Bu gün Azərbaycan ədəbi gəncliyinin seçilən gənc ədəbi imzalarından sayılan Şəhriyar del Geraninin ad günüdür. Şairin şeirlərindən bir neçəsini oxucalara təqdim edirik:

Dekabr şeiri...
nə uzaq küçələr vardı uşaqlığımızda,
nə uzaq şəhərlər oldu sonralar.
böyüdükcə dəyişir uzaqlar da,
küçələr də.
küçə-küçə
şəhər-şəhər uzaq olur adamlar...
sən də bir küçə seç getməzdən öncə,
bir şəhər şeç unutmağa,
bir uzaq seç darıxmağa...
sən də getməzdən öncə
bir az dəyiş,
bir az uzaq ol
sonra get.
bu qədər yaxşıykən getmə, nə olar...
bilirsənmi
çətin olur yaxşıların gedişi...
ən sonuncu dostum da oğraş çıxmamış,
bilirsənmi,
axşam düşməmiş,
şər qarışmamış getmə...
çətin olur
yağışlarda son görüş,
parklarda skamyalar qurumamış getmə...
sən bilmirsən
çətin olur payızlarda darıxmaq...
ən sonuncu yarpaqlar da düşməmiş,
torpağa qarışmamış,
bir az qal, nə olar
getmə qış çıxmamış
qış çıxmamış getmə...
sən bilmirsən
indi mən, allahdan nə üçün yox
kimin üçün yaradıldığımı soruşuram.
bir az da səbrin olsun,
məni ömrümün sonuna ötür,
sonra get.
sən bilmirsən
indi mən, adamlarçün yox
əşyalarçün darıxıram.
bir az da səbrin olsun,
qəbrim üstdən yaylığını götür,
sonra get.
daha mən, gələcəkdən yox
keçmişdən nigaranam,
bir də gördün heç kəs yadına düşmür.
indi sənə qal deməyim
səninlə bütün keçmişlərdə
yanaşı görünmək istəyimdi.
arzular da canavar kimidi... əhliləşmir!
səndən sonuncu istəyim:
məni xatırlasan
kimsəsiz, boş qalmış
otaq kimi xatırla.
səndən sonuncu istəyim
məni xatırlasan
uzaqlarda qəzaya düşmüş
sərnişinsiz qatar kimi xatırla.
heç bilmirəm torpaq suyu içirsə
adamları neynir?
***
uzaqlar
sənə aparar
bu hüzünlü gecədə
bütün üzüntüləri.
duman çökmüş təpələrdə
qarğalar haray salar,
heç qoymaz ki darıxmağa
üşüyən qəbirləri...
sən hardasan?
hansı yerin üstündəsən?
bilmirəm.
məni unutdunsa, demək
dənizi də unutdun.
sən hardasan?
hansı küçə
hara aparıb səni?
getmisənsə, yer üzündə səadət bitib demək...
qayıt,
qoxla gülümsəyən baharı körpələri,
bütün darıxmaqlarıma sənin adını qoydum.
qayıt bir yol evimizi-eşiymizi sevindir,
qayıt nimdaş ağrıları, birtəhər et, ovundur...
parə-parə
olub sinəm, noola, götür parəni,
göynəyindən tanıyıram sən vurduğun yarəni,
qollarım sənə qalxıb e... endir bu minarəni,
küləklərin islandığı yağışlarda qayıt gəl,
adam kimi sevmədik ki, bacaraq unutmağı...
gedənlər də
tərgiziblər biryolluq qayıtmağı,
heç yox imiş adamların sən bildiyin allahı.
bədənim də yadırğayıb öpüb-qucaqlamağı,
qollarımı öyrədirəm indi qucaq açmağa...
görən mənə
niyə bir cüt ayaq verdin, ilahi?
tək ayaq da bəs edərmiş öz içimdən qaçmağa...
uzaqlar sənə
aparar
bu hüzünlü gecədə
bütün üzüntüləri.
duman çökmüş təpələrdə
qarğalar haray salar,
heç qoymaz ki darıxmağa
üşüyən qəbirləri...

***
Kirli köynəyimi yumuşdu anam,
külək bulamışdı... nə bilsin külək?
Mənsə hirslənmişdim anama onda,
anam ağlamışdı... nə bilsin külək?
Bir gün dalaşmışdım qonşu uşaqla,
üstəlik anasın söymüşdüm onun.
Oysa hikkəsindən bir yekə torba
yarpaq tıxamışdı buxarımıza.
Sobamız yanmadı fevral gecəsi,
çayım soyuq oldu, atamız qrip,
mən dedim: "küləyin işidi yəqin..."
Anam da inandı,
nə bilsin anam?
"Yiyəsi ölsün bu küləyin" - dedi.
O vaxtdan yiyəsiz qalıb küləklər,
bu yetim küləklər nə bilsin axı...
Sən
üşüməyəli ikinci qışdı,
ay Allah, kəs görüm bu nə yağışdı?!
Yığışdım özümə, elə yığışdım
para buğdasına söykənib yatan
qarışqa misali elə yorğunam...
Soruşma
neçənci qərib soyuğun,
neçənci dostumun uzaqlığıyam.
Həminki qayğıdı bu tifil qayğı,
kipriyimə qədər yorğunam anam...
Bir pişiyim
də yox qucaqlayası,
qucağım sinəmdə bayquş yuvası,
barı dost da ölmür yas saxlayasan,
hamı salamatdı, hamı yaxşıdı.
Di gəl,
darvazanı külək açırmı,
Bu "darıxmaq” ki var, itin balası!
Hər gün qapımıza gəlib ulayır.
Yox əşi, nə külək... nə bilsin külək?
Kirli
köynəyimi yumuşdu anam,
külək bulamışdı... nə bilsin külək?
Mənsə hirslənmişdim anama onda,
Anam ağlamışdı... nə bilsin külək?
Bütün küçə uşaqlarına...
bütün küçə uşaqları mənim uşaqlığımdı,
o tindəki sərsəriyə ilıq-ilıq gülümsə...
bütün küçə uşaqları mənim uşaqlığımdı,
onda hələ nə kişiydim, nə qadındım mən hələ...
onda hələ nə dostlarım, nə də mən "kimsə” idik,
onda ələ salardıq biz oğlanları, qızları?
enməmişdi kişiliyə, qadınlığa ruhumuz...
sən də qıvrım saçlarınla xırda küçə qızıydın,
anamızdan gizlənərdik, ölməmişdi anamız...
bir de görüm əllərin, ayaqların necədi?..
bir de görüm
nənənin pensiyası artdımı?
düz deyirəm,
Allah haqqı, elə xatirimdəsən...
çənəndə yumru
batıqca, sol dizində çapıq var,
atan əclafın
biriydi, yazıq anan sətəlcəm.
onda əcəb soyuq
idi, onda əcəb qışıydı,
onda küçə
uşaqları küçə yaraşığıydı...
yenə bu məşum
günlərin yaz ətirli sonrası,
bu "sonra”da
səni əlbət bir gün unudacaqdım...
sən ki mənim heç
kimimdin – qucağımın anası
sən gedəndən
qəribsəyib – yetim qalıb qucağım...
gözümdən uzaq
düşmüsən, niyə uzağ düşmüsən?..
solumda
"paralic” gəzir, sağım yenə tüfeyli...
gözündən uzaq
düşmüşəm, elə pisdi bu uzaq,
yerin dibinə
aparır bu şaquli darıxmaq...
sənə sarı
dartılmaqdan tikə-tikə olmuşam,
bir ovucam
təkliyimdə, kiminkidi bu təklik?..
bədənim
ki, uçuşan məktub parçalarıdı...
daha kimisə
sevməyə, vicdan haqqı, üzüm yox,
sən ki məni
düşünməzsən-daşınmazsan... sözüm yox...
bir de görüm
əllərin, ayaqların necədi?..
günəşi sənsiz
səhərin "alçaq" olur gecəsi...
heç bilmirəm
bədənimdə kimi gəzir qollarım?
nə axtarır
qollarım?
səni quca
bilməyirsə
demək yoxdu
qollarım...
bir de görüm,
mən ölüm,
necə keçir
darıxmaq?
sən olduğun
şəhərdə bəs
neçəyədi
darıxmaq?..
yenə bu məşum
günlərin yaz ətirli sonrası
bu "sonra”da
səni əlbət bir gün unudacaqdım...
sən ki mənim heç
kimimdin – qucağımın anası
sən gedəndən
qəribsəyib, yetim qalıb qucağım...
Allah haqqı düz
deyirəm, elə xatirimdəsən...
***
bir gün ağaclar quruyar,
bir gün yağışlar yağar,
və
bir gün çıxıb gedərsən
qollarım quruyar...
Və
sənsiz günəş gecikər,
aydınlanmaz sabahlar.
Azan səsinə diksinər
bu şəhərdə günahlar...
bu səhər də baş ağrısı,
soyuq içki, darıxmaq...
bircə quru zəngin gələ
deyəsən ki, "darıxma”...