı. Cənab Bodman onu bu vəziyyətdə görəndə həyəcandan nəfəsi kəsildi. 
  – Sən nə üçün vəhşi heyvan kimi hərəkət edirsən? – o qışqırdı. – Gəl, yanımda otur, sakit ol!
  Qadın ərinə baxanda gözlərində qəribə bir parıltı vardı, cənab Bodman hələ heç vaxt onu belə görməmişdi. Bu gözlərdə nifrət vardı. Dəli gözlərinə bənzəyirdi onun gözləri.
  – Hə, vəhşi  kimi hərəkət edirəm,  – o dedi.– Çünki  vəhşiyəm. Bir az bundan qabaq sən mənə olan nifrətindən söz açdın. Sən kişisən, sənin nifrətin mənim nifrətimlə müqayisədə heç nədir. Bilirəm ki, sənin ürəyindən özünü  öldürmək  fikri keçmir. Amma mənim ürəyimdə belə fikir var. Con Bodman, sənə nə qədər nifrət etdiyimi sənə göstərəcəm.
  Cənab Bodman yanındakı daşdan tutdu,  arvadı "öldürmək” sözünü deyəndə səksəndi. 
  – Bəli, – qadın sözünə davam etdi. – İngiltərədəki  bütün dostlarıma demişəm ki,  məni İsveçrəyə gətirməkdə məqsədin məni öldürməkdir.
  – Aman Allah! Sən bu sözləri necə deyə bilirsən?– kişi qışqırdı.
  – Mən bunu ona görə deyirəm ki, sənə olan nifrətimi göstərim, səndən qisas almağa hazırlaşdığımı bildirim. Otel sahibini də xəbərdarlıq etmişəm. Biz oteldən çıxanda arxamızca iki kişi  də çıxdı. Onlar bizi izləyir. Otel sahibi məndən xahiş etdi ki, səninlə bura gəlməyim. Bir neçə dəqiqə sonra otelin iki işçisi bura gələcək. Hünərin varsa onlara de ki, bu, adicə bədbəxt hadisədir.
  Qadın dəli kimi yaxasındakı  sancağı dartıb kənara  tulladı. Cənab Bodman  ayağa durub bağırdı:
  – Nə etmək fikrin var?
  Ancaq o qadına çatanda o artıq çığıra-çığıra  uçurum aşağı yumalanırdı. 
  Bir neçə dəqiqə sonra iki otel işçisi ora çatanda cənab Bodman tək idi. O tam əmin idi ki, həqiqəti onlara desə də ona heç kim inanmayacaqdı.
 
  İngilis dilindən tərcümə edən: Sevil Gültən