Biz imzaları yox, əsərləri dərc edirik...

Sən gözlərimin fəryadısan – Halina Posviatovskanın şeirləri
940
12 Oktyabr 2018, 09:03
  Artkaspi.az Halina Posviatovskanın şeirlərini təqdim edir: 
 
 
 
 

 
 
  Məni adımla səslə
 
Məni adımla səslə
Ki sənə sarı gəlim,
Ey canımda olanım!
 
Məni adımla səslə
Soruşma ki,
adım bir quşmu
göy üzündə?
Ya da bir kol
Ki kök salıbdır torpağa caynağıyla
Və boyayır qan rənginə 
Göy üzünü.
 
Sorma
Ki nədir adım
Özüm də bilmirəm...
 
Axtarıram,
Adımı axtarıram.
Bilirəm əgər eşitsəm adımı
Dünyanın harasında olsam
Cəhənnəmin dibində belə
Tapıb gələcəm...
 
Diz çökürəm qarşında
Və yorğun başımı
Sənin əllərinə tapşırıram.
 
  Mən öləndə…
 
Sevgili!
Günəşi tərk edəcəm
mən öləndə
Hündür kədərli canlıya dönəcəm.
Qucağına alıb basacaqsanmı bağrına?
Saracaqsanmı qollarını kəmərimə?
Dəyişəcəksənmi qəddar taleyin sonunu?
Səni düşünürəm gahdan
Sənə yazıram gahdan,
Sevgiylə, gülümsəməylə dolu boş məktubları
Gizlədirəm odların içində.
Odlar daha da alovlanır,
Sevgili!
Alovlara gözümü dikdikcə
Fağırlaşıram.
Sevgidən susuz olan ürəyimin sonunun 
necə olacağından gərək qorxummu?
Amma sənin mərhəmətin yox ki
bu bumbuz,
qaranlıq dünyada
Tək-tənha ölürəm!
 
 
  Arxanca gəlirəm
 
 
Sən gözlərimin fəryadısan
Ki sonsuzadək gedir
bir kölgə min kölgə boyunda.
Bir kölgə ki adsız… ünvansız …
Çoxlu işıq var
əllərində
Çoxlu gecə
ulduzlarını birdən çökdürür.
 
Arxanca gəlirəm
buludların arasında barmaqlarımla
axtarıram səni
Quşların qanadları arasında, yarpaqlarda…
Və yalnız şəhərin 
solğun rəngli meydanı bəllidir bu arada…
 
 
  Qalmağımı istəyirsənsə
 
Qalmağımı istəyirsənsə
Uzat əlini
Hələ də saxlaya bilər məni əllərinin istiliyi...
Şübhələnmə!
Qalmağımı istəyirsənsə,
Səslə adımı...
Eşitmə sərhədləri!
Kəsici cizgiləri var,
Kəsici və günəş şüalarından nazik.
Qalmağımı istəyirsənsə,
Tələs! 
Bağır, yoxsa mənə çatmayacaq
Səsin...
Tələs lütfən!
Getsəm nəyə yarayacaq yaxaran sözlərin!?
Nə mənası var planeti incitməyin,
Solğun adımı qumlara yazmağınla.
Qalmağımı istəyirsənsə,
Uzat əlini
Bax
Getməkdəyəm.
Nəfəsini nəfəsimə bağla.
Boğulanı xilas edən kimi
Çox da ümid qalmayıb.
Uzun zamandır tənhalıq mənimlədir.
Amma saxla məni
Lütfən!
Mənim üçün yox,
Özün üçün saxla məni!
 
 
 
 

 
  Əllərinin neçə yaşı var?
 
Əllərinin neçə yaşı var?
Duyarlı ağaclar
Çəkəndə saçlarıma əllərini
Bahar olurlar.
Yuxudan oyanmış köklərinin iyi
Yerin zümzüməsi
Qırır payızın qoz belini
Baharın küləyi
Rəqs edir qurumuş barmaqları arasında
Yaşıl boynumu
Daha da əyir
Bu üçlük arasında doluyam həvəsdən
Ki isti tənimin dərisini
Sənin əllərinin altında 
Hiss edirəm!
 
  Sözlərimin üstündən quşlar uçanda
 
Sözlərimin üstündən quşlar uçanda
söndü ulduzlar
Bilmədim hansını səsləyəm,
Qorxunu, ölümü,
yoxsa sevgini….
 
Bax, əllərimə
çarəsizcə
Bir-birinə dolaşırlar.
Və sönükdür dodaqlarım
Adsız,
başım üstündə göy üzü göyərir
 
Və hətta daha yaxın
Adsız
Yer üzü göyərir.
 
 
  *** 
 
 
Yanımda ol
Yaxınımda!
Yalnız o zaman
Üşümürəm
 
Soyuq qaynaşır
Kosmosdan canıma
 
Onun əzəmətini görürəm,
Özümün də zərrəliyimi.
 
Elə onda başa düşürəm nə istədiyimi.
Dolanmış qollarını arasında.
 
 
*** 
 
Mənimlə ortaq ol,
Gündəlik yalnızlıq çörəyimə.
Doldur varlığınla
Olmayan divarları
Yol ol,
olmayan pəncərəyə.
.
Qapı ol,
həmişə açıq qoya biləcək
Bütün qapıların üzünə.
 
  Adım Julit
 
Mənim adım Julit
İyirmi üç yaşım var.
Bir dəfə dadmışam sevginin dadını,
Acı qəhvə dadındaydı.
Ürək döyüntümü çoxaldırdı
Diri canımı divanə edib,
Diqqətimi dağıdıb
getdi...
 
Mənim adım Julit,
Durmuşam ay işığında,
Asılı halda
Qayıt deyə hayqırıram
Səslənirəm ki, qayıt!
Sancıram dodaqlarımı,
Çıxarıram qanını
Və o yenə də qayıtmayıb ..
 
Mənim adım Julit
Min yaşındayam
Və yenə də diriyəm...
 
 
 

 
 
  Qal
 
Tərk etmək istəyirsənsə məni
Unutma gülümsəməyi!
Papağım yadından çıxa bilər
əlcəklərim, telefon dəftərim
Axtarmağına səbəb olan bütün nəsnələr...
Və qayıdanda birdən məni ağlar görərsən
Tərk etməzsən məni.
 
Tərk etmək istəyirsənsə məni
Unutma gülümsəməyi.
Haqqın var doğum günümü unutsan
Və birinci öpüş yerimizi.
Birinci davamızın səbəbini,
Amma qalmaq istəyirsənsə
Ah çəkmə!!
Gülümsəyərək
Qal!!
 
Tərcümə edən: Ümid Nəccari