Biz imzaları yox, əsərləri dərc edirik...

Şəhid general Polad Həşimova - Emil Rasimoğlunun şeiri
762
15 İyul 2020, 12:24
 Artkaspi.az saytı Emil Rasimoğlunun şeirini təqdim edir: 
 
 

Televizordan bir qəlpə qanad çalır
dua səsi gələn tərəfə,
Tanrı qaçır o qanad üstünə.
Bir qadının körpəsinin süd dişindən 
bir kişi üzü yıxılır 
bir Vətən adının üstünə
və 
hamı tanıyır bir-birini bu şəhərdə...


...Bu üzdə nə yoxdu ki?
Bir az ana səsi,
bir az körpə yürüyü...
Bu üzün əlindəki işıqda
hamı bir-birinin qucağın tapır,
hamı bir-birinə yüyürür.


...yüyürür güllə düşmənə,
yüyürür şəhid evinə.
Bu üzün ayağı dəyən 
bircə torpaqdı ağlayan,
bircə torpaqdı sevinən...


Nə yoxdu, bu üzdə, İlahi?!..
Dən də var,
torpaq da,
günəş də...
Baxdım yağışın altındakı doğum tarixinə;
Yaranıb güllə səsindən,
yaranıb lap əvvəl günəşdən...


Gördüm ki, qatar dayanıb
bütün yarpaqların yanında,
qaçdım pəncərəyə sarı...
Gördüm, hamı öz yuvasına 
götürüb bu üzü aparır.