Biz imzaları yox, əsərləri dərc edirik...

Yazdıqlarınızın gözünüzdən düşdüyü məqamlar olubmu? – Sorğu
2274
20 Dekabr 2018, 09:49
  Artkaspi.az "Yazdıqlarınızın gözünüzdən düşdüyü məqamlar olubmu?" sualı ilə yazarlara müraciət edib...


   
 
 Ulucay Akif: İnsan inkişaf etdikcə daha əvvəl yazdıqlarını çox da güclü saymır. Məndə də elə olub, amma zəif, ya güclü fərqi yoxdur, bütün şeirlərimi, yazılarımı sevirəm, heç birindən də imtina etmərəm. Məsələn, valideynlər də qüsurlu övladlarını sağlam övladlarından daha çox sevirlər, imtina etmirlər. Elə mən də bu yaxınlarda çox qınanılan şeirimə mahnı bəstələyirəm. Psixoloji və instinktiv bir şeydir bu.
 

 
  Cavanşir Yusifli: Gözdən düşən şey elə düşdüyü yerdəcə qalmalıdır və qalır da, sən nə çabalar göstərsən də, geri qayıtmır, qayıtmaz da... Ancaq bir şey də var, özü də məncə çox mühümdür: yazmağın ən birinci şərti elə imtinadır, son damcısı qalana qədər imtina etmək, o vaxta qədər ki, əks qüvvə-müqavimət səndən güclü olsun. Belə olurmu? Onu deyə bilmərəm və demək əslində çox çətindir. Bir yazı ona qədər gələn bir sıra mətnlərdən imtina üstündə qurulur, belə olduğu üçün də yazı hörüldüyü ideya və fikirlərin ifadəsindən çox, onları ötüb keçmək tərzini və təşnəliyini bəlləmək üçündür. Həm də: yazıya pozu yoxdur. Tənqidçidə poza aydındır: elə yazır, elə gedişlər edir ki, başqasının mətnlərini uyğun şəkildə saf-çürük edə bilsin, normal məqam və nöqtələri tapsın, ancaq bu həddi keçdikdə fəlakət baş verir. Dərs keçmək azarı. İndi fb. tənqidçisi var, dərs keçdiyindən xəbərsizdi. Ancaq həm də bundan: tənqidçi nə edir-etsin əslində daha çox özünü tənqid edir, buna onu əvvəldə dediyimiz pozası səbəb olur. Yanaşma tərzində bilinir ki, köhnə palan içi açır, Allah bilir, neçənci dəfədi velosiped icad edir, hər şeydən "sıfır səviyyəsindən” danışır. Həm də dedi-qodu. Məsələn, deyir, pis yazırlar! Amma özü də lap pis yazır. Və bunu görmür. Şairin bir sözü var: yaxşı şey milyon dənə olsa yenə azdı, pis şey bircə dənə olsa belə, yenə çoxdu! Şair ruhunun gücüylə qətrə-qətrə bir yerə yığıb düzəltdiyi güzgüdə özündən başqa hər şeyi, hər kəsi görür. Burda təhlükəli olan budu: bu "özünügörməzlik” haçansa tam qaranlığın düşməsinə səbəb ola bilər. Nasirin əlindəsə "işarələr səltənəti” (Sartr) var, o hər şeyi özündən keçirib görür. Zaman keçdikcə gözdən çox şey düşür. Dəbdən də. İnsanların hisləri, duyğuları dəyişir, janrlar qarışır bir-birinə. Bəzən bu dəyişkənlik, zamanın "qatlanan yerində”ki hissiyyat bizi aldadır, elə bilir ki, artıq yazmaq məqamıdır, özü də nə gəldi... Sürət təşnəliyi, heç nəyi saxlamamaq, necə deyərlər ürəyini boşaltmaq; buna aldanmayanlar varmı? Varsa əgər, o, günlərin bir günü gecəylə gündüzün tən ortasında o sürətlə yazılan şeylərin elə o sürətlə sovrulub getdiyini də görər... ya səbr!



  Ülviyyə Heydərova: Hər bir yazarın özünəməxsus yazı tərzi var. Mən yazılarımı öncədən "görənlər" sırasındayam. Yəni əvvəlcədən bilirəm ki, nə yazıram və necə yazıram. Ona görə də hələ bu vaxta kimi yazılarım gözümdən düşməyim. Ola bilər bəzi redaktə işləri görə bilərəm. Amma yazının ideyasından, mövzüsündan heç zaman peşman olmamışam. Bütün yazılarıma enerjimi verirəm. İstər publisistik, istərsə də bədii. Məncə, "gözdən düşən" yazılar ürəyin yox, nəyinsə və ya kiminsə diqtəsi ilə ərsəyə gəlir. Düzü, hələ ki, belə hallarla rastlaşmamışam. Bəlkə də gələcəkdə ola bilər... Bütün yazarlara gözəl ideyalar, rahat cümlələr arzulayıram!