Biz imzaları yox, əsərləri dərc edirik...

Cəlil Məmmədquluzadədən sonra nə nəsr – Səlim Babullaoğlunun müsahibəsi
2023
07 Fevral 2019, 11:01
 Artkaspi.az  Səlim Babullaoğlunun müsahibəsini təqdim edir:

 

 

  – lim müəllim, şair ailəsində doğulmusunuz. Atanız şairdir. Şair ailəsində doğulmağıyaradıq üçübir əmiyyəti varmı və ya əksinə?

  – Mənim şeirə münasibətimi atamın şairliyi formalaşdırıbsa da, ilk təkan erkən uşaqlığımın keçdiyi dövrlə və ana tərəfdən babalarımla bağlıdır. Anamgilin şəcərəsinin bir tərəfi Çələbilərlə bağlı olub. Elə o biri tərəfi də mömin adamlar olublar. Dini-irfani ədəbiyyatı seviblər. Həm anamın atası Mübarək kişi, həm onun atası Bəxtiyar kişi (yeri gəlmişkən, o, Sibirdə sürgündə olmuşdu) Nizami Gəncəvi, Hafiz Şirazi, Seyid Əzim Şirvani, Seyid Nigarinin yaradıcılığını mükəmməl bilirdilər. Ərəb və fars dillərində yazıb oxuyurdular. Dörd -beş yaşlarımdan onların qurduğu şeir məclislərinin, dini söhbətlərinin iştirakçısı olurdum. İştirakçı deyəndə, böyük səslənir, yəni baş verənləri görür, çox az şey anlasam da, heyranlıqla onları seyr edir, dinləyirdim. Görünür, mənim ədəbiyyata, şeirə ilk marağım ordan gəlir. 1979-cu ildə məktəbə gedəndə nənəmgildən öz evimizə - Şirvan şəhərinə qayıtdım. Və mən onda bildim atamın şeir yazdığını, əlbəttə, bu mənim xoşuma gəlir, mən də əksər uşaqlar kimi, atama oxşamaq istəyirdim. Kitablara, ədəbiyyata marağım o vaxtlar yaranmağa başladı. Atam ildə bir dəfə məzuniyyətə çıxdığı vaxtlarda, dincəlməyə gedəndə özü ilə Nizami Gəncəvi, Sədi Şirazi, Mirzə Ələkbər Sabir və başqa klassiklərin kitablarını götürürdü, daha çox bizə oxusun, öyrətsin deyə. Əlbəttə, atamın bu davranışının mənim həm ədəbiyyatçı, həm insan kimi formalaşmağımda çox böyük təsiri olub. Fikirlərşirəm ki, mənim üçün indi hadisələr, bütün rənglərə, çalarlara rəğmən iki yerə bölünür - ağ və qaraya, bunu isə məndə uşaqlıqdan tanış olduğum klassik mətnlər aşılayıb. Bilmirəm, nə dərəcədə doğru münasibətdir, amma belə formalaşmışam.

 
 


 

  – Amma əsasən sərbəst şeir yazırsınız. Bu daxili tələbatdır, yoxsa müasir dünyanın sərbəstliyi sizi çəlb edir?

 – İlk poetik təcrübəm heca ilə olub, indi də ara-sıra yazıram. Əruz-qəzəl, belə deyək, klassik formalarla bağlı uğurlu-uğursuz məşqlərim də olub. 1990-1995-ci illərdə. Nəsimini oxuyub onun üslubunda qəzəllər, müstəzadlar, müxəmməslər və yaxud Sabiri oxuyub Sabiranə bir şeirlər yazmışam. Hüseyn Cavidi oxuyub, Səməd Vurğunu, Mikayıl Müşfiqi oxuyub onların təsiri ilə nələrisə yazmışam. Özü də bu təsirlər üslubi təsirlər olub. Düşünürəm ki, bu mərhələləri keçmək vacibdir. Və yaxşı anlayıram ki, istənilən metrika, poetik ölçünün insanın həyat tərzi ilə bağlılığı da var.


 

  – İndi də şeir yazanda kiminsə təsirinə düşürsünüz?

  – Mən hər dəqiqə və hər an təsirə düşə bilərəm. Amma bu təsirlənmə orqanik baş verməlidir, ciyərlərimizin havanın təsirinə düşməsi kimi. Sizinlə söhbət edirik, sizin söhbətinizdə elə bir ifadə ola bilər ki, o mənə çox təsir edər, mən onu ani yaradıcılıq anında xatırlaya bilərəm və o ifadə mənim öz təfəkkürümdən süzülüb başqa cür təzahür edə bilər.


 

  – Mən oxucu kimi deyim, sizi oxuyanda tərcümə ilə məşğul olduğunuzu dərhal hiss etmək olur.

  – Bu yaxınlarda Tehranda farsca kitabım çap olundu. "Çeşmə" nəşriyyatında kitabın müzakirəsi də keçirildi. Özüm iştirak etmirdim. Müzakirənin mətnini oxudum. İranın böyük ədəbi tənqidçilərindən olan Əhməd Puri yazdıqlarımla Marqaret Etvudun mətnləri arasında əlaqə görürdü. Bunu hətta təkidlə dəfələrlə vurğulayırdı. Amma mən Marqaret Etvudu oxumamışam, üstəgəl onun şeir yazdığını da bilmirdim, hərçənd bilirdim ki, belə bir yazıçı var. Düşünürəm, bu cür bənzəyişlər, əslində, yaxşıdır. Görünür, biz hansısa başqa ədiblərlə eyni dalğada işləyirik.

 Bütövlükdə isə siz dediyiniz fikirlə tanışam və bu fikri qəbul etmirəm, hesab edirəm ki, bu mənim barəmdə klişe düşüncədir.
 Ədəbiyyat tarxindən xəbərdar olanlar, hökmən bilirlər ki, böyüklü-kiçikli əksər şairlərimiz, o cümlədən klassiklərimiz həm ideya, həm də formal baxımdan əvvəlki bədii-poetik irsdən nə qədər təsirləniblər, faydalanıblar. Bunun bilirsiz, nə qədər nümunəsi var. Təbii ki, "necə" məsələsi vacibdir və ədəbiyyat da daha çox elə bu məsələ ilə bağlıdır, estetika ilə. Təhlil eləmək lazımdır. Təhlil əvəzinə ümumi və bəsit ifadələrlə kifayətlənirlər.
 Füzuli dibaçəsində gərək belə yazır ki, özümdən əvvəlki ustadlar kimi yazdım, belə niyə yazırsan, bu cür artıq yazıblar söylədilər; yeni, fərqli şeylər yazdım, bunu niyə yazırsan, heç kim başa düşməyəcək söylədilər. O dövrdən bu yana mahiyyətcə çox az şey dəyişib.
 Düzü, bu məsələlər məndə indi yorğunluq yaradır.
 

 

  –  Heca şeirinə, xüsusən onun müasir əsgərlərinə bir əmr vermək imkanınız olsaydı, hansı əmri verərdiniz?

  –  Əmr yox, mən onlarla söhbət etsəydim, müəyyən metodları, yanaşmaları nişan verərdim. Deyərdim ki, hər gün evdən çıxırsız, metroya girirsiz, yol gedirsiz, saysız-sonsuz adamlar görürsüz, və sair, və ilaxır. Bunları yazın.  Həyatla "sürtünmə prosesində" əldə olunan faktoqrafiya və ruhi təcrübəni bölüşün. Şəhvətlə eşqi, dostluqla vərdişkar münasibəti ayırın. Sözlərə yalnış mənalar yükləyərək onları istismar etməyin. Əks-təqdirdə ədəbiyyat mənasız, ruhi və ruhani missiyası olmayan bir peşə olacaq...


   

  – Şeirləriniz ən çox fraqmentlər təsiri bağışlayır. Məncə, bu, poeziya üçün əsas şərtdir. Fraqmentlər, bəzən də eksperimentlər yazıçını da, oxucunu da ümumilikdən, lap belə deyək, bataqlıqdan çəkib çıxarır. Siz necə düşünürsünüz?

  –  Bilmirəm fraqmentlər deyəndə nəyi nəzərdə tuturlar. Bu sizin öz fikrinizdir, kiminsə fikridir, ya hansısa ədəbi tənqidi fikirdir, bunu da bilmirəm. Hər halda bu fikri də digər fikirlər kimi konkret misallarla qətiləşdirmək olardı, onda mən nəsə deyə bilərdim. Ümumiyyətlə isə bizim XX əsrdəki müdrik insanlarımızdan biri olan Azad Mirzəcanzadə deyirdi ki, açar yerindən, açar deşiyindən otağa baxanda əlbəttə, içəridəkiləri bütöv görə bilməyəcəksən, kimini ayaqsız, kimini başsız görəcəksən. Görmək üçün qapıları, qapını açmaq lazımdır.

 


 

  – Kino eskizləri, tablolar, şəkillər, sərgi salonu, payız görüntülərini sizin şeirlərinizin əsas hissəsi hesab etmək olar. Məncə, bu ədəbi fakturanın və ya mətnin estetikasını artıran canlı rənglərdir. Siz necə düşünürsünüz?

  – Deyək ki, otağa gözəl xanım daxil olur. Mən deyirəm ki, otağa gözəl bir xanım daxil oldu. Siz isə deyirsiniz ki, boyu 1.70, gözləri iri, saçının rəngi filan və s. olan gözəl bir xanım otağa daxil oldu. Bunların hər ikisini oxuyan adamda hansı mətn daha geniş təsəvvür yaradar? Əlbəttə, sizin mətn, ona görə ki, rənglər, çalarlar, detallar, vizual elementləri vermisiniz. Mən isə bir kəlmə ilə ifadə etdim. Ola bilsin ki, mənim dediyim oxucuya yozum üçün daha böyük imkan verər. Çünki hər bir adamın öz gözəllik anlayışı var. Amma buna baxmayaraq, sizin mətniniz daha çox informasiya verə, daha çox təəssürat yarada bilər.


 

  – Gəlin bir az təmsilçisi olduğunuz 90-cı illər ədəbiyyatından danışaq. Belə deyirlər ki, 60-cılarla müqayisədə sonrakı bütün ədəbi nəsillər, sanki solğun görünürlər. Bu fikrə münasibətiniz...

  – Belə deyil. Bu fikri bölmürəm. Ümumiyyətlə, tez-tez səslənən, özü də bəzən bilərəkdən vurğulanan, bəzən isə sanki bir az təşvişlə səslənən, ədəbiyyata idman baxışı sərgiləyən bu fikri ziyanlı hesab edirəm. Ədəbiyyatı dövrləşdimək asandı, amma eyni zamanda bu dövrləşmə ilə üst-üstə düşən ideya-estetik yeniləşməni də fiksə etmək, təsdiq etmək, dövrün mətnlərini böyük ədəbi və insani meyarlar baxımından sərf-nəzər etmək o qədər də asan məsələ deyil. Bunun üçün daha çox vaxt keçməlidir. Bir şey deyim. Rus şeirinin 60-cıları vardı. Məgər onların hamısı böyük ədəbi meyarlar baxımından özlərini doğrultdular? Doğruldacaqlarmı? Xeyr. Əsla. Onların biri, ikisi... beşi... Qalanı satellit olacaq. Bəs, o biri-ikisi kimdir? Bunu, hətta indidən qəti demək tezdir. Otən əsrin əvvəlləri rus şeirini araşdıranlar bilir ki, o illərdə yüzlərlə şair vardı. Amma onların beşi-altısı qaldı. Hətta onlar da sual altındadır. Bizim altmışıncılara qayıdaq. O dövrün qəzet və jurnallarını vərəqləyin. İndi adı heç bir yerdə çəkilməyən ən azı yüzlərlə imzaya rast gələcəksiz. Hanı o müəlliflər? Bəli, altmışıncıların arasından 5-6-10-15 ədib, şair çıxdı ki, onlar ədəbiyyatımız üçün böyük işlər gördülər. Amma əminəm onlar belə sərf-nəzər ediləcək. Və eyni zamanda 90-cı illər ədəbiyyatımızda da belə ədəbiyyatçılarımız var. Şairlərimiz var. 90-cı illər milli şeirimiz, o illərdə yazan bir 10-15 şairimizin yaradıcılığı ilə XX əsr Azərbaycan ədəbiyyatının ən parlaq, ən işıqlı səhifələri kimi yadda qalacaq. Fikrimcə, məhz bu dövrdə daha bir keyfiyyət dəyişməsi olub. Azərbaycan şeiri üfüqidən şaquliyə doğru yenilənib. Formal məsələlər də öz yerində. Və onlar nə altmışıncılardan əskikdilər, nə otuzunculardan. Amma həm onlar, həm o birilər zaman-zaman yenə sərf-nəzər olunacaqlar. Hər şey bizim iradəmizdən asılı olmayaraq və iştirakımız olmadan öz dürüst yerini alacaq.


   

  – "Şeir sənəti nədir ki, onunla fəxr edim" deyirdi Nizami Gəncəvi. Elə-beləmi deyirdi?!

  – Kim daha yaxşı yazıb? Kim çox iş görüb? Kim daha parlaqdı? Kim daha solğundu? Kimdənsə sonra ədəbiyyat bitdi... Bu suallar və verdiktlər - ədəbiyyatın xidmət etdiyi amallarla tərs düşən suallardır. Borxesə deyəndə ki, Argentina ədəbiyyatının sonuncu böyük siması sizsiz, deyirdi ki, bəyəm Argentina məhv olub? Eyni məntiqlə bütün bədii mətnlər klassikayla münasibətdə solğundur deyib məsələni bəsitləşdirmək, nöqtə qoymaq olar. Nəsimidən, Füzulidən sonra nə qəzəl, Dədə Qorqud mətnlərindəki şeir parçalarından sonra nə sərbəst, nə verlibr... Yaxud Axundovdan, Cabbarlıdan sonra nə dramaturgiya, Cəlil Məmmədquluzadədən sonra nə nəsr...

 
 


 

  – Tərcüməni qan köçürməyə bənzədirlər. Bir adamdan digərinə qan köçürmək. İndiyə kimi əlinizdə tərcümə ilə bağlı bir bədbəxt hadisə baş verməyib ki? Yəni qan qrupu düz gəlməsin və ya  əsər "dünyasını" dəyişsin və ya şikəst olsun? Olubmu belə şeylər?

  – Ola bilər. Əlbəttə, müəyyən məqamlarda haqlısız. Bir şey deyim, mən ümumiyyətlə, heç vaxt sifarişlə şeir tərcümə etməmişəm. Yəni heç vaxt xoşuma gəlməyən şeiri tərcümə etmirəm. Bəzən olur, yüz şeirin içindən yüzünü də oxuyuram, amma beş-altısını tərcümə edirəm. Özü də adətən qonorarsız. Şeiri deyirəm. Çox şükür, şeir tərcüməsinə münasibətdə ehtiyac məni buna indiyədək məcbur etməyib.


 

  –  Tərcümə işi ədəbiyyatımıza su, hava kimi lazımdır. Amma təəssüflər olsun ki, bizdə bədii tərcüməçi yetişdirən nə bir qurum var, nə də bir kurs? Düzdür, Dillər Universiteti var, amma orda bədii tərcüməçi kimi kiminsə yetişdiyi faktını xatırlamıram. Bəs tərcüməçini kim yetişdirməlidir?

  – Məsələn, mən çoxlu şərqşünaslar tanıyıram, onlar çox yaxşı bədii tərcüməçilərdir. Onlar tərcümələri böyük qonorar qarşılığında etmirlər, onlar sadəcə, ədəbiyyatı sevirlər. Ərəb dilindən ustad tərcüməçilərdən olan İmamverdi Həmidov, Mahir Həmidov, Kamil Şərifov olduqca yaxşı poeziya tərcüməçiləridir. Bu adamlar bədii tərcüməyə sövq edən hər hansı bir kurs-filan bitirməyiblər. Elə özümüzü götürək, şeir yazmağımız üçün kurs keçmişik ? Əvvəllər Sovet dövründə yaradıcılıq emalatxanaları vardı. Ona bənzər bir şey Slayvan Universitetində "Yaradıcılıq fakültəsi" oldu, çox uğurlu layihə idi. Amma tərcümə ilə vəziyyət tamam başqadır. Tərcümə etdiyin dili, o dildə danışan xalqı, dövləti, mədəniyyəti yaxşı tanımalısan. Həmin ölkəyə getməli, bir müddət orda yaşamalısan. Həmkarlarınla bərabər tərcümələr etməli, şairlərlə, dilçilərlə kontaktda olmalısan. Seminarlarda iştirak etməli, onların ədəbiyyatı, folkloru ilə bağlı mühazirələri dinləməli, hansısa praktik işə cəlb olunmalı, təcrübə qazanmalısan. Ən ideal və arzuolunan variant budur. Bir tərcüməçinin bu şəraiti özünə yaratması mümkün deyil. Burda Mədəniyyət, eləcə də Təhsil Nazirliyinin, xüsusi yaradıcılıq strukturlarının, fondların rolu olmalıdır. Və yaxud dövlətin müəyyən qrantları ola bilər. Mən elə sizin qəzet vasitəsilə üzümü Nazirlər Kabinetinə, Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına Dəstək Fonduna və ya bu işi görə biləcək digər adamlara tuturam, bəlkə, bu istiqamətdə işlər görülsün. Mədəniyyətimizin və ədəbiyyatımızın təbliğatında çox böyük iş görmüş olarlar.



 

  –  Hər hansı bir dili yaxşı bilmək tərcüməçi olmaq deyil. Bu, bir təfəkkür məsələsidir. Pasternakı tərcümə etmisiniz. Dil faktını qoyaq bir kənara, fikrin quruluşunu necə tərcümə edirsiniz?

  – Amma eyni zamanda tərcüməçi olmaq birinci növbədə dilləri yaxşı bilməkdi. Bədii tərcümə ilə məşğul olursansa, deməli üstəgəl başqa keyfiyyətlər də olmalıdır. Pasternaka gəlincə, bir nümunə deyim. Onun bir misrası var: "Jizn projit, ne pole pereyti", hərfi tərcüməsi belədir ki, "həyatı yaşamaq - tarla, çöl keçmək deyil". Amma mən bunu "Yol adlamaq deyil, ömür yaşamaq" kimi tərcümə etmişəm. Pasternakla bağlı məsələyə baxışım belədir. Onun erkən dövr yaradıcılığı və son dövr yaradıcılığı keyfiyyətcə fərqlənir. Son dövr yaradıcılığı həm məzmun baxımından xüsusi dərinlik qazanır, kamilləşir, eyni zamanda forma məsələlərində virtuozlaşır Boris Leonidoviç. "Doktor Jivaqo" silsiləsindən olan iyirmi beş şeir... Dini-ruhani xislətli, "İncil" motivləri ilə zəngin ali poeziya nümunələri. Bunları tərcümə etmək üçün xristianlıqla bağlı bilgilərdən başqa, müvafiq daxili atmosferin də olmalıdır. Hər halda, olsa yaxşıdır. Bəzən bunları duymamaq, bir sözü düzgün yazmamaq mətnin bütün mahiyyətini dəyişə bilər. Bu şeirlər, belə deyək, inanclı şeirlərdir. İnanmayan adam nə qədər ustalıqla tərcümə etsə də, o, şeirlərin ruhunu oxucuya ötürə bilməz. Ruh yeganə şeydir ki, ədəbiyyatşünaslıq onu heç bir nəzəri vasitə ilə təsbit edə bilmir. Pasternakı tərcümə mənə həm də ona görə maraqlı idi ki, o, heç də həmişə yüz fazilik dəqiq qafiyələrlə işləmirdi, bu mənada öz şeirini adi nitqin tezliyinə uyğunlaşdırırdı.

 Mən bütün bu söylədiklərimi əlbəttə ki,nəzərə almağa çalışırdım. Bu o qədər böyük mövzudur ki. Yəqin, mühazirələr yazmaq lazım gələrdi...

 

  – Maraqlı esseləriniz var. Mənə elə gəlir ki, ədəbi janrların tünlüyündə esse janrı öz təmizliyini qoruyub saxlaya bilib. Bu janr hələ "yorulmayıb". Məsələn, heca şeiri yorulub. Sizin fikrinizcə, janrları yoran nədir?

  – Məncə, hər bir janrı yoran naşılıqdır, qeyri-peşəkarlıqdır. Borxes rəyi, resenziyanı bədii janr səviyyəsinə qaldırıb, məsələn. Esse adı ilə öz duyğularını yazanlar daha çoxdur. Halbuki, esse oçerk və elmi məqalənin sərhədində olan janrdır. Məsələn, mənzum şeirə yaxın bir yazı yazıb, bircə cümlə deyir ki, mən burda H.Cavidin "Şeyx Sənan"ını düşünürəm. Yazısının da adını qoyur esse. Yox, bu, esse deyil. Esse janrında hisslər və elm iki qanad kimi hərəkət etməlidir.

 Mişel Montenin, Borxesin, Kamünün, Kunderanın esseləri, olduqca maraqlıdır. Siyahını çox uzatmaq olar. Anarın, Elçinin, Kamal Abdullanın esseləri, fikrimcə, bizdə janrın ən yaxşı, ən usta nümunələridir. Rafiq Tağının esseləri üslubca çox maraqlı idi. Yaxud bir başqa nümunə də deyim. Bunu çox az adam bilir. Əksəriyyətin yalnız diktor, teleaparıcı kimi tanıdığı Rafiq Həşimovun esselərini dünyanın hansı dilinə tərcümə etsən maraqla oxunacaq. "Kitab", "Söz", "Azadlıq", "Herman Hesse", "Borxes" kimi çox gözəl esseləri var Rafiqin. Əlbəttə, mən oxuduqlarımdan danışıram. Vəli Səyyadinin dərin, insanı riqqətə gətirən, düşündürən esseləri var, təəssüf edirəm ki, o öz yazdıqlarını üzə çıxarmır.
 Yeni oxuduqlarımdan Seyfəddin Hüseynlinin klassik temalarda çox maraqlı bir essesini oxumuşdum. Cavanir Yusiflinin, Qismətin esseləri janrın yüksək tələblərinə cavab verir. Nicat Məmmədov rusca yazır, olduqca maraqlı esseləri var. Bir də yadımdadır, Belqrad şeir festivalına gedəndə Fərid Hüseyn şeir sənəti ilə bağlı esse yazmışdı. Çox yaxşı idi. Qan Turalın, Tural Cəfərlinin də maraqlı esselərini oxumuşam.
 Özümə gəlincə, fikrimcə "Ədəbi yuxular" esse janrında qələmə alınıb. Təkcə yuxularımı yazsaydım bu, esse olmayacaqdı. Əgər siz dediyiniz kimidirsə, demək vaxtı boş yerə xərcləməmişəm.
 
 


 

  – Ümumiyyətlə, bu gün ədəbiyyatımızda, istər şeirimizin, istər tərcümə işimizin çatışan və ya çatışmayan cəhətləri hansılardır?

  – Şeirlə tərcümə işini ayırmaq lazımdır. Tərcümədən danışaq. 15 il bu prosesin içində olmuş, bu sahəni izləyən, işləyən və məruzə edən adam kimi deyə bilərəm ki, pozitiv irəliləyişlər var. Bunu çap olunan əsərlərin çeşidində, nəşriyyatların tərcümə ədəbiyyatını nəşr işindəki fəaliyyətində açıqca görmək olar. Əsas problemlər aydındır - çox az oxuyuruq, kitab dükanları çox azdır, kitab paylayan strukturlar yoxdur. Bütün dünyada kitabı nəşr edən nəşriyyatdan əlavə, kitabı yayan strukturlar var. Nəşriyyatlar tərcüməçilərə yaxşı qonorar verə bilmir.


 

  – Azərbaycan Yazıçılar Birliyi Bədii Tərcümə və Ədəbi Əlaqələr Mərkəzinin sədrisiniz. İndiyə kimi hansı işlərə imza atmısınız və qarşıda hansı planlarınız var?

  – Mərkəzimiz, ilk növbədə, "Dünya ədəbiyyatı" dərgisinin konkret xalqlara həsr olunmuş saylarını davam etdirəcək. Biz artıq üç istiqamətdə işlər görürük. Serb, İran, Moldova ədibləri ilə bağlı konkret işlərimiz var, onlarla məşğuluq. Tezliklə bilinəcək neyləyəcəyik. Bu il "Nəsimi ili"dir, ümid edirəm, bununla bağlı müəyyən layihələrimiz olacaq. Poeziya festivalları, ədəbi görüşlər planlayırıq. Və sağlıq olsun, bir yeni kitab seriyası gözlənilir. İnşallah ki, hər şey yaxşı olacaq.


  Söhbətləşdi: Nuranə Nur