Biz imzaları yox, əsərləri dərc edirik...

“Sən bir nəğməsən” adlı konsert proqramı
538
08 Fevral 2019, 17:51
 Fevralın 9-da Rəşid Behbudov adına Dövlət Mahnı Teatrında "Sən bir nəğməsən” adlı konsert proqramı keçiriləcək.
 Teatrdan AZƏRTAC-a bildirilib ki, uşaqların asudə vaxtının səmərəli təşkili, onların teatra, səhnəyə, ümumilikdə, incəsənətə sevgi ruhunda formalaşmasında incəsənət məktəbləri, gimnaziya və digər təhsil müəssisələri ilə yanaşı, teatr-studiyalarının da müstəsna rolu var.
 
 
 
 
 
 
 
 

 Bu mənada artıq uzun illərdir ki, Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrı nəzdində fəaliyyət göstərən "Oyuq” teatr-studiyası yaradıcı gənclər və yeniyetmələrlə bağlı saysız-hesabsız uğurlara imza atıb.
 Studiyanın yaradıcı heyəti istedadların üzə çıxarılması, onların professional səhnəyə hazırlanması, potensial ifaçı və aktrisalar kimi özlərini təsdiq etmələri üçün növbəti layihəsini həyata keçirir.
 Musiqili aksiyada studiyanın istedadlı vokalçıları ilə yanaşı, Azərbaycan estradasının tanınmış müğənnilərini də görəcəksiniz. Sənətdə artıq öz sözünü demiş ifaçılar balaca davamçıları ilə eyni səhnəni bölüşəcək və studiyanın "gələcək uşaqların çiyinlərindədir” əsas ideyasını öz dəstəkləri ilə reallaşdıracaqlar.
 Konsertdə 19 yaşlı istedadlı soydaşımız Dinara Mahmudova da çıxış edəcək. Vətənində ilk dəfə səhnəyə çıxacaq bu istedadlı gənc Rusiya və bir sıra Avropa ölkələrində keçirilən vokal müsabiqələrin laureatı, həmçinin Praqa Konservatoriyasının klassik vokal üzrə tələbəsidir.
 Musiqili gecədə çıxış edəcək studiyanın yetirmələri Azərbaycan estrada musiqisi inciləri ilə yanaşı, dünyaca məşhur hitlərə də müraciət edəcəklər.
 Xeyriyyə konsertində paytaxtımızda fəaliyyət göstərən uşaq sığınacaqlarının, azyaşlıların yardım və inteqrasiya mərkəzlərinin, təşkilat və cəmiyyətlərin üzvləri olan uşaqlar da iştirak edəcək.